Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Könül yolçumuz şair, publisist Zaur Ərmuğandır

Tarix: 29-03-2023 18:43     Baxış: 3496 A- / A+

Ən gözəl ziyarət-könül ziyarətidir, - deyiblər. Bu  dəfəki könül yolçumuz şair, publisist Zaur Ərmuğandır. İstedadlı qələm yoldaşımıza bu şərəfli yolda uğurlar arzu edirik. 

  Zaur Ərmuğan 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2002-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildən dövri mətbuatda şeir, hekayə və müxtəlif səpkili publisistik yazıları ilə çıxışlar edir. "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı 2012-ci ilə çapdan çıxıb.
      Zaur Ərmuğan 2019-cu ildən AJB-nin üzvüdür. "Yazarlar" jurnalı redaksiyası idarə heyətinin üzvü, redaksiyanın Neftçala rayon 
təmsilçisidir.

Nazilə Gültac
şair, həkim
"Könül yolçuluğu" layihəsinin Azərbaycanda rəhbəri 



Dolandım

Ay gedər gün gətirməyə,
Yaz gələr ot bitirməyə.
Əli ələ yetirməyə
Ay dolandım, gün dolandım.

Bu çöllərdə azıb quzum,
Yara-yara göynər duzum.
Xəzan qəmi çəkib yazım,
Sisdən keçdim, çən dolandım.

Düşmədim hər yel dalınca,
Vurub-yıxan sel dalınca.
Adım gəzən dil dalınca,
Yol aradım, ün dolandım.

Könlümdəki eşq toxumu
Çin göyərdə sirr yuxumu.
Bişirmədi bəxt yuxamı,
Ömür biçdim, dən dolandım.


Yuyur

Yağışdır dünyaya yağan,
Tozunu, kirini yuyur.
Su yumaz ki tək ölünü, 
Su da var, dirini yuyur.

Yağışdır, yağır hey, yağır, 
Buludu sağır hey, sağır,
Dünyanın günahı ağır,
Göyünü, yerini yuyur.

Ha yuyur qaranı, bozu,
Yuyulur zamanın tozu.
Yollar var, yollardan uzun,
Yağıb, dərd-sərini yuyur.

Göylərə əl açır biri,
Göylərə duaçı biri,
Özündən ha qaçır biri,
Bu yağış hərəni yuyur.

Üzümüz danlaqda qalıb,
Vədimiz o çağdan qalıb.
Suyumuz bardaqda qalıb,
Yağış üz tərini yuyur.

Qoy yağsın, küçəmiz batıb,
Qoy yusun, köçümüz batıb,
Çölümüz, içimiz batıb,
Demə, dağ-dərəni yuyur.

Yuyulub paklanar dünya,
Suya de, çin olsun röyan.
Gör necə çirk tutub o yan, 
Hələ ki bərini yuyur.

Biləsən

Zaman baş aldadan dəllal,
Fəndini yoza biləsən.
Fələk əldə dustaq ola,
Hökmünü yaza biləsən.

Bu, qara, bu, ağ siyahı,
Tuşla hədəfə silahı.
Dinsizin yoxdur Allahı,
Qəbrini qaza biləsən.

Haqqı çoxdur haqq umanın,
Zatında çat var yamanın.
Üzə ağ olan yalanın 
Əhdini poza biləsən.

Hədd qanan səddini aşmaz,
Sutək köpüklənib daşmaz.
Yol bilən bir yol da çaşmaz,
Mümkünmü aza biləsən?!


Yazı

Ey həsrət dediyim ürək yandıran,
Səni söndürərmi gözümün yaşı?!
Elə alovlanar, elə od vurar,
Təzədən alışar sinəm -- dərd daşım.

Baxışım zillənən yol da əlacsız,
Könlümü nə ilə ovudar axı?!
Eşqin qapısını tərk edən ümid
Hər gecə gözümdə yuxu qonağı.

Zaman həb deyilmiş bu yara üstə,
Təsəlli payından nə təbib çıxar?!
Ha çağırıram ki, əlindən tutum,
Kölgədir, nədirsə, uzaqdan baxar...

Bir itən vüsalın ardınca düşüb
Hər göynər yanğımda tapdım həsrəti.
Gözlərim sığaldır bir cüt ləpirə,
Bu imiş sən demə tale qisməti.

Öpüb göz üstünə qoyduğum bu eşq
Məndə can yaşadır məndən can alıb.
Salavat çəkmişəm alın yazıma, 
Ovcumun içində izləri qalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar