Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məzunlara elektron diplomlar veriləcək

Tarix: 11-05-2023 13:58     Baxış: 4357 A- / A+

Azərbaycanda məzunlara elektron diplomlar veriləcək. Hazırda elektron diplomlara keçid prosesi üzrə işlər davam edir. Qeyd edək ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bütün məlumat sistemləri toplanılıb: "Burada tələbə qəbulu prosesi, təhsil alan tələbələr və tələbə-məzun məlumatları yer alır. Vətəndaşlar məlumat bazası ilə diplomların həqiqiliyini onlayn qaydada yoxlaya bilərlər".
Nazir bildirib ki, elektron diplomlara keçid prosesi üçün bəzi məlumatların digər qurumlardan inteqrasiya olunmasına ehtiyac var: "Eyni zamanda, elektron diplomlara keçid ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır. Nazirlik olaraq buna hazırıq”.
Xatırladaq ki, 2020-ci ilin dekabrında Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilməlidir. Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayışla təmin olunmalıdır.

Qeyd edək ki, Azərbaycan üçün yenilik sayılan bu addım hazırda bir sıra ölkələrdə tətbiq olunmaqdadır. Məsələn, qonşu Rusiyada bu təcrübə pilot layihə olaraq 2019-cu ildən tətbiq edilir. Həmin il yeni model ölkənin 5 ali məktəbində sınaqdan keçirilib. 2020-ci ildə isə belə məktəblərin sayı  15-ə çatdırılıb. Rəqəmsal diplomlar artıq  2021-ci ildən "Müasir rəqəmsal təhsil mühiti" saytı əsasında  tətbiq edilir. Rusiyanın Təhsil və Elm Nazirliyinin açıqlamasına görə, elektron diplomlara keçid saxta diplomlarla  mübarizə aparmağa imkan verir.  Belə ki, elektron formada  diplomda məzunun təhsil aldığı müddətlə yanaşı, təcrübə keçməsinə, idman nailiyyətləri, elmi tədqiqatlarda  və ixtisasartırma kurslarında iştirakına kimi məlumatlar əks olunur. Bu informasiyalara giriş isə təkcə ali məktəb rəhbərləri, məzunlar üçün deyil, həm də işəgötürənlərə üçün də əlçatandır.  Bu məlumatlar işəgötürənlər üçün məzunların  real vərdiş və bacarıqları baxımından çox əhəmiyyətlidir. Rusiyalı mütəxəssislərin fikrincə, diplom və sertifikatların elektron formada verilməsi yaxşı təcrübədir,  bir çox xarici ali məktəblərdə istifadə olunur və təhsil  sənədlərinin əslliyinin yoxlanması prosedurunu sadələşdirir.  Bu addım ali məktəblərə  işəgötürənlərin, işə qəbul agentliklərinin və məlumatların yoxlanması üzrə ixtisaslaşdırılmış şirkətlərin daim müraciət etməsinə imkan yaradır. Qeyd edilir ki, Rusiyada  diplomun yoxlanması işəgötürənlərə orta hesabla 30 günə başa gəlir, yoxlanan sənədlərin üçdə birinin saxta olduğu müəyyən olunur. Bu mənada rəqamsal diploma keçidin həm işəgötürənlərin, həm də işaxtaranların işini asanlaşdırdığı güman edilir.

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində deyib ki, bu prosesə keçid zamanın tələbidir: “Biz hazırda informasiya əsrində yaşayırıq, demək olar ki, əksər xidmətlər tamamilə elektronlaşıb. Dövlət qurumları, o cümlədən Elm və Təhsil Nazirliyi  “Elektron Hökumət” portalına inteqrasiya edib. Hazırda təhsil sahəsində bir sıra xidmətlər elektron qaydada həyata keçirilir. Məsələn, şagirdlərin I sinifə qəbulu, bağçalara qəbul, şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu, direktorların işə qəbulu, müəllimlərin iş yerini dəyişdirməsi və.s elektronlaşdırılıb. Eyni zamanda, təhsil müəssisələrində elektron jurnallar tətbiq olunur. Artıq bununla bağlı baza formalaşdırılıb. Yəni, bu prosesə keçid də zamanın tələbidir. Belə bir təcrübə müxtəlif ölkələrdə də mövcuddur. Elektron sistemə keçidin bir sıra üstünlükləri var. Əsas üstünlüklərdən biri vaxta qənaət edilməsi, vaxt itkisinin olmaması, məlumatların əlçatanlığıdır. Nazir də bildirib ki, prosesə hazırıq. Amma təbii ki, elektron diploma keçid və bunun hansı nəticələr verəcəyini zaman göstərəcək”.
Ekspert vurğulayıb ki, bununla bağlı qanunvericiliyə hansısa dəyişikliklər nəzərdə tutularsa, ilk növbədə ictimai müzakirəyə çıxarılmalıdır: “Biz bu gün təhsil sahəsinə çox yeniliklər gətiririk. Hesab edirəm ki, hər bir yenilik ilk növbədə ictimai müzakirəyə çıxarılmalıdır. Məsələn, sovet dövründə məktəb islahatları layihəsi hazırlanmışdı. Yadımdadır ki, həmin layihənin 15 ölkədə düz 1 il ictimai müzakirəsi aparılmışdı. Yəni, ictimai müzakirə olduqca vacibdir. Çünki bu müzakirədə ictimaiyyətin bütün nümayəndələri fikir bildirə bilirlər.Belə məsələlər mətbuat vasitəsilə ümumxalq müzakirəsinə çıxarılmalıdır. O zaman aparılan islahatlar daha effekli nəticələr verə bilər”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, əslində bununla bağlı iş çoxdan başlanılmışdı və elektron bazanın formalaşdırlması istiqamətində proses davam etdirilirdi: “Ümid edirəm ki, məzunlarımız üçün bu sistem əlçatan olacaq. İstənilən yerdə, məkan və zaman heç kəsə əngəl olmadan hər kəs təhsil sənədlərini əldə edə biləcək. Bu addım insanların müvafiq sənədlərə əlçatanlığının təmin olunması baxımından xeyli əhəmiyyətlidir. Həmçinin bu, əmək bazarında saxta diplomlu şəxslərin üzə çıxmasına da kömək olacaq. Çünki sistemə təkcə məzunlar deyil, işəgötürənlər də daxil olub həmin şəxsin müvafiq təhsil sənədini görə biləcəklər”.

Ekspert əlavə edib ki, gələcəkdə təkcə ali məktəb diplomları deyil, orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomları, attestatlar və təhsil arayışları da elektronlaşdırılacaq: “Bu, həm bütövlükdə Azərbaycanda son illərdə müxtəlif sahələrdə elektron xidmətlərin tətbiq olunmasından irəli gələn məsələdir, həm də insanlar üçün daha rahat bir şərait yaradılmasına yönəlib”.
Mütəxəssis həmçinin qeyd edib ki, bu təcrübə dünyanın müxtəlif ölkələrində də mövcuddur: “Məsələn, region ölkələrindən Rusiyada və müxtəlif Avropa ölkələrində analoji təcrübə var. Bütün bunlar insanların bu xidmətlərdən daha rahat formada yararlana bilmələrinə və əlçatanlığa yönəlib. Bu addım sənədlərə əlçatanlıq səviyyəsini yüksəldəcək”.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hələ 2019-cu ildə “Təhsil haqqında” qanuna bununla bağlı dəyişiklik edilib: “Belə bir dəyişikliyin edilməsinə ciddi zərurət var idi. Son illər ərzində kifayət qədər insan sənədinin itməsi və korlanması ilə bağlı müraciət edirdi. Eləcə də dövlət nümunəsi olmayan saxta diplomların əldə edilməsi halları var idi. Saxta diplomlu həmin şəxslər əmək bazarındadırlar. Heç kim saxta diplom, sənəd ala bilməyəcək. Bunun üçün elektron portalda müvafiq məlumatın olması zəruridir. İkincisi, diplomların notarial qaydada təsdiqinə də ehtiyac olmayacaq. Portal həm ingilis, həm Azərbaycan dilində təhsil sənədlərini özündə əks etdirəcək ki, həmin şəxslər istənilən xarici ölkəyə gedəndə təhsil sənədlərini bu portal vasitəsilə təqdim edə biləcək. Əvvəllər təhsil sənədləri itirdi, korlanırdı, yararsız hala düşürdü. Bu da onun dublikatının alınmasına gətirib çıxarırdı. Bəzən isə qanunvericiliyə görə, bir dəfə dublikat verildikdən sonra ikinci dəfə almaq mümkün olmurdu. İnsanlar məcbur olub, növbəti dəfə sənədi əldə edirdilər. Əgər bir dəfə də itirsələr, belə bir şansları olmurdu. İndiki situasiyada isə onun dublikatına və yaxud da hər hansı bir itməyə görə narahatlığa əsas olmayacaq. Həmin şəxs istənilən an bu portaldan istifadə edə biləcək və öz təhsili haqqında məlumatlarını əldə edə biləcək. Hər kəs rahatlıqla, istənilən yerdə bu sənəddən istifadə edə biləcək, bu da mobillik və əlçatanlılıq baxımından çox müsbət haldır”.

Sevinc Osmanova

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar