Xəbər lenti
Harada yazılıb ki, müəllim şalvar geyinə bilməz? - Təhsil ictimaiyyətindən ETİRAZ
Sosial şəbəkələrdə Sumqayıtda yerləşən 14 nömrəli məktəbin direktoru Fatma Bayramovanın səs yazısı yayılıb. Səs yazısında direktor qadın müəllimlərə hədə-qorxu gələrək bildirir ki, heç kəs məktəbə şalvar geyinməsin. Əks halda onları şagirdlərin yanında təhqir edəcək. Səs yazısının Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoruna aid olduğu Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Direktorun izahatı alınaraq bir daha belə hallara yol verilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Lakin qadın müəllimlər şikayət edirlər ki, digər orta ümumtəhsil məktəblərində də şalvar qadağası mövcuddur. Bəs o zaman həmin məktəblərə niyə xəbərdarlıq edilib cəza verilmir? Ümumiyyətlə, orta ümumtəhsil məktəblərində işləyən müəllimlərin hər hansı bir geyim normaları varmı? Niyə müəllimlərə şavara icazə verilmir?
Manevr.az bildirir ki, mövzu barədə redaktor.az-ın suallarını cavablandıran Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova dedi ki, geyim qadağasını direktor təyin etməməlidir:
“Müəllimlərin geyimi ilə bağlı hər hansı bir göstəriş yoxdur. Bu, insanların seçimidir ki, necə geyinirlər. Əlbəttə, etik kodeks olmalıdır. Müəllimlərin geyimi məktəbdəki qayda-qanunlarla uyğunlaşmalıdır. Şalvarın geyinilməsinin qadağan olunması ilə bağlı belə bir absurd qərarı direktor verə bilməz. Yəqin ki, həmin direktora inzibati cəza tətbiq olunacaq”.
Şura sədri bildirdi ki, Təhsil Nazirliyi tədbir görməsi üçün məlumat verilməlidir:
“Şikayət olaraq bildirilməlidir. Belə bir qayda yoxdur. Bu qanuna zidd olan əməldir. Əgər belə bir qadağa ilə üzləşən müəllim Təhsil Nazirliyinə və ya Bakı Şəhər Təhsil İdarəsinə şikayət etsə, mənə elə gəlir ki, dərhal ölçü götürüləcək. Çünki bu absurddur. Kim istər şalvar geyinər, kim istər ətək. Bu, hansısa bir qayda ilə tənzimlənmir. Təhsildə bu qədər ciddi həll olunası məsələlər var. Direktorun müəllimlərin geyiminə qarışması insanlar tərəfindən gülməli qarşılanacaq. Direktorun nəyin əsasında, nəyi əsas gətirərək dediyi də çox maraqlıdır. Əgər belə faktlar varsa, Təhsil Nazirliyinə bildirilsin, dərhal ölçü götürüləcək”.
Günel Səfərova hesab edir ki, belə bir qanun pozuntusu olmaması üçün direktorlara məlumat verilməlidir:
“Qanun və fakt başqa bir şeydir. Hər hansı bir cəza varsa, onu ümumi bütün insanlara tətbiq etmirik. Məsələn, əgər müəllim biri qanunu pozursa, bütün müəllimləri cəzalandırmırıq. Sadəcə xəbərdarlıq yox, digər direktorlarla, təhsil sahəsində işləyən insanlarla məlumat kimi paylaşmaq olar ki, bu cür hadisələrə yol verilməsin. Cəza şəxsə görə verilir, fərdidir. Qanun pozuntusu varsa, o şəxs cəzaya məruz qalır, onun ətrafı və ya həmin sosial statusdan olan insanlar yox. Direktorlara məlumat göndərilməlidir ki, belə bir qanun pozuntusu arzu olunmur.
Təhsil Nazirliyi bildirməsə də, Bakı şəhəri və ya regionlar üzrə təhsil idarələri bildirə bilər. Biz İctimai Şura olaraq bu mövzuda hansısa bir maarifləndirici, məlumatlandırıcı məlumatı həm mediadan, həm digər sosial şəbəkələrdən paylaşa bilərik. Təhsil tək Təhsil Nazirliyinin işi deyil. Təhsil Nazirliyi bu sahənin dövlət tərəfindən idarə edən bir qurumdur. Amma bu cür qanun pozuntusuna qarşı hətta valideyn də öz rəyini bildirə bilər ki, bu, qayda, qanunun pozuntusudur, belə bir göstəriş yoxdur. Müəllimin “yupka” və ya şalvar geyinməsi yox, onun nə dərəcə təhsil verməsi əsasdır”.
Təhsil eksperti Nadir İsrafilov isə dedi ki, şalvar məsələsi bir neçə il öncə də gündəmə gəlmişdi:
“Bizim qanunvericiliyimizdə şalvarla bağlı heç bir məsələ yoxdur. Bu məsələ hardasa 15-20 il bundan qabaq da qalxmışdı. Elə də qaldı yerində. Yeni məktəbli geyimi ilə bağlı təzə eskizlərdə hətta qızlar üçün də şalvar forması nəzərdə tutulub. Təhsil Nazirliyi düz edib. Bu saat Təhsil Nazirliyi axtarışa çıxsın ki, hansı məktəbdə kim nə geyinir. Fakt üzə çıxandan sonra buna reaksiya verilir. O qədər məkətblər var ki, orada şalvar geyirlər. Amma bu, hiddətlə qarşılanmayıb, ona qarşı nəsə olmayıb”.
Ekspert bildirdi ki, digər peşələrdə olduğu kimi, müəllimlər üçün də vahid geyim olmalıdır:
“Neçə illərdir məktəbli geyimini müzakirə edirik. Bir dəfə dəyişdirilib. İndi təzə eksizlər verilib. Bu fonda ekspertlər, cəmiyyətin ayrı-ayrı üzvləri tərəfindən məsələ qaldırılıb ki, müəllimlərin də vahid forması olsun. Bizim bir çox məktəblərimizdə müəllimlərimiz vahid geyimdə çıxış edirlər. Bizim elə nümunəvi məktəblər var və gözə də xoş gəlir, xoş təəssürat yaradır. Məsələn, digər peşə sahələrində vahid geyim var, bəs müəllimin niyə geyimi olmasın, niyə fərqlənməsin? İndi məsələ ondadır ki, bu, birmənalı qarşılanmır. Bəziləri deyir müəllimin vahid geyimə nə ehtiyacı, bəziləri bir başqa mövqedədir. Ona görə bizdə hələ ki, müəllim geyimi ilə bağlı heç bir rəsmi nə göstəriş, nə də sənəd var”.
Nadir İsrafilovun sözlərinə görə, müəllim daha ciddi geyinsə yaxşı olar:
“Amma ümumi baxımdan müəllimin şübhəsiz ki, geyimi daha klassik olmalıdır. Müəllimin geyimi toy, ziyafət geyimi kimi cəzbedici, cəlbedici olmamalıdır. Uşaqların diqqətini yayındırmamalıdır. Sosial fərqlər, bərabərlik yaratmamalıdır. Məktəblərdə müəllimlərimizin əksəriyyəti qadındır. Məktəb geyimini nümayiş etdirmək yeri deyil ki, zinət əşyaları ilə gəlsinlər. Müəllim ciddi geyimdə olmalıdır. İstər qadın, istər kişi. Onun müəllimliyi onun mimikasında, psixologiyasında, jestlərində, geyimində, davranışında hiss olunmalıdır ki, o müəllimdir. Bu məsələyə bizdə rəsmi yanaşma yoxdur. Amma tövsiyyələr hamı tərəfindən qəbul olunur ki, müəllim şübhəsiz ki, ciddi geyinməlidir. Yəni küçədəki, toydakı, yasdakı, ziyafətdəki geyimdə məktəbə gələ bilməz. Daha ciddi, daha rəsmi geyimdə olmalıdır”.
Həmsöhbətmiz qeyd etdi ki, məktəb geyimində konkretlik olmadığına görə, bu hallar baş verməyə davam edəcək:
“Məktəbə çarşabla getmək məsələsi də neçə illər müzakirələrə səbəb oldu. Bəzi məktəblərdə uşaqları çarşabla, baş örtüyü ilə məktəbə buraxmadılar. Bununla bağlı ayrı-ayrı məktəblərin, Təhsil Nazirliyinin qabağında piketlər keçirdilər. Çünki o çarşab məsələsi bizim məktəbli geyimində göstərilməyib. İndi məktəbli geyimində baş örtüsü məsələsi yoxdur. Ona görə də hər hansı bir uşağın məktəbə çarşabla gəlməsinə qadağa qoya bilmərik. Çünki məktəbli geyimində baş örtüsü məsələsi yoxdur. Amma belə yanaşanda ki, din dövlətdən ayrıdır və s. O baxımdan, elə bir yanaşmalar ola bilər ki, məktəbə şagirdin çarşabla gəlməsi dini dəyərlərin məktəbə daşınmasına xidmət edir və s. Ona görə bu kimi məsələlərdə konkretlik olmadığına görə bu kimi hallar baş verib və verəcək”.
Nadir İsrafilovun fikrincə, qadın müəllimlər şalvar geyinsələr də, onun normasını nəzərə almalıdırlar:
“Kimisə şalvar geyib deyə onu cəzalandırmaq düz deyil. O da səhər məsələni qoyar ki, harada yazılıb ki, şalvar geyinmək olmaz. Bir şey ki, qanunvericilikdə özünü əks etdirməyib, ona qarşı hər hansı bir hüquqi qiymət vermək, cəza tətbiq etmək, bu, düzgün deyil. Cəlbedicilik olmamalıdır. Strateqiyada xüsusi hədəf qoyulub ki, müəllim nüfuzunu yüksəltmək lazımdır. Amma hər xırdalığı qanunvericiliyə salaq ki, qısa ətək, qırmızı kofta olmaz, bunlar sırf etik, mənəvi dəyərlə bağlı olan məsələlərdir. Bununla bağlı maarifçilik aparılmalıdır. Şalvarla gəlibsə, cəzalandırmaq əvəzinə 1-2 dəfə xəbərdarlıq etməlidir. Şalvarın da norması olmalıdır. Hər adam bədəninin ölçülərinə uyğun geyinməlidir”.
Təhsil eksperti bildirdi ki, bu kimi məsələlərdə bir az həssas olmaq lazımdır:
“Sabah məsələni məhkəmə müstəvisinə də çıxara bilər ki, harda yazılıb ki, müəllim şalvar geyinə bilməz. O şey ki, qanunvericilikdə yazılmayıb, göstərilməyib, o, bizim etik qaydalarla, mentalitetlə tənzimlənməlidir. Ona qarşı sərt mövqe tutmaq düz deyil. Biri məktəbin rəhbəri, digəri müəllimidirsə, başa sala bilər ki, sənin geyimin valideynlərə və şagirdlərə xoş gəlmir. Tənbeh edə bilər, amma cəzalandırmaq, töhmət vermək, dərsə buraxmamaq bu kimi hallara yol verə bilməz. Çünki o zaman qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş olur”.
Təhsil eksperti Kamran Əsədov da bildirdi ki, müəllimlərin geyim normaları məktəb tərəfindən tənzimlənir:
“İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərində geyim normaları yalnız şagirdlər üçün nəzərdə tutulub. Amma bu o demək deyil ki, müəllimlər istədiyi geyimdə gələ bilərlər. Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin hər hansı bir geyim normaları yoxdur. Bu orta ümumtəhsil məktəblərinin özünün daxili nizam-intizam qaydaları ilə tənzimlənən bir haldır” – deyən ekspertin sözlərinə görə, dünya təcrübəsində müəllimlərin geyim normaları mövcuddur:
“Təbii ki, birmənalı şəkildə biz bilirik ki, orta ümumtəhsil məktəblərində şagirdlər azyaşlıdırlar. Amma müəllimlər yetkinlik yaşında və bədəni formalaşmış bir insanlardır. Müəllimlərin geyim normaları təbii ki, tənzimlənməlidir. Dünya təcrübəsində bu var. Hətta Naxçıvan Muxtar Respublikasında müəllimlərin müəyyən qədər etik davranış qaydalarına uyğun olaraq geyim normaları müəyyənləşib. Təbii ki, şalvar məsələsi həssas bir məsələdir. Etiraf edək ki, bu, müəyyən qədər şagirdlər və müəllimlər arasında xoş olmayan bir mənzərəyə də gətirib çıxara bilər”.
Kamran Əsədovun fikrincə, növbəti hüquqi aktlara riayət etməklə geyim dəstindən istifadə oluna bilər:
“Təbii ki, müəllimlər qış aylarında, soyuq aylarda bundan əziyyət çəkirlər. Mən hesab edirəm ki, uyğunlaşdırılmış geyim normasının tətbiq edilməsinə ehtiyac var. Müəllimlər də mövcud hava şəraitinə uyğun olaraq öncədən müəyyənləşdirilən geyim kodeksindən istifadə edə bilərlər. Bu təcrübə var. Misal üçün, Təhsil Nazirliyinin layihəsi olan “Məktəblinin dostu”nda çalışan xanımlar şalvardan istifadə edirlər. Eyni zamanda, Azərbaycanda hüquq mühafizə orqanlarında çalışan polis xanımlarımız da şalvar geyimindən istifadə edirlər. Düşünürəm ki, uyğunlaşdırılmış formatda təbii ki, bu geyim dəstindən də istifadə edilə bilər. Amma təbii ki, normativ hüquqi aktlara riayət etmək şərti ilə”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar