Xəbər lenti
"Mənim qorxum özümlə bağlıdır, mübarizəm özümlədir" - Səlim Babullaoğlu

Müsahibimiz Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, görkəmli şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi, çoxsaylı beynəlxalq mükafatlar laureatı Səlim Babullaoğludu.
— Şair ruhunun ilk oyanışı sizdə nə zaman və necə başladı, bu oyanış heyrətdən doğdu, yoxsa məhəbbətdənmi, ilhamdanmı?
— Siz maraqlı sözlər işlətdiniz suallarınızda. “Ruh”, “heyrət”, “məhəbbət”, “ilham”… Sonuncu sözdən başlayım. Bir dəfə “ilham”, “ilham pərisi” ilə bağlı sual vermişdilər mənə. Zarafatla demişdim ki, hər bir şeirin yazılışında bir pəri iştirak eləsəydi, onda gərək şairlərin hərəmxanası olaydı. Görünür, ilham dediyimiz şey şeir yazılan vaxtı şairin müəyyyən halı və meditativ konsentrasiya dərəcəsi olur ki, onun adıdır. Mənim ana tərəfdən babalarım və təkcə babalarım deyil, dinə, sözə bağlı adamlar olublar. Quranı biliblər, Şərq klassiklərini seviblər, öyrəniblər, oxuyublar və mən erkən uşaqlığımda onların ruhani poeziya, söz məclislərində tamaşaçı və hər şeylə maraqlanan uşaq kimi iştirak eləmişəm. Yəqin ki, sözə marağın ilk təzahürləri bu zaman formalaşıb, anlamasam da, ruhani və poetik sözün bizim gündəlik, adi nitqimizdən fərqləndiyini hiss etmişəm. 1979-cu ilin söz vaxtına çəkər, elə avqust ayında natamam 7 yaşıma qədər böyüdüyüm babamgilin evindən atamın evinə qayıdanda, həmin il məktəbə, I sinfə getməliydim, ilk dəfə idi ki, çoxlu kitabların olduğu böyük kitab rəfləri, kitabxana görürdüm. Sonra məktəbə getdim, hərfləri öyrəndim, atamın şeir yazdığını bildim. Atamın dost məclislərində necə şeir oxuduğunun şahidi oldum. O illərdə atam məzuniyyətə gedəndə bizi özü ilə aparır, həmin günlərdə özü ilə oxumaq üçün bir neçə kitab da götürürdü. Bir qayda olaraq şeir kitabları olurdu. Atam o kitablardan parçaları bizə oxuyur, izah edir, sonra da əzbərlətdirərdi.
Mən həm dediyim həmin məclislərdə, həm sonra atam bizə şeir oxuyarkən doğurdan da heyrətlənirdim. Sözün necə belə ola biləcəyi məni düşündürür, sevindirirdi. Odur ki, poetik nitqə aşiqlik və heyrət öz işini gördü. Sözə aşiq oldum. Sonra isə sükuta. Belə...
— Bu günkü ədəbiyyatda şair məsuliyyəti haqqında nə düşünürsünüz, şair əvvəlcə cəmiyyətəmi, yoxsa öz iç dünyasına və bəşəriyyətəmi cavabdehdir?
— Cəmiyyət, bəşəriyyət böyük anlayışlardır, bəşəriyyət və onun qarşısında məsuliyyət bir yana,
mənim üçün hətta bir kiçik cəmiyyəti bir yerdə təsəvvür etmək çox çətindir. Düşünürəm ki, şair
də, qeyri şair də gündəlik sözə belə ehtiyat və məsuliyyətlə yanaşmalıdır, adi nitqinə yəni. Bizdə, xalqda bir söz var: dilinə yiyəlik elə. Yəni hamı dilinə yiyəlik eləməlidir. Şairlər daha çox, çünki həm də metafora, məcazlarla işləyirlər. Belə olarsa, məsuliyyət daşımağı deyə bilmərəm, amma məsuliyyətsizlikdən qurtula bilərlər.
Şairin ümumiyyətlə heç kimin qarşısında öhdəliyi, məsuliyyəti demirəm ha, öhdəliyi deyirəm, yoxdur. Hətta peyğəmbərlərə belə sən sözümüzü çatdır, üzülmə deyilirdi, yalnız çatdır. Bəzən şairlərə əlahiddə missiya yükləyirlər, hətta bəzən xilaskar missiyası. Məncə bu lazımsız şeydir. Yəni bunu düşünərək eləmək, bunu qarşına hədəf qoyaraq eləmək gülüncdür. Başqa məsələdir ki, bir xas şeir, gözəl bir şeir misrası kiməsə böyük impuls verə bilər, onun həyatına təsir edə bilər, dəyişər. Hə, bu mümkündür. Amma bu şairdən daha çox sözün missiyasıdır.
Əlbəttə insanların yaşamaq üçün söykənə biləcəyi meyarlar, dəyərlər sistemi var, olmalıdır. Bunun adı əxlaqdır. Bu dəyərlər sisteminə, əxlaqa söykənən istənilən adamın sözü, o cümlədən şairin şeiri bəşəriyyət üçün, cəmiyyət üçün, ən əsası isə fərd üçün xeyirli ola bilər. Olacaq. Kim bilir, bəlkə elə bəşəriyyət dediyimiz də həmin məchul bir nəfərdir.
Bir fikir yadıma düşür, təxminən beləydi: “Çox güman bəşəriyyəti xilas etmək mümkün olmayacaq, amma hər kəsin öz qəlbini xilas etmək imkanı daha çoxdur, inandırıcıdır”.
—Sizin bir çox beynəlxalq mükafatlara layiq görülməyiniz nəinki təkcə təbrikəlayiq, həm də düşündürücüdür. Bu mükafatlar yaradıcılığınıza necə təsir göstərdi – ruhlandırdımı, məsuliyyət artırdımı, yoxsa yeni istiqamətlərə yol açdımı?
— Mükafatlar məmnunluq hissi yaradır.
Yaradıcılığa yaxşı da təsir edə bilər, pis də, yəqin xarakterdən asılıdır. Bilirsiz ki, mükafat alanda bir nəfər sevinir, yəni mükafatı alan, onlarla başqası gizlətsə belə hüznlənir, söhbət orijinal yaradıcılığa verilən mükafatdan gedir. O saat zövq girir araya, özü də həvəskar zövq, fərqli qiymətləndirmələr, rəylər, subyektivlik, obyektilik kimi söhbətlər başlayır.
Doğrusunu deyim ki, mənim mükafatlarımın böyük əksəriyyəti şəxsi yaradıcılığıma deyil, ardıcıl ədəbi fəaliyyətimə görə olub. Daha çox tərcüməçilik və ədəbi təşkilatçılıq fəaliyyətimə görə. Bu yaxşıdır, pisdir deyə bilmərəm, amma bu faktdır. Odur ki, düzü, bir az da rahatam. Çünki ortada kiminsə rəyindən asılı olmayaraq görülən işlər var.
Özünə hörmət edən ədib mükafat haqqında düşünmədən işləyir, fəaliyyət göstərir və bilir ki, yaradıcı prosesin həzzini heç nə əvəz edə bilməz. Mən gənc vaxtı mükafatlar barədə düşünmüşəm, gizlətməyim.
Amma son 20 ildi ki, özümü gənc hesab etmirəm. Öz işimlə məşğulam. Baş verənlər də öz-özünə baş verir. Məsuliyyətimi azaldırmı, artırırmı, inanmıram. Əslində daha əvvəlki sualınıza cavab verəndə məsuliyyət sözü ilə qohum olan cavabdehlik haqqında danışdıq deyə, heç nə əlavə etmək istəmirəm.
— Müasir dövrdə – müharibə, zülm və qlobal böhranlar çağında şair və yazıçı hansı mövqedə durmalıdır?
Onun qələmində qəzəbmi danışmalıdır, dua, yoxsa xatırlatma?

Mən inanclı adamam, hər halda belə hesab edirəm. İnsan elə yaradılıb ki, haqlı və haqsız olduğunu bir qayda olaraq bilir, bilmirsə də hiss edir. Yalnız xilas imkanını əldən vermişlər xaric. Odur ki, savaşlarda mütləq haqlı və haqsız tərəflər olur. Hər kəs, hər bir toplum savaşdan öncəki qərarına görə məsuliyyət daşımalıdır. Bu da sualınızın başqa bir tərəfinə cavabım.
Mən son 5-6 ildir ki, ətrafımızda baş verən hadisələrə, istəyir olduğum ədəbi camedə, istər vətəndaşı olduğum Vətənimdə, istər bir fərdi olduğum dünyada baş verən müxtəlif hadisələrə baxıram və bir qayda olaraq tərəddüd içində susuram. Bilirsiz, bəlkə qəribə gələcək, amma mən daha çox individual əməli fəaliyyətin tərəfindəyəm. Əgər bir adama tövsiyə, yaxud maddi kömək, bir gənc ədibə xoş söz və rəylə, bir şəxsə işlə, peşəkar dəstəklə yardım etmək olarsa, bunu bir qayda olaraq öz imkanlarım çərçivəsində müzayiqə eləmirəm. Xeyirin və şərin əbədi mübarizəsində hökmən xeyirin yanında olmaq lazımdır. Amma bu xeyiri, bizim bu informasiya bolluğunda boğulan cəmiyyətimizdə və dünyamızda müəyyənləşdirmək inanın, çox vaxt heç də asan olmur. Son iki ayda 5000 səhifədən çox bioqrafik mətn oxumuşam. Tomas Sternz Eliot, Çeslav Miloş, Ana Blandiana və Herbertlə bağlı. Bu oxuduqlarım da indiyəqədər dediklərimi təsdiqləyir. Elə bir yaşdayam və elə ağrılı təcrübələrim var ki, çox yaxşı anlayıram: çox şey gördüyümüz kimi deyil, bilmədiklərimiz dərya, bildiyimiz isə yaxşı halda bir damladır. Bunu hər an, hər saniyədə hiss edirəm.
Dua isə hamı üçün vacibdir, ən etibarlı körpü və insana verilmiş ən yaxşı imkandır...
Xatırlatma deyə soruşursuz. Məncə “xatırlatma”dan öncə düzgün xatırlama vacibdir. Qəzəb?! Bilmirəm. Görünür, qəzəbli olmağın bəraəti olan məqamlar var, hərçənd qəzəbli olmağın, qəzəbli yazmağın və qəzəbi yazmağın tərəfində deyiləm. Təbii bu janr, növ və süjetin tələbləri daxilində deyilsə.
Fikrimcə ədib bir şeyi heç vaxt etməməlidir. Kobud ümumiləşmə aparmamalıdır. Kobud ümumiləşdirmə aparmamalıdır ki, təəssüf indi biz bunu dürlü-dürlü nümunələrinin əhatəsindəyik.
— Tanınmamaq, diqqətsizlik və ədalətsizlik bəzən istedadı ruhən sarsıda bilir. Azərbaycanda şair və yazıçılara münasibət necədir? İstedadlar layiqincə qiymətləndirilirmi?
— Bağışlayın, amma sualı bir qədər qeyri-korrekt hesab edirəm. Çünki bu şeylər coğrafiya ilə bağlı məsələ deyil. İnsan xisləti ilə bağlıdır. Narazı qalanlar və razılar burulğanıdır həyat. İnsan yaxşını, fərqli və eyni zamanda xeyirlini, istedadlını təqdir etməyə borcludur. Laqeydlik – insanın eyiblərindən biridir. Laqeydlik də şər qədər insanı sarsıda bilir, xüsusən gənc adamları. Layiqincə qiymətləndirməmə, başqa adla düzgün qiymətləndirməmə, bütün bunlar əslində laqeydlik deməkdir. Bir az da dəqiqləşdirsək laqeydlik naşükürlükdür. Qayıdım sualınıza. Bizdə, Azərbaycanda institusional olaraq bu məsələlərlə, yəni ədəbiyyatdan danışıram, Azərbaycan Yazıçılar Birliyi, geniş mənada isə Mədəniyyət nazirliyi məşğul olur. Fikrimcə imkan daxilində olanlar edilir. Kimsə deyə bilməz ki, görülən işlər ideal ədalət tərəzisində obyektivdir, bunu deyənlər sadəlövhlər və naqislər ola bilər. Narazılar da var, razılar da.
Amma qiymətləndirmə barədə də düşünmək gərək deyil, bağışlayın, amma burda bir az ədəbsizlik var.
— Bir şair olaraq ən dərin qorxunuz nədir – unudulmaq, özünü itirmək, yoxsa sözün əks-səda tapmaması?
— Unudulmaq, sözümün əks-səda tapmaması kimi qorxularım yoxdur. Biz səmavi kitabların lazımınca oxunmadığı, yaşanmadığı, peyğəmbərlərin daşlandığı, klassiklərin kitablarının toz basdığı dünyada yaşayırıq. Mənim qorxum özümlə bağlıdır, mübarizəm özümlədir. Səhv etmək, doğru yaşamamaq...
— Ədəbiyyat tərcüməsi – bu millətləri birləşdirən körpüdür. Sizin üçün tərcümənin əsas vəzifəsi nədir – məna ötürmək, ruhu qorumaq, yoxsa qardaş olmaq?
— Bədii tərcümə sizin dediyiniz bütün bu sadalananları etmək üçündür. Amma bunlar ayrı-ayrı komponentlər deyil. “Ruh” sözündən tez-tez istifadə edirlər, düşünmürəm ki, bunu deyəndə klassik, yaxud teoloji mənada “ruh”u nəzərdə tuturlar, çünki o bir başqa şeydir çox güman. Amma sizin dediyiniz mənada məna, ruh, forma, qardaşlıq bunlar ayrı-ayrı şeylər deyil.
Bədii tərcümə məncə qlobal ədəbi təskinlik üçündür həm də.
— Hər bir sözün öz rəngi, duyğusu və səsi var. Sizin şeirlərinizdə rənglərlə səslər necə və harada qovuşur? Bu harmoniyanı necə duyursunuz?
— Bu çətin sualdır. Sözün məna yükü, səsi, siz dediyiniz kimi rəngi və digər “aksessuarları” özündədir. Saflığın mənası körpənin gözəl üzündə ifadə olunduğu kimi. Poetik söz də, şeir sözü də -sözdür, lüğətlərdə ayrıca işarələnməyib.
Amma şeiri oxuyanda, Oktavio Pazın söylədiyi kimi desək, gözlə dinləyəndə anlayırsan ki, şeirdəki sözlərin, o sözləri təşkil edən hərflərin arasında gözəgörünməz bir bağ, zəncir, əlaqə var. O əlaqənin adı şairdir.... Çətin sualdır. Bircə onu deyə bilərəm ki, mənə şeir yazmaq üçün təcrid olunmaq lazımdır, cari dünyadan və işlərdən çəkilmək lazımdır. Bu isə həmişə mümkün olmur. Şeir yazmaq prosesi mənim üçün eyni zamanda əqli prosesdir, düşüncə prosesidir.
— Azərbaycan Yazıçılar Birliyində beynəlxalq ədəbi əlaqələr və tərcümə məsələləri üzrə katibsiniz. Sizcə, ədəbi əlaqələri daha da genişləndirmək üçün hansı təşəbbüslər, layihələr reallaşdırılmalıdır?
— Gözəl dostum, mən 2004, 2024 və 2023-cü illərdə Azərbaycanda tərcümə məsələləri ilə bağlı geniş məruzələr etmişəm. O 3 məruzənin toplandığı 300 səhifəlik bir kitab da çap olunub. Hər dəfə nə edilib və nə edilməlidir suallarına cavablar vermişəm. İndi bu barədə danışmaq istəmirəm. Görüləsi və görülməsi vacib işlər çoxdur.
— Azərbaycan poeziyası ilə digər türk xalqlarının poeziyası arasında hansı ruhani bənzərliklər və fərqlər görürsünüz? Hər biri öz iç səsini necə ifadə edir?
-Mənim fikrimcə Azərbaycan şeiri, musiqisi və rəssamlığı ümumtürk ədəbi-mədəni və sənət kontekstində ən zərifi və ən dərinidir. Sonra isə özbək qardaşlarımızın. Bu çox subyektiv görünə bilər. Amma mən belə düşünməyim əsassız deyil. Qoy bu suala ədəbiyyatşünaslar daha müfəssəl cavab versinlər.
— Ədib öz əsərlərində özünü gizlədir, yoxsa açır? Sizin yaradıcılığınızda bədii və mənəvi baxımdan hansı prinsiplər dəyişməzdir, nəyə sadiqsiniz?
- Sualı anlayıram. Düşünmürəm ki, bilərəkdən gizlətmək və gizlətməmək qarşıya məqsəd kimi qoyulur. Özün barədə özgəsi kimi, özgəsi barədə özün kimi danışmaq da mümkündür. Mərkəzdənqaçan və mərkəzəqaçan poeziya var. Həm ilahi mənada, həm şəxsi təcrübə mənasında. Hər iki tendensiyanın dahiləri, görkəmli nümayəndələri var. Qaldı mənə, müxətlif vaxtlarda müxtəlif cür.
Quranda “Şairlər” surəsi var. Mənim üçün bu surə təyinedici, çox vacibdir. Məcazlarla, sözlə ehtiyatlı olmaq lazımdır.
Söhbətləşdi:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.
Manevr.az bildirir ki, müsahibə bundan öncə Albaniya və Kenya mediasında yayınlanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar