Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İmtahan cavablarının gec açıqlanması şagirdlərdə depressiya yaradır

Tarix: 31-03-2023 19:07     Baxış: 4400 A- / A+




Bu ilin mart ayının 5-i və 12-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Hər iki imtahanda 50 mindən çox şagird iştirak edib. İmtahanların nəticələri hələlik açıqlanmayıb. Aprelin ayının əvvəlində martın 5-də imtahan verən şagirdlərin nəticələrinin açıqlanacağı ehtimal edilir.
 
Ötən il mart ayında keçirilən (martın 5-6-sı və martın 12-13-də) imtahanların da nəticələri təxminən 1 ay sonra açıqlanmışdı. Belə ki, martın 5-6-da verilən imtahanın nəticələri aprelin 1-də elan olunmuşdu. İmtahan nəticələrinin əvvəlki illərlə müqayisədə gec açıqlanmasına səbəb kimi yazılı cavab tələb edən tapşırıqlardan istifadə edilməsi göstərilir. Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmiləri deyir ki, imtahanlarda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt aparır və buna görə cavablar gec elan olunur.
 
Bəs imtahan nəticələrinin gec açıqlanması şagirdlərin psixoloji durumuna necə təsir edir?
 
Manevr.az xəbər verir ki, modern.az bununla əlaqədar bir neçə şagird, valideyn və ekspertlə danışıb. Şagirdlərdən bəziləri imtahan nəticələrinin gec açıqlanmasının onlarda gərginlik yaratdığını, qəbul imtahanına fokuslana bilmədiklərini, qeyri-müəyyənlik içərisində olduqlarını bildiriblər. Valideynlər də övladlarının ciddi stress altında olduqlarını söyləyiblər.
 
Ekspertlər isə xəbərdarlıq edir ki, şagirdlərin stressə düşməsi onların həm sağlamlığına problemlər yarada, həm də qəbul imtahanının nəticələrinə təsir edə bilər.
 

Məsələ ilə bağlı  danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, yalnız imtahan cavabları ilə bağlı yox, eyni zamanda DİM-in keçirdiyi imtahanlarla bağlı narazılıq həmişə olub və bundan sonra da olacaq:
 
“Nə qədər ki, belə davam edəcək, bir o qədər də söz-söhbətə son qoyulmayacaq. Elə bir il olmur ki, bu kimi məsələlər gündəmə gətirilməsin. Hər il DİM rəsmiləri tərəfindən sözügedən məsələlərə əks arqumentlər gətirilir. Tarixlər açıqlandıqdan sonra yazılı media və sosial şəbəkələrdə bəzi abituriyentlər və valideynlərin imtahan tarixləri ilə bağlı narazılıqlarına cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb edir. Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır. Şagirdlərin “buraxılış imtahanı verdikdən sonra məktəbə getməsinin hüquqi baxımdan əhəmiyyəti olmur, çünki onlar artıq məktəbi bitirmiş hesab olunurlar” kimi iradlara, DİM rəsmiləri tərəfindən Azərbaycanda orta ümumtəhsil müəssisələrində 2008-ci ildən yeni tədris proqramları, kurikulumların tətbiq olunması ilə əlaqədar buraxılış imtahanlarının iki mərhələdə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçirilməsi kimi əsaslandırılmasının az şahidi olmamışıq. Buraxılış imtahanlarının məzmunu və mürəkkəblik dərəcəsinə isə konkret münasibət belədir ki, “buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı – kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir”.
 
Dövlət İmtahan Mərkəzinin əsaslandırdığı bütün arqumentlərə, hətta imtahan prosesində yol verilən bəzi nöqsanlar və test tapşırıqlarında ara-sıra gedən səhvləri səmimi etiraf etməsinə, narahatlıq və narazılıqları yoluna qoymaq üçün Appellyasiya Komissiyasının fəaliyyət göstərməsinə baxmayaraq, “imtahanlar may ayında olarsa, bu daha ədalətli olar”, “ mart ayından sonra təhsil müəssisələrində davamiyyət ciddi şəkildə aşağı düşür”, “şagirdlərə ikinci yarımillikdə "2" alsalar belə attestat veriləcək və onlar təhsillərinə davam edəcəklər”, “imtahanlar kifayət qədər sadə və asan olmalıdır ki, şagirdlərin təhsil sənədini alması və təhsillərini davam etdirməsi əlçatan olsun” və  bu kimi iradlar hələ ki səngimək bilmir”.
 

Ekspert çıxış yolunu buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirməklə təkpilləli vahid imtahan modelinə keçiddə gördüyünü vurğulayıb:
 
“Dünyanın bir çox aparıcı ölkələrində neçə illərdən bəridir ki, bu model uğurla həyata keçirilir. Azərbaycan təhsilində də bu sistemə keçid məsələsi uzun illərdən bəri müzakirə predmeti olaraq qalır. Bu formata keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, bu məsələ “ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada sözügedən əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çeviklik göstərməsi üçün imkanları heç də az deyil. Bir də ki, belə bir keçid bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək, ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, başqa sözlə, daha konkret desək eyni adamın, eyni biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola bilər. Yəqin ki, çoxları hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədrinin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibətini, yəni məzunların bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanının 2 il vaxt tələb olunacağı” barədə ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə bəyanatını xatırlamamış deyillər. Düzdür, bu istiqamətdə müəyyən addımlar da atılmamış deyil. Bircə qalır həmin addımları sürətləndirmək və reallaşdırmaq”.
 
Nadir İsrafilov hesab edir ki, imtahan cavablarının gec çıxması ciddi problem deyil:
 
“Cavabların gec açıqlanmasında hər hansı narahatlıq görmürəm. Cavabların gec və ya tez verilməsindən asılı olmayaraq attestatlar martda deyil, nəzərdə tutulduğu vaxtda, yəni dərs ilinin sonunda veriləcək. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şərti ilə (300+400) tətbiq olunan yeni modelə əsasən qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınır”.
 

 
Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Günel Bayramova isə vurğulayıb ki, imtahan olduqca stressli prosesdir. Onun sözlərinə görə, stress və narahatlıq yalnız imtahandan əvvəl və imtahan zamanı deyil, həm də nəticələr açıqlanana qədər özünü göstərir:
 
"Bu zaman beyin uzun müddət gərgin vəziyyətdə olur. Yeniyetmələrin qeyri-stabil emosional sferalarını nəzərə alsaq, onlar üçün bu çox yorucudur. Şüuraltı olaraq beyin problemlərlə üzləşməyə hazırlaşır. Normadan artıq stress, həyacan yeniyetmələrin sağlamlığına təsir edə bilir, immunitet zəifləyir və daha tez-tez xəstələnməyə başlayırlar”.
 
Psixoloq qeyd edib ki, məktəblilərdə qorxu və stressin olması imtahana münasibətdən irəli gəlir:
 
“Məktəblilərin imtahandan sonra qorxu ve stress içində olmasının səbəbi imtahana olan münasibətindən asılıdır. Yeniyetmə məqsədə nail olmadığı üçün, məsələn, istədiyi universitetə qəbul olmadıqda, narahatlıq keçirə bilər. Ya da ətrafındakı insanların reaksiyasından qorxa bilər. Valideynlərin və müəllimlərin rolu çox böyükdür”.
 
Psixoloq valideynləri bu müddətdə övladlarını motivasiya etməyə çağırıb: “İmtahan nəticələri açıqlanana qədərki müddətdə yeniyetmələr özlərinə və gələcəklərinə görə çox narahat olurlar, ona görə də, uşaqlarımıza necə kömək edəcəyimiz önəmli məsələdir. Uğursuz imtahan dünyanın sonu demək deyil. Yeniyetmələrin güclü ve zəif tərəflərini başa düşməyə çalışmalıyıq. Stress zamanı doğru ifadələr və dəstək çox vacibdir. Abituriyent bilməlidir ki, həmişə çıxış yolu var və siz valideynlər onlara köməklik göstərəcəksiniz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar