Xəbər lenti
Bu il qəbul imtahanlarında ballar aşağı düşəcək? - TƏHSİL EKSPERTİ AÇIQLADI
16 aprel 2023-cü il tarixində Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bəs, imtahan nəticələri necə olub? Sualların həll olunma səviyyəsi necə idi? Bu il qəbul imtahanlarında ballar aşağı düşəcək?
Manevr.az bildirir ki, sia mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrənib.
Onun sözlərinə görə, çətin və asan suallar olmur, anlaşılmayan və anlaşılan suallar olur: “Hər buraxılış, istərsə də qəbul imtahanları başa çatar-çatmaz imtahan nəticələri necə olub, sualların səviyyəsi necə idi, bu il qəbul imtahanlarında ballar aşağı düşəcəkmi, 700 bal toplayan olacaqmı və s. bu kimi suallar geniş müzakirə obyektinə çevrilir, hətta imtahan ərəfəsində müxtəlif proqnozlar verilir, əsasən də təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı radikal mülahizələr səsləndirilir. Bu da təbiidir, təhsilimizin vəziyyəti geniş maraq dairəsindədir”.
Nadir İsrafilov sözlərinə belə davam edib: “Hərə məsələyə bir cür yanaşır. Dövlət İmtahan Mərkəzi öz arqumentlərini gətirir və izah etməyə çalışır ki, bu suallar hamısı qanunauyğun salınıb. İndi kimlərsə izah edir ki, burada dərsliyə düşməyən tədris planından fərqli suallar salınır, ona görə uşaqlar çətinlik çəkirlər. Dövlət İmtahan Mərkəzi isə öz cavabında əsaslandırır ki, burada tədris planından kənar heç bir sual salınmayıb. Yəni, bu kimi çəkişmələr uzun illərdən bəri davam edir və imtahan modelində hər hansı bir dəyişiklik edilməyənə qədər davam edəcəyinə də heç kəs zəmanət verə bilməz.
Əvvəla, onu deyim ki, bütün bu həyəcanlar və pessimist proqnozlar əsasən ali məktəblərə qəbul olmaq marağında irəli gəlib, imtahanların iki mərhələli keçirilməsi, buraxılış və qəbul qaydalarında və test tapşırıqlarının formalarında dəyişiklik edilməsi, məzunlara və abituriyentlərə yeni qaydalara alışmaq üçün müəyyən vaxt lazım olması, ümumiyyətlə, bu məsələnin imtahanın səviyyəsi haqqında hər hansı fikir yürütmək üçün əsas ola bilməməsi, bununla bağlı daha ciddi araşdırma, daha dərin təhlil, daha dərin müqayisə aparilması zərurəti ilə izah olunur.
Hansısa ildə kimlərinsə yüksək və ya zəif nəticə göstərməsi təhsilin keyfiyyətinin yüksəlməsi və ya aşağı düşməsi barədə hər hansı bir konkret nəticə çıxarmaq üçün əsas ola bilməz. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük. Halbuki təhsilin keyfiyyəti daha geniş anlayış olub, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərməklə yanaşı, həm də şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakteriza olunur.
Razılaşaq ki, ola bilsin ki, hər hansı ixtisas qrupunda nəticələr bu və ya hansısa il yüksək və ya aşağı olsun. Bunlar dəyişəndir. Lakin məsələ ondadır ki, məsələyə yanaşma tərzimiz dəyişməz olaraq qalır. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Bu məntiqlə yanaşsaq, 2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər 700 balliq tələbəmiz olmaqla həmin illər təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, son 3 ildə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayır!?
Bir də ki, çətin və asan suallar olmur, anlaşılmayan və anlaşılan suallar olur. Kimlərsə suala daha anlaşıqlı tərzdə yanaşır, kimlərinsə anlaşıq səviyyəsi aşağıdır. Əks halda testə salınan hansısa bir sual ümumilikdə cavabsız qalardı. Bəli, bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, digər texniki qüsurlar, bəzi sual və tapşırıqların məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki, təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apellyasiyalara səbəb olub ki, bu da zaman-zaman müəyyən narazılıqlarla müşayət olunub və bu günün özündə də müşayət olunmaqdadır.
Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü? Bu barədə düşünməliyik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar