Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Müasirləşmək, “hörümçək” sözünü “spayder”lə əvəzləmək demək deyil...”

Tarix: 19-01-2025 21:18     Baxış: 436 A- / A+
Nadir İsrafilov: “Müasirləşmək, “hörümçək” sözünü “spayder”lə əvəzləmək demək deyil...”

“Yenilik dalınca qaçmaq, keçmişimizə daş atmaq yox, olanlarımızı yaşatmaqdır.”

Manevr.az mövzu ilə bağlı TehsilForumu.Az-ın suallarını cavablandıran tanınmış təhsil eksperti Nadir İsrafilovun müsahibəsini təqdim edirik: 
"Yəqin, bir çoxlarımız bilməmiş deyil ki, hər hansı bir xalqın savadlılıq indeksi savadlıların sayı ilə ümumi əhalinin sayı arasındakı nisbətlə ölçülür və deyək ki, bu gün dünyada hələ də əsas savadlılıq bacarıqlarına malik olmayan milyonlarla yetkin insan üçün bu problem aktual olaraq qalmaqdadır. Bu gün savadla yanaşı bilik, bacarıq, vərdiş, səriştə, intellekt, dünyagörüşü və s. informasiya daşıyıcılarından geniş istifadə olunur və bununla bağlı “Müasir gənclik daha məlumatlıdır” kimi fikirlər səsləndirilir. Bəli, müasir gənclik yaşlı və orta nəslin nümayəndələri ilə müqayisədə daha çevik və daha məlumatlıdır. Çünki, onların sərəncamında daha çox texnoloji resurslar, informasiya daşıyıcıları var. Lakin, gəlin baxaq  görək, məlumatlı olmaq daha önəmlidir, yoxsa savadlı olmaq və ya digər bilikli, səriştəli, istedadlı, intellektual və təhsil leksikonumuzda olan digər bu kimi kateqoriyalar.

Elə isə, bu kateqoriyaların hər birinin məzmun və mahiyyətini ayrı-ayrılıqda nəzərdən keçirək. Məlumatlılıq nədir? Müəyyən sahələr üzrə müxtəlif informasiya daşıyıcılarından müvafiq informasiyalara yiyələnmək. Bəs bilik? Bilik insanın  real vəziyyətə faktlar və rasional dəlillərlə əsaslandırılmış inamdır. Başqa sözlə, bir şəxsin biliyi problemi həll etməyə imkan verən məlumatlara sahib olmasıdır. Səriştə isə adətən bir işə bələdlik, bir işi bacarma, təcrübə, bacarıq kimi qəbul olunur. Məsələn, “bağ işlərində səriştəm yoxdur.” İstedada isə adətən uğur əldə etmək imkanı verə bilən fitri qabiliyyət, bir şeyi tez mənimsəmə bacarığı kimi izahlar verilir. O ki, qaldı intellektuala, buna da ən uğurlu tərifi amerikalı politoloq Noam Çomski verib: “Sadəni mürəkkəbləşdirmək intellektualın sevimli oyunudur: nə qədər anlaşılmaz olsa, bir o qədər yaxşıdır.” 
Göründüyü kimi, ən sadə və primitiv izah savada verilib: Oxu və yazı bacarıqlarına yiyələnmək, yəni yazı-pozunu bilirsənsə - savadlısan. Halbuki, bu təməl daşı olan “yazı-pozu” bacarığına mükəmməl yiyələnməklə insanın gələcək inkişafına geniş yol açılır. Bu təməl əsasında kitaba, yazıya, onun vasitəsi ilə klassik və müasir ədəbiyyata, tarixi yazılı mənbələrə, arxiv sənədlərinə, bir sözlə, insan zəkası ilə ərsəyə gələn bütün elmi-kütləvi mənbələrə çıxış əldə edilir. Yazıb-oxumağı hamı bilən müasir cəmiyyətlərdə yazı-pozunun qrammatikasına, müəyyən edilmiş normalarına düzgün əməl edilməsinə xüsusi diqqət yetirilir.

Təcrübə, həyat məktəbinin bizə öyrətmiş olduğu ən önəmli dərsləridir. Biz bir vaxtlar 1-ci sinif üçün nəzərdə tutulan “Hüsnxətt dəftəri” vasitəsi ilə hərflərin düzgün yazılışını öyrəndik. İlk vaxtlar imla, sonralar ifadə, daha sonra inşa yazmaqla qrammatika qaydalarına yiyələndik. İstər orta, istərsə də ali məktəblərin yazılı imtahanlarından üzüağ çıxmaq üçün dünya və Azərbaycan klassikləri və müasirləri oxumaqla dünya və Azərbaycan tarixi və ədəbiyyatının xəzinəsinə bələd olduq. İndi, “baxmayaraq ki, məzunlar 300-400 bal toplayır, yenə də ali məktəb müəllimləri narazıdırlar. Çünki abituriyentlər mətni oxuyub anlamırlar. Abituriyentlər yalnız test suallarına cavab verir...’’
Təhsil bir sistemdir və bu sistem oturuşmalıdır. Təhsil elm və təcrübənin vəhdətinə, pedaqogika, psixologiya, fiziologiya, metodologiyanın onilliklərdən, yüzilliklərdən bəri toplanmış potensialına əsaslanır, təkamül yolu ilə inkişafı tərciyə edir. Nə qədər acı olsa da, bir həqiqəti etiraf etmək zorundayıq ki, getdikcə müasir texologiyaların əsirinə çevrilərək, virtual asılılıq azarına tutulan şagirdlərimiz və tələbələrimizdə həm fiziki cəhətdən, həm də mənəvi tərəfdən nəsə bir cılızlaşma prosesi müşahidə edilir. Yəqin ki, bu da səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə də sirayət edib, özü də sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə.

Biz kitab oxuduq, oxumaq yolu ilə təhsil aldıq, boya-başa çatdıq, bilik səviyyəmizə, bacarıq və qabiliyyətimizə uyğun həyatda müəyyən mövqeyə və nüfuza sahibləndik. Nə oxuduqsa, kitabdan, dərslikdən, qəzet və jurnallardan oxuduq, nə öyrəndiksə məktəb və ailə tərbiyəsidən öyrəndik. Bizi məktəb və ailə mühiti yetşdirdi. O zamanlar kompüterin, sosial şəbəkənin nə olduğunu belə bilmirdik. Dərsliyə etalon kimi baxırdıq. Dərsliklərə düşməyən materiallar müəlimlərimiz tərəfindən dərsi müasir həyatla əlaqələndirmək metodu ilə bizə çatdırılırdı. Yəni, nə öyrədirdilərsə, imtahanda onu da tələb edirdilər. Kimsə etiraz edə bilər ki, dövr dəyişib, dəyərlər başqalaşıb, qlobalaşma dövründə, yeni texnologiyalar və innovasiyalar əsrində yaşayırıq.

Yaşayaq, ancaq dövrün tələblərinə uyğun tələblər qoyaq. Məsələn, əgər orta məktəblərdə məntiq keçilmirsə, imtahanlara məntiqlə bağlı sualar salınması hansı məntiqdən irəli gəlir? Və yaxud, orta məktəblərin 9-cu siniflərinə imtahan kimi salınmış “esse”ni tələm-tələsik ləğv etdiksə və yenidən “esse”yə qayıtdıqsa, niyə öz döğma dilimizdə deyil, məhz xarici dildə? Sanki, Azərbaycan dilinin incəliklərinə belə dərindən bələd olmuşduq, qalmışdı bircə ingilis dili... Məktəb dırektorlarının işə qəbulu zamanı “esse” imtahanı nə məqsədə xidmət edir? Əl yazısını klaviatura əvəzlədiyi bir şəraitdə çoxlarının “mişka” kimi tanıdığı “kompüter siçanları”na alışan məktəb direktorunun yazdığı “esse”dən nə hasil olunaq? Bir də ki, niyə “inşa” yox, “esse”? Məktəb direktoru senarist, rejissordur ki, oçerk yazsın...?

Bu gün bəzilərimiz testi əzbərçilikdə günahlandırırıq, digərlərimiz şifahi və yazılı imtahanların əleyhinəyik, bir başqalarımız tam əksinə. Test də lazımdır, yazılı da, şifahi də, lakin baxır yerində və qədərində. Yəni, bütün fənnlərə standart yanaşmaq olmaz, çünki hər fənnin öz spesifik xüsusiyyəti var. Şeir əzbərləmək test əzbərçiliyi deyil. Bu gün anlama və qavrama bacarıqlarından danışırıq. “Həbibimfəsli-güldür bu, axar sular bulanmazmı?”- beytini əzbər bilmədən səbəb-nəticə əlaqələrini qavramaq mümkün deyil. Və yaxud, “Degildim mən sənə mail, sən etdin əqlimi zail,  Mənə tən eyləyən qafil səni görcək utanmazmı?” misraları əzbər yox, yaddaşımızda qaldığı kimi qavramaqla böyük Füzulini, qəzəl janrını, bütövlükdə poeziyanı anlamaq absurddur. Bir sözlə, yenilik dalınca qaçmaq, keçmiş təhsil ənənələrimizi unutmaq demək deyil, olanlarımızı yaşatmaqdır".

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar