Azərbaycanda rus dili bölmələrinə olan tələbat təkliflə müqayisədə çoxdur, Elm və Təhsil naziri deyir.
Emin Əmrullayev valideynlərə uşaqlarını, "təhsilin keyfiyyətinin yüksək olduğu" Azərbaycan dilində məktəblərə göndərməyi məsləhət görüb.
"Rus bölmələri üzrə ümumilikdə təxminən 14 min şagirdlik yer var. Əgər 14 min yeri 18 min nəfər istəyirsə, o zaman 4 min nəfərə "yox" demək məcburiyyətində qalırıq. Bəzi valideynlər övladlarını rus dili bölməsinə qoya bilmədiklərinə görə iddia edirlər ki, onların konstitusiyon hüquqları pozulur, amma bu belə deyil. Azərbaycan respublikasında təhsilin dili Azərbaycan dilidir", Emin Əmrullayev bildirib.
Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə həmçinin şagirdlərin Azərbaycan dilində təhsil almalarında heç bir məhdudiyyətin olmadığını vurğulayıb.
Nazir hazırda orta məktəblərdə Azərbaycan dilində "daha keyfiyyətli təhsil" verildiyini qeyd edib.
O, əlavə edib ki, rus dili bölmələrinə qəbulla bağlı yaranan problemin iki həll yolu olsa da, bunlar effektiv deyil.
"Ya biz siniflərdə şagird sayını artıracağıq və rus dili bölməsində bir sinifdə 44-46 şagird olacaq, lakin sonra da bundan şikayət ediləcək ki, niyə bir sinifdə bu qədər şagird var. Bunun cavabı həmin valideynlərin öz müraciətlərində israr etmələridir. İkinci həll yolu rus dili bölmələri üçün yeni siniflər açmaqdır. Səmimi deyim ki, mövcud rus bölmələrinin keyfiyyətini saxlamaq Elm və Təhsil Nazirliyi üçün kifayət qədər ağrılı məsələdir, çünki müəllim yoxdur", nazir deyib.
Onun sözlərinə görə, bu il müəllim qəbulunda rus dili bölməsi üzrə ümumilikdə elan edilən yerlərin bəzi fənlər üzrə yalnız 15-18 faizini doldurmaq mümkün olub. O, əlavə edib ki, xeyli sayda vakant yerlər olsa da, hətta keçid balı 30-a salınsa belə, rus dili bölmələrində müəllimə olan ehtiyac ödənilməyib.
Emin Əmrullayev müəllimlərin qəbulunda keçid balının 30-dan aşağı salınmasını "şagirdlərə qarşı ədalətsizlik" adlandırıb.
"Elm və Təhsil Nazirliyi olaraq, o uşaqların qabağına ümumi balı 30-dan aşağı olan müəllimi çıxartmağı düzgün hesab etmirik", nazir deyib.
"Misal üçün rus dili bölməsi üzrə riyaziyyat müəllimliyi ilə bağlı vakant yerlərin sayı 106-dır, amma cəmi 22 nəfər keçid balını toplaya bilib. İnformatika üzrə 158 yer var amma 12 müəllim keçid balını toplaya bilib. Belə olan halda valideynlər düşünməlidir ki, bunların uşaqlarına kim dərs deyəcək?", Emin Əmrullayev bildirib.
Nazir Əmrullayevin sözlərinə görə, Azərbaycanın əsas 10 məktəbi Azərbaycan dilində olan məktəblərdir.
"Xaricdə təhsil almağa gedən şagirdlər və olimpiya qalibləri də" Azərbaycan bölməsində oxuyanlardır. Bunu əsas gətirən nazir, uşaqların rus dili bölməsinə qoya bilməyən valideynlərə övladlarına Azərbaycan dilində təhsil verməyi təklif edib.
Azərbaycanda orta məktəblərdə rus dilində təhsil alanların sayı artıb.
Əgər 5 il əvvəl 90 min şagird rus dilində təhsil alırdısa, bu tədris ilində onların sayı 150 mini keçib.
Bu, Azərbaycanda təxminən hər 10 şagirddən 1-nin dövlət büdcəsi hesabına rus dilində təhsil alması deməkdir.(BBC Azərbaycan)