s
Bu gün "Manevr.az" saytının baş redaktor müavini, şair Sevinc Qəribin 50 illik yubileyidir.
Ömrünün yarıməsrlik mərhələsinə qədəm qoyan Sevinc xanım həm özünəməxsus poetik dünyası, həm də səmimi qələmi ilə oxucuların və ədəbi mühitin rəğbətini qazanmış, sözün çəkisini bilən imzalardandır.
Sevinc Qərib 12 iyul 1976-cı ildə Laçın şəhərində anadan olub. İlk təhsilinə doğma rayonda başlasa da, 1992-ci ildə Laçının işğalından sonra ailəsi ilə birlikdə məcburi köçkünlük həyatı yaşayaraq Sumqayıt şəhərində məskunlaşıb və təhsilini burada tamamlayıb. Texniki təhsilli olmasına baxmayaraq, hələ orta məktəb illərindən qəlbində baş qaldıran bədii yaradıcılıq həvəsi onun taleyini poeziyaya bağlayıb. Yeniyetmə yaşlarından çəkdiyi yurd acısı, vətən həsrəti onun yaradıcılığının əsas xəttinə, ilham mənbəyinə çevrilib.
Mütəmadi olaraq dövri mətbuatda bədii yazıları və müxtəlif mövzularda məqalələri ilə çıxış edən Sevinc Qərib oxuculara iki şeir kitabı bəxş edib:
2017-ci ildə “Hardasa o uzaqlarda...”, 2021-ci ildə isə “Ovcun əllərimin isti yuvası...”
Onun fərqli üslubu və yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də maraqla qarşılanıb. Şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq “Baküden Fethiyeye Gönül Körpüsü” antologiyasında, özbək dilinə çevrilərək Bişkekdə nəşr olunan “Müasir Azərbaycan poeziyası” kitabında yer alıb. Eyni zamanda Türkiyə mətbuatında və Cənubi Azərbaycanda fəaliyyət göstərən “Ədəbi Körpü” dərgisində dəfələrlə çap olunub. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllif, həmçinin Prezident təqaüdünə layiq görülüb.
Sevinc Qəribin ədəbi nümunələri - “Ulduz”, “Ədəbi ovqat”, “Xəzan” dərgilərində, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Türküstan”, “Azad Azərbaycan” kimi mətbuat orqanlarında dərc olunur.
Hazırda “Dəlidağ” Ədəbi Birliyinin sədr müavini və eyniadlı saytın ədəbiyyat şöbəsinin redaktoru kimi fəaliyyət göstərir. Bununla yanaşı, uzun müddətdir ki, “Manevr.az” portalında baş redaktor müavini vəzifəsini icra edir, saytımızın ədəbiyyat və mədəniyyət xəttinin formalaşmasında, poetik layihələrin işıq üzü görməsində yaxından iştirak edir.
Manevr.az ailəsi olaraq əziz Sevinc xanım, sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik! Siz redaksiyamızın fəaliyyətində yaxından iştirak etsəniz də, bizim üçün hər zaman ilk növbədə səmimi dost və fərqli üslubu olan bir şairsiniz. Sizə cansağlığı, tükənməz yaradıcılıq enerjisi və doğma Laçınımızın, Dəlidağın havası qədər təmiz bir ömür yolu arzulayırıq. Qələminiz hər zaman uğurlu, 50 illik yaşınız mübarək olsun!




































