Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

“Bir imza və bir sətir” rubrikamızın bu axşamkı qonağı Elçin Hüseynbəylidir - Cavid Fərzəli yazır

Tarix: 24-12-2025 21:54     Baxış: 388 A- / A+
Bəli, Elçin Hüseynbəyli.
Xoş gördük, Elçin bəy!
Xoş gördük, izzətli sənətsevərlər!

Bu axşam müəllifin “Oyun” hekayəsi ətrafında fikir mübadiləsi aparacağıq. Söz sənətinin ənginlikləri hər zaman öz çoxşaxəliliyi obrazları ilə mövcuddur; bu mətndə də insan psixologiyasının incəliklərindən tutmuş fərdi xəyal dünyasının bədii təzahürlərinə qədər bir çox məqamı müşahidə edəcəyik.

Bu hissədə isə sizin üçün hekayəni yerləşdirirəm. Oxuyun, təhlilimizə qayıdaq.  

Elçin Hüseynbəyli "Oyun" (Hekayə)
Oktyabr 12, 2010

Əslində- yenə də "əslində"- guya birinci cümlədə bu sözü işlətməsəm, dünya dağılar - bu bir oyundur.

Və bu oyun söz oyunu deyil. Sevgi oyunudur...Bu oyunları bir zamanlar H(X)ulio Kortasar da sevirdi.

Metroda adamların, əlbəttə ki, əks-cins adamların üzünə baxıb, onların xasiyyətini öyrənmək, öyrənici, sınayıcı nəzərlərlə onlara baxmaq yarım saatlıq yolu "öldürmək" üçün ən yaxşı olmasa da, sərfəli variantdır və heç zaman, xüsusən də indi, heyfimiz gəlmədiyi, qədrini bilmədiyimiz vaxtın dirigözlü basdırılmasıdır.

Ancaq mən buna heyfslənmirəm. Çünki həmin dövr ərzində yaşamaq, xəyallar aləmində uçmaq, gözüntutan bir - bəlkə də çox, o baxır sənin şansına və gözünün görmə qabliyyətinə - xanıma baxmaq, onunla tanışlıq üçün quraşdırdığın sözləri təkrarlamaq, alınmayanda isə yenisini fikirləşmək gözəl bir adətdi, heç olmasa xəyali bir ləzzətdi.

Bu dodaqları nazik - bəri başdan deyim ki, mənim pəmbə dodaqlardan xoşum gəlir, məsələn Sezan Aksu kimi, (mənim sonralar müqayisələrim çox olacaq və bu müqayisələr də millilərimizin adın çəkməyəcəm, arada hər halda namus, qeyrət məsələsi var, məhkəmələr də indi dəbdədi) - burnu sivri xanıma istədiyim sözləri demək heç cürə mümkün deyil.

Onun nəinki dodaqları nazik, həm də döşləri balacadır -Cudi Foster kimi. Döşləri balaca xanımlar acıdil, eqoist və vəfasız olurlar.

Əlbəttə, bu, hamıya aid deyil, hər yerdə olduğu kimi burada da istisnalar mümkündür, illah da o xanımlara ki, mənim bu cızma- qaramı oxuyurlar.

Mən hazırladığım, günlərlə əzbərlədiyim və təkrarlamaqdan xüsusi zövq aldığım, indiyə kimi bir dəfə də səsləndirmədiyim (baxın ha, səsləndirmədiyim), yəni heç zaman dilimə gətirmədiyim sözləri fikirləşməkdən, onları ürəyimdə təkrarlamaqdan zövq alıram.

Sözümün canının ömrünü qəsdən uzadıram, çünki mətləb-zad yoxdur. Bəlkə elə bu söz oyunu kimi bir şeydi, heç sevgi oyunu da deyil. Allah bilir...

Bu gözləri ala xanım - Türkan Şoray kimi- baxışlarıyla məni ovsunlamağa girişdi.

Gözlərinin açıqlığı, duruluğu, şairlər demiş səma kimi genişliyi, dərya kimi dərinliyi məni ofsunladı, bəlkə elə adamlar, xüsusən də kişilər ilan kimi bir şeydilər, ona görə də gözəllərin onları ovsunlaması çox asandır.

Onun iri döşləri - Pamela Anderson kimi (burda öz gözəlçələrimiz də kara gələ bilər) - gözlərimə girdi və mən müsəlman kişisinə yaraşmayan xəyallara düşməyə başladım.

İri məmə qadınlar mehriban, səxavətli olurlar. Bütün kişilər kimi mənim də buna ehtiyacım var, təbii. Mən mütləq çoxdandan əzbərlədiyim sözləri ona deməyə hazırlaşdım, uğuruma əvvəlcədən sevindim.

Ancaq özümdən asılı olmayaraq gözlərim hərlənib lap qarşımda oturan xanıma dikildi. O, əvvəlcə burda yoxuydu. Görünür, ədəbsiz xəyallarım həddən artıq çox çəkib...

Bu o idi. Əlbəttə odur. Mənim illərlə gözlədiyim, hər gün xəyalımda canlandırdığım və heç zaman haqqında pis fikrə düşə bilmədiyim zərif varlıq indi qarşımda oturmuşdu.

Əvvəlcə məndən və ondan asılı olmayan səbəblərdən bir xeyli ona baxdım, o isə bənovşəyi, yəni sürməsi bənövşəyi göz qapaqlarını tənbəl-tənbəl, qar altından çıxan bənövşə çiçəyi kimi açdı, mənə baxdı və məni yuxuda görürmüş kimi gözlərini yenidən yumdu, əllərini ağzına aparıb əsnəmək istədi, ancaq fikrindən vaz keçdi və əllərini çarpazlayıb, "Levis" yazılmış sumkasının üstünə qoydu.

Ətirlərin reklamında göstərilən, yəni rəssam fırçası ilə çəkilmiş, pəmbə dodaqları, dik burnu, kəndçimiz Seyfəddinin bağındakı sort narlar kimi ehtiraslı döşləri -mən o narlardan çox oğurlamışdım- indi həmin vərdiş kara gələrdimi? - sifətinin hamarlığı -Madonna kimi (Rafaellonun Madonnası)-, kipriklərinin uzunluğu, badamı gözləri, şabalıdı saçları - bütün bunlar ürəyimdə yaratdığım obrazın komponentləriydi və mən ona vuruldum.

Sevgi kimi sirli bir prosesin başlanğıcına qədəm qoydum -deyilənə görə sevgi sirli olur, ona görə də cəlbedicidir.

Sonra o, dəsmalını çıxarıb, əlbəttə yalandan, yəni dəb xatirinə, bəlkə də utancaqlıqdan tərləmiş dodaqlarını silmək üçün əllərini yuxarı apardı.

Mən onun ağ, zərif, göyərçin əllərini -Anjelika Vorumunku kimi - aydınca gördüm.

Dəsmalı naxışlıydı və bu naxışlar fabrik naxışları deyildi, səliqə ilə tikilsə də, bəzən kənara çıxan xətlərdən həmin naxışları özünün toxuduğu hiss olunurdu, deməli, o, çox da məşğul deyildi, yəni onun sevgilisinin olmamasına dəlalət edirdi, dəsmal ağ, təzəcə alınmış parçadan tikilmişdi, çünki o dəsmalı çıxaran kimi təzə alınmış parçanın iyi burnuma dəydi.

Təzə paltar iyi mənimçün ən gözəl ətirdən də əzizdir. Bu qoxu mənə uşaqlığımı xatırladır.

Çünki evin sonbeşik qardaşı olduğumdan, mənə çox nadir hallarda paltar alardılar.

Bu, sovet sisteminin öyrətdiyi qənaətcillikdən yox, kasıbçılıqdan irəli gəlirdi və mənə nə vaxtsa xırda bir paltar da alsaydılar, mən onun sevincini həmin təravətli iy yaddan çıxana qədər duyurdum, əzizləyirdim.

Deməli, burda da bizim zövqlərimiz üst-üstə düşə bilərdi. Bəlkə o da evin

sonbeşiydir. Həmin naxışların kənara çıxması, əsəbiliyin də əlaməti ola bilərdi.

Lakin ehtiraslı məmələri olan qadınların əsəbiləşməsi çox nadir hallarda olur.

Onların fikri-zikri döşlərinin sığallanması barədə romantik düşüncələrdən ibarətdir.

Çünki kişiləri özünə cəlb edən həmən sirli, ancaq əl çatası obyekt onların gözlərinin düz qabağında olur, onları məşğul edir və deməli, əsəbiləşməkdənsə, kişiləri yandırıb yaxan döşlərindən ləzzət almaq daha sərfəlidir və deməli, dəsmaldakı naxışların kənara çıxması əsəbiliyin yox, naşılığın, lap uzağı xoş xəyalların əlmətiydi.

Özü də imkanlı ailədəndir.

Təzə dəsmal hökmən onun imkanlı ailədən olmasından xəbər verir.

Şübhəsiz, dəsmala və onun naxışlarına həm pul, həm də vaxt sərf olunub. Evləri də var, yəqin...

Mən onun dəsmal tutan göyrəçin əllərinə fikir verdim. Onun əllərini sıxmağa, yəqin indiyə kimi heç kim ürək eləməyib. Çünki onun zərif əlləri ayı pəncəsinə oxşayan kobud, qaba və tüklü kişi əlləri arasında xırçıldaya bilər.

Yəqin, onu heç qucaqlamaq da olmaz.

Qadınlar tüklü kişi bədənini o dəqiqə xoşlamırlar, əksinə bəlkə də qorxurlar və qorxduqlarından kişiləri sevməyə başlayırlar, bəlkə də qorxulu obyketi sevməklə onu neytrallaşdırmaq olar və qadınlar onun ləzzətini sonradan və nə yaxşı ki, qocalıqlarından xeyli əvvəl başa düşürlər.

O, həmən göyərçin qanadlı əlləri ilə uzun, şabalıdı saçını -Kim Besincerinki kimi - geri daradı.

Bu dəfə saçının yeli "Klimate" ətirinin ətrini ətrafa yaydı və mən onun başının üstündə durub düz ona baxdığımdan ətirin ilk dalğası mənim iri, kobud, bir az da əyri, qaz burnuna oxşayan burnumun pərlərinə vurdu.

Burnumun pərləri yekə olduğundan ətir iyi dərhal beynimin həssas qəbuledicisinə dəydi və mən xumarlandım.

Sonra mənim öyrənmə obyektim sumkasını açıb, dəftərini çıxartdı... Tələbədir. Yazdıqlarından başım çıxmasa da, latın qrafikasının düzümündən dərman adlarına oxşadı.

Həkim olacaq. Oxumaq bilməyən, yəni nəslində hırınan-zırı qanmayan, ancaq boylu-buxunlu, yaraşıqlı - burnum sifətimə cəngavər görkəmi verir - bir cavanın həkim, həm də ki, gözəl həyat yoldaşına sahib olması - evlənmək sahiblik kimi bir şeydi - fəxrli, qürur duyulası bir işdir.

Ancaq bu elə-belə, yəni asan başa gələn bir iş deyil.

Ona sahib olmaq üçün mübarizə aparmalısan. Bir dostumun dediyi kimi, qadın bir qaladır və onu almaq gərəkdir. Mən bunu bir dəfə demişəm, hələ istəsəm bir beş dəfə də deyərəm.

Çünki bu qala çox sirli bir obyektdir və onunla müqayisə olunan obyekt adamı özündən çıxaracaq qədər cəlbedicidir.

Qalanın zəifi, güclüsü də olur. Onun yollarını öyrənməli, həmlə ediləcək zəif yerlərini bilməlisən, bunun üçünsə vaxt lazımdır. Vaxt isə gözləmir və mən öz ürəyimdə onunçün əzbərlədiyim gözəl, şirin sözləri təkrarladım.

İlanı yuvasından çıxarmaq gücündə olan yağlı dilimi ağzımda marçıldatdım...

Biz indi metrodan çıxacağıq. Mən ona yaxınlaşmalıyam və illərlə ürəyimdə gəzdirdiyim, hər gün təkrar etdiyim sözləri ona deməliyəm:

"Salam, məni tanımadınızmı?"

O isə :"Mən sizi niyə tanımalıyam ki?"-söhbətə körpü salan sual.

"Maraqlı sualdır, doğurdan da niyə? Yəqin ona görə ki, mən uzun illərdir sizi gəzirəm, sizin haqqınızda fikirləşirəm və istər-istəməz mənim impulslarım, sizə göndərdiyim enerci dalğaları bizi doğmalaşdırır."

"Maraqlıdır" o deyir.

"Əlbəttə-mən deyirəm- bəlkə də çox maraqlıdır".

"Siz həmişəmi özünüzdən belə razısınız?".

"Əlbəttə"- deyirəm. Sonra : "Bilirsiz tanışlıq üçün adın elə bir mənası yoxdur. Məni necə istəyirsiz elə də çağırın, yəni hansı ad xoşunuza gəlirsə ondan istifadə etməkdə azadsınız. Məndən olsa, mən sizi "Mila" çağırardım".

"Oh, qəribədir- o deyir- siz mənim adımı hardan bilirsiniz".

"Yuxu, mən sizi hər gecə dalbadal doqquz ulduz sayandan sonra yuxumda görmüşəm.

Siz mənə buta verilmisiniz"-deyirəm. Sonra mən onun əlindən tuturam.

"Yox, yox, siz başqa şey fikirləşməyin" ( yəni mən sizə küçənin ortasında heç nə eləmək fikrində deyiləm, yubkanızın altına baxmaq istəmirəm, çünki mənim yuxularımda belə şeylər olmayıb, mən yuxuma xəyanət edə bilmərəm), mən sizin haqqınızda ancaq işıqlı şeylər fikirləşmişəm"- deyirəm.

O isə sakit, yuxulu gözləriylə dinməzcə mənə baxır...Söhbətimiz mütləq belə davam etməlidir.

Lap kinolardakı kimi...(Ah, gözəl Paris!)

Biz metrodan çıxdıq. Ancaq o, məni gözləmədi və bizim sevgimizdən xəbəri olmayan mərdimazar sərnişinlər aramıza girdilər. Ancaq mən onu araldan görürdüm.

O, uzun ceyran boynunu - Culiya Roberts kimi- ürkək-ürkək ətrafa gəzdirdi, sonra göyərçin əllərini açıb onu gözləyən oğlana tərəf qaçdı.

Gözlərimə gün düşdüyündən oğlanın üzünü görə bilmirdim, lakin mənim bir baxışdan vurulduğum - axı uzun illərdən bəri mən elə onu axtarırdım - gözəlin silueti isə - Sindi Kroufurd kimi- gün işığında daha dəqiq -rəssam fırçasının cızdığı cizgilər kimi -görsənirdi.

Nəhayət, onun göyrəçin əlləri həmin oğlanın çiyninə qondu və mən oğlanın sifətin gördüm.

Çox qəribəydi, həmin oğlan mən idim və həmişəki kimi yenə də gülürdüm...

"Salam, xanım, məni çoxmu axtardınız?..."

Yanvar -2000
Mənbə: AzadlıqRadiosu

Hekayənin ...Bu bir oyundur... etirafı oxucu ilə müəllif arasındakı inandırıcılıq andının dərhal pozulması ilə başlayır. Bu, postmodernizmdə üst-qurmaca adlandırılsa da, burada təhkiyəçi hekayə danışmır, hekayənin necə uydurulduğunu nümayiş etdirir.

Lakin qeyd etməliyik ki, bu hekayə tamamilə postmodern detallardan qurulduğu, daxilində lağlağı elementlərini barındırdığı və bəzən də xəyalın ciddiliyinə, modern fokuslanmaya iddia etdiyi üçün, biz burada klassik mənada fabuladan, dərin emosional süjet xəttindən və ya ekzistensial ağrılardan danışa bilməyəcəyik. Bu mətn duyğuların yox, intellektual oyunların və konstruksiyaların məhsuludur. Gəlin, bu metodoloji baza işığında ...oyun... fəlsəfəsinə birlikdə nəzər salaq.

Qadın obrazının məşhur simaların bədən üzvlərindən Kim Bessincer, Sezen Aksu və s. yığılması müasir insanın estetik anlayışının necə simulyakrlardan ibarət olduğunu göstərir. Müəllif burada personajın xəyali prototipini yaradarkən, biz əslində Ernest Kreçmer və Uilyam Şeldonun uğursuz nəzəriyyələrinin bədii əks-sədasını görürük. Onlar temperamentin birbaşa bədən quruluşundan asılı olduğunu iddia edirdilər. Lakin müasir elm bu yanaşmanı rədd edir; insan psixologiyasını yalnız fiziki ölçülərlə izah etmək cəhdi mühitin, tərbiyənin və sosial şəraitin şəxsiyyətə təsirini görməzdən gəlməkdir.

Temperament haqqında ən elmi və aktual yanaşmanı akademik İvan Pavlov irəli sürmüşdür. O sübut etdi ki, davranışlarımızın kökündə bədən forması dayana bilməz, bunun yerinə Ali Sinir Fəaliyyətinin xüsusiyyətləri dayanır. Sinir sistemindəki oyanma və ləngimə proseslərinin gücü, müvazinəti və çevikliyi insanın temperament tipini müəyyən edir. Bu xüsusiyyətlər toplusu tibbi psixologiyada temperamentin fizioloji pasportu hesab olunur.

Pavlovun kəşfləri psixologiya ilə tibb arasında aydın sərhəd yaratdı. Tibbi psixologiya fiziki və biokimyəvi dəyişiklikləri araşdırarkən, şüur psixologiyası heç bir fiziki zədə olmadan yaşanan hadisələrin stres, qorxu, itki şüurda yaratdığı təlatümləri öyrənir. Təhkiyəçinin qurduğu bu ...oyun...əslində sosial izolyasiyanın subtekstidir. Müasir insan gündəlik bozluğa dözmək üçün belə simulyasiyalar qurmağa məhkumdur. Cəmiyyət artıq insanı bütöv bir şəxsiyyət kimi görməkdən bezib, hissə-hissə istehlak ediləcək bir obyekt kimi görmək istəyir.

Təhkiyəçinin düşüncələrindəki ziddiyyət Şərq mühafizəkarlığı ilə Qərb liberalizminin toqquşduğu keçid cəmiyyətinin portretidir. O, qadını həm azad bir ikon Culiya Roberts, Madonna kimi arzulayır, həm də onu ənənəvi stereotiplərlə fiziki cizgilərinə görə xasiyyət təyini ilə mühakimə edir. Mətndə qadın xarakteri ilə bədən üzvləri arasında qurulan psevdo-əlaqə məsələn, döşləri balaca olanların vəfasızlığı heç bir bədii, fəlsəfi və ya elmi əsasa söykənmir. Bu yanaşma poetik dərinlikdən yola çıxsa da, primitiv qənaətlərdən bəhrələnir və mətni bədii sənət bataqlığına salır.

Mətndəki yeganə uğurlu obraz olan ...qar altından çıxan bənövşə... bənzətməsini kənara qoysaq, hekayə bədii təfəkkürün məhsulu kimi canfəşanlıq duyğusu ilə alışıb-yanır, əslində isə şüurun bir konstruksiyası kimi görünür. Postmodern ədəbiyyatda lağlağa və ironik qeydlər bir üsul olsa da, burada həmin kənaraçıxmalar bədii acizlik kimi qabarır. Müəllif sanki oxucunun intellektual qavrayışına inanmır və hər addımda oxucunun ayağının altına xalça sərir. Bu isə bədii mətni cansız bir ...istismar maşınına.... oxşadır.

Hekayədə Xulio Kortasar adının çəkilməsi oxucuda dərhal ciddi bir metafizik gözlənti yaratsa da, bu istinadın hekayənin daxili strukturu ilə necə birləşdiyi sual doğurur. Kortasarın “oyun” fəlsəfəsi insanın varlıq və məkanla bağlı dərin axtarışlarına söykəndiyi halda, ...Xana-xana oyunu... romanındakı bu bədii obrazın necə bir dildən pərgah olduğuna baxsaq, postmodern mətnin içində mənasız gəzişmənin əslində bir bədii-estetik dili olduğunu görə bilərik: 

…biz küçələri veyillənərək bir-birimizi axtarmasaq da, dəqiq bilirdik ki, görüşmək üçün avaralanırıq, ah, Sibilla, sənə oxşayan hər bir qadında doğrudan da qulaqbatırıcı sakitlik, şiddətli, lakin cansız sükut var və bu sükut axır bir gün bağlanmış yaş çətir kimi qəmli-qəmli büzüşəcək…

Göründüyü kimi, kiçik nəqldə necə bir metafora qatı gözə dəyir. Bizim hekayədə isə metroda qadınların vizual görünüşünə görə qruplaşdırılması bu kontekstdə çarəsiz qalır. Finalda personajın qarşısındakı oğlanın elə özü olduğunu kəşf etməsi sosial özgələşmənin pik nöqtəsidir, insan öz həyatını yaşamır, özünə kənardan bir ...kapital silahı...kimi baxır.

Mətndə ulduz adları, markalar və ətirlər haqqında geniş məlumatlar müəllifin erudisiyasından xəbər versə də, bu detallar bədii süjeti kölgədə qoyur. Bədii nəsrdə hisslərin adını çəkmək onu rəngləmək demək deyil; hissləri təsvir etmək oxucunu mətnə daha çox doğmalaşdırır.

Mətndəki ən təmiz, ən işıqlı və bədii cəhətdən ən uğurlu təsvir isə məhz budur,

…O isə bənövşəyi, yəni sürməsi bənövşəyi göz qapaqlarını tənbəl-tənbəl, qar altından çıxan bənövşə çiçəyi kimi açdı…

Bu cümlə hekayənin bütün o soyuq konstruktor havasını bir anlıq dağıdır. Müəllif burada fokuslandığı gözəllik standartlarından, Madonnalardan, Pamelalardan, Kortasarlardan qopub təbiətin və danışa bildiyi bədii dilinə qayıdır. Həmin bənövşə əslində personajın daxilində hələ də ölməmiş o uşaq saflığının rəmzidir. Sanki müəllif bir anlıq da olsa klassik nəsr ənənəsinin daşıyıcısı olduğunu boynuna alır. Pavlovun da dediyi o ...şərti refleks... dəqiqliyi ilə büruzə verir, intellektual oyundan çıxıb yaradıcılığın instinktiv saflığına sığınır.













Müəllifə hörmətlə, Cavid Fərzəli
 Gələn görüşlərədək!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar