Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şagirdlərin telefon sevdası: valideyn “işlət” deyir, ekspert isə... - Kim haqlıdır?

Tarix: 08-06-2023 14:56     Baxış: 3229 A- / A+

Lalə Mehralı: "İşdə və ya evdən kənarda olan valideyn belə hallarda uşağın telefon işlətməyinə qarşı ola bilmir, çünki dərslər də rəqəmsallaşır"

Nadir İsrafilov: "Uşaqla əlaqə qurmaq üçün çoxfunksiyalı bahalı telefon əvəzinə 60-80 manatlıq sadə telefon da almaq olar"
 
Rusiya Dövlət Dumasının deputatı Yana Lantratova uşaqlara mobil telefondan istifadəni qadağan edən Satka şəhərindəki (Çelyabinsk vilayəti) 4 nömrəli məktəbə səfərindən danışıb.

AzEdu.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, deputatın sözlərinə görə, telefondan istifadənin qadağan olunması məktəbin nizamnaməsinə daxil edilib. Məlumat üçün bildirək ki, bu məsələ zaman-zaman Azərbaycanda da gündəmə gəlir.
Doğrudur, Azərbaycan məktəblərindən mobil telefondan istifadə yasaqlanıb. Amma buna əməl edən varmı? Yüngül, səthi bir araşdırma aparmaq kifayət edir ki, sualımızın cavabını tapaq. Məktəblərdə yaşanan olaylarla bağlı çəkilib, sosial şəbəkələrdə paylaşılan videolar fikirlərimizin sübutu kimi dəyərləndirilə bilər. Bir sözlə, Azərbaycan məktəblərində şagirdlərin telefondan istifadəsi qadağandır, amma buna ya əməl olunmur və yaxud da çox az hallarda riayət olunur. Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri mövcuddur.
Bu səbəbləri sosioloq Lalə Mehralının dilindən eşidək. L.Mehralı qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə telefon istifadəsi qadağandır, amma bütün şagirdlər istifadə edir, çünki valideyn verir:
"Hərəsi bir səbəbdən - kimisi evdən uzaqda təhsil aldığı üçün valideyn narahat qalır, əlaqə saxlamaq üçün verir. Kimisi dərsdən sonra məşğələyə getdiyi üçün telefona ehtiyac yaranır, məcbur qalır. Kimisi də etinasızlıqdan, elə-belə verir, çünki başqalarının istifadə etdiyini görən uşaq tələb edir.
Bəzi hallar da var ki, verməmək olmur. Məsələn, müəllimlər sinifdə uşaqlara test tapşırığı etdirərkən kağızda vermək əvəzinə PDF göndərir, deyir işləyin. Kimin telefonu varsa, çıxarıb sinifdə işləyir, olmayan da boş-boş oturur. O PDF testlər kağıza çap edilməlidir, şagirdlərə paylanmalıdır. Amma bu çap edilmə məsələsi pulludur. Kağızı nazirlik verirmi, verirsə məktəb neyləyir, kağızın, ümumiyyətlə məktəb üçün ayrılan invertarların pulunu kim yeyir, kim dağıdır - bunlar müəmmadır. Yəni nəticədə bütün zərər uşaqlara dəyir ".

Sosioloq onu da əlavə edib ki, ev tapşırığı daha gündəliyə yazılmır, müəllimlər ev tapşırığını votsap qrupuna atır:

"İşdə və ya evdən kənarda olan valideyn belə hallarda uşağın telefon işlətməyinə qarşı ola bilmir, çünki zəruridir artıq, dərslər də rəqəmsallaşır, virtuallaşır.
Xüsusilə pandemiyadan sonra bu vəziyyət dəyişdi. Əvvəl bu qədər telefon istifadəçisi olan şagird yox idi. Onlayn dərs adı altında uşaqlarımızı virtual dünyadan asılı etdilər ".
Təhsil eksperti Nadir İsrafilov isə əksini düşünür. O qeyd edir ki, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtinanı mümkünsüz edir, ancaq şagirdlərin məktəbə telefonla gəlməsi təhsilin keyfiyyətinə mənfi təsir göstərir:

“Məktəbdə hərənin əlində bir telefon var, biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur. Telefon qadağası əleydarları isə fərqində deyillər ki, bu, təhsilin səviyyəsinə, onun keyfiyyətinə mənfi təsir göstərir. Ən dəhşətlisi isə odur ki, belə hallar özünü təkcə şagirdlər arasında yox, artıq həm də müəllimlər arasında göstərməyə başlayıb.
Təhsil rəsmilərimiz bu məsələyə nə qədər tez aydınlıq gətirsələr, məktəbin, müəllimin nüfuzunun zədələnməsinin qarşısını bir o qədər tez alarıq ”.

Ekspert qeyd edib ki, bu məsələdə də başqa ölkələrin təcrübəsindən yararlana bilərik:

“Dünyanın aparıcı ölkələrində belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına belə ehtiyac yoxdur. Təkzib olunmaz faktdır ki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib".

Sonda N.İsrafilov onu da əlavə edib ki, valideyn övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diqqət yayındıran alətlər alıb verməməlidir:

"Uşaqla əlaqə qurmaq üçün çoxfunksiyalı bahalı telefon əvəzinə 60-80 manatlıq sadə telefon da almaq olar. Şagird məktəbə bilik əldə etmək üçün gəlir. Valideyn də buna mane olan addımlar atmamalıdır. Belə bir müdrik kəlam var: “Tərbiyə ailədən başlayır. Övladlarınıza puldan çox əxlaq verin"".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar