Manevr.az xəbər verir ki, bu barədə globalinfo.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb. O deyib ki, bütün qəfil ölümlər məhkəmə-tibbi ekspertizasının predmeti hesab olunur:
“Burada ölümün səbəbi müəyyən edilməlidir. Bəzən şəxs xəstəliyinin ən ağır dövrünü yaşaya və nəticədə həyatını itirə bilər.
Son vaxtlar insanların qida rasionunda baş verən dəyişikliklər, orqanizmə qəbul edilən kalorilərlə sərf olunan kalorilər arasındakı disbalans, yəni daha çox qida qəbul edib daha az hərəkət etmək insan sağlamlığına təsir edir. Arterial hipertenziya, ürək əzələsinin yüklənməsi və digər amillər burada rol oynayır.
Gənclər arasında energetik içkilərə aludəçilik də var. Bu, həddindən artıq kofein qəbulu deməkdir. Nəticədə ürək-damar sisteminə əlavə yük düşə bilər. Bu da bəzi hallarda ürək ritminin pozulmasına və qəfil ürək dayanmasına səbəb ola bilər”.
Həkimin sözlərinə görə, hər bir insanın ürək əzələsinin fərdi potensialı və daxili resursları var:
“Ona görə də ürək əzələsi ayrı-ayrı situasiyalara fərqli reaksiya verə bilər. Bəzi insanlarda gizli ürək-damar xəstəlikləri ola bilər.
Parkinson sindromu gecələr qəfil ürək dayanmasına səbəb ola bilir. Bəzilərində ekstrasistoliyalar, xüsusilə mədəcik ekstrasistoliyaları olur ki, bunlar müəyyən hallarda ciddi ürək ritm pozğunluqlarına gətirib çıxarır. Bunlar vaxtında araşdırılmalıdır.
İnsanlar 2-3 ildən bir tibbi müayinədən keçməli və öz sağlamlıqları barədə məlumatlı olmalıdırlar. Ürək tutmasından ölüm sadə bir məsələ deyil. Bu, ürək-damar sistemi ilə bağlı səbəblərdən, arterial təzyiqin pozulmasından və ya tromboemboliyadan qaynaqlana bilər.
Tromblar xüsusilə aşağı ətrafların dərin venalarında, o cümlədən baldır nahiyəsində əmələ gələ bilər. Qan axını ilə hərəkət edən tromb ağciyər arteriyasını tıxaya və nəticədə ağciyər tromboemboliyasına səbəb olaraq qəfil ölümə gətirib çıxarar. Bəzi toksik maddələr isə tənəffüs mərkəzlərini iflic edərək ölümə səbəb ola bilər.
35 yaşlı insanın ürək tutmasından vəfat etməsi klinik olaraq sadəcə belə qiymətləndirilməməli, ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizası nəticəsində müəyyən edilməlidir”.
Qeyd edək ki, “MasterChef Türkiye”nin 2021-ci il qalibi – “Qızıl Saqqal” ləqəbi ilə tanınan məşhur aşpaz 37 yaşlı Eren Kaşıkçının ölüm səbəbinin ürək tutması olduğu açıqlanıb. Bundan əvvəl 49 yaşlı əməkdar artist Cabir İmanov, 35 yaşlı türk aktrisa Ece İrtem və 45 yaşlı türk aktyor Kanbolat Görkem Arslan da ürək tutması nəticəsində həyatını itirib.



































