Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təkcə ağaclar danışır bu Yer kürəsində... - Elçin Məhərrəm

Tarix: 07-09-2024 22:59     Baxış: 3378 A- / A+
Elçin Məhərrəm

Qaytar

Vətənimdə dolaşdım mən, azdım mən,
İynə, bizlə öz gorumu qazdım mən,
Üflənməz balaban, qırıq sazdım mən ?
Mənim yaddaşımı sən geri qaytar.

Femida səksəndi üçbaş Kerberdən,
Ölülər anlamaz fətva, təkbirdən,
Babam da xortlayıb gəlsə qəbirdən ,
Mənim daş-qaşımı sən bəri qaytar.

Asılıb, didilib çarmıxda bədən ,
Suçumu bilmirəm, soruşma nədən ?
Vulkanlar püskürür cənnətdə- Ədən,
Mənim baş daşımı sən diri qaytar.

Hər şey susur?

İnsan susur – Susmalıdır da.
Çünki heç bir "bəzəkli" cümlə
günahını pərdələmədi.

Tanrı susur – Susmalıdır da.
Çünki yaratdığı ən təmiz insan
oğru Adəm idi.

Heyvan susur – Susmalıdır da
Kiminlə danışsın?
Əli silahlı adamlamı?
Yoxsa biganə Tanrıylamı?

Təkcə ağaclar danışır
bu Yer kürəsində.
Onları da yalnız, Van Qoq eşidə bildi.

Qoca, ip və ada

Ümid deyilən şey -
səhər saat altıdan
böyük balıq tutmaq üçün
xarabasından çıxan
qocadı.

Qarmağı - uşaqlıqda
cırcıramaların
quyruqlarına bağladığı
ip qədər uzundu.

Balıqsa - Vaqifin
"Uzaq yaşıl adasından "
gəlir.

Göydəyəm!

Baxıram güzgüyə, yovuşammıram,
Həsrət- Çin səddidi, qovuşammıram,
Həyat ələyindən sovuşammıram,
Özümü danlayıb, söyən yerdəyəm.

Gözümdə dünənin qara gecəsi,
Hər fəsil sayılar onun cücəsi,
Nizələr ucunda başlar, neçəsi?!
Qəddimi gədaya əyən yerdəyəm.

Mən Babək deyiləm çarpışam, dözəm,
Çevrilib sufiyə xanəgah gəzəm,
Qardaş, əvvəlindən çartlayıb kuzəm,
İblisi məsciddə öyən yerdəyəm .

Bu nə birincidir, nə də sonuncu

Hökm verildi.
Qalxdı ağır-ağır
cəllad zamanın iti baltası.

Bu nə birincidir, nə də sonuncu.

Eşafotu yoxdur onun
Edam yeri: təqaüd aldığın bankomatın
qabağı,
təyyarənin yumşaq
oturacağı,
sevgilinlə nə vaxtsa yatdığın
yatağın kənarı.

O gün saydım, düz 32 baş tullandı
boşluğun qara çuxuruna,
Düz 32 min dildə qışqırdı qara çuxur.
Qışqırdı ki: Daha bəsdir, yerim yoxdur.
Mən şair ürəyi, rəssam əli,
filosof dili istəyirəm.
Göndər gəlsin.

Onlara ki, yerim çoxdur.
Hökm verildi.
Endi bir anda
cəllad zamanın iti baltası
Bir şair infakt keçirdi
yeni şeirini yazarkən,
bir rəssamın tikəsini tapdılar
top mərmisinin
tozanağı çəkiləndə,
bir filosofu dilindən asdılar
tanış saat qülləsinin əqrəbindən.

Bu nə birincidir, nə də sonuncu...

Mən də belə bədbəxtəm

Siqaret kötüyünü vızıldatdım asfalt yola,
tapdalamadı şütüyən, parıltılı maşınlar.

Mən də belə bədbəxtəm...

Asmaq istəyirəm özümü Yeseninsayağı,
amma otel qiyməti, muzeylərdən bahadı.

Mən də belə bədbəxtəm...

Gərək məsləhətləşim Hidayətli Sadiqlə,
Ona da ki, zəng çatmır "əhatə xaricində".

Mən də belə bədbəxtəm...

Paslı mis qab

İçimdə bir sıxıntı,
içimdə bir boşluq var.
Daşla, qumla,
xəzəllə doldurun o boşluğu.

Bacarsanız
bir quruş da xoşbəxtlik tullayın
bu səfil dilənçinin
ÖMÜR adlandırdığı
paslı mis qabına...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar