Xəbər lenti
Təhsilin keyfiyyəti nə ilə ölçülməlidir? - 700 balla, yoxsa…
Dövlət İmtahan Mərkəzinin (DİM) II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında maksimum nəticənin (400 bal) qeydə alınmaması yenidən təhsilin keyfiyyətinə dair müzakirələri aktuallaşdırıb. Ötən illə müqayisədə bu il abituriyentlərin nəticələrinin aşağı düşməsinin səbəbləri barədə müxtəlif fikirlər, tənqidi rəylər səsləndirilir. Bəziləri mövcud vəziyyəti imtahan suallarının çətinliyi və təhsilin keyfiyyətinin aşağı olması ilə, bəziləri isə pandemiya ilə əlaqələndirir. Bəs reallıq necədir?
Manevr.az bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Nadir İsrafilov təhsilin keyfiyyətinin 700 balla ölçülməsinin doğru yanaşma olmadığını qeyd edib.
“Mən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "700 bal yoxdursa, dünya dağıldı? Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın” fikri ilə tam razılaşaraq, yalnız onu əlavə edə bilərəm ki, əgər 700 bal keyfiyyət göstəricisidirsə, onda “keyfiyyət” sözünü dilimizə belə gətirməyə haqqımız yoxdur. Kiçik bir xatırlatma yerinə düşər ki, 1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ilk dəfə 700 bal 2007-ci ildə, yəni 15 ildən sonra maksimal bal toplanıb. Onların da sayı cəmi 3 nəfər olub. Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı 50 nəfər olar, ya da olmaz. Belə ki, əgər səhv etmirəmsə, 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə 9..., 2020-ci ildə isə 2 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Ən yüksək göstəricilər 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər olmaqla, bu 2 ildə əldə olunub. 2021-ci ildə keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplaya bilməyib", - təhsil mütəxəssisi deyib.
Onun sözlərinə görə, bəzi şəxslər abituriyentlərin 700 bal toplaya bilməməsini təhsilin keyfiyyətinin aşağı düşməsi, imtahan suallarının çətinliyi ilə əlaqələndirirlər. DİM rəsmiləri isə bunu əsasən imtahanların iki mərhələdə keçirilməsi, qəbul qaydalarında və test tapşırıqlarının formalarında dəyişiklik edilməsi, abituriyentlərə yeni qaydalara alışmaq üçün müəyyən vaxt lazım olduğu, bununla bağlı daha ciddi araşdırma, daha dərin təhlil və müqayisə aparılması zərurəti ilə izah edirlər:
"Ola bilər ki, hər hansı ixtisas qrupunda nəticələr bu və ya hansısa il yüksək və ya aşağı olsun. Bunlar dəyişəndir. Lakin problem ondadır ki, məsələyə yanaşma dəyişməz olaraq qalır. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Bu məntiqlə yanaşsaq, 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər 700 ballıq tələbəmiz olmaqla həmin illər təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, son 2-3 ildə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayır!".
Ekspert qeyd edib ki, YUNESKO-nun rəyinə əsasən təhsil şəxslərin əqli yetkinliyi və fərdi inkişafına səbəb olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük:
“Kütləvi pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur. YUNESKO-nun tərifinə əsasən təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük. Bu günün özündə belə hesab edirik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə hələ ki son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.
Bununla belə tam əminliklə demək olarmı ki, bu istiqamətdə işlərimiz mövcud şərtlərə və tələblərə uyğun aparılıb. Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmamaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olur ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və olunmaqdadır”.
Nadir İsrafilovun fikrincə, indiki dövrdə təhsil tərbiyəni üstələyir. O fikirlərini belə əsaslandırıb:
“Razılaşaq ki, təlim-tərbiyə ocağı adlandırdığımız ümumtəhsil məktəblərində təlimə ifrat dərəcədə aludəçiliyimiz, tərbiyə işini kölgədə qoyaraq arxa plana keçirib. İstəsək də, istəməsək də onunla razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Hətta, məktəbəqədər təhsil müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib”.
Sonda isə ekspert valideynləri övladlarını topladıqları bala görə ittiham etməməyə çağırıb:
“Uşaqlar bizim gələcəyimizdir. Onların üstünə bu qədər getmək, lazımı bal toplamadığına görə ittiham etmək olmaz. Məktəblilər arasında qeydə alınan son intiharları bilavasitə məktəblə, təhsillə ələqəndirməsək də, bu kimi halların baş verməsində məktəbin, təhsildəki uğursuzluqların rolunu danmaq da ədalətsizlik olardı. Bu gün savadsızları zəiflər, zəifləri ortabablar, ortababları güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Güclülər üçün həmişə bütün yollar açıqdır. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması təkcə məzunun topladığı balla deyil, həm də onun həyatda tuta biləcəyi mövqe ilə, vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar