Xəbər lenti
"Ölüm - 5000 rubl": İnquşetiyada cadugərləri niyə ovlayırlar?
İnquşetiyada cadugər "ovçuları" peyda olub. Respublikada cadu yazdırmaq o qədər geniş yayılıb ki, buna qarşı mübarizə aparan gənc aktivistlər maska taxıb silah götürərək bu işlə məşğul olduğu ehtimal edilən şəxslərin evlərinə basqın edirlər.
- Yuxuda məni arxadan qucaqlayan ağ və kirli it gördüm, hər şey ondan sonra başladı. O qədər iyrənmişdim ki, yuxudan ayıla bilmirdim. Sən demə, şeytanmış.
Nazran şəhərində yaşayan 45 yaşlı Zarina əriylə münasibətlərinin korlanmasını belə xatırlayır: "İlk altı ay hər şey normal idi. O məni dəhşətli dərəcədə çox sevirdi, qısqanırdı, qorxurdu ki, onu atıb gedərəm. Amma sonra hər şey dəyişdi".
İntiqam hissi bir işə yarayırmı?
Təkamül nəzəriyyəsini Darwin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir
Kabusa bənzədilən BBC müxbirinin başına gələnlər və kabuslardan pul çıxaranlar
Ailədə qalmaqallar başlayır. Özünü təmkinli adam hesab edən Zarina "qəfildən dəliyə dönür", gecələr yuxusuna ilanlar girir. Onlar mətbəxdəki qazanların içinə doluşur, az qala iyirmisi birdən mətbəx şkaflarından sallanır, pilləkənin məhəccərində və həyətdə sürünürlər. Zarina yuxuda bir də qarışqa sürüsü görür, qaçsa da, canını onlardan qurtara bilmir, minlərlə qarışqa dalınca gəlir.
O, günortalar darıxır, ərinin işdən qayıtmasını gözləyirmiş: "Mahmud evə girəndə sevinirdim, amma elə ki, 2-3 metr yaxın gəldi, qaçmaq istəyirdim. Onunla yaxınlıq dözülməziydi, ona görə də intim münasibətlərimizi tamam kəsməli oldum. Dörd il belə yaşadıq. Dərim göynəyirdi, əsəblərim tarıma çəkilirdi, onun yaxınlığımda olması mənə fiziki əzab verirdi".
Bir dəfə Zarinanı cinsi əlaqəyə məcbur edən əri onu elektrik şnuruyla döyür. Buna baxmayaraq qadın yenə başqa otaqda yatır: "Qısası, ərimlə bir-birimizə nifrət etməyə başladıq. Evdə tək qalanda dəli kimi olurdum, iməkləyib qudurmuş itlər kimi ulayırdım. Sanki içimdə iyrənc bir şey vardı, ha çalışırdım ki, qusub onu çölə çıxarım, bacarmırdım. Bədənimdə elə bir ağrı vardı ki, o evdə olmaq istəmirdim".
Bu vəziyyət beş il davam edir. Zarina bu müddət ərzində ərindən səkkiz dəfə ayrılır, amma hər dəfə də geri dönür: "Çox dəhşətli dövrüydü. O illərdə anamın başında topa-topa ağ saçlar əmələ gəldi".
Zarina ərinin onu necə bərk döydüyünü, özünün necə çox ağladığını xatırlayır: "Sakitcə əşyalarımı yığıb gedə bilsəydim, nə vardı ki? Bir dəfə onun əlindən qurtulmaq üçün az qala ikinci mərtəbənin pəncərəsindən atlayacaqdım. Sonra həmin pəncərədən uşağımı atmaq istədim. Dəhşətli isterik hallar keçirirdim. Evdən gedəndə vəziyyətim yaxşılaşırdı, geri qayıtmaq istəyirdim. Amma qayıdan kimi hər şey təzədən başlayırdı".
Anasının evində olanda - 2016-cı ildə Zarina xəstələnir və bir də ərinin yanına qayıtmır. Nə psixoloqa, nə də psixiatra müraciət edir. Bütün bəlalarının səbəbi hesab etdiyi cadunun təsirindən onu qonşuluqda yaşayan molla müalicə edir, Quran oxuyub üfürdüyü suyla: "Mən xeyli sonra öyrəndim ki, günahkar evimi və ərimi əlimdən almaq istəyən qadınmış. O bunu bacardı. Həmin qadın artıq hamiləydi və mənim evimdə yaşayırdı. Mənsə anamgildə xəstə yatırdım, başıma gələnlərin fərqində olmadan. Üç ildən sonra ayıldım və araşdırmağa başladım".
Qonşuları Zarinaya danışırlar ki, ərinin yeni arvadı Nalçikə, cadugər Alanın yanına gedib başqalarına zərər vurmaq üçün cadular yazdırır: "O cadugər mənə o qədər pisliklər edib ki... Bütün İnquşetiyanı öz şeytanlarıyla doldurub".
Zarina öyrənir ki, Mahmudun birinci arvadını da caduyla dəli ediblərmiş: "Özü də dörd uşaqdan sonra. Onu valideynlərinin yanına göndərmişdilər, uşaqlar Mahmudda qalmışdı. Sonra o, mənimlə evlənmək istədi. Əvvəl razılaşmadım, çünki dörd uşağı vardı. Amma indi özümün ondan üç uşağım var: iki oğlan, bir qız. Həyat deyildi, kabus idi, kabus..."
Və bütün bu müddət ərzində üfüqdə ancaq bir qadın görünüb, "Mahmud istəməsə də, ona ərə getməyə çalışan qadın". Amma o, bütün bunları necə bacarıb? Ayda üç dəfə Zarina evinin qapısıyla darvaza qapısı arasındakı məsafədən yarım vedrə qara torpaq yığırmış. Molla sonradan Zarinaya bunun qəbirstanlıq torpağı olduğunu deyib: "Hər dəfə süpürüb atırdım, sonra da evdə yaşamaq cəhənnəm əzabına dönürdü və mən şeylərimi yığışdırıb gedirdim. Mollanın dediyinə görə, həmin torpağı adsız-yiyəsiz qəbirdən götürürlərmiş, o qəbrin ruhuna da əmr edirlərmiş ki, məni evimdən qovsun".
Yer üzündə buludlar yoxa çıxa bilər. Niyə bu, fəlakət deməkdir?
Niyə rumınlar sarımsağı belə çox sevirlər?
Bir də Zarina evdən iynələr və duz tapırmış, albomundan hansısa şəkilllərin yoxa çıxdığını görürmüş. İndi o əmindir ki, cadu etdirmək məqsədilə şəkilləri həmin qadının göndərdiyi adamlar oğurlayırmış: "Bütün qonşularım mənə dedilər ki, o murdar məxluq və anası cadu yazdırırlar. Sən demə, hamı hər şeyi bilirmiş!"
Boşanandan sonra Zarina əriylə əlaqə saxlamır: "Çünki hələ də normal danışa bilmirik, hətta uşaqlar haqqında da. İkimiz də qızışırıq, gözlərimizdən qığılcım çıxır, bir-birimizi məhv etmək istəyirik. Bu, süni nifrətdir, caduya görədir - bütün bağları qoparmaq cadusu var, ona görə. Ərə getməzdən əvvəl mən sığorta şirkətində işləyirdim, EVM operatoruydum. Darıxdırıcı həyatıydı".
"Lap ağını çıxarıblar. Əvvəllər bu qədər deyildi"
Zarinanın ailə dramı molla və təbib İsa Baraxoyevin yanına gələn inquşetiyalı qadınlar üçün tipik probemdir. Ailənin dağılması üçün cadu yazdırmaq (ərəbcə "sehr") Moskvadakı psixoterapiya, Tuvadakı sərxoşluq qədər adi işdir. "Sehr - insanın vəziyyətinin heç bir səbəb olmadan dəyişməsidir. Məsələn, qadın qəfildən ərinə nifrət etməyə başalayır. Onu eybəcər görür, toxunmasından iyrənir. Bu niyə belə olur? Çünki onları ayırmaq üçün cadugər kişinin içinə çin göndərir. Cin onun beynində oturub neqativ emosiyalara cavableh olan mərkəzləri hərəkətə gətirir və beləliklə də qadın artıq ərini görmək istəmir" - deyən Baraxoyev qeyd edir ki, ərinin ideal biri olduğunu, amma ona hamıdan çox nifrət etdiyini bildirən qadınlar da var: "Bu, kişini bezdirir və bir gün, o, nəhayət, boşanmaq qərarına gəlir".
24 yaşlı Baraxoyev sehrlə müalicə etməyi Misirdə öyrənib və artıq səkkiz aydır ki, İnquşetiyada bu işlə məşğuldur. Dediyinə görə, hər gün onun yanına ən azı beş nəfər gəlir. Hələ açılmamış mədrəsənin döşəməsinə ağ mələfələr salınıb, Barxoyev cinləri qovmaq işinə burda baxır. Qəbul zamanı o, ziyarətçilərin üstünü həmin mələfələrlə örtür. Yanında döşəmə ağacının yaşıl rəngli plastik çubuğu var, cinləri qovmaq üçün onunla adamların əlinə-ayağına vurur. Cinlər Quran ayələrini yaxşı eşitsinlər deyə böyük səsgücləndiricilər qoyub - yarım adam hündürlüyündə.
Mədrəsənin girişində bir qadınla rastlaşırıq, bazarda onun qızına deyiblər ki, anan üçün cadu yazdırıblar. Qadın Baraxoyevə əlinin ağrıdığını deyir, xahiş edir ki, təbib cadunu pozsun.
Təhsilli Baraxoyev etiraz edir: "Sizin əliniz burxulub, həkimlər artıq diaqnoz qoyublar. Gedin, müalicə olunun. O gün də bir qadın pomidor bankası partladığı üçün cadunu pozmağı xahiş etməyə gəlmişdi. Lap ağını çıxarıblar. Əvvəllər bu qədər deyildi".
Mansa Musa: Tarixin ən varlı insanı
Milyonerlər və digər insanlar arasındakı 5 fərq
Amma Baraxoyev onu da deyir ki, gələnlərin 70%-nə həqiqətən cadu edilmiş olur: "Çünki indi bu iş çox əlçatandır. Əvvəllər sehr üçün harasa getmək lazım gəlirdi, indi "İnstagram"dakı siyahıdan istədiyini ("ölüm - 5000 rubl, boşanma- 4000 rubl, özünə aşiq etmə - 3000 rubl") seçirsən, sonra da poçtla həmin adamın paltarından, ən yaxşısı, alt paltarından bir parça kəsib göndərirsən, onlayn-bank vasitəsilə də haqqını ödəyirsən, vəssalam. Əlbəttə, buna görə mənim xidmətlərimə olan ehtiyac da çoxalır. Fırıldaqçıların sayı gündən-günə artır. Birinin ailədə bir problemi olur, gedir fırıldaqçının yanına, o da sehri pozmaq bəhanəsiylə həmin adamı yarım il gəlib-getməyə məcbur edir, su içirə-içirə onu soyur".
Baraxoyev müalicə üçün məzənnə qoymadığını söyləyir: "Kim nə qədər versə. Qiymət oxumaq mənim üçün böyük problemdir. Hansısa məbləği deməyə dilim dönmür".
Qırmızıyanaq və xoşsifət molla Baraxoyev bildirir ki, cadugər yüngül cadulara iki gün vaxt sərf edir və bu, sifarişçiyə 5000 rubla başa gəlir. Mürəkkəb cadularsa on minlərlə dollar və bir aylıq iş tələb edir. Sonra molla borşa qatılan mensturasiya qanından və şarlatanların müştərilərə su içirtmək hiyləsindən danışır: "Deyirlər ki, su içəndə bu sözləri təkrarlayın - "Cadu varsa, qusacam". Adamlar da litrlərlə su içirlər, amma qusmurlar". Baraxoyev özünün müalicə üsulundan da bəhs edir, deyir, yeyilən və yaxud içilən cadunu bədəndən çıxarmaq üçün Hindistanda yetişən bir otun kökünü qaynadır, gələnlərə onun suyunu içirdir.
Evin beş küncünə səpilən tozlardan və həmin künclərdə gizlədilən iynələrdən də bəhs edən Baraxoyev bir dəfə peşman olmuş bir cinin ona danışdıqlarını xatırlayır: "Deyirdi ki, bir qadın gecə köynəyini heç vaxt olmadığı İvanovo şəhərindəki bir qəbirdə tapıb ərinin qardaşından şübhələnibmiş, çünki cadunun pulunu bank vasitəsilə o ödəyibmiş; bir qadınsa ona hədiyyə edilmiş konfetləri yeyəndən sonra əvvəllər zəhləsi gedən adama aşiq olubmuş. Bilirsizmi, cinlər çox konstruktiv dialoq qururlar, onlar ağıllı məxluqlardır. Biri mənə danışmışdı ki, təbib-mollalardan birinin çox səy göstərdiyini görüb guya qızın bədənindən çıxıbmış kimi davranıb".
Baraxoyev deyir ki, cadunun missiyasını pozan cini ölüm gözləyir, ona görə də onlara inanmaq olmaz. Amma adamların sadəcə "ağlının qaça bilməsi" ehtimalını da nəzərə almaq lazımdır.
"Dedi, gedin o təkayaqlı qarğanı tapın"
İnquşetuya sakinləri hansı mövzudan yazmaq istədiyimizi dərhal anlayırlar. Söhbət etdiyimiz şəxslərin hər biri ya cadudan əziyyət çəkib, ya buna görə müalicə alıb, ya kiminsə cadusuna cavab olaraq cadu elətdirib, ya cadugərlə qonşu olub, ya da ən azı hansısa cadugərin məsləhətiylə bel ağrısını onurğasına bağladığı çiy balıqla müalicə etməyə çalışıb; ya xalası, ya da qardaşı təzəlikcə cadugər və ya falçı yanında olub.
İki gündən sonra bizdə elə təəssürat yaranır ki, respublikada cadu məsələsindən xəbərsiz olan bircə nəfər də yoxdur. Uzun illərdir universitetdə çalışan Mədinə ərini boşanmadan cadu vasitəsilə vaz keçirmək istəyib, onu cadudan təmizləmək üçün Nalçikə rəfiqəsini göndərib: "Özüm getməyə utandım, qorxdum ki, tanıyan olar. Ərimə cadu edildiyini hətta ən axmaq adam da başa düşə bilər. Normal adamıydı, qəfildən çox aqressivləşdi. Bu evdə yaşamaq istəmədi. Halbuki bir-birimizi necə də çox sevirdik! Səkkiz il əvvəl evlənmişik. Hərçənd indi fikriləşirəm ki, mən bu alfonsun nəyini bəyənmişəmmiş. Ev də mənimdir, maşın da, iş də, çörək də. O vaxt o, taksi sürücüsüydü".
Nalçikli cadugər deyib ki, Mədinənin ərinə güclü cadu ediblər. Onun məsləhətiylə qıfıllar, dəftərlər, saplar və şəkər tozu alınıb. Sonuncusunu otaqların künclərinə səpiblər, qıfılları çaya atıblar. Cadugərə 3000 rubl ödənib. Nalçikə gedib-qayıtmaqla birlikdə 20 min rubl pul xərclənib.
Mədinə deyir ki, o vaxt bu işə razılaşdığı üçün utanır: "İztirab içindəydim, nəyə desən razı olardım. Amma cadu məsələsi doğrudur, istəyirsiz inanın, istəyirsiz inanmayın. Təsir edir. Ailələr dağılır, insanlar həlak olur. Qorxuncdur. Hərçənd mən indi sevinirəm, yaxşı oldu o alfonsa cadu etmələri, rədd oldu burdan. Mən ancaq indi başa düşürəm ki, hər şeyinin olub ərinin olmaması necə böyük xoşbəxtlikdir".
Maqasda yaşayan qadın tanışı Əhməddən danışır, deyir ki, ona öz arvadı cadu etdirib: "Əslində, Quran olan evdə belə şeylər danışmaq olmaz... Çox pullu adamdı, milyonları var, ayda bir maşın dəyişir. Arvadı dəhşətli dərəcədə çirkindir. Xirosima, Naqasaki kimi. Amma əri onu əl üstdə saxlayır, üstünə toz qonmağa qoymur. Halbuki özü çox yaraşıqlıdır! Qartal kimi!"
Mədinə deyir ki, məsələnin üstü bu yaxınlarda açılıb: "Əri özünə balacalaşmış 750 avroluq İtaliya malı kostyumunu götürüb qardaşına bağışlayıb, pencəyin içindən amuletlər, cadular çıxıb. Bacıları dərhal başa düşüblər ki, bunlar özünə aşiq etmə cadularıdır. Həqiqətən də həmin qadın nə desə, əri onu edir, 5 milyonluq maşın da alıb verib. Məşuqə saxlaya bilər o kişi?"
Yerli universitetdə metodist işləyən biri danışır ki, bir müddət əvvəl bir tanışlarının boşanmış bir qadınla əlaqədə olduğu üzə çıxıb: "Qızları gedib o qadını döydülər, dedilər ki, atamız bir də yanına gəlsə, səni diri-diri basdıracağıq. Bundan sonra qadın yoxa çıxır".
Yarım ildən sonra kiçik qız ərə gedir. Zifaf gecəsi qız qəfildən zikr oxumağa başlayır. Eyni şey sonrakı gecə də təkrarlanır. Dəli olub deyə qızı valideynlərinə qaytarırlar. Qız atası evində də hər gecə dövrə vurmağa davam edir.
Həmsöhbətimiz deyir ki, valideynlərinin çarə üçün müraciət etdiyi bütün mollalar qızların incitdiyi qadını tapmağı məsləhət görürlər: "O qadını Ufadan tapıb gətirdilər və zirzəmiyə saldılar. Qadın cadu yazdırdığı adamı - "Troitskaya" stansiyasında yaşayan qoca nənəni nişan verdi, onu da tapıb gətirdilər. Amma nənə cadunu pozmaqdan imtina etdi deyə onu da zirzəmiyə saldılar. Nənə yenə dönmədi, Əli-Yurd yaxınlığındakı meşəyə aparıb çala qazdılar, dedilər ki, deməsən, ikinizi də burda diri-diri basdıracağıq. Nənə, nəhayət, razılaşdı, dedi, gedin, o birayaqlı qarğanı tapın, cadunu pozum. Hardan tapsınlar o qarğanı?"
- Başqa bir qarğanı tutub bir ayağını kəsmək olmazdı?
- Yox, qarı deyib ki, məhz onun cadu oxuduğu qarğa tapılmalıdır. Onu buraxdılar, amma az sonra infarkt vurdu onu, öldü. Sonralar müalicə üçün qızı çox yerə apardılar, amma daha ərə getmədi. Bəli, cadu yazırlar və həqiqətən də təsir edir.
"Siz çox böyük işə başlamısız"
Cadu problemi inquşetiyalıları o qədər çox narahat edib ki, 2019-cu ildə respublikada cadugərlərə qarşı "ovçular" peyda olub. Yanvar ayında 24 yaşlı İnquşetiya sakini yaxın dostlarıyla birlikdə "Antisehr" qrupu yaradıb - Qafqazda aptek narkomaniyasına qarşı mübarizə aparan "Antilirika" qrupunun analogiyası olaraq.
"İnstagram"da anonim hesablar yaradan gənclər izləyicilərindən xahiş ediblər ki, cadu edənlərin adlarını və ünvanlarını yazıb göndərsinlər. Qrup inquşlara belə bir vəd verib: "Biz çox ümid edirik ki, onların hamısını olmasa da, çoxunu tuta biləcəyik. Allahın köməkliyilə bu işə başlayıb tapa bildiklərimizin hamısısnı cəzalandıracağıq".
Ay yarımdan sonra qrup izləyicilərinin sayı 24 mini keçib. Mesah qutusu bu məzmunlu məktublarla dolub-daşıb: "Filan yerdə 3 cadugər yaşayır, qəbirstanlıqda cadu edirlər. Məlumat 100% doğrudur. Birini adı filankəsdir".
Statuslara yazılan yüzlərlə şərhdəki ortaq mövqe isə belədir: "Onları ən azı cəzalandırmaq lazımdır", "Hesab açın, sizə heç olmasa benzinpulu köçürək. Siz çox müəqddəs işə başlamısız. Onları heç bir halda buraxmaq olmaz", "Şəxsiyə istək təklifi göndərdim. Sizə necə qoşulmaq olar?"
"Antisehr"in lideri Musa - hündür boyu, əsmər bənizi, iri gözləri olan ali təhsilli hüquqşünas bizimlə söhbətə razılıq verir, amma uydurma adla: "Cadu məsələsi İnquşetiyada çox böyük problemdir. Burda az qala hər bir ev caduların təsiri altındadır. Bizim evə də cadu ediblər - ailəmizin hüzurunu pozmaq, evimizə məhz mənimlə bağlı söz-söhbət salmaq üçün. Quran açanların yanına gedib yoxlatdıq, dedilər ki, Qızlarda yaşayan qohumumuzun əməlidir, paxıllıqdan edib. Valideynlərim çox da inanmırlar, amma mən qəti əminəm".
Musanın 24 yaşı var, Stavropolda oxuyub, hərbi xidmət keçib, hüquq fakultəsini bitirdikdən sonra bir müddət müqavilə üzrə işləyib: "2017-ci ildə bizim qrupun tələbələrini Donbasa göndərirdilər, məni götürmədilər - hərbi and içməmişdim, hərbi biletim yoxdu. Belələrinə orduda "pencək" deyirlər. Amma mən hərbi hissədə ora-bura avtomat daşımaq yox, döyüşlərdə iştirak etmək istəyirdim. Suriyaya getmək müraciətimə də rədd cavabı verdilər".
Musa deyir ki, inquşların "VKontakte" və "İnstagram" qruplarında cadu probleminə qarşı birləşmək çağırışları görürmüş, amma əməli işə keçən yoxuymuş. Stavropolda təhsilini bitirib DİN-dəki işindən də çıxandan sonra İnquşetiyaya qayıdan gənc məhz bu problemlə məşgul olmağa başlayıb.
Onun sözlərinə görə, "Antisehr" qrupu hazırda 6 nəfərdən ibarətdir. Qrupun qurucuları arasında keçmişdə və hazırda polis olanlar var. 25 yaşdan kiçik şəxsləri qrupa götürmürlər: "Heç birimiz dindar deyilik. Bizdən çox adam soruşur ki, cadunu necə pozmaq olar, amma biz bu işlərə baxmırıq. Biz cadugərləri tutmaq və cəzalandırmaqla məşğuluq".
Qrupun, demək olar ki, heç bir üzvü işləmir: "Birtəhər dolanırıq da. Harda işləyək? İnquşetiya işsizliyə görə yəqin ki, Rusiyada birincidir. Bizə bəzən elə adamlar müraciət edir ki, görə biləcəkləri başqa bir yoxdur".
Musa haqlıdır: Rusiyanın Mərkəzi Statistika Komitəsinin məlumatına görə, İnquşetiya əhalisinin 25%-i iş tapa bilmir. Ötən il respublikadakı işsizlik faizi (26,3%) Rusiya üzrə birinci olub.
Gənc hüquqşünas deyir ki, otlarla müalicə edən şəxslərə toxunmayacaqlar: "Biz ancaq cadu yazanları və kartla fala baxanları axtarırıq. Bizə göndərilən ünvanları yoxlayırıq. Əvvəlcə qonşularından məlumat topalyırıq, sonra maşında oturub evi izləyirik - kimlər gəlir, neçə dəfə gəlir. Ancaq bundan sonra danışmağa gedirik".
Hazırda "Antisehr"in bazasında 15 yoxlanılmış ünvan var. Birincisi çeçen qadındır, reyd günü Nazranda 7 "uğur gətirən" toxumu 5 min rubla satarkən görüblər.
Musa danışır ki, "Antisehr"çilər evə komuflyaj geyimdə, maskada və odlu silahla daxil olurlar: "Biz onu 4 saat dindirdik, evdə və maşında axtarış apardıq. Toxumlar, daşlar, müxtəlif adamların şəkilləri, "İsa naminə" yazılmış çoxlu vərəq tapdıq. Elə pul da çoxuydu".
Cadu etməkdə şübhəli bilinən şəxsləri "ixtisaslaşdırılmış yer"ə aparırlar - köhnə bir binadakı boş zala, başlarına torba keçirərək.
-Orda onlara nə edirsiz? Surələrə uyğun cəzalandırırsız?
-Yox, əşi.
-Bəs, nə edirsiz?
-Elə-belə...
-Sonra geri qaytarırsız?
-Özləri gedirlər.
İlk tutduqları cadugəri "Antisehr"çilər Çeçenistan sərhədinə aparıb Kadırovun adamlarına təhvil veriblər: "Biz "Antilirika" kimi işləyirik. Onlar da orda tutduqları inquşları bizə təhvil verirlər".
Musa çeçen qadının sonrakı taleyindən xəbərsizdir.
Sonrakı üç reydin vidoçəkilişini "Antisehr"çilər hələ "İnstagram"da paylaşmayıblar: "Cadugərlər dərhal başlayırlar allaha and içməyə ki, bir də cadu yazmayacağıq. Biz onların qohumlarını da ora çağırırıq, gəlirlər, söz verirlər ki, tutduğumuz adamlar bir də bu işlə məşğul olsalar, başlarını kəsəcəklər. Sonra onları yoxlamaq üçün müştərilərinin nömrələrindən yazıb guya kömək istəyirik. Hələ ki, cavab verən olmayıb. Amma evlərini izləməkdə davam edirik, yenidən bu biznesə başlasalar, videoları paylaşacağıq".
Reydlərin birində qohumlarla qrup üzvləri arasında dava düşüb.
-Necə həll etdiz problemi?
-Silahlarımızı çıxarıb havaya atəş açdıq, sakitləşdilər.
-Bəs, polis?
-Burda indi də silah tapmaq olar, buna görə heç nə etmirlər.
-Niyə?
-Bilmirəm... Belə alınıb. Əslində, həmişə belə olub. Əvvəllər tanışlar gecə şəhərdə gəzəndə avtomatdan atəş açırdılar.
-Əyləncə üçün?
-Hə də. Dedim axı, mən din məsələsində güclü deyiləm, amma insanlardan qorxmuram. İzləyicilərimiz elə bilirlər ki, biz çox dindar, xeyirxah adamlarıq. Amma heç elə deyil.
"Polisdə dedilər ki, işləyə bilərsiz, amma döymək olmaz"
Musa bildirir ki, xəbərdarlıq almış cadugərlər əməllərini davam etdirsələr, "Antisehr" onların şəkillərini və ünvanlarını internetdə dərc edəcək, sonra da lap sərt tədbirlərə keçəcəklər. Çeçenistandakı kimi, evlərini yandırıb özlərini qovacaqlar: "Polisdə dedilər ki, işləyə bilərsiz, amma döymək olmaz".
- Axı, onlar qoca nənələrdir.
- Onlar nənə deyil, şeytandırlar.
- Cinayət Məcəlləsindən qorxmursuz?
- Rusiyada Cinayət Məcəlləsi işləmir. Bir hüquqşünas kimi deyirəm, öz təcrübəmdə görmüşəm. Məmurlar həm konstitusiyanı, həm də digər qanunları pozacaqlar, amma biz qanunlara uyğun yaşamalıyıq? Yox, mən belə düşünmürəm.
"Antisehr"çilər inanırlar ki, cadugərlərin müştərisi çoxdur. Musa deyir ki, şübhəlilərdən birinin evinə reyd zamanı növbədə 7 maşın durduğunu görüblər: "Problem çox ciddidir. Tutaq ki, bir küçədə 30 ev var. Yarısına cadu ediblər, o biri yarısında yaşayanlar özləri cadu yazdırıblar. İnsanlar o qədər ac və qəddardırlar ki, hər şeyə gedirlər. Bir-birlərinə pislik edirlər. Evi, işi, maşını olanlara paxıllıqdan cadu yazdırırlar, özlərinə - uğur gətirmək üçün. Çox vaxt cadugərlər adamları aldadırlar ki, gəlinin (məsələn) sənə cadu yazdırıb, o da inanır və gedib o da yazdırır".
Musayla kafedə söhbət edirik - qara dərili divanlar, qaynar ştrudel, "Aeorsmith" qrupunun "Pink" mahnısı.
- Cadugərlərin evində başı və bədəni qara hərflərlə yazılmış kuklalar tapırıq. Ya da iynələr, donuz piyi, yumurta. Üfürülümüş yumurtaların bir-birinə sarı sürüşdüyünü göstərən video var, baxmısızmı? Bəli, bayırda XXI əsrdir, amma bu cadu söhbəti də düzdür və təəssüf ki, həyatımızın içindədir. Şəxsən mənə dəqiq cadu ediblər. Nə iş görsəm, batır. İki dəfə universitetdən qovulurdum az qala. Doğrudur, dəhliz tələbəçiliyi idi mənimki, həmişə universitetdə olsam da, dərs oxuyan deyildim. Hərbi xidmətim də alınmadı. Amma buna görə cadunu yox, özümü günahlandırıram. Özümü çox sərbəst aparırdım. Orduda yüksək çinlilər aşağıdakıların maaşını mənimsəyirlər, amma mən gələn kimi buna son qoyuldu. Taqım komandiriylə ciddi problemim bundan sonra başladı. Halbuki universitetdə oxuyanda özüm də belə edirdim - tibb universitetinə gedib tələbələrin pullarını alırdım.
- Avtomatla?
- Yox, özləri verirdilər. Deyirəm də, biz özümüz də qəddar adamlarıq.
- Həm də çox, deyəsən.
- Biz, demək olar ki, cinayətkar qruplaşmayıq.
- Bununla fəxr edirsiz?
- Yox. Düzünü desəm, hə. Bir az. Çünki özümü sistemə qarşı hiss edirəm. Mənim motivim - insanları cadunun əziyyətindən xilas etməkdir. Əgər axmaqsansa, öz iradənlə axmaq ol.
Yeri gəlmişkən, İnquşetiya DİN-i, Baş Prokurorluğu, Ekstremizmlə Mübarizə Mərkəzi və administrasiya "Antisehr"in fəaliyyətiylə bağlı BBC-nin suallarını cavabsız qoydular.
Musanın valideynləri qrupdan xəbərdardırlar: anası qorxur, amma atası deyir ki, oğlu düz iş görür. Digər beş üzvün ailələri də övladlarının hansı işlə məşğul olduqlarını bilirlər. Bunu onlardan Musa tələb edib.
Amma formal olaraq qrup anonimdir: qonşular bilmir, evlərə maskalarla girirlər, videolarda səslərini dəyişirlər. Qrupun digər üzvləri bizimlə söhbətə razılaşmadılar: biri rus dilini pis bildiyini dedi, o biri utandığını.
"Antisehr" yeni reydlərə hazırlaşır. Onlar qəbirstanlıqlara infraqırmızı kameralar quraşdırmağı da planlaşdırırlar - ora cadugərliyə gedənləri yaxalamaq üçün.
"Burda bir neçə şarlatan tutmuşam"
Sleptsov qəbirstanlığı haqqında inquşlar heç də xoş sözlər danışmırlar. Deyirlər ki, gecələr cadugərlər ora yiyəsiz qəbirlərdən torpaq götürmək üçün gedirlər. Ər-arvadı boşatmaq üçün onların şəkillərini arxa-arxaya qoyub polietilənlə sarıyırlar. Təbib Baraxoyev hansısa Aleksandr Skvorsovun qəbrini elə bu qəbirstanlıqda axtarmış, amma tapmamışdı - cinin ağzından qaçırdığı məlumata görə, cadu guya onun qəbrində gizlədilibmiş.
Biz ora getmək üçün taksi sifariş edirik. Sürücü altdan-altdan və həyəcanla bizə baxır. "Narahat olmayın" deyirik, "Biz jurnalistik, cadugər ovçuları haqqında məqalə hazırlayırıq".
-Belə de! - Sürücünün ürəyi yerinə gəlir. - Bir dəfə mənə də cadu yazmışdılar. Of, çox qəzəbli qadınıydı, "Səni görüm yanasan" demişdi. Ondan sonra Novosibirskə getmişdim, 30 dərəcə şaxtada kanistrdəki benzini baka əlcəksiz tökdüm, bir neçə damcı da əlimə düşdü. Yanıqları uzun müddət müalicə etməli oldum.
Qaranlıqdır. Yolda bizdən başqa kimsə yoxdur. İnquşetiyada axşam 6-dan sonra bayırda çox az adam olur. Gün ərzində işsizliyin, ailə zorakılığının, depressiyanın və hətta şəxsi səhvlərin də caduyla izah edildiyi artıq 9-cu hekayəni dinləyirəm. Özümü saxlaya bilməyib:
- Əşi, heç bir cadu-filan yoxdur - deyirəm.
Elə həmin an başqa bir maşının işıqları gözlərimizi qamaşdırır. Sağ tərəfdən üstümüzə şığıyan maşın sanki yol kənarındakı kolların içindən çıxır. Taksi sürücüsü sükanı sola fırladır, boş yolda hardansa qəfil peyda olmuş sedanın arxa buferi yanımızdan ötəndən bir saniyə gec əks zolağa keçirik, az sonra hər iki maşın qaranlıqda yox olur. Sürücü maşını sağ zolağa qaytarır.
Hamımız susuruq.
- Amma cadu varsa, sürücünün reaksiyası da var. - Mən gərginliyi azaltmağa çalışıram.
Heç kim dillənmir.
- Mən eşitmişəm ki, onlar ay böyüyən günlərdə ora gedirlər.
Pəncərədən göyə baxırıq. Seyrək buludların arasından təzə ay görünür.
Qəbirstanlıqda heç kim yoxdur. Həvəsə gələn sürücü faraları yandırıb qəbristanlığın dəmir darvazasını və ilk cərgələrdəki ot basmış, xaçları çopurlaşmış qəbirləri işıqlandırır. Biz qaranlıq təpələri dolaşıb yaxınlıqdakı evə giririk. Orda qəbirstanlıq barədə bizə bir söz demirlər, "belə şeyi" heç təsəvvür belə etmədiklərini vurğulayırlar. Sürücü köks ötürüb biz geri - mehmanxanaya qaytarır.
İkinci rus qəbirstanlığına günorta gedirik. Günəşin bol-bol işıqlandırdığı təpədə köhnə qəbrlər, arxasında Nazran xəstəxanası var. Böyük vətən müharibəsindən qalmış qardaşlıq qəbirstanlığı tərk edilib, amma kimsə ara-sıra bura baş çəkir. Hər iki qəbirdən birinin yanında balaca-böyük çuxurlar qazılıb. Çuxurlar arasında müxtəlif sümüklər, ölü pişik, toyuq lələkləri var. 1949-cu ilə aid qəbrdə hansısa dördayaqlının dırnaqları var. Biz xaçın dibinə qoyulmuş plastik kukla başını nəzərdən keçirəndə aşağıdan qışqırıq səsləri gəlir. Darvazanın ağzına yerli sakinlər yığışıb, qışqıran onlardır, bizi cadugər biliblər.
- Həə, jurnalistlər... Elə bildik siz də onlardansız. - Məhəmməd adlı bir kişi belə deyir. - Mən artıq burda bir neçə şarlatan tutmuşam. Bir dəfə axşam bir maşın gəldi, yaşlı bir qadın düşüb qəbrin böyründə bir bükülü basdırdı. Gözlədim, onlar gedəndən sonra o bükülünü çıxardıb baxdım - heyvan dırnaqları, sümüklər, kağızlar vardı. Sabahsı gün yenə gəldilər, yanlarında bir kişi vardı. Sən demə, qardaşında son mərhələ xərçəng xətəliyi aşkar olunubmuş, bu nənə da ona deyib ki, qardaşına cadu ediblər və filan qəbirdə basdırıblar.
"Bütün qadınlar mənim masajımdan sonra doğurlar"
"Antisehr" yaranandan sonra İnquşetiyada cadugər tapmaq çətindir. Yerli Cuna respublikanı tərk edib, falçılar gizləniblər - kimisi öz xoşuyla, kimisinə uşaqları qadağan edib.
Müştərilərin sözlərinə görə, bir falabaxmanın qiyməti 500 rubldur. Biz bu yaxınlara qədər falçılıq etdiyi, amma artıq bu işi buraxdığını deyən Lyudanın evinə gedirik.
"Bir vaxt bizdə el təbiblərinin çoxunu öldürmüşdülər. İndi yenə başlayıblar. Bunu polislər etmir axı. Xüsusi adamlar məşğuldur bu işlə. Deyirlər, guya islamda o olmaz, bu olmaz. Gənclər də ki, külək hara əssə, ora əyilirlər" - Lyuda "Antisehr" haqqında belə deyir.
O inanır ki, fal qabiliyyəti ona nənəsindən keçib. Böyük qardaşı lobyayla fala baxa bilir, ortancıl əkizlər kartla: "Bircə kiçik bacım Məryəm heç nə hiss etmir, qoyundur elə bil. Elə hey təəccüblənir ki, bu hissiyyat bizdə hardandır. Amma mən əsasən masajla məşğulam. Mədə və uşaqlığın masajıyla. Yəqin ki, əllərimdə biotok var, ya da buna bənzər bir şey. Sanki rentgendirlər, adama toxunanda içini görmüş kimi oluram. Mən əllərimlə hiss edirəm".
Lyuda deyir ki, həkimlər özləri pasiyentləri onun yanına göndərirlər: "Deyirlər, gedin Lyudanın yanına, o, əyriliyi müalicə edir. Bütün qadınlar mənim masajımdan sonra doğurlar. Amma mən cadu işini bacarmıram. Bu işlə məşğul olanları da qınayıram. Cadunu pozdurmağa gələnlər olurdu, onları suyla müalicə edirdim. Razı qalırdılar. Amma desəm ki, mən təbibəm, çox böyük şişirtmə olardı. Mən cadugər olsaydım, bu cındır daxmada yaşamazdım. Mənə o qədər pul verərdilər ki, ev də tikərdim, mənzil də alardım".
Lyuda 12 minlik pensiyasından 180 minlik kredit üçün ödəmələr edir - oğlu evlənib. Gəlinə qəşəng üzük, qudalara samballı hədiyyələr almaq, evlərinə şirniyyat, meyvə səbətləri göndərmək lazım gəlib. Təzəlikcə "Alfa-bank"da oğluna kredit kartı açdırıb. Bufeti bazardan nisyə alıblar, televizor və soyuducunu aylıq 2500 rubl ödəməylə "Eldorado"dan kreditlə götürüblər.
Bu yerdə Lyuda qəfil söhbətini kəsib bizdən soruşur:
- Hansınızın başı ağrımağa başladı?
- Məndə. Bir az. - Prodüserimiz mızıldanır.
- Aşağıdan, gözlərinin üstü tərəfdən, eləmi? Bir az da ürəkbulanman var.
- Necə bildiz bunu?
- Hiss etdim. Özümün də ürəyim bulanır, başım ağrıyır, gözlərim də.
- Siz başqalarının ağrılarını hiss edirsiz?
- Artıq sənin ağrını öz içimdən keçirdim. İndi çəkib çıxaracam, yüngülləşəcəksən.
Lyuda məsləhət üçün yanlarına getdiyi falçıları yada salır: "Hamının təriflədiyi Cuna mənə ərimin hələ sağ olduğunu demişdi. Hələ Elza - yaxşı pul "qırır", ev tikib, amma apardığım şəkildə oğlumla qızımı ayırd edə bilməmişdiı. Bircə Roza dəqiq deyir, güclü hissiyatı var, amma qorxudublar, indi heç kimi qəbul etmir".
Onun birmərtəbəli daxmasından çıxıb gölməçələrlə dolu həyətdən keçirik.
Axşam "Antisehr"in yeni reydi olacaq.
Təbib Baraxoyev gün ərzində beşinci cini qovub çıxarmağa hazırlaşır.
Qəbirstanlıq hasarından 3 kilometr aralıda 50 yaşlı bir qadın torbasına torpaq yığır, bir qədər aralıqda dayanmış maşından onu videoya çəkirlər. Tezliklə bu çəkiliş WhatsApp vasitəsilə yerli qruplara göndəriləcək.
Ərindən boşanmış Zarina cəmi altı aydır ki, yuxuda ilan görmür.
Mən prodüserə tərəf çevrilib soruşuram:
- Sənin doğrudan başın ağrıyırdı?
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar