Xəbər lenti
Hərbi ekspert: "Azərbaycan gecikmədən ərazilərdə anti-terror əməliyyatına başlamalıdır"
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina mübarizəsi davam edir. Üçtərəfli bəyanatın şərtlərinə görə, belə hadisələr olmamalı idi, lakin təəssüflər olsun ki, həmin sazişin şərtləri Ermənistan tərəfindən yerinə yetirilməyib. Fakt budur ki, hazırda ərazidə keçmişdə yaradılan, tanınmamış respublikanın hərbçiləri qalıb”.
Manevr.az xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov media nümayəndələrinin Kəlbəcər ərazisində minaya düşərək, şəhid olması barədə danışarkən deyib.
O, minalanmış ərazilərin dəqiq xəritəsinin olduğuna şübhə etdiyini bildirib:
“Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etməyib. Düzü, bu xəritələrin təqdim edilməsi məsələni tam həll etməyəcək. Çünki uzun illər boyu həmin ərazilərdə olan orduda özbaşınalıq hökm sürdüyündən ərazidə yalnız son illərdə basdırılan minaların xəritələri ola bilər. Həmin ərazilərdə həm Ermənistan əsgərləri, həm də qondarma respublikanın hərbçiləri olublar. Onlardan hansısa minaların dəqiq xəritəsinin olduğunu, qeydiyyatının aparıldığını deyə bilməz. Bu o deməkdir ki, biz hələ bir müddət də mina təhlükəsi ilə üz-üzə qalacağıq”.
Ekspert qeyd edib ki, Azərbaycan əməli addımlar atmalı, anti-terror əməliyyatına başlamalıdır:
“Ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri, həmçinin keçmiş qondarma respublikanın hərbçiləri ərazidən tamamilə çıxarılmalıdır. Yaz-yay aylarında həmin ərazilərdə diversiya əməllərinin aparılması üçün çox münbit şərait olur. Düşünürəm ki, Azərbaycan gecikmədən ərazilərdə anti-terror əməliyyatına başlamalıdır. Azərbaycan həmçinin erməni hərbçilərinin ərazidən çıxarılması üçün sülhməramlıların qarşısına ciddi tələblər qoymalıdır. Bütün hadisələr göstərir ki, 44 günlük müharibədən sonra da Ermənistanın ağlı başına gəlməyib. Kəlbəcər istiqamətində terrorçuların saxlanılması, onların məhz mina basdırmaq üçün gəlmələri bunu deməyə əsas verir ki, Ermənistandakı hökumətsizlik çərçivəsində hələ belə diversiya əməllərinin şahidi olacağıq. Artıq ciddi reaksiyalar verməli, əməliyyatlar keçirməliyik. Azərbaycan diplomatları xaricdə də daha fəal işləməlidirlər, çünki reallıq budur ki, biz öz torpaqlarımızı qaytardıqdan sonra dünya ictimaiyyətinin bunu anlamasını görə bilmirik. Hər kəs erməni terrorçularının qaytarılmasını qabardır, amma Azərbaycanın ərazilərinin təmizlənməsini və xəritələrin verilməsini, sərhədlərdə baş verən pozuculuq işlərinin dayandırılmasını kimsə tələb etmir”.
O, Azərbaycanın minalanmış ərazilərə görə qarşı tərəfdən yüksək məbləğdə təzminat tələb etməli olduğunu da deyib:
“Düşünürəm ki, artıq ciddi tələblərin vaxtı gəlib. Bütün müharibələrdə sülh əldə olunduqdan sonra ərazisi minalarla çirklənməyə məruz qalmış dövlətlər qarşı tərəfdən yüksək məbləğdə təzminat tələb ediblər. Bu təzminat sayəsində həmin ölkə daha yeni texnikalar almalı, əlavə işçi qüvvəsi cəlb etməli, başqa dövlətlərdən mütəxəssislər dəvət etməli və ərazilərini təmizləməlidirlər. Azərbaycan Ermənistanın çirkləndirdiyi öz torpaqlarını elə öz vəsaiti hesabına təmizləməyə məcbur olur. Daha artıq gözləmədən ərazilərin təmizlənməsi üçün hesablamalar aparılmalıdır. Ərazilərin dağıdılması üçün təzminat nəzərdə tutulduğu kimi, həmin ərazilərin minalardan təmizlənməsi üçün də təzminat tələb edilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar