Xəbər lenti
Putinin gizlədə bilmədiyi kürd sevgisi
Böyük dövlətlər “kürd kartı”ndan niyə vaz keçə bilmir?..
Rusiya prezidenti Vladimir Putin Suriya kürdləri ilə əməkdaşlığı davam etdirəcəklərini deyib. O, mayın 15-də Çində keçirilən “Bir qütb, bir yol” forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib. Putin terrorçu PKK-nın Suriyadakı qolu YPG ilə əməkdaşlığı davam etdirmələrində Türkiyənin narahatlığına səbəb görmədiyini də vurğulayıb.
Rusiyanın Suriya kürdləri ilə əməkdaşlığı yeni hadisə olmasa da, Putinin bu açıqlaması əməkdaşlığın ən yüksək səviyyədə aparıldığını göstərməklə yanaşı, Türkiyəyə də mesaj xarakteri daşıyır. Çünki Türkiyə Suriya kürdləri mövzusuna həssas yanaşır və kürdlərə verilən dəstəyi özünə qarşı addım hesab edir. Putin bunu bilə-bilə kürdlərlə əməkdaşlıq etdiklərini deyir.
Rusların Suriya kürdləri ilə əməkdaşlığı faktı hələ 2 ay əvvəl Suriyanın kürd kantonlarından olan Afrində rus xüsusi təyinatlılarının göründüyü zaman rəsmən təsdiqlənmişdi. O zaman açıqlama gəldi ki, ruslar, sadəcə, bölgəyə hərbçi göndəriblər, amma baza qurmayacaqlar. Daha sonra isə rəsmi açıqlama verildi ki, ruslar Afrin bölgəsində hərbi təlim mərkəzi quracaqlar. Bu ilin martında PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Redur Xəlil rusların Afrində YPG silahlılarına təlim verəcəyini bildirmişdi. Hətta Rusiyanın Suriyadakı hərbi komandanlığına məxsus döyüş maşınları və hərbçilərin kürd bölgəsində rəsmləri də yayılmışdı.
Məlum oldu ki, amerikalılarla yanaşı, ruslar da YPG və onun birləşdiyi Suriya Demokratik Qüvvələrinə hərbi təlim keçir, onların İŞİD-lə mübarizəsinə dəstək verirlər. Təxminən həmin ərəfədə Rusiya ekspertlərinin Suriyanın yeni konstitusiya layihəsində kürdlərə muxtariyyət və ya federal ərazi statusu verilməsini təklif etmişdilər. Amma həmin vaxt Suriya rəhbərliyi, konkret olaraq Bəşər Əsəd bu təklifə qarşı çıxdı.
Ancaq fakt odur ki, 3 ildən çoxdur Suriyada faktiki olaraq böyük bir əraziyə nəzarət edən kürd silahlı gücləri var. Onların nəzarət etdiyi bölgədə bütün yerli hakimiyyət kürdlərin siyasi təşkilatı olan PYD-yə məxsusdur. 2015-ci ilin payızında Suriyanın şimalında PYD-nin nəzarət etdiyi bölgədə kürd federal subyekti elan olunub. Ötən ilin payızında isə kürdlər Suriyada 4 kantonu birləşdirən federal kürd bölgəsinin “konstitusiya”sını hazırladılar.
Xatırladaq ki, son olaraq Trampın imzaladığı sərəncam əsasında Pentaqon Suriya kürdlərinə tanklar, istilik raketləri, səhra döyüş maşınları və atıcı silahların da daxil olduğu 300 milyon dollar dəyərində silah və sursat verəcək. Artıq silah və sursatın ilk partiyası Şimali İraq ərazisindən Suriyaya gətirilib.
Suriya kürdləri son 3 ildə, xüsusən də İŞİD bölgədə aktivləşdikdən sonra ABŞ-la yaxın əməkdaşlıq edir. Amerikalılar Kobani əməliyyatında kürdlərə havadan dəstək verməklə yanaşı, kürd qüvvələrinin formalaşmasında iştirak edib. Hazırda Qamışlıda 1000-ə yaxın ABŞ hərbçisinin (təlimatçı və xüsusi əməliyyatçı) olduğu bildirilir. Bundan başqa, YPG və onun daxil olduğu Suriya Demokratik Qüvvələri silahlı birləşməsinin əməliyyatlarına ABŞ hərbi aviasiyası havadan dəstək verir. Pentaqon İŞİD-ə qarşı əməliyyatlarda kürdlərlə yaxından əməkdaşlıq edir. Rakka əməliyyatını da kürdlərin flaqmanı olduğu SDQ həyata keçirəcək.
Həm amerikalıların, həm də rusların Suriya kürdlərinə bu qədər açıq şəkildə dəstək verməsinin bir səbəbi var: kürdlər vasitəsilə region ölkələrinə təzyiq etmək. Vaşinqton və Moskva bilir ki, kürdlər yaranmış vəziyyətdən istifadə edərək bölgədə 100 ildən sonra dövlət və ya ən azı muxtariyyət statusu ala bilərlər. Bu isə ilk növbədə Suriyanın dövlət sisteminin dəyişməsi, unitar şəklini itirməsi sayəsində ola bilər. Ancaq Suriyada kürd muxtariyyəti Türkiyədə kürd separatizmini alovlandıracaq. Suriya və Türkiyə ilə yanaşı, İraqda, sonrakı mərhələdə isə İran üçün kürd separatizmi problemi yenidən aktuallaşacaq. Yəni dolayısı ilə kürd faktoru region ölkələrinə qarşı ciddi təzyiq vasitəsinə çevriləcək. Bu səbəbdən də həm Amerika, həm də Rusiya kürdlərlə yaxından əməkdaşlıq edir. Kürd məsələsinin yaxın gələcəkdə bölgədə ikinci İsrail olması ehtimalı var ki, bu da davamlı xaos və münaqişə ocağı, eyni zamanda böyük dövlətlərə daimi ehtiyac deməkdir.
KƏNAN
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar