Nadir İsrafilov, təhsil eksperti
Strategiyada nüfuz deyilərkən, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox... Kimsə yaşlı hakim, gənc həkim, ümumiyyətlə prokuror, müstəntiq, mühəndis, aqronom, zootexnik və digər peşə sahibləri arasında müqayisə aparılaraq, onların “yaşlı” və “gənc” kimi səciyyələndirilməsinin və yaş senzinə görə fərqləndirilməsinin bəlkə də şahidi olub. Olsa belə, məsələ heç də onda deyil. Hər peşə sahibinin yaşlısı da var, gənci də, yaşlı və gənclər arasında da yaxşısı var, pisi də. Bir də “çalışmanın yaş həddinə çatmış işçi” deyilən bir anlayış var. Bilən bilir, bilməyən də bilsin ki, Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Müvafiq Qanuna görə Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70-dir. Digər bir məsələ də ondan ibarətdir ki, xüsusi xidmətləri olmuş müəyyən işçilərin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Belə qənaətə gəlmək olar ki, yaşının 55, 60, 65 və 70 olmasından asılı olmayaraq çalışma müddəti başa çatana qədər digər cavanlarla eyni bərabər hüquqa maliksən. Elə isə, son zamanlar digər peşə sahiblərini deyil, məhz müəllimləri “yaşlı müəllimlər” və “gənc müəllimlər” kimi qruplaşdırıb hallandırmaq nə dərəcədə düzgündür? Məsələnin ən maraqlı tərəfi də elə ondadır ki, niyə digər çoxsaylı peşə sahibləri deyil, məhz müəllim son zamanlar qərbdən bizə transfer olunan, nəsillər arasında qarşıdurma yaratmağa hesablanan “Nəsillər nəzəriyyəsi” kimi təhlükəli tendensiyanın hədəfinə çevrilib!? Nəsilləri illərin sıralanması əsasında yaşları üzrə təsnifatlandırıb, xarakter və xüsusiyyətlərinə görə “alfa”, “beta” “zeta” kimi bölgüsünü apararaq, bunlardan hansınasa üstünlük verib, digər hansınısa nüfuzdan salmaq missiyasını yerinə yetirənlərin görəsən məqsədləri nədir? Kim təminat verə bilər ki, kimlərəsə “ulduz falı” kimi görülə biləcək bu oyunbazlıq gələcəyimiz olan yeniyetmə və gəncləri milli mentalitetdən, mənəvi dəyərlərdən, böyük-kiçik münasibətlərindən, ədəb-ərkan hissindən uzaqlaşdırmaq üçün düşünülməyib? “Gənclərlə yaşlı nəsil niyə bir-birini başa düşmür?” mövzusunda aparılan müzakirələr, “Kim daha yaxşı öyrədir: yaşlı, yoxsa gənc müəllim?” başlıqlı yazılar, “Gənc műəllimlərin III Şəbəkələṣmə formu” adı altında keçirilən tədbirlər, “Yaşlı müəllimlər üçün dünya SSRİ-dən ibarətdir” kimi mülahizələr, “Sertifikasiya prosesinin nəticələrinə baxdıqda görürük ki, gənclərin nəticələri yüksəkdir”, “25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb”, “Bizi 40-55 yaş arası olanlar daha çox narahat edir”, “Yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib” və s. bu kimi rəsmi açıqlamaların mənbəyi nədən qaynaqlanır? Bu kimi təhlilər aparıla bilər, lakin ictimailəşdirmək məqsidilə yox xidməti istifadə üçün. Və ya “Gənc műəllimlərin formu” keçirilsin, kim nə deyə bilər ki... Ancaq, bu “şəbəkələṣmə” nə olan şeydir, heç olmasa bunu soruşan biri olmalıdır ya yox?
İstəsək də istəməsək də bir sadə həqiqəti qəbul etməliyik ki,“Yaşlı müəllimlər” və “gənc müəllimlər” deyilən belə bir təsnifat yoxdur. Təcrübəli müəllimlər var, təcrübəsiz müəllimlər var, nüfuzlu müəllimlər var, nüfuzsuz müəllimlər var. Yaşlılığından asılı olmayaraq, canla-başla işləyən müəllimlər var, bir növ baş girləyən müəllimlər var. Bu peşəni sevərək seçənlər var, bu peşəyə təsadüfən yiyələnənlər var. Bu peşəyə ürəkdən bağlananlar var, bu sahəyə təsadüfən düşənlər var. “Niyə əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər və əksinə, əksər cavanlar özlərini yaşlılardan daha üstün və güclü sayırlar” kimi yanaşmalar absurd mövqe sərgiləməkdən başqa bir şey olmayıb, yalnız yaşlı və gənc nəsil arasında qarşıdurma yaratmağa yönələn cəhdlərdən biri hesab oluna bilər.
Ümumiyyətlə yaşlıları və gəncləri müqayisə etmək, onların keyfiyyət göstəricilərini yaş senzinə görə, yüksək bal toplayanları qruplar üzrə təsnifatlandırmaq və bu əsasda hər hansı bir təhlil aparıb, ictimailəşdirmək heç bir halda problemin həllinə düzgün yanaşma hesab oluna bilməz. Bu kimi statistikalar yanız xidməti istifadə üçün yararlı və keçərli ola bilər. Təcrübəli yaşlı müəllimləri sıxışdırmaq yolu ilə, təcrübəsiz gənc müəllimlərə yol açmaq da, gənclərə etimad göstərmək hesab oluna bilməz əksinə, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə yeni bir zədə olar. Çoxlarının bəyənmədiyi Sövet dönəmində müəllim dərəcəsinə görə - “ali kateqoriyalı” müəllim, “I kateqoriyalı”, “II kateqoriyalı” müəllim kimi seçilər və rəğbətləndirilər və nüfuz sahibi olardı. Metodist müəllim “müəllimlərin müəllimi” sayılardı.
Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Strategiyada nüfuz deyilərkən, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox... Gənc müəllimlər unutmasın ki, onları bu ərsəyə gətirən elə indi bəyənmədikləri yaşlı müəllimlər olub. Bu gün yaşlı nəslə arxa çevirmək, sabah özünə qarşı arxa çevirənlər nəsli hazırlamağın əsasnı qoymaqdır.
Manevr.az
|