Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

I Dünya Müharibəsini başladan 19 yaşlı gənc – Qavrilo Prinsip haqda bilmədiklərimiz

Tarix: 13-10-2021 09:24     Baxış: 4274 A- / A+

XIX əsrin sonu – XX əsrin əvvəllərinə həyata keçirilən sui-qəsdlər, törədilən cinayətlər və gənc millətçilərin baş qaldırması tarixə öz möhrünü vurub. 1914-cü ilə qədər Paris, Sankt-Peterburq, Moskva, Saloniki və Zaqrebdə ictimai-siyasi proseslərdə dönüş nöqtəsi yaradan 20-yə yaxın sui-qəsd həyata keçirilib. Xüsusən XX əsrin əvvəllərində sui-qəsdlər hansısa bir məsələyə diqqət çəkmək üçün istifadə edilən şiddətli aktivizm forması kimi ortaya çıxmışdı. Həmin dövrə aid bunun bir çox nümunəsi var. Məsələn, 1905-ci ildə “Erməni İnqilab Federasiyası” tərəfindən Osmanlı Sultanı II Əbdülhəmidə qarşı təşkil edilmiş terror aktı, 1900-cü ildə anarxist Qaetano Breş tərəfindən İtaliya kralı Umbertonun öldürülməsi, 1901-ci ildə polşalı Leon Çolqoş tərəfindən ABŞ Prezidenti Uilyam Makkinlinin öldürülməsi və s.

Həmin dövrdə Balkanda gözə çarpmayan orta və kiçik səviyyəli siyasətçilərə qarşı saysız sui-qəsdlər həyata keçirlmişdi. Təkcə Makedoniyada hər ay onlarla belə şəxs öldürülürdü. Bu sui-qəsdlərdən biri isə bəşəriyyəti geridönməz yola çıxardı. 1914-cü il iyunun 19-da serb Qavrilo Prinsipin Avstriya-Macarıstan İmperiyasının ershersoqu Frans Ferdinand və xanımını öldürməsi Birinci Dünya Müharibəsinə səbəb oldu.
Poçtalyonun oğlu
“Birinci Dünya Müharibəsinin fitilini yandıran adam” kimi tanınan Qavrilo Prinsip bir poçtalyon atanın üç övladından biri idi. Kasıb ailənin oğlu olan Prinsip inqilabi fikirlərə Sarayevoda təhsil aldığı məktəbdə yiyələnmişdi.
Sonrakı dövrlərdə qızğın serb millətçisi olan Prinsip Serbiya ordusuna qatılmaq istədi, amma fiziki imkanları bunun üçün yetərli olmadı. Milliyətçiliyinə təsir etməyən bu hadisədən sonra siyasi fəaliyyətini davam etdirən Qavrilo Prinsip qatıldığı ”Qara əl” gizli təşkilatı ilə cənubi slavyanları “Böyük Serbiya” adıyla birləşdirmək üçün çalışdı.
O günlərdə həyata keçirdiyi tarixi sui-qəsdlə Birinci Dünya Müharibəsinin başlamasına səbəb olan Qavrilo Prinsip bundan sonra həmin silahla özünü öldürmək istəsə də buna nail ola bilmədi. Sui-qəsddən dörd il sonra vərəmdən öldü.
Naməlum səbəblər
Bəşəriyyət üçün ağrılı nəticələrə səbəb olan sui-qəsdin səbəbi vardı. Ancaq hadisənin böyüklüyünə görə bu səbəblər şəhər əfsanələrinə çevrildi və müxtəlif söz-söhbətlər qulaqdan qulağa yayıldı.
Prinsip işlədiyi cinayət səbəbindən mühakimə edildikdə, təcavüz və təzyiqlərə məruz qaldığını iddia etdiyi serb millətindən intiqamını almaq üçün yüksək rütbəli şəxslərdən birini “Revolver”lə öldürdüyünü demişdi.
Ancaq yeganə və əsas səbəb bu deyildi. Xüsusilə dövrün mətbu nəşrləri sui-qəsdin səbəblərini ciddi şəkildə təbliğat tezisləri əsasında müzakirə etdi. Bosniya və Herseqovinanın ilhaqı, serb millətçiliyi və cənubi serblərin Serbiya ilə birləşmək arzusu, ershersoqun trializm siyasəti, “Qara əl” təşkilatının fəaliyyəti və serb mətbuatının millətçi təbliğatı göstərilmiş səbəblərdəndir.
Hersoqu gözləyərkən
Həmin gün şəhərdə hava günəşli idi. Avstriya-Macarıstan İmperiyasının varisi, ershersoq Frans Ferdinand və xanımı rəsmi səfər üçün yola çıxmışdı. Erhersoq və xanımı ilə salamlaşmaq istəyən insanlar yolun hər iki tərəfində toplaşmışdılar. Amma bu izdihamın içində sui-qəsd planlaşdıran millətçi serblər də vardı. Yeddi maşınlıq konvoy Appel Pirs boyunca yola çıxdı. Konvoy yavaş-yavaş irəlilədiyi vaxt ilk sui-qəsdçi Məhmət Məhmətbaşiç hədəfin arxasınca düşdü, amma ona verilən vəzifəni yerinə yetirə bilmədi.
Konvoy irəliləyirdi. Nə qədər cəhd göstərsələr də, planda iştirak eden digər üç şəxs də sui-qəsdi həyata keçirmək üçün cəsarət tapa bilmədi. Konvoy Kumurya körpüsünə yaxınlaşanda başqa bir sui-qəsdçi - Nedelko Çabrinoviç səhnəyə çıxdı və avtomobilə sarı bomba atdı.
Amma ershersoq kiçik əl hərəkəti ilə bombanı kənara ata bildi. Avtomobil bundan sonra sürətini artırıb oradan uzaqlaşdı. Frans Ferdinand bu hadisədən sonra bələdiyyə binasına gəldi, “Ölkənizdə insanları bomba ilə qarşılayırlar” deyərək hadisəni ciddiyə almadı. Səfər qrafikini dəyişdirərək xəstəxanadakı cangüdəninə baş çəkmək qərarına gəldi. Amma bu, yaxşı qərar deyildi. Xanımı ilə xəstəxanaya gedərkən, Latın körpüsünün sağında tarixi müharibənin fitilini yandıracaq Qavrilo Prinsip onu gözləyirdi.
Hədəfini gözündən qaçırmayan Prinsip doğru məqamı tapan kimi təxminən üç metr məsafədən atəş açdı. Birinci güllə hersoginyanın qarnına dəydi, ikincisi ershersoqun şah damarını parçaladı. Bu qanlı cəhd nəticəsində Avstriya-Macarıstan taxtının 50 yaşlı varisi Frans Ferdinand və 46 yaşlı xanımı hersoginya Sofiya Hohenberq həyatını itirdi.
Sağ qalmaq təhlükəsi
Qavrilo Prinsip planını həyata keçirdikdən sonra silahla özünü vurmaq istəsə də, buna imkanı olmadı.
Ershersoq Frans Ferdinand və hersoginyanın ölümü ilə nəticələnən sui-qəsdin şübhəliləri qısa müddətdə saxlanılaraq mühakimə olundu. Şübhəlilərin serb olması hadisələrin gedişatını daha da siyasiləşdirdi. Məhkəmə prosesi Avstriya-Macarıstan hökumətinin münasibəti və digər dövlətlərin iştirakı problemi həllolunmaz hala gətirdi.
Qavrilo Prinsip məhkəmədəki ifadəsində bu sözlərə yer verdi: “Vəliəhdi vətəninin ən pis düşməni kimi tanıyıram. Çünki bütün cənubi slavyanların birləşməsinə mane olmaq istəyirdi”.
Araşdırmalardan sonra sui-qəsdin Belqraddakı “Qara əl” təşkilatı tərəfindən hazırlandığı və silahların Karaquyevaçdakı serb silah zavodundan əldə olunduğu müəyyən edildi. Sui-qəsddə şübhəli bilinən üç 19 yaşlı şəxs Qavrilo Prinsip, Nedelko Çbrinovic və Trifko Qrabez edamla mühakimə olunsalar da, yaşları az olduğu üçün ölüm hökmündən qurtuldular, 20 il həbs cəzası aldılar.
Amma həbsxananın dözülməz şəraiti onlara uzun yaşamağa imkan vermədi. Ershersoqa bomba atan Nedelko Çabrinovic 1916-cı ildə, Trifko Qrabez 1918-ci ildə və sui-qəsdi həyata keçirən Qavrilo Prinsip isə 1918-ci ildə həbsxanada vərəmdən öldü. Onlardan geriyə isə qorxunc müharibənin izləri miras olaraq qaldı.
Ölümcül imtahan
Əlbəttə, müharibə 19 yaşlı bir gəncin həyata keçirdiyi sui-qəsd səbəbindən başlamadı. Dünyaya, xüsusən də Avropaya müharibəyə başlamaq üçün səbəb lazım idi. Prinsip sui-qəsdlə bu səbəb və ya bəhanəni onlara verdi və müharibənin fitilini yandırdı. Müttəfiq və Antanta dövlətləri bu sui-qəsdi köhnə hesabların həlli üçün fürsət olaraq gördürlər.
Artıq müharibəyə aparan pillələrə addımlar atılmışdı. İyulun 28-də Avstriya Serbiyaya müharibə elan etdikdən bir gün sonra Rusiya ümumi səfərbərlik elan etdi. Rusiyanın bu addımı Almaniyanı da hərəkətə keçirdi. Almaniya avqustun 1-də Rusiyaya, ayın 3-də isə Fransaya müharibə elan etdi. İngiltərənin avqustun 5-də Almaniyaya müharibə elan etməsi ilə Antanta və Müttəfiq dövlətlər arasında nəticələri bütün əsr boyu hiss ediləcək, tarixin ən böyük və ilk ən dağıdıcı müharibəsi başladı.
Pəncərəsiz dünyada
Qavrilo Prinsip – bu qorxunc müharibəyə səbəb olan şəxs isə o günlərdə həbsxana köşələrində öz cəzasını çəkirdi.
Serb tarixçisi Miloş Koviç Qavrilo Prinsipin mütaliəli və intellektual biri olduğunu iddia edir: “Qavrilo Prinsip adi insan deyildi. Kiçik yaşlarından çox kitab oxumuşdu. Kitab səhifələrini çiyninə qoymağı sevir, özünü kitab kimi aparır və Qraxovo yaxınlığındakı Oblyaydakı evlərinin həyətində belə oynayırdı”.
Gizli təşkilatın üzvü olan gənc tükənməz sevgi ilə kitabları sevir və şeir yazırdı. Amma o, həm də dünya tarixində dönüş nöqtəsi yaradacaq bir qatil kimi də xarakterizə edilir. Bununla belə, tarixçi Milya Belakaça görə, Qavrilo Prinsipin planı polisə əvvəlcədən məlum idi.
“Qavrilo Prinsip 1914-cü ildən əvvəl Vyanada nə Avstriya polisi, nə də hərbi büro üçün sirr idi. 1913-cü ilin oktyabr ayından sonra Qavrilo Prinsip üçün dosya açılmışdı: siyasi baxışları, fəaliyyətləri və məktəb tətilləri səbəbindən təhsillərini yarımçıq qoyan digər uşaqlar kimi…”.
Sarayevodan getmə səbəbi də budur. Bosniyalı tələbələr və “Gənc Bosniya” üzvləri ilə tez-tez görüşdüyü Belqradda təhsilini davam etdirmək qərarı vermişdi. Belqradda birlik fikri ətrafında toplaşdılar, Nitsşe, Marks və Kautskinin rus anarxistləri ilə bağlı əsərlərini müzakirə etdilər. Belakaça görə, Qavrilo və digər təşkilat üzvlərinin sıraları çox məhdud idi. Yəni sui-qəsd planı onların fikri deyildi, daha yüksək yerlərə gedib çıxırdı. Daha doğrusu, sui-qəsd planlarını həyata keçirmək üçün şərait yaradılmışdı, kimsə mane olmayacaqdı.
Emosional cəhətlər
Qavrilo Prinsip haqda etibarlı məlumat azdır. Bir neçə məktub, şeiri, oxuduğu kitablardakı və məhkəmədəki stenoqrafiya qeydləri onun mürəkkəb kimliyi barədə çox az şey deyir.
Koviçə görə isə, Prinsip yetkin, amma tələskən şəxs idi: “Gördüyümüz kimi, bəzən atacağı addımın nəticələrini tam düşünmürdü. Prinsipin özü də məhkəmədə bunun nəticəsində Serbiyaya hücum olacağını və Birinci Dünya Müharibəsinin başlayacağını gözləmədiyini demişdi”.
Prinsipin cəzasını çəkdiyi həbsxanada işləyən psixiatrın qeydlərində 19 yaşlı gənc son dərəcə cəsur və qəddar şəxs kimi təsvir edilib.
Miloş Koviçə görə, onun emosional cəhətlərinə dair qeydlər də var:
“Qavrilo Prinsip tez-tez Boqdan Zerajiçin məzarına baş çəkirdi. Özünün dediyinə görə, ilk dəfə 1911-ci ildə Serbiyadan gedəndə məzarından bir ovuc serb torpağı götürmüşdü. Bu, XIX əsrin sonu - XX əsrin əvvəllərinin romantikasıdır. Zerajiçin məzarına sevgilisi Yelenanı da aparmışdı”.
Tarixçi Milya Belakaça görə, Qavrilo Prinsip “Böyük Azad Serbiya” ideyasını Boqdan Zerajiçdən miras almışdı. Zerajiç 1910-cu ildə sui-qəsd cəhdindən sonra intihar edib. Bu davranışı ilə ideal azadlıq döyüşçüsü simvolu və gənclər üçün ilham mənbəyi olub.
“Silah düşmənə, yəni zalıma tuşlandı. O vaxt zalımın öldürülməsi ən böyük qəhrəmanlıq sayılırdı. Azadlıq qığılcımlarını alovlandırmaq və digər insanları da cəsarətləndirmək üçün bilə-bilə öz gənc həyatlarını bu yola həsr etdilər”, - Belakaç fikrini tamamlayır.
Həbsxanadan qeydlər
Prinsip Çexiyada həbsdə olarkən ona baş çəkən psixitr Martin Pappenhaymın da qeydləri var. O, Qavrilo Prinsip haqda ilk qeydini 1916-cı il fevralın 19-da yazıb. Pappenhaym Prinsipin bir ay əvvəl intihara cəhd etdiyini, özünü dəsmalla asmaq istədiyini, amma bu cəhdinin uğursuz olduğunu deyir.
“Anarxizm, sosializm və millətçilik haqda çox oxuyurdu. Kitablarını həmişə özü satın alırdı. Çox danışmırdı. Atasını siyasi məsələlərlə yormurdu. Nadir hallarda digər tələbələrlə vaxt keçirirdi, həmişə tək idi. Sakit, emosional gəncdi. Uşaqlıqda çox dindar deyildi. Kimsəylə dostluq etmirdi, həmişə təkbaşına kitabxanada olurdu”, - psixiatr qeyd edir.
Pappenhaym Prinsipin səhhətindəki bəzi problemlər və serblərin müharibəyə qarışması səbəbiylə həyatdan ümidini üzdüyünü, hər şeyə reaksiyasız olduğunu söyləyir.
“Serbiya məhv edildi, xalqım bədbəxt olacaq. Müharibənin qarşısını almaq mümkün deyildi, bu sui-qəsddən irəli gəlmirdi” deyən Prinsip dünya müharibəsinin sui-qəsd nəticəsində baş verdiyinə inanmırdı. Dünya müharibəsinin başlayacağını düşünürdü, amma o an yox.
Pappenhaym Prinsipin sui-qəsddə özünü günahkar hiss etmədiyini, ancaq bunu boşuna etdiyini düşündüyünü bildirir: “Xalqının qisasını almaq istəyirdi. Bütün gəncliyi inqilabi mühitdə keçmişdi. Gəncliyinin idealı Yuqoslaviya xalqlarının birliyi idi, amma Avstriya hakimiyyəti altında yox. Qəhrəman olmağı düşünmürdü, sadəcə idealı üçün ölmək istəyirdi”.
İdeal məhəbbət
Həkim Prinsipin ən çox insanın ruhu haqda düşündüyünü və “Həyatda şüuraltı, iradə və ya ruh önəmlidirmi?” sualına cavab axtardığını bildirir.
Qavrilo Prinsipin Bosniya və Herseqovinada tərk etdiyi sevdiyi qız haqda bunları qeyd edilir: “Bir qıza olan sevgisi sonsuz idi. Amma ona heç vaxt məktub yazmamışdı. Qızı dördüncü sinifdə oxuduğu vaxt tanıdığını deyir: ideal məhəbbət. O, hətta onu öpməmişdi. Bundan başqa heç nə demir”.
Praqadakı Terezienştadt həbsxanasında təkadamlıq kamerada olan Prinsipin ən çox oxumağa heç bir şey tapmayanda əzab çəkdiyi bildirilir.
“Kitablar mənim üçün həyat deməkdir. Bu səbəbdən də onlarsız çətinlik çəkirəm”, - Prinsip həkiminə deyir.
Pappenheaym yazır ki, Prinsip rus inqilabı haqda çox oxumuşdu və dünyada sosialist inqilabının mümkün olacağına əmin idi. Sui-qəsddən az əvvəl o, Kropotkinin məqaləsini oxumuşdu.
Pappenhaym Prinsipin natiqlik qabiliyyətinin olmadığını söyləyir və bunu təkliyə olan meyli və özünü oxumağa qapaması ilə əlaqələndirir. Pappenhaym beş ay ərzində bir neçə dəfə görüşmək imkanı əldə etdiyi Qavrilo Prinsipi “tarixi şəxsiyyət” adlandırır. Amma Pappenhaymın qeydləri arasında Prinsip tərəfindən yazılmış bir neçə sətir var.
Qavrilo Prinsipin 12 may 1916-cı il tarixli qeydi
“Bir dəfə dostlar arasında Kropotkinin “Sosial inqilab olarsa, anarxistlər nə edəcək?” sualını müzakirə edirdik. Müəllifin həqiqətən o dövrdə belə bir inqilabın mümkün olacağını düşünməsi əvəzinə, hamımız bunu çox yaşlı bir anarxistin ritorikası kimi qəbul edirdik. Ancaq bu “sosial inqilab”ı müzakirə edərkən razılaşdığımız şey, bütün Avropadakı xalqlar arasındakı qarşıdurmaların aradan qalxacağına və əlaqələrin normallaşacağına olan inamımız idi. Amma biz millətçilər olaraq sosialist və anarxist məqalələr oxusaq da, bu barədə çox düşünmürdük. Çünki aramızda olan hər kəsin bir vəzifəsi, milli borcu olduğu düşüncəsindəyik”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar