Xəbər lenti
Aydan Ayın şeirləri! - Hikmət Nikbin yazır
Aydan Ay
Aydan Ayın şeirlərində ağaclar da, küləklər də, gecələr də küsmüş kimi görsənir.
Və bu şeirlərdə uzun bir sabahsızlıqlar var.
Burada nə saat var, nə özünü "xilas" etməyə rənglər var, nə də "günah" var.
Bütün sualların bir cavabı "Olmalı imiş" cavabıdır.
"Səni tapşırıram göyün üzündə
yelkəntək üzən ağ buludlara.
...mən də qocalanın, ölənin biri!
Səni tapşırıram sağ buludlara."
Aydan Ay şeirlərini zorla yazmır. Özünü İlahi sözün günahına batırmır.
Təbini şeir yazmağa məcbur etmir.
Onun təbi sərbəstdir, azaddır.
"Adımı unudub gedən doğum günüm,
barı gözlərimlə sağollaşaydın.
Əllərimdən qabaq, adımdan qabaq
onlar görmüşdür səni."
Şairə hansı üslubda yazırsa yazsın, yazdıqları həmişə yenidir. Azərbaycan ədəbiyyatı üçün təzədir. Axı Aydan Ay təkrarçılıqdan, yeknəsəqlikdən uzaqdır.
O, cəsarətlidir!
Sözü çoxdan özünə ram edə bilib.
Şeirləri durudur, oxucunu darıxdırmır, oxucunu aldatmır.
Tanrıdan danışır, göy üzündən danışır, qardaşından danışır.O qədər səmimi danışır ki...
"Gözləsən...Görsən, gəlmişəm,
pəncərəni aç,
yağış damlalarını tut...
Məni çağır, dua et, Allah de
və böyü...
...Bir də, mənim ürəyim üşüyəndi qardaş,
Üşüsə...ürəyinlə örtərsən?"
Eləcə bu şeirlərin sanki bir "daş" tərəfi də var.
Göy üzünün "daş" tərəfi, buludların "daş" tərəfi,
gözlərdən gələn yaşların "daş" tərəfi.
"...ey uzaq,
ey yel,
ey yol,
ey qərib!
Hara büküb gizlədiniz mən doğulan fəsli?
...hanı o ağac üstə mürgü döyən yarpağın?
Yarpaqdan da yam-yaşıl günəş qəmi...
...Mən bir bulud fəslində doğuldum,
bir bulud fəslində!"
Soyuq şeirlərində də Aydan Ay yenidir, təbii ki, sərbəst şeirlərini nəzərdə tuturam.
Mənə görə sərbəst şeirlər Ədəbiyyatın soyuq "fəsil"lərindən bəhs edən şeirləridir.
Heca şeirləri poeziyaya bahar təravəti verdiyi kimi, sərbəst şeirlər də payız vergili olur.
"Doğulandan gözlərimi ağaclardan başqa heç kim eşitmir,
Biri gözlərimdə saralıb düşmüş yarpağını axtarır,
biri qarda donan budağını.
Tapmadıqca yalvarırlar Tanrıya
...bu qızın gözlərini çılpaq qoyma..."
Aydan balamın elə şeirləri də var ki, həmin şeirlərin coğrafiyası çox genişdir.
Məsələn, "Sən mənim gözlərimdən keçib gedən qatarsan" şeirini göstərmək mümkün.
Həm də həmin şeirlər çox "sürətli"dir!
Ümiddən ürəyə qədər,
buluddan doğum gününə qədər, qatarlardan yosunlara qədər...
"Susub, ürəyimdə ümid də susub,
Bulud da böyüdü doğum günündə.
Ümid də böyüdü, mən böyümədim.
Həmişə buluddan balaca qaldım!
Həmişə ümiddən balaca qaldım!"
Aydan qızımın bir-birinə yad şeirləri yoxdur.
Bütün şeirlərinin bir-birinə bağlılığı var, sanki bu şeirlər bir-birinin davamıdır, baxmayaraq ki bu şeirlər məzmunca çox fərqlidir.
Ruhca bu fərqli şeirləri rəqəmlər kimi bir- birinə toplamaq, bir-birinə cəmləmək mümkün.
Son olaraq, 1 əsr uzun ömür sürmüş biri kimi deyim ki (3-cü minillikdə yaşayanlar üçün, əslində, 60 il 1 əsrdir), Aydan Ayın şeirləri Azərbaycan ədəbiyyatında İlahi bir qığılcımdır!
Bu İlahi qığılcımın artacağına, ədəbiyyat üçün böyüyüb işıq saçağına böyük inamım var.
Hikmət Nikbin
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar