Xəbər lenti
Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi mayın 29-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirəcək.
Mərkəzdən verilən məlumata görə, imtahan respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunacaq.
Hazırda imtahanın idarə olunmasına cəlb olunan əməkdaşların təlimatlandırılması, imtahan binalarının yoxlanılması, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şəraitin yaradılması işləri həyata keçirilir.
İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.
İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə mayın 10‑dan 17-dək aparılıb. İmtahanda iştirak üçün 14 843 bakalavr ərizə təqdim edib. Onlardan 13 796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Qəbul imtahanı Bakıda 45, Sumqayıtda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 11226, Naxçıvanda 525, Gəncədə 1247, Sumqayıtda 1033, Mingəçevirdə 500, Lənkəranda 312 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1380 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı (mühafizə), 61 bina nümayəndəsi cəlb olunacaq.
Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün mayın 20-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi”ni;
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə mayın 28-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar