Xəbər lenti
Nadir İsrafilov: “Repetitorluğu ləğv etsək, bu təhsilimiz üçün “bumeranq” effekti yaradacaq.”
Zaman-zaman təhsildə repetitor fəaliyyətin ləğv olunub-olunmaması müzakirələrə səbəb olur. Ötən günlərdə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında da deyib ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil.
Bəs, maraqlıdır repetitorluq ləğv olunsa, nə baş verə bilər?
Manevr.az bildirir ki, mövzu ilə bağlı redaktor-a danışan təhsil eksperti Nadir İsrafilov bildirdi ki, repetitorluğu ləğv etsək, bu təhsilimiz üçün “bumeranq” effekti yaradacaq.
Onun sözərinə görə, bəlkə də təhsilimizin digər elə bir sahəsi yoxdur ki, repetitorluq qədər gündəmə gətirilməsin, bu dərəcədə müzakirələrə və mübahisələrə səbəb olmasın, özünə bu qədər tərəfdar və əleyhdar tapmasın:
"Başqa zözlə desək, repetitorluğa heç vaxt birmənalı münasibət olmayıb, elə, bu günün özündə də. Yəni, repetitorluq nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb, təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problemdir və ölkədə repetitorlara tələbatın günü-gündən artması da bir reallıqdır. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşməyə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir. Məsələ ondadır ki, bir sıra xəstəliklərin cavanlaşması kimi, bu yeni fəaliyyət sahəsi də ildən ilə erkən xarakter alır, getdikcə məktəblilərin daha kiçik yaş qruplarını əhatə edir. Əgər, təşəkkül tapdığı ilk vaxtlar paytaxtın və bir sıra digər şəhər mərkəzlərinin müəyyən imkanlı ailələri 10-11-ci sinifdə oxuyan övladları üçün repetitor xidmətində maraqlı idilərsə, indi ən ucqar rayon və kəndlərin ən imkansız ailələri belə yuxarı və aşağı sinif fərqindən asılı olmayaraq əlavə müəllim tutmaq, el arasında deyildiyi kimi uşaqlarını müəllim yanına hazırlığa göndərmək zərurətı qarşısında qalıblar".
Ekspert onu da vurğuladı ki, repetitor dəstəyinə yönəlmənin ilkin və başlıca səbəbi, ali məktəbə daxil olmaq sevdası ilə bilavasitə əlaqədardır.
"Məsələnin ciddiliyi ondadır ki, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi lazımi rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə, mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhdudiyyət nəzərdə tutulmayıb. Yəni, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur. Bu mənada nazirin "repetitorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər, hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər" açıqlaması ilə razılaşmamaq ədalətsizlik olardı. Nazir bir müddət əvvəl də keçirdiyi brifinqdə repetitorlara tələbatın artması məsələsinə toxunaraq bildirmişdi ki, repetitorluq imtahan sistemi ilə bağlıdır: “Bizdə imtahan rəqabətə bağlıdır. Deyilir ki, təhsildə keyfiyyət yoxdur, ona görə uşaq repetitor yanına gedir. Bir tərəfdən də bildirilir ki, qəbul imtahanının nəticələri aşağıdır. Hamı repetitor yanına gedirsə, qəbul imtahanının nəticələrinin aşağı olmasının səbəbi də repetitordur. Yaxşı nəticə olanda bu, repetitorun olur, pis nəticə olanda isə təhsil sisteminin? Bu nə qədər məntiqli arqumentdir?” Brifinnqə Emin Əmrullayev təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər aparılacağını da söyləmişdi. Belə çıxır ki, repetitorlara münasibətdə sanki, labirintə girmişik, çıxa bilmirik. Repetitorluğu saxlasaq bunu “Təhsilimizin bəlası”, “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranların, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanların, “təhsilimiz repetitorların çiynində qərarlaşıb” mövqeyində olanların sayı bir az da artacaq, repetitorluğu ləğv etsək, bu təhsilimiz üşün “bumeranq” effekti yaradacaq, məktəb mühitinin deqredasiyası sürətlənəcək, yüzlərlə kurslar, hazırlıq mərkəzləri fəaliyyətdən kənar qalacaq, minlərlə müəllim əlavə çörək pulundan məhrum olacaq, buraxılış və qəbul imtahanlarının kəsəri azalacaq və s. və i.a. Ümumiyyətlə, bu qədər müzakirə və mübahisə doğuran repetitor ifadənin mahiyyəti nədən ibarətdir? - deyən N.İsrafilov eyni zamanda bildirdi ki, təhsilimizdə ciddi fəsadlarla müşayiət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbi ifadə latıncadan tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir:
"Əgər, bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənin sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı, bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmin məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi. Tədris planı və təhsil proqramlarında dəyişiklik etmiriksə və əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb də ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünmək daha məqsədəuyğun olardı. Bu halda, həm məktəb, həm müəllim, həm şagird və valideyn qazanar. Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dərsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Repetitorluğun leqallaşdırılması nəticəsində, habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa da, prosesin təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar. O ki, qaldı nazirin “Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək” açıqlamasına, bir halda ki, “Ümumi təhsil haqqında” Qanunda ümumtəhsil məktəblərinə sahibkarlıq fəaliyyətini həyata keçirmək imkanı da verilir və dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi vəsait bilavasitə təhsilin inkişafına, təhsilalanların həvəsləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir, elə isə bunu sahibkarlıq fəaliyyəti kimi dəyərləndirməyimizə mane olan nədir...?"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar