Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elza Seyidcahanın qeyri-adi evi – Qoyun qığı, heyvan dərisi və ... - REPORTAJ

Tarix: 16-03-2022 10:19     Baxış: 3664 A- / A+


Elza Seyidcahan
Elza Seyidcahan

Manevr.az kulis.az-a istinadən Mehdi Dostəlizadənin Əməkdar artist, bəstəkar Elza Seyidcahanın evindən yazdığı reportajı təqdim edir.
Elza Seyidcahan çəkilişdən gələnə qədər onu yaşadığı məhəllədə gözləməli olduq. Həmin məhəllə (Kubinka) mənim doğma məkanım olduğuna görə tez-tez Vüqar Babazadəyə oranı tərifləyir, bir az da ehtiyatlı olmağını tapşırırdım. Məsləhətlərimdən çox keçməmişdi ki, Vüqar bütün dediklərimi qulaq ardına vurdu. Ondan siqaret istəyən qaraçı qızın arzusunu ürəyində qoyub yoluna davam etdi. Bir az sonra qız yenidən yanımıza gələrək Vüqara “bir siqaret versən ölərdin?” dedi. Vüqar çarəsiz, bir az da çaşqın vəziyyətdə cibindən siqaret çıxarıb qıza verdi.
Bir qədər gözləyəndən sonra Elza xanım maşını ilə bizə yaxınlaşdı. Salamlaşdıq, Ayxan məni tanıtdı:
– Bu da bizim Mehdidir.
Elza Seyidcahan məni Mirmehdi Ağaoğlu ilə səhv salmışdı. Bu kiçik yanlış anlaşılma mənə Mirmehdinin çörəyinə bais olduğumu düşündürdü.
Elza xanım Ayxana evə necə gedəcəyimizi bir neçə cəhddən sonra nəhayət ki, başa sala bildi. Maşından düşəndən sonra ona kömək etdik, arxa oturacağa qoyduğu bir neçə əşyanı, şubanı və köynəyi götürdüm. Deyəsən, həyəcandan idarəetməni itirmişdim, Elza xanımın köynəyi əlimdən yerə düşdü, tez-bazar götürüb işimə davam elədim. Yola düzəlib Elza xanımın yaşadığı evin həyətinə daxil olduq.
– Elza xanım, nə qəribə yerdə yaşayırsınız – Ayxan dedi.
– Elza Seyidcahanın özü kimi evi də qəribədir – Elza xanım zarafatından qalmırdı.

Evin içi də çölü kimi qəribə idi. Elza xanım qapının necə bağlandığını mənə izah edəndən sonra güclə qapını bağladım, özümü sındırmadım. Fotoqrafımız Sabir öz silahını (fotoaparatını) “gəz, göz, arpacıq” pozasına gətirib tezbazar işə başladı. Elza xanım bizə çay süzəcəyini deyib qonaq otağına yola saldı. Bu muzeyvari evdə ayaqqabısız gəzmək mənə qəbahət kimi gəlirdi. Düşünürdüm ki, bura vaksin sertifikatı olmayan adamları buraxmaq olmaz. Hətta Vüqar Babazadənin də artıq adam olduğunu hesab edirdim.
Qonaq otağının dörd bir tərəfi rəsmlərlə əhatə olunmuşdu. Hər guşəsindən sənət qoxusu gələn otaq məni ilhamlandırdı, öz otağımı da bu formada dizayn etmək kimi bir arzuya düşdüm. Otağa bəzək verən ağ royalın üstündəki tülkü dərisi diqqətimi çəkdi. Heyvan haqlarının kəskin müdafiəçisi, heyvanlara konsert vermiş Elza Seyidcahanın evində tülkü dərisinin olması məni xəyal qırıqlığına uğratsa da, hər şeydə bir hikmət var deyib bu düşüncələri özümdən uzaqlaşdırdım.

Elza xanım bir az sonra yanımıza gəldi, Ayxanla müsahibəni hansı otaqda edəcəklərini məsləhətləşdilər. Şələ-şüləmizi yığıb ikinci mərtəbəyə qalxdıq. İkinci mərtəbədə Elza xanımın pianinosu, təltifatları, mükafatları olan otaqda vaxt keçirtdik. Şkafda gözümüzə dəyən “Ən bomba müğənni” mükafatına xeyli güldük. Hələ stolun üstündə bir diplom var idi ki, bizi lap heyrətləndirdi. Bu, “Qoyunçuluğun təbliği və iqtisadiyyatda rolu mövzusunu kütləvi şəkildə təbliğinə görə" diplomu idi. Elza Seyidcahan qoyunların müdafiəsinə diqqət çəkən qoyun qığından paltarına görə bu mükafata layiq görülmüşdü.
Otaqdakı pianinoda öz bacarıqlarımızı nümayiş etdirməyə başladıq. Düzü, bacarığım “Cip cip cücələrim”dən o tərəfə keçməsə də, Elza Seyidcahanın pianinosunda bunu ifa etmək də böyük şey idi. Allah bilir, hansı möhtəşəm musiqilərin bəstələndiyi pianinoda ağzıma gələni çalmağım həm də pianinoya, notlara hörmətsizlik idi. Buna görə bütün pianinolardan və bəstəkarlardan üzr istəyirəm.

Elza xanım bizi çay içməyə dəvət etdi, əlbəttə, mətbəxdən gətirəcəyi naz-nemətləri o biri otağa aparmaq lazım idi. Meyvələrlə dolu qabı Elza xanımdan alıb əsas otağa apardım. Bu otağın hər tərəfi oyuncaqdan ibarət idi desəm, yəqin ki, bu iddia mübaliğə hesab olunmaz. Kollektivimiz yavaş-yavaş pianino olan otaqdan çıxıb oyuncaqlı otağa keçdi. Elza xanım qarşımıza şirniyyatlar, çay qoyaraq bizə böyük qonaqpərvərlik nümayiş etdirdi. Necə deyərlər, “kollektivin qeydinə qalmaq lazımdır” replikası həmin gün Elza xanımın evində vücud tapmışdı.
– Bu otaqda nəvəmin oyuncaqları var. Ortalığı yığışdırmağa vaxt olmayıb, üzrlü sayın.
– Nəvəniz Səmərrux idi də, hə? – Özümü elə aparırdım ki, guya Pentaqonun məxfi sirlərindən xəbərdaram.
Ayxan Ayvaz oyuncaqlara yaman meyl salmışdı. Əlinə götürdüyü hər oyuncağı sığallayıb, “mən uşaq olanda belə oyuncağım yox idi” deyirdi. Gah kamaz oyuncağını götürüb heyfslənir, gah da skeytə baxıb köks ötürürdü:
– Mənim heç vaxt skeytim olmayıb...

Elza xanım da bizimlə çay süfrəsinə əyləşdi.
– Haralısız? – hamımızdan birdən soruşdu. Biz də növbə ilə cavab verdik.
– Gürcüstanlı. – Ayxan Ayvaz.
– Lerikli. – Vüqar Babazadə.
– Bakılı. – mən, bəndəniz Mehdi Dostəlizadə.
Ürəklə cavab verməyim, deyəsən, Elza xanımın xoşuna gəlmişdi, qəribə bir əda ilə danışığımı yamsıladı.
– Bəs harda qalırsınız? – yenə ümumi sual verdi.
– Əhmədlidə. – Ayxan Ayvaz.
– Suraxanıda. – Vüqar Babazadə.
– Kubinkada. - yenə də mən.
Bu yerdə Ayxan otaqdakı uşaq masasını göstərib Elza xanımdan soruşdu:
– Deyəsən, istifadə edilmir.
Ayxanın məqsədi o uşaq masasını “ələ keçirmək” idi, lakin Elza xanımın cavabı onun hücumunu yarıda kəsdi:
– Nəvəmindi, 5 yaşı var, hələ də o masadan əl çəkmir. Bütün gününü orda keçirdir.

Sonra Ayxan Ayvazla Elza Seyidcahan müsahibə üçün o biri otağa adladılar. Mən də aclığımı basdırmaq üçün yaxşı fürsət tapmışdım. Elza xanımın yanında şirniyyatlara girişməkdən çəkinsəm də, o gedəndən sonra görməmiş kimi az qala bütün boşqabı silib-süpürdüm. Heç vaxt belə dadlı şirniyyatlarla qarşılaşmamışdım, yenə olsa, yenə yeyərdim. Dadlı gəlməklərinin mənim aclığımla heç bir dəxli olmadığını da qeyd edim, çünki o şirniyyatlar, həqiqətən də, dadlı idi. Elza xanım, haqqınızı halal edin. Özümü Azərbaycan incəsənətinin çörəyini yemiş kimi hiss edirəm. Amma Novruz bitməmiş o şirniyyatlardan yenə dadsam, xoşnud olaram.
Müsahibə bitəndən sonra şey-şüyümüzü yığıb getməyə hazırlaşdıq. Görüşün sonlarında Elza xanım royalda ifa edərək zövqümüzü oxşadı. Qapıya qədər bizi yola saldı, sağollaşıb evdən çıxdıq.

– Mehdi, qapını özünə çək, yoxla.
– Vəssəlam, bağlandı, sağ olun.
Bu yerdə Ayxan yenə araya girdi:
– Elza xanım, bəlkə, Mehdi sizdə qalsın?
– Niyə ki? – Elza xanım təəccübləndi.
– Evsizdi, ona görə.
– Həqiqi? Mehdi, – mənim qolumdan tutub dartdı – gəl, bizdə qal.
Bu yerdə reportajımızın sonuna çatdıq və Elza xanımın bayaq yeyə bilmədiyimiz almaları qapının ağzına düşdü.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar