Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Atası üçün əxlaqsız, dünya üçün dahi olan qadın - ARAŞDIRMA

Tarix: 27-10-2017 09:40     Baxış: 5772 A- / A+
Atası üçün əxlaqsız, dünya üçün dahi olan qadın


İranlı rejissor Əsgər Fərhadiyə müsahibələrinin birində belə bir sual verirlər: "Sənət adamları üçün heç bir sərhəd olmamalıdır. Sizin yaşadığınız və çalışdığınız ölkədə isə qadağalar çoxdur. Bu sizin yaradıcılığınıza pis təsir etmirmi?

Əsgər Fərhadi cavabında "Bəli, mən uşaq vaxtından istər məktəbdə, istərsə də universitet zamanı bu məhdudiyyətlərlə qarşılaşmışam. Amma sizə bir sirr verim. Əgər İranda bu qadağalar olamasaydı, mən Əsgər Fərhadi ola bilməzdim" deyir.

Qonşu ölkədə qadınların hüquqsuzluğu və qadağalar XXI əsrdə də davam edir. Lakin bütün bunlara baxmayaraq, İran ədəbiyyatı, filmi, musiqisi dünyanın ən ciddi incəsənət nümunələri arasına çıxa bilir. Uzağa getməyək, elə Əsgər Fərhadinin 1999-cu ildə rejissoru olduğu "Külək bizi aparacaq" filmində belə bir dialoq var:

- O şair Furuğ neçənci sinifə qədər təhsil alıb?
- 4 və ya 5-ci sinifə qədər təhsil alıb yəqin ki, həm də şeir yazmaq üçün təhsil almağa ehtiyac yoxdur, bu bir istedaddır. Sənin də istedadın varsa, şeir yaza bilərsən.


İstedadı bitki kimi təsəvvür etsək, münbit şərait olmasa, o məhv olacaq. İstedad da elədir. Məsələn, İran bu istedadı inkişaf etdirmək üçün münbit yerdir. Çünki istedadlı insan azad olmaq istəyir. Eşqlərin ən möhtəşəmi azadlıq eşqidir. Bu eşq və istedad birləşməsəydi, dünya Furuğdan məhrum olardı. Və biz küləyin bizi aparacağına inanmazdıq.

Kiçik gecəmdə mənim, təəssüf,
küləyin yarpaqlarla görüşü var,
kiçik gecəmdə mənim müsibət qorxusu var...


Furuğ Fərruhzad şair, rəssam, rejissor, İranda doğulan və azad yaşamağı bacaran qadın. 1935-ci ildə Tehranda hərbçi ailəsində dünyaya daha bir rəngli insan gəldi. 9 illik təhsili olan Furuğun uşaqlığını keçirdiyi evdən qazancı yalnız atasının kiatbxanası olub. Uşaqlıqdan sakit təbiətli, amma istədiyini tələb edən, heç kimə boyun əyməyən bir xarakterə malik idi. Bacısı Puran onun uşaqlığından danışarkən deyirdi: "Xidmətçi onun üstünə qışqırar, nənəsi dişlərini qıcadırdı, Əmir vurur, Firidun (qardaşı) onun əlindən ağlayırdı. Atamız evi işi ilə səhv salır, anamız isə elə bil acımasız məktəb müdiri idi, ya da bizi oyuncaqla səhv salardı: yatmaq saatı, oyanmaq saatı, oyun saatı... paltarların rəngi, biçimi, yemək növləri, necə yemək lazım olduğu, yemək ədəbi, yatmaq ədəbi, danışmaq ədəbi, dinləmək ədəbi, qonaq getmək ədəbi, oyun oynamaq ədəbi, nəfəsa almaq ədəbi... Həbsxanada bir udum azadlıq eşqi ilə yanan məhbuslar".

Bəs bu həbsxanadan qaça biləcəkmi, Furuğ? 15-16 yaşlarında atası yaşda olan Pərviz Şapura aşiq olur. Bacısının sözləri ilə desək, "o Pərvizdə hər zaman görmək istədiyi ata sevgisini axtarırdı". O dönəmin intellekual simalarından biri idi Pərviz. Lakin münasibətlərinin ilk dönəmində Furuğa qadınlara güvənmədiyini demişdi. Ailəsinin narazılığına rəğmən, Furuğ 1950-ci ildə Pərvizlə evlənir və həyat yoldaşının işlərinə görə Ahvaz şəhərinə köçürlər. 1 il birlikdə yaşayır, lakin yola gedə bilmirlər. Furuğ 1951-ci ildə Tehrana - ata evinə qayıdır və gələn kimi "Günah" adlı şeirini yazır. Şair Firidun Moşirinin köməyi ilə "Roşenfekr" jurnalında çıxan bu şeirlə qiyamət qopur:

Günah işlədim, ləzzət dolu bir günah
Titrəyən, bir bədənin yanında.
Tanrım, bilmirəm nə etdim,
o qaranlıq, susqun gecədə...


Furuğ cəsarətli sevir, o sevgisini, nifrətini, ehtirasını açıq şəkildə bəyan edə bilir. Bu şeirə görə evdən qovulub, əxlaqsız qadın damğası yesə də, o, həqiqi sevgisindən imtina etmir. Həyat yoldaşının evinə qayıtmağa məcbur olur və 1952-ci ildə oğlu Kamiyar dünyaya gəlir. Elə həmin il ilk kitabı "Məhbus" çıxır. Oğlunu çılğınlar kimi sevirdi Furuğ. Amma bilmirdi ki, eyni hərarətlə sevdiyi və hər zaman "Sevgili Pərvizim" dediyi həyat yoldaşı öldüyü günə qədər ona öz oğlunu göstərməyəcək. Bəlkə də, onu güclü edən bu ayrılıqlardır. İnsan həsrət çəkdiyi, darıxdığı zaman daha çox böyüyür. Furuğ Pərvizdən ayrıldığı zaman "Rezai Ruh xəstəlikləri" xəstəxanasında qalır. Dəli olan Furuğ idi, ya onun yaşadığı cəmiyyət?

Oğlundan və sevdiyi insandan daha da uzağa gedir Furuğ. 1956-cı ildə İtaliyaya, ordan da Almaniyaya böyük qardaşı Əmir Məsudun yanına. O şeirə olan sevgisini atasına yazdığı məktubda bu cür açıqlıyır: "Mənim üçün ən önəmli şey şeirdir. Şeir özümə və şəxsiyyətimə qarşı duyduğum ən böyük məsuliyyətdir. Həyatıma vermək məcburiyyətində qaldığım cavablardan ən vacibidir həm də".

Furuğ 23 yaşında, 1958-ci ildə ikinci şeir kitabı "Üsyan"ı nəşr etdirir. Artıq onu bütün dünya tanıyır. Pərviz onun şeirlərini görməzdən gəlsə də, atası üçün o əxlaqsız bir qadın olsa da... İnsanların fikri Furuğu heç vaxt maraqlandırmayıb. Elə İbrahim Gülistaniyə aşiq olduğu zaman da. İbrahim Gülistani evli idi və iki uşağı var idi. Rejissorla birgə çalışmağa başlayan Furuğun həyatında İbrahimin yeri əvəz olunmazdır. O bu yasaq sevgisini belə ifadə edirdi:

Həyat bəlkə də o çarəsiz olan andı,
mənim baxışımın sənin nəmli gözlərində
özünü paramparça etdiyi
və bir duyğu var bunda
mənim
ay və qaranlığın hissi ilə birləşdirəcəyim.
Yalnızlıq ölçüsündə bir otaqda,
eşq böyüklüyündə ürəyim,
xoşbəxtliyinin sadə bəhanələrini izləyər,
Saxsıda o sevimli güllərin məhvini
və sənin baxçamıza əkdiyin fidanı
və bir pəncərə ölçüsündə oxuyan
bülbül nəğmələrini.


Bir dəfə Puran studiyaya Furuğu görməyə gəldiyi zaman, onu ağlayan görür. Puranın israrından sonra o İbrahimin həyat yoldaşına yazdığı məktubu gördüyünü deyir. Məktubda o Furuğla sadəcə zaman keçirdiyini, onunla olan münasibətinin heç bir dəyəri olmadığını vurğulayır. Furuğ özünə söz verir ki, ondan ayrılacaq. Amma hər şey başqa cür olur və onların arasındaki eşq daha da qüvvətlənir. İbrahim Furuğa bir neçə dəfə evlilik təklif etsə də, rədd cavabı alır. Furuğ onun həyat yoldaşına və uşaqlarına hörmət edirdi.

İbrahim Furuğu dəflərlə İngiltərəyə kino haqqında biliklərini dərinləşdirməyə göndərir və Furuğ nəhayət ki, öz filmini çəkir. "Qara ev" adlı sənədli film Təbrizdə Cüzam xəstələrinin yaşadığı xəstəxanada çəkilir. Furuğ film haqqında xatirələrində deyirdi:

"Mən onlara xəstə kimi yanaşmırdım. Onların yaralarına toxunurdum. Dərdlərini, ağrılarını hiss edirdim. Ona görə də onlar mənə güvəndilər. Tez-tez məktub yazıb, dərdlərini mənimlə bölüşürdülər".

Furuğ filmi çəkərkən cüzamlı bir ailənin uşağı olan Hüseyn Mansuru övladlığa götürür. Hüseyn Kamiyarın həsrətini az da olsa, azalda bilir. Hüseyn sonradan anasının şeirlərini alman dilinə ən yaxşı tərcümə edənlərdən biri oldu.

Film bir çox festivallarda mükafata layiq görülür. Daha sonra UNESCO Furuğ haqqında 30 dəqiqəlik sənədli film çəkir. Məşhur rejissor Bernardo Bertoluççi İrana Furuğla bağlı reportaj hazırlamağa gəlir, lakin həyatı haqqında 15 dəqiqəlik film çəkməyə qərar verir. Dünya artıq Furuğu kəşf etmişdi.

Furuğ bir gün İbrahimlə dalaşır. Xidmətçilərin sözünə görə bu dava əvvəlkilərindən daha şiddətli olur. Və Furuğ ikinci dəfə intihara cəhd etsə də, xilas ola bilir. Lakin əcəlin onu tez tapacağından xəbərisiz idi. Bundan sonra Furuğ sevgilisi İbrahimə "Yenidən doğuş" şeirini yazır və 1963-cü ildə eyni adlı üçüncü kitabı nəşr olunur.

1964-cü il 14 fevral yağışlı bir gündə kitabxanada tərcümə ilə məşğul olan Furuğ anasını görməyə gedir. Anasının dediyinə görə, Furuğ onunla sağollaşarkən dodaqları hər zaman olduğundan daha soyuq idi. Və ölümünə getdiyini bilərcəsinə sürücüsünə maşını idarə etməyə icazə vermir. Sükan arxasında özü əyləşir. Darüşşal Marvdosht ve Logumanoddovleh küçələrinin kəsişməsində avtobusla toqquşmamaq üçün maşını divara çırpır. Maşından çölə atılır və başını yoldakı səkiyə vurur. 32 yaşında xəstəxanaya çatmadan dünyasını dəyişir Furuğ...

"Bitdi artıq" dedim anama
Yalnız düşünmədən əvvəl olur olanlar
qəzetə başsağlığı elanı verməliyik" dedim

boş insan
güvənlə dolu, boş insan
bax dişləri necə
çeynəyərkən marş söyləyir
və gözləri necə
yırtılır baxanda
və o necə islaq ağacların yanından keçir
dayanclı,
ağır,
başı boş

(qaynarinfo.az)



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar