Xəbər lenti
Videosu yayılan qızlardan biri öldürülməkdən qorxur - hüquq müdafiəçilərindən reaksiyalar
Novella Cəfəroğlu və Mehriban Zeynalova çağırış elədi, polis lüt kadrları səs-küy doğuran qızların təhlükəsizliyini təmin edib; Aybəniz Haşımova isə qardaşı oğlu videonu yayan Mələkxanım Əyyubovaya dəstək çıxdı
Sosial şəbəkələrdə üç qızın yeyib-içmək məclisində çılpaq videosunun yayılması ilə bağlı yeni xəbərlər var. Qızlardan birinin gizləndiyi, qardaşının onu öldürmək üçün axtardığı, bacısının ərinin isə arvadını boşadığı iddia edilir.
Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Bu baxımdan onların etdiyi səhvdən doğan həyatı təhlükə ilə bağlı hansı addımlar atılmalıdır? Hüquq müdafiəçiləri nələr edə bilər?
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat"a bildirdi ki, ilk növbədə videonu yayana cəza verilməlidir: "Kadrlardan görünür ki, o qızlar nə haldadırlar. Heç kəs onları bəraət vermir. Təbii ki, ictimai qınaq olmalıdır. Amma əzizim Fazil Mustafa deyir ki, onların saçını qırxıb, küçədə sürüsünlər. Bu, yolverilməz haldır. Qadın yolunu azırsa, kişi onu boşasın, övladından məhrum eləsin, amma saçını qırxmaq, küçələrə atmaq doğru deyil.
Eyni zamanda cəmiyyətin qınağı olmalıdır. Yüzlərlə ev var ki, gənc qızları aparırlar, hüquq-mühafizə orqanları həmin yerləri aşkarlaya bilər".
N.Cəfəroğlu sədri olduğu cəmiyyət adından qeyd etdi ki, məktəblərdə tərbiyə işləri gücləndirilməlidir: "Qızın səhvinə görə qardaşı onu öldürəcəksə, sabah cəmiyyət o adamı bağışlayacaq ki, namus üstündə vurub. Sovet vaxtı ictimai qınaq vardı, telekanallar yanaşmasını dəyişməlidir. Bu cür həyat tərzinə açıq-saçıq filmlərin də təsiri var. O gün bir filmdə göstərir ki, hoteldə üç qız bir oğlanın qarşısında rəqs edir. Yəni TV, internet təbliğat aparır. İndi kimsə söyləyə bilər ki, onları bu addımı atmağa kasıblıq vadar edib, bu fikri qətiyyən bölüşmürəm. Həmişə yoxsulluq da olub, insanlar bir tikə çörək tapmayanda belə qeyrətini qoruyub saxlayıblar. Sadəcə, bu hərəkətlər harınlıqdandır, qınayırıq, lakin o qızların həyatına təhlükə varsa, mühafizə edilməlidirlər".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, polis videodakı qızların təhlükəsizliyini təmin edib: "Sığınacaqlar öz köməyini göstərməlidir. Amma dövlətin, yoxsa QHT-lərin sığınacağı olmalıdır, bu barədə polis onları məlumatlandırır, seçim edirlər.
Məndə olan məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülüb, onlara sığınacaq təklif olunub və deməliyəm ki, bu məsələdə ən peşəkar DİN hərəkət elədi".
M.Zeynalova qeyd etdi ki, bəziləri çağırışlar edəndə diqqətli olsunlar: "Bu çağırışların cinayətlə nəticələnəcəyini düşünüb ehtiyatlı olsunlar. Kimsə kütlənin xoşuna gəlmək üçün danışır, sabah cinayət olanda deyəcəklər ki, niyə tədbir görülmədi".
Hüquq müdafiəçisi dedi ki, onlara daha əvvəllər buna bənzər hadisələrlə bağlı sığınacaq üçün müraciət edənlər olub: "Qanunvericilik icazə verir ki, ad-soyadını, simasını dəyişsinlər.
İndi bilmirəm ki, onların həyatına təhlükə nə həddədir, amma bu hüquqları var. Ümumiyyətlə, gənclərin səhvlərinin təkrarlanmaması üçün xidmət paketləri ortaya qoyulmalıdır".
Bu arada əməkdar artist Aybəniz Haşımova xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğullarının onun adına ləkə yaxıb sənətini hörmətdən salmasından danışıb.
Sənətçi həmkarına dəstək çıxıb və qardaşı oğlunun 3 çılpaq qızı videoya çəkməsində xalq artistinin heç bir günahı olmadığını bildirib.
Onun sözlərinə görə, bu məsələdə Əyyubovanı ittiham etmək doğru deyil: "Əziz bacım, demisən ki, rüsvay oldun. Səni heç kim rüsvay edə bilməz! Sən heç kimə cavabdehlik daşımırsan, bacım. Xahiş edirəm ki, sənin adını bu iyrənc məsələdə hallandırmasınlar. Sən incəsənətimizin qeyrətli xanım sənətkarısan! Sən yaxşı bilirsən ki, xalqımız səni necə sevir?!"
M.Əyyubova məlum hadisə ilə bağlı verdiyi açıqlamada qardaş və bacılarından deyil, amma onların övladlarından imtina etdiyini açıqlamışdı.
Qeyd edək ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Cahid Kərimov adlı şəxs yeni aldığı "Range Rover" markalı 90 SA 888 nömrəli avtomobili "yumaq" üçün məclis təşkil edib.
Həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidin təklifi ilə soyunaraq meyxana deyiblər. Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Saxlanılan şəxsin ifadəsinə görə ona bu qızları müğənni Valeh İsrafilov yollayıb.
Valeh İsrafilov xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşıdır. Xalq artisti deyib ki, bu haqda danışmaq istəmir, onları həyatından silib.
Daxili İşlər Nazirliyi tərəfindən qızların çılpaq videosu ilə bağlı açıqlamada qeyd olunur ki, məlum video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.
Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.
Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
"Sosial şəbəkələrdə üç xanımın çılpaq rəqs etməsini əks etdirən videogörüntüdəki mənzərədən sonra şokdayıq. Azərbaycanda belə bir hadisənin baş verməsi qəbuledilməzdir. Burada Azərbaycan qadınının imicinə xələl gətirilib. Bununla mübarizə aparılmalıdır". Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O da aydın olub ki, müğənni Mətanət Əsədovanın məşhur "limon suyu içməsi" videosunu yayan şəxs elə 3 qızın çılpaq videosunu yayan Cahid imiş.\"Yeni Müsavat"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar