Xəbər lenti
Ərdoğandan Putinə Ermənistanı qorxudan jest - baş barmağın “əla” işarəsi arxasındakı mesajlar
Düşməni xoflandıran Bakı-Moskva-Ankara üçlü formatına doğru ; “G-20” sammiti Rusiya-Türkiyə yaxınlaşmasının gözlənildiyindən də sürətlə getdiyini göstərdi; iki lider arasında anlaşma böyüdükcə işğalçı ölkənin təlaşı da böyüyür...
Çinin Xançjou şəhərində dünyanın iqtisadi cəhətcə 20 ən böyük dövlətinin növbəti “G-20" sammiti başa çatdı. Ali toplantı xüsusən də Türkiyə-Rusiya münasibətlərinin irəli aparılması kontekstində yaddaqalan sayıla bilər. Sammit iki ölkənin prezidentinə əlaqələri yaxınlaşdırmaq üçün doğrudan da gözəl fürsət yaratmışdı və həmin fürsəti praqmatik liderlər olaraq Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan qaçırmadılar, ondan dolğunluqla yararlanmağı bacardılar.
Belə ki, C-20 sammiti çərçivəsində iki ölkə rəhbərləri həm təkbətək, həm xarici işlər nazirlərinin iştirakı, həm də böyük nümayəndə heyətinin iştirakı ilə kifayət qədər davamlı və səmərəli müzakirələr apardılar. Bu görüşlər zamanı hər iki prezidentin qarşılıqlı əlaqələrin yeni stimul qazanmasından məmnunluq ifadə etməsi, Ərdoğanın Rusiyadan çarter reyslərinin bərpasına görə həmkarına minnətdarlığı, Putinin isə Türkiyədəki daxili siyasi sabitliyin və təhlükəsizliyin qısa zamanda bərpa edilməsini məmnunluqla vurğulamaqla Ərdoğana məxsusi etimad və dəstək ifadə eləməsi, habelə “G-20" liderlərinin ortaq fotoçəkilişi zamanı iki liderin yanaşı dayanması və bu zaman da səmimi dialoq aparması epizodları diqqətdən yayınmadı. Bu və digər məqamları Rusiya telekanalları geniş işıqlandırdı ki, bu da az əhəmiyyət kəsb eləməyən məqamdır.
* * * * *
Qeyd olunduğu kimi, diqqəti çəkən həmçinin media üçün ümumi foto çəkilərkən iki prezidentin yanaşı dayanması və həmin anlarda da bir-biri ilə olduqca mehribancasına söhbətləşməsi, nələrisə müzakirə etməsi oldu. O anlarda Ərdoğanla Putinin bir-biri ilə tərcüməçisiz hansı dildə danışdığı bəlli deyil. Lakin onların üz mimikalarından, məmnun jestlərindən, o sırada Ərdoğanın sağ əlinin baş barmağı ilə Putinə “əla” işarəsini göstərməsindən aydınca görmək olardı ki, artıq Ankara və Moskva arasında ortaq anlaşma dili mövcuddur və yaxınlaşma prosesi həqiqətən gözlənildiyindən də sürətlə gedir.
Əlavə sübut kimi bu yerdə Türkiyənin Suriyadakı əməliyyatlarına “G-20" çərçivəsində görüşlər zamanı rəsmi Moskvanın heç bir etiraz dilə gətirməməsini də göstərmək olar. Demək, əməkdaşlığın davamı gələ bilər və yəqin ki, gələcək də...
“”Türk axını" qaz kəməri layihəsinin reallaşmasının texniki tərəfi heç bir problem daşımır. Əksinə, onun sürətlənməsi mümkündür". Bu sözləri Türkiyə və Rusiya prezidentlərinin yüksək səviyyəli son görüşlərinin nəticələri barədə danışarkən Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, liderlər ayrıca Akkuyu AES-lə bağlı müzakirə də aparıblar və irəliləyiş var.
“Məlumdur ki, Türkiyə tərəfi kifayət qədər operativ şəkildə müvafiq qanunvericilik dəyişiklikləri aparıb ki, bu da Akkuyu AES-i ilə bağlı işləri intensivləşdirməyə imkan verəcək. ”Türkiyə axını" barədə də danışılıb. Ankara habelə Rusiya neftinin ölkəyə tədarükünün artırılmasında maraqlıdır" - Peskov qeyd edib.
*****
Göründüyü kimi, iki dövlət arasında inciklik mərhələsi artıq arxada qalmış hesab oluna bilər. Əksər beynəlxalq ekspertlər də bunu vurğulamağa başlayıb. Belə bir yaxınlaşmadan ən çox əndişə keçirən isə əlbəttə ki, Ermənistandır. Daha bir səbəbə görə.
İş ondadır ki, qardaş ölkə ilə şimal qonşumuz arasında ortaq anlaşmaların sayı ziddiyyətli məsələlərin sayını üstələdikcə Azərbaycan üçün də yeni fürsət pəncərəsi açılmaqdadır. Söhbət təkcə Suriya mövzusunda uğurlu anlaşma nöqtələrinin tapılmasından getmir, həm də Ərdoğanın Sank-Peterburqda Putinlə görüş zamanı təklif elədiyi və ermənilərin qorxulu yuxusu olan Moskva-Ankara-Bakı üçlü formatının yaradılması yönündə daha əlverişli siyasi platformanın yetişməsindən gedir. Bu da öz növbəsində Qarabağ ixtilafının həllində irəliləyiş üçün yeni şans deməkdir.
Düşməni ən çox qayğılandıran əslində budur. Təsadüfi deyil ki, Ankara-Moskva əlaqələrindəki son mühüm gəlişmələrdən narahat olan erməni şərhçilərindən biri elə belə də deyib: “Türkiyə və Rusiya arasında ziddiyyətlər Ermənistanın milli maraqlarına uyğundur və ermənilər bu ziddiyyətlərin bacardıqca çox qalmasına çalışmalıdır”.
*****
Bu harasıdır, xain qonşularımız hətta ara-sıra özlərinin Kreml qarşısında qiymətini artırmaq üçün ona qarşı de-marşa da cəhd edirlər. Bu yaxınlarda Rusiya vətəndaşı Mironovun İrəvan aeroportunda guya ABŞ-ın sifarişi əsasında saxlanması və üzərində məhkəmə qurulması eyni qəbildən olan nankor bir addım idi və haqlı olaraq Rusiyanın siyasi-ekspert dairələrində sərt təpki ilə qarşılandı.
Ona görə “nankor” ki, Ermənistan adlı saxta dövlət bütünlüklə Rusiyanın hesabına mövcuddur, məhz Rusiya bu marionet dövlətin yeganə varlıq qarantıdır. Amma Kremlin hesabına Azərbaycan torpaqlarının işğalını davam etdirən ermənilər yenə də Moskvadan narazıdır, onu vaxtaşırı Qərbə, ABŞ-a yaxınlaşmaqla təhdid eləməyə çalışırlar.
Yeri gəlmişkən, iki gün öncə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bəyan edib ki, rəsmi İrəvan Avropa Birliyi ilə yeni assosiativ sənəd layihəsinin müzakirəsinə başlayacaq. Bugünlərdə isə aparılan bir sorğu nəticəsində bəlli olub ki, Ermənistan toplumunun cəmi 23%-i ölkənin Rusiyanın Avrasiya layihələrində (Avrasiya İttifaqı, Gömrük İttifaqı) qalmasına tərəfdardır, 41% Avropa Birliyinə qoşulmağı istəyir.
*****
Ermənistandakı bütün bu anti-Rusiya gəlişmələri və ovqatı təsadüfmü? Türkiyə-Rusiya yaxınlaşmasından təlaşa düşən İrəvan doğrudanmı indi də Qərbdə xilas yolu axtarmağa başlayıb?
Əlbəttə ki, Moskva belə quruca cəhdin özünü belə İrəvana bağışlamaz, bu, sonuncuya baha başa gələr. Prezident Putinin danışmanlarından sayılan Aleksandr Duqinin az öncə erməni nəşrinə müsahibəsində işğalçı ölkəni xəbərdar elədiyi kimi, “əgər Ermənistan Rusiyadan üz döndərsə, o zaman dövlət kimi yer üzündən silinib gedəcək”.
Bu, sadəcə, hədə deyil, gerçəkdir. Çünki Azərbaycandan fərqli olaraq, heç bir iqtisadi və inkişaf resursu olmayan, iqtisadi dəyər kəsb etməyən, maliyyə-iqtisadi sferası da bütünlüklə Rusiyanın nəzarətində və asılılığında olan Ermənistanın Qərblə Rusiya arasında məkrli şəkildə vurnuxması onun simvolik dövlətçiliyinə də nöqtə qoya bilər.musavat.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar