Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

“Axırıncı gediş” romanı: yaxın tarixə aydın baxış

Tarix: 05-04-2025 14:19     Baxış: 3153 A- / A+
Tanınmış şair və yazıçı Şövkət Zərin Horovlunu ilk dəfə Cəbrayıl rayonunun Soltanlı kəndində görmüşdüm. Mən, deyəsən, 10-cu sinifdə oxuyurdum, o isə gözəl, yaraşıqlı bir xanım idi. Hüseyn müəllim özünə ömür-gün yoldaşı  Şövkəti, eşitdiyimə görə,  bir yerdə oxuyanda tapmışdı. Horovlu kəndi Soltanlıdan 40 km. aralı idi. Onların camaatı ilə bizim camaat fərqlənirdi. Dedilər, Hüseyn müəllimin külfəti Bakıdan gəlib. Bir xanım Araz çayının bir qolu olan Bəydilli arxının üstə durub düşüncəli-düşüncəli İrana tərəf baxırdı. Əlində dəftər-qələm də var idi. Nəsə yazırdı. Sonra öyrəndim ki, “Arazdan gələn səs” romanını yazırmış. Ayağı yalın idim. Yanından keşdim, ürkək bir nəzərlə, uşaq ədası ilə salam verdim._Kimin uşağısan dedi.– Qonşunun dedim. Torpağın üstündə elə ayaq-yalın gəzmək yaxşıdır, - dedi.
Mən Soltanlıda böyük şair Sərdar Əsədlə də belə görüşmüşdüm. Kənddə... Tələbəlik illərində… yayın ən qızmar çağında... Tələbəlik illərində onun şeir kitabı haqqında məqalə yazdığımı da utana-utana demişdim... Məqalə “Azərbaycan gəncləri” qəzetində çap edilmişdi.
Şövkət xanım həm şeir yazır, həm də nəsr əsərləri. Hər ikisində çox böyük uğur qazana bilib.
Aradan illər keçib. İndi biz Bakıda yaradıcılıq məkanlarında görüşürük, sosial şəbəkədə görünürük. Bir el adamı kimi hal-əhval tituruq. Yazdıqlarımızdan bir-birimizin xəbəri var və s.
Professor Hüseyn müəllim mənim çox istədiyim şəxsiyyətlərdən idi. Bakıya gələndə AZİ-də bir neçə dəfə mühazirəsini dinləmişdim. İndi tələbələrə mühazirə oxuyanda bir onun, bir də müəllimim-ustadım Qəzənfər Kazımovun yerişini, duruşunu yerimək isəyirəm ki, tələbələrin xoşuna gəlim.
Şövkət xanımın şəxsiyyəti, təmkin və ciddiyyəti adama elə gəlir ki, üslubunu (yazı manerasını) eyniləşdirir, - bu fikir məncə, səhv sayılmaz. Ona görə ki, həqiqi istedad həmişə yaradıcılığında özünü, öz şəxsiyyətini təzahür etdirir. Onun şəxsiyyətinə məxsus olan cəhətlər bədii yaradıcıığında, şeir və nəsrində öz əksini tapa bilib, ayrılmaz əlamətdir.
Nəsr bədii yaradıcılığın unikal bir növüdür. Onun xüsisi ritmi, intonasiyası mövcuddur. Şövkət xanım şeiri birinci yazıb, ya nəsri, deyə bilmərəm, nəsri ilə də keçmişin, bu günün, hətta gələcəyin həqiqətlərini bəyan edir. Bir oxucu kimi bu həqiqətlərə inanmaq və dərk etmək olur.                 
Təzəcə oxumağa başladığım “Axırıncı gediş”  romanı  təsvir olunduğu zamanın, insanların (Əbdülqədir, Osman, Səriyyə, Şiringül, Xumnara və b.) həyat həqiqətlərini yüksək bədii formada verə bilirsə, onu qəbul etmək ədalətli bir gedişdir. Bu əsər də kamil bədii-estetik və tarixi bir örnəkdir. Ədəbi fikrimizdə bu örnəyin  də mühüm yer tutacagına inanmaq olar. Bütün əsərlərində olduğu kimi, məhz bu gözəl romanında da müəllifin öz bədii qayəsi görünür, sözü görünür, fikri görünür. Üslub özünəməxsuslugunu çox faktlar əsasında izah edə bilərik. Bədii düşüncə sahibi olan Şöbkət xanımımn həmin əsərdə də bədii fəhmi güclüdür.Yazıçı gördüyü, hiss etdiyi  tarixi hadisələri (1905-11-ci illərdə Səttarxan məşrutə inqilabının süqutundan sonra mərkəzi Rəşt şəhəri olan Gilan “Cəngəllilər” (meşə adamları) hərəkatı, Əfqanıstanda, Kabildə baş verən hadisələr və s.) dəqiq və həssas, yerli-yataqlı müşahidə edir və bunu nəsrində  bədiiləşdirir:  Onlar maşına oturanda tutqun payız günəşi gah görünür, gah da dörd yandan Kabilin üstünə əyilən dağların arxasında yox olurdu. Əsrlərlə həsrətin çəkdikləri bu Azadlıq günəşi Əfqanıstanın dumanlı göylərində bir də görünəcəkmi! Kim bilir... (377)
Müəllif mövcud hadisələrin sonunu, aqibətini, nəticəsini sanki gözləyir. Bu ideya ilə əsərin qəhrəmanları, istər kişi, istər qadın qəhrəmanları son nəfəslərinə kimi mübarizə aparırlar. Elə buna görə də  romanda tarixilik, sovet dövrünün elmi-zehni səviyyəsi oxucuda aşkar və dərin iz buraxır. Deyirlər, üslub dəstixətdir. Demək olar ki, nəsrdə Şövkət xanımın dəstixətti özününküdür. Bir sözlə, Şövkət Zərin bu romanda damövzu tapıntısına, ideya və düşüncəsinə, dil və üslubuna görə zəmanəsinin fədəkar qızıdır.
Hər bir təfərrüat, demək olar ki, “Axırıncı gediş” romanının başlıca ideyasını aça bilir, mövzunun müəyyən bir cəhətinin aydınlaşmasına yardım edir. Aydın olur ki,  romanda təsvir olunan hadisələr dünyanın bir sıra ərazilərində  cərəyan edir. Yazıçının yaratdığı obrazlar tufanlardan keçir, həyat yollarında bərkiyir, möhkəmlənir. Onlar sonda dəyişir. Hərəkət və düşüncələrini dəyişir. Onlar təkcə öz taleləri üçün fikirləşmirlər, bütün xalqı düçünürlər. Əsərdəki obrazlar, əlbəttə, qorxulu yollar keçərək şübhəli adamlar tərəfindən izlənilir. Surətlər həsrətli baxışları ilə yadda qalır. Qadınlar illərdən bəri öz səadət və xoşbəxtliyini axtarırlar. Onların ürək odlayan həyat tarixçələri var. Əsas məsələlərdəndir. biri də saflıq, təmizlik, qız-gəlinlərimizin cəhalətin əlindən yaxa qurtarmasıdır. Bəzən dini qaydalar onların əl-qolunu bağlayır. Onlar sözünü, istək və arzusunu, sevgisini dilə gətirməkdən qorxurlar. Dar ayaqda, çətin günlərdə Şövkət xanımın obraz və personajları bir-birinə kömək əli uzadır. Yazıçı ötən günlərin həzin xatirələrini insanların keçirdiyi ağrı-acıları qələmə alır, yaddaqalan namuslu, ismətli qadın  obrazları ortaya qoyur.
Müxtəlif xalqların torpaqlarından özlərinə böyük imperiya yaradanlar ifşa olunur. Adını da qoyublar dostluq, qardaşlır, bərabərlik ölkəsi. Əslində isə belə deyil. Hələ sovet dönəmində on beş ölkənin sərvətini qamarlayıb özlərinə möhtəşəm qəsəbələr, şəhərlər qurublar. Rus dövləti o ölkələri özünün tabe etdirərək müstəmləkəsi sayırlar. Rusların öz torpaqları yoxdur. Onlar nə hesabınasa, güclənərək dədə-babadan qonşu ölkələri işğal ediblər. Onlar harada qaynar nöqtələr var, orda özbəkləri, türkmənləri, tacikləri, azərbaycanlıları basıb işlədirlər.
Yazıçının toxunduğu məsələlərin bu gün də əhəmiyyəti böyükdür. Onun yaratdığı obrazlar çətin və əzablı yollar keçirlər. Obrazların görünüşündə illərin əzabını, qaygılarını, dünyaya baxışlarını hiss etmək olur: “Səbrin, dözümün də bir həddi olur. İnsan o həddi-hüdudu keçəndə, heç nədən çəkinmir, utanmır, susmur, bir az da cürətlənir” Yazıçı özünəməxsus bədii boyalarla bu səhnəni canlandıra bilir. Əfqanıstan və başqa torpaqlarda insanların dözülməz və faciəli həyatı romanda ağrılı bir dillə təsvir olunur. Rus-fars xəyanətinin tarixi kökləri faktlar əsasında əsaslandırılır.  Məlumdur ki, keçən əsrin 90-cı illərini Azərbaycan xalqı olduqca mürəkkəb, gərgin bir şəraitdə yaşadı. Bu, tarixə çevrildi. Öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın həyatları, bogulan sosial ziddiyyətləri, ümumiyyətlə, müasir cəmiyyət problemlərinin mənəvi yükünü, yaşamın gözdən düşən dövrünü bu romanda üzə çıxara bildi. Bu mənada Şövkət xanım müasir dövrün sənətkarıdır.
“Axırıncı gediş”də 70-ci illərin sonundan  müəllifin  Əfqanıstan torpaqlarında müşahidə etdiyi hadisələr, əhvalatlar  təsvir olunur. Onlar azadlıq günəşinin doğmasını səbirsizliklə gözləyirlər. Kabil şəhərində insanların əli işdən soyumuş, onlar ağ günə çıxmaq ümidi ilə küçələrə çıxmışdılar. Mitinqlər səngimək bilmir. Camaatda baş qaldıran narazılıq kinə, nifrətə çevrilir. Qadın qəhrəmanın aldadılması,  düşdüyü vəziyyəti həyəcansılz oxumaq olmur. Cəlaləddinə müraciətlə: Bu ərə getmək yox, xalis ölüm idi mənə...Oğlumuz Mehdini sənsiz evləndirdim və s. (294)
Bir qədər də romanın dili barədə. Dil şair və yazıçının yaradıcılıq qabiliyyətinin ilk addımıdır. Dil bədii əsərin taleyini həll edir. Həmin qabiliyyət Tanrının insana bəxş etdiyi ilahi bir bacarıqdır. Cəmiyyət bütün incələmələrini, bütün kəşf və ixtiralarını, bütün yaradıcılıq gücünü, əlbəttə, dil sayəsində qoruyur və gələcəyə ötürür. Dil olmasaydı, mədəniyyət də olmazdı. Dil olmasaydı, irəliləmə, inkişaf , öyrənmə marağı və təşəbbüsü də ola bilməzdi. 
Şübhəsiz, insan həyatında, bədii əsərlərin özündə dilin əhəmiyyəti böyükdür. Dil vasitəsilə yazıcı həyat hadisələrini, onun içərisində olan həqiqətləri, yalanları və s.əks etdirir. Yəni ədəbiyyatın, ədəbi-bədii əsərlərin, o cümlədən, “Axırıncı gediş”in mənim tərəfimdən də  təhlili sağlam bir dil şüuru və dil zənginliyi ilə mümkün olmuşdur.
Hələ əvvəllər də hiss etmişəm ki, həm şeirlərində, həm də nəsrində Şövkət Zərin ana dilini yaxşı duyur, dilimizin qrammatik-üslubi qayda-qanunlarından baş çıxarır, sevir, məhəbbət bəsləyir, duyğuları ilə onu yaradır, şivə materiallarından çox da istifadə etmir, yazdığının içində dil möcüzələri də (məcazlar nəzərdə tutulur-İK) yaradır. Bu baxımdan onun fikir və hissləri təbiidir, aydındır, hadisə və obrazların  dolğun və ətraflı təsviri xoşagələndir. Qeyd etdiyimiz təhkiyə əsərin sonrakı gedişində obraz nitqi ilə çulğalaşır, bürünür,  qapanır və  beləliklə, sintez formalaşır. Şövkət xanımı bu əsərin dilinə görə mühakimə etmək olmaz. Ona görə ki, burada bədii dilin bütün estetik-qrammatik, norma  prinsipləri gözlənilmişdir. Camaat , təhkiyə ustalığına baxın: “Yayın qızmar günü idi. Kollarda cırcıramaların səsi həzin bir musiqini xatırladır, bağın lap ortasından axan suyun səsinə qarışıb insanın əsəblərini sakitləşdirirdi. Orda-burda meyvə alıb bazarda baha satanların səsi eşidilirdi. Tək-tək həyətlərdən yanan ocağın, ya təndirin tüstüsü burula-burula isti havaya qarışıb havanı bir az da cansıxıcı boğunuq edirdi. Həyətin tən ortasındakı qollu-budaqlı iydə ağacının altında azca sərinlik hiss olunurdu ki,  babasının gündüzlər oturduğu, gecələr yatdığı taxtı orda qoyulmuşdu...” (102)
Bu mikromətndə onun üslubu mədənidir və  yazıçı Azərbaycan dilinin təbii imkanlarından ustalıqla istifadə edə bilmişdir. Müəllif bəzən özü susur, obrazları danışdırır: “Sən bu kafirlərin xislətini bilmirsən, bala. Atam deyərdi ki, onlara inanmaq, ya ürək açmaq olmaz. Onlar dovşanı araba ilə tutanlardı.
O nə deməkdir, baba Mahmud dilləndi.
Bu o deməkdir ki, səni tovlayıb elə söz alarlar ki, heç özün də bilmədən tora düşərsən, güdaza gedərsən” (103)
Göründüyü kimi, obraz və resonajların danışığı fərdi keyfiyyətlərə malikdir, bu, etik-estetik cəhətdən də yüksək təsir bağışlayır.
 Şövkət xanımın üslubu dünyabaxışı ilə təsvir etdiyi tarixi mərhələnin sosial gercəklikləri ilə birləşir, özünəməxsusliq yaradır. Həmin özünəməxsusliq onun ədalət, azadlıq və həqiqət axtarışlarında, müxtəlif cəmiyyətlərin (Azərbaycan, İran,  Əfqanıstan) problemlərini bədiiləşdirməsində, sevgi, mənəviyyat və əxlaq məsələlərinə aydınlıq gətirməsində hiss olunur.  Bunlar tam şəkildə xalqların  milli-müstəqillik uğrunda mübarizəsi və bu şüurun formalaşması və inkişafında əsas rol oynayan mövzulardır. Şübhəsiz, belə aktual mövzular hərtərəfli səviyyədə təqdim olunur, üslubu da cəlbedici və vüsətlidir.
Şövkət xanımın sözügedən romanda gercəkləşən ideyası, dili və üslubu onun, əlbəttə, vətəndaş mövqeyini, cəmiyyətə, ətraf aləmə, xalqın mentalitetinə, ümumxalq dilinə, ədəbi dilə münasibətini, əsaslandırğı estetik prinsipləri müəyyənləşdirməyə imkan verir və bütün bunlar toplu halda onun fərdi bədii dəstixəttini xarakterizə edir.
Bədii həmcinslər bu romanın dilində sinonim vasitə kimi çıxış edir. Başqa yazışılarda bu xüsusiyyəti görmək olmur. Cümlə ortasında eyni mənalı söz və ifadələrin işlənməsi Şövkət xanımım sintaktik üslubunu səciyyələndirə bilər. Mənə elə gəlir ki,  bu həmcins üzvləri sıralamaq çox çətindir.  Bu dilsiz baxışlar, lal sükutlar nələr demirdi, İlahi! Səriyyənin gözləri qaraldı, başı gizəlləndi. Üzünə kölgə salan uzun kirpiklərinə, geniş alnında qıvrılan tellərinə, solğun yanaqlarına bir daha nəzər saldı (376)
Mənə elə gəlir ki, bu üslubi norma üslubiyyatımızda, sənətkar  tapıntısında daha geniş tədqiq edilməlidir.
Bənzətmələr də romanın dilini bəzəyir: Şiringülün çətir kimi qara, uzun kirpikləri (329), ...nəyi isə yadına salırmış kimi (119), Dünya gözünə gah bal kimi, doğma, gah da uzaq görünürdü (119)
“Axırıncı gediş”də yazıçı sözünün qüdrəti, sözə, fikrə estetik münasibəti aşkarca görünür. Yazıçının təsvir etdiyi dövrün sosial-siyasi məsələlərinə münasibəti, mövqeyi görünür. Bu romanda xalqların milli ruhunu, mübarizliyini və döyüşkənliyini görmək olar. Əsərin iştirakçıları milli-mənəvi ruhda inkişaf edirlər. Yazıçı yönünü tarixə tutur. Tarixi keşmiş bədii ədəbiyyatda kifayər qədər işıqlansa da, hələ də bu aspektdə deyiləsi sözlər çoxdur.
Bu romanı oxuyanda görkəmli yazıçımız Fərman Kərimzadənin “Axırıncı aşırım” romanını xatərladım. Axırıncı sözünün bir anlamı da ən yeni, yenicə meydana çıxan deməkdir. Güman etmək olar ki, burada müəllif axırıncı sözünü demir. Hələ deyiləçək söz, yazılacaq tarix çoxdur. Uğurlu gedişlər bir işin, hadisənin inkişafını səciyyələndirir. Bu əsərdə də hadisələrin gedişi, inqilabi hərəkatın gedişi, mübarizənin gedişi və qəhrəmanların həyatının gedişi. Bu gedişlər, münasibətlər, əlaqələr canlanaraq və birləşərək imperialist dünyasını darmadağın edəcəklər.
Şövkət xanım düzgün yol tutub, o, bu yolla gələcəyə, yeni qurulan düzənə, dəyişən dünyaya nüfuz edə bilir.
 Mən bu h a d i s ə l ə r romanı haqqında obyektiv və subyektiv düşüncələrimi yığcan şəkildə bölüşə bildim. Qaldı Zaman, yəqin ki, bir vaxtlar zaman da bu mükəmməl yaradıcı düşüncənin məhsulu olan əsər haqqında öz sözünü deyəcək. Müəllifə can sağlığı, yeni gözəl, aktual əsərlər yazmağı arzulayıram.
 

İsmayıl Kazımov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor 


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar