Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc nəsil elmdən niyə uzaqalaşır? - SƏBƏBLƏR

Tarix: 18-04-2023 14:16     Baxış: 4338 A- / A+

Son illər gənclərin elmə marağı hiss olunacaq dərəcədə azalıb. Bu isə dövlətin inkişaf perspektivləri baxımından qəbuledilməz haldır və ciddi narahatlıq doğurur. 
 

Bəs gənclər niyə getdikcə elmdən uzaqlaşırlar? Bunun əsas səbəbləri nələrdir? 
 
Manevr.az bildirir ki, sözügedən mövzu ilə bağlı açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov gənc nəsilin elmdən uzaqlaşma səbəblərindən danışıb:
 

 
“Hazırki dövrdə gənclərin elmə meyilli olmamasının müxtəlif səbəbləri var. Bunun birqiymətli cavabı yoxdur. Gəncləri əhatə edən mühit, elmi mühit deyil. Televiziyaya, radioya və qəzetlərə baxsaq, elmin təbliğ olunmadığını açıq-aydın görə bilərik. Bu mühit elə bil ki, nəzərdən qaçıb. Məsələn, mən daha gənc olarkən ulu öndərin təhsil siyasəti hesabına 1 il müddətində Danimarkada olmuşam. Orada Kopenhagen şəhərində “Namus evi” adlanan gözəl ikimərtəbəli bir ev var. Həmin evdə Danimarkanı dünyada tanıdan alim ailəsi yaşayır. Bu evi görən hər gənc həsəd aparıb “kaş mən də alim olardım” deyirdi. İndi isə elə bir dövrdü ki, bu cür gözəl evlər Bakının hər yerində var və burada sadə insanlar yaşayır. Buna görə də, gənclər alimlərin yerini cəmiyyətdə görə bilmirlər".
 
Professorun fikrincə problemlərdən biri də elmi adların düzgün verilməməsidir:
 
“Düşünürəm ki, elmi adların verilməsi ilə bağlı bəzi dövlət qurumları olduqca səhv addımlar atdılar. Necə deyərlər, hər kəs öz qonşusunu çox yaxşı tanıyır və nəyə qadir olduğunu da dəqiq bilir. Buna görə də bəzi suallar yaranır ki, elmdən bu qədər uzaq olan şəxslər necə oldu ki, alim oldular?! Bu təsadüfi insanların alim statusu alması da gənclərin elmdən soyumasına gətirib çıxardı. Gənclərimiz artıq dünyasını dəyişmiş dəyərli alimlərimizin həyatı ilə indiki dəyərsiz, əxlaqı yumşaq “alimləri” müqayisə edəndə, elmdən uzaq durmağı seçirlər. 

İnkişaf üçün elmdən çox təhsil vacibdir. Gələcək üçün savadlı, təhsilli gənclər yetişsə, dövlətimizdə inkişaf da olacaq. Elm olmadan da ölkəmiz tərəqqi edə bilər. Bunun üçün 2 məqama diqqət etmək lazımdır: birincisi odur ki, əmək bazarı liberal olsun, yəni, kiminsə əlinin altında olmasın... Hər kəs əmək bazarında azad şəkildə işləyə bilsin. İkinci məqam da odur ki, monotonluğa qarşı mübarizə aparmaq lazımdır. İnkişaf etmiş ölkələr öz texnologiyalarını satırlar. Elm bizə texnologiya yaradıb, əmək bazarına girmək üçün lazımdır. Biz isə hələ o səviyyəyə çatmamışıq. İnkişaf üçün güclü təhsil, sürətli inkişaf üçün isə elm lazımdır”-deyə Şahlar Əsgərov fikrini tamamlayıb. 
 
Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov isə ölkəmizdə təhsilin indiki dövrün tələblərinə cavab vermədiyini vurğulayıb: 
 
"Nə qədər ki, təhsilin hamı üşün əlçatanlığı təmin edilməyəcək, yeniyetmə və gənclərin virtual asılılıqdan azad edilməsi üçün əməli tədbirlər görülməyəcək, elmdən uzaqlaşma halları da davam edəcək... Elmi-texniki tərəqqi dövrünü yaşayırıq. Beynəlxalq aləmə inteqrasiya edirik.  Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərində də məhz bu tələblərə cavab verən addımlarınm şahidi oluruq. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması elmlə təhsilin sintezi istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır".
 
Ekspert qeyd edib ki, bir çox insan elmin inkişafına ayrılan vəsaitin xərclənməsi üçün konsepsiyanın olmadığını vurğulayır:


Nadir İsrafilov: Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu  vaksinasiyadan keçir - AZƏRTAC


“Hər il dövlət büdcəsindən elmə ayrılan müəyyən vəsait müqabilində "Azərbaycan alimlərinin son 20 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olubmu" sualını qoyanlar da var. Hətta alimlərin böyük əksəriyyətinin universitetlərdə cəmləşdiyini əsas gətirərək, AMEA-nın ləğv edilməsi, əvəzində Təhsil Nazirliyinin yenidən formalaşdırılaraq, bir çox ölkələrdə olduğu kimi Elm və Təhsil Nazirliyinə çevrilməsi təklifi ilə çıxış edənlər də az olmayıb. İdarəetmənin daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin zəruriliyi də, yəni Elm və Təhsil Nazirliyinin yaradılması, o cümlədən AMEA, təhsil sferasında olan bütün müəssisələrin, elmi təşkilatların və məktəbəqədər təhsil müəssisələrinin bu quruma həvalə edilməsi çağırışları da zaman-zaman gündəmə gəlib. Sistemdə dəyişikliklərin olmaması və yaxud vəzifəli şəxslərin uzun müddət qalmasının o qədər də yaxşı nəticə verməməsi, yeni kadrların isə yeni layihələrlə işləməyə, etimadı doğrultmağa çalışacaqları barədə mülahizələrdə də müəyyən həqiqətlər olub. 
 
Elə bir il olmayıb ki, “Bu gün dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur”, “Ali məktəblərdə yaşı 61-dən yuxarı olan elmlər doktorlarının sayı 64% təşkil edir”, “Yaşı 30-a qədər olan fəlsəfə doktorlarının faizi 0,17%-dir, 61 yaşdan yuxarı olan fəlsəfə doktorları isə 38% təşkil edir”, Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var, onların arasında yalnız 30 nəfəri elmlər doktoru ola bilib”, "Ölkədəki elmlər doktoru dərəcəsi olan 1 414 alimin əksəriyyətinin yaşı 60-dan yuxarıdır”, "30 yaşa qədər elmlər doktoru ola bilənlərin 26-sı kişi, 4-ü qadındır”, “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Artıq ənənəvi olan maksimum elmi bilik fəlsəfəsindən optimal biliyə prinsipini əsas tutmaq vaxtı çatıb”, “Dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı, onun keyfiyyətinin də yüksəldilməsi vacibdir” və s. bu kimi fikirlər səsləndirilməsin, bununla bağlı konkret təkliflər irəli sürülməsin. Bunlar arasında ən çox edilən təkliflər magistr dərəcəsi alanların hərbi xidmətdən azad olunması ilə bağlı olub. Azərbaycanda yeni hazırlanan və bu sessiya müzakirəyə çıxarılacaq “Elm haqqında” qanunla bağlı bir sıra maraqlı təkliflər də olub”.
 
N.İsrafilov Elm və Təhsil Nazirliyinin ilə Dövlət İmtahan Mərkəzinin statistika göstəricilərinə görə, elmdə qocalma prosesi getdiyini bildirib:  


“Elmdə qocalma prosesi gedir. Elmə, elmi fəaliyyətə maraq getdikcə daralır. Əbəs yerə deyildi ki,"Təhsil haqqında" Qanunda təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini özündə əxz edən fasiləsizlik, vəhdətlik, daimilik, mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi kimi xüsusi maddə salınmışdı. 
 
Prezident İlham Əliyev tərəfindən elmi adların və dərəcələrin verilməsinə dair yeni əsasnamələrin təsdiq edilməsi, bununla da Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurlarının sadələşdirilməsi, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin formalaşdırılması, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin Nazirliyə həvalə edililməsi kimi yeniliklər gənclərin elmə olan marağının artmasına yəqin ki, təsirsiz ötüşməyəcək”.

Ləman Novruz

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar