Xəbər lenti
Təhsil ekspertləri orta məktəblərdə bu fənnin tədrisinə etiraz edirlər
Artıq yeni tədris mövsümü başlayıb. Bəzi təhsil mütəxəssisləri orta məktəblərdə yeni fənlərin tədrisinə ehtiyac olduğunu bildirirlər. Kembric kurikulumunda, Beynəlxalq bakalavriat kurikulumunda illərdir ki, biznes, iqtisadiyyat dərsləri var. Şagirdlər bu dərslərdə bir çox iqtisadi anlayışı - maliyyə, pul, pulun əhəmiyyəti, pulun növlərini və s öyrənirlər.
Belə fənlərin tədrisi şagirdlərimiz üçün nə vəd edir?
TNS mövzunu təhsil ekspertləri Elçin Əfəndi və Nadir İsrafilovla ilə müzakirə edib.
Elçin Əfəndi saytımıza açıqlamasında bildirib ki, təhsil müəssisələrində müvafiq olaraq sahibkarlıqla bağlı dərslərin keçirilməsi artıq bir pilot layihə kimi nəzərdə tutulub:
“Sahibkarlıqla bağlı fənnin məktəblərdə şagirdlərimiz üçün tədrisi əslində məqsədəuyğundur. Bilirsiniz ki, ölkəmizdə Sahibkarlığın İnkişafı Fondu yaradılıb. Bundan başqa, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi fəaliyyət göstərir. Bu yaradılan qurumlara da dövlət tərəfindən dəstək var”.
Ekspert vurğulayıb ki, sahibkarlıqla bağlı tədris məsələləri ölkəmizdə yalnız ali məktəblərdə mövcuddur. Ali məktəblərdə adətən bu sahəyə aid ümumi bilik və bacarıqlar haqqında məlumatlar verilir. Orta məktəblərdə isə bununla bağlı tədris yoxdur. Yuxarı siniflərdə “İqtisadiyyat” fənni var ki, orada da ümumi məlumatlar tədris olunur.
Elçin Əfəndi bildirib ki, “Sahibkarlıq” fənni ilə bağlı layihə İsrail dövlətinə məxsusdur. Artıq qarşıdakı dövr ərzində bu pilot layihənin tətbiqi gələcəkdə bu sahədə təhsil almaq istəyənlər üçün ilkin bünövrə sayıla bilər. Lakin indiki halda düşünmürəm ki, şagirdlərimizin dərs saatlarının çoxluğu səbəbindən sahibkarlıqla bağlı fənnin tədrisi gerçəkləşə bilər.
"Hesab edirəm ki, sahibkarlıqla bağlı dərslər fakültativ əlavə məşğələlərdə tədris oluna bilər. Çünki şagirdlərimizin dərs yükü çoxdur. Həmçinin müasir çağırışlara və tələblərə uyğun olaraq yeni bir fənnin tədrisinə zərurət varsa, həmin fənni təhsil sistemində tətbiq etməliyik. Amma ciddi zərurət olmadığı halda şagirdlərimizin dərs yükünün artırılmasının tərəfdarı deyiləm”, - ekspert əlavə edib.
Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov isə TNS-ə deyib ki, orta məktəblərdə yeni fənlərin tədrisinə ehtiyac olub-olmaması nə bu günün, nə də dünənin məsələsi deyil: “Bu məsələ zaman-zaman gündəmə gətirilib və heç də hər dəfə hər kəs tərəfindən birmənalı qarşılanmayıb. Yəqin, çoxları xatırlamamış olmazlar ki, bir vaxtlar, hələ sovet dönəmində elmi kommunizm, fəlsəfə və iqtisad kursları əsasında şagirdləri vətənə məhəbbət, zalımlara və istismarçı siniflərə nifrət, xalqlar dostluğu ruhunda tərbiyələndirmək məqsədilə orta ümumtəhsil məktəblərinin yuxarı sinifləri üçün “İctimaiyyət” fənni yaradılmışdı. “SSRİ tarixinə dair epizodik hekayələr”i milliləşdirərək “Ata yurdu” fənninə, “İbtidai hərbi hazırlıq” kursunu “Çağırışaqədərki hazırlıq” fənninə çevirdik”.
Ekspert bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” ilə müqayisədə 2010-cu ildə təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə əsasən fənlərin sayı azaldılıb. Belə ki, “İnsan və cəmiyyət”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “İqtisadiyyatın əsasları”, “Təbiətşünaslıq” “Həyat bilgisi”nə, “Rəsmxət”, “Əmək hazırlığı” “Texnologiya”ya, “Astronomiya” “Fizika”ya inteqrasiya olunmaqla fənlərin sayı 26-dan 18-ə endirilib.
“Son zamanlar mətbuatda orta məktəb dərsliklərinin Sinqapur modelinə uyğunlaşdırılacağı ilə bağlı xəbərlərin şahidi oluruq. V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacağı barədə açıqlamalar verilir, “Fizika”, “Kimya”, “Biologiya” və “Coğrafiya” fənlərinin tədrisi üçün baza xarakteri daşımasının əhəmiyyəti, təbiət elmləri arasındakı inteqrativliyin təmin edilməsi və digər yeniliklər təqdir edilir. İnteqrativ adlandırılan birləşdirilmiş fənlərə dair dərsliklərin tədrisin forma və üsulu, qiymətləndirmə ilə birbaşa əlaqəli olduğu əsaslandırılır”, - ekspert qeyd edib.
Nadir İsrafilov bir müddət əvvəl elm və təhsil nazirinin “Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi" fikrinin birmənalı qaşılanmadığını və sosial şəbəkələrdə müzakirə predmetinə çevrildiyini bildirib.
“Bir çox istifadəçilər fənlərin adının dəyişdirilməsinin təhsildəki problemlərdən çıxış yolu olmadığını deyərək, öz iradlarını bildiriblər. Hesab edirəm ki, daha vacib olanı nazirin toxunduğu digər məsələdir: “Təhsilin əsas məqsədi təhsilini bitirən birinin bəlli il və vaxt keçdikdən sonra öyrəndiklərini xatırlamasıdır. Çünki əzbər öyrədilən biliklər adətən yaddan çıxır. Amma yanaşma və məsələyə münasibəti hər zaman onunla birlikdə qalır”.
Cəmiyyət inkişaf etdikcə təhsil də inkişaf edir. Yenilənən cəmiyyət təhsil proqramları və tədris planlarının da yeniləşməsini qaçılmaz edir. Bununla belə təhsilin hər pilləsinin öz məqsədi və vəzifəsi var. Sahibkarlıq fəaliyyəti, onunla bağlı biznes və kommersiya məsələlərinin onsuz da yüklü olan orta məktəb tədrisinə gətirilməsinin tərəfdarı deyiləm. Bu kimi bilik və bacarıqları aşılamaq müvafiq universitetlərin vəzifəsidir. Ümumtəhsil məktəbinin əsas vəzifəsi isə öz yetirmələrini dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdən ibarət olmalıdır. İstənilən halda sahibkarlıq fəaliyyəti ilə bağlı fənnin orta məktəblərin tədris planlarına salınması cəhdi ali məktəbin vəzifəsini orta məktəbin üzərinə yıxmaqdan başqa bir şey ola bilməz”, - ekspert əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar