Sizin Reklam Burada
Xəbər lenti
29-10-2026
28-10-2026
BÜTÜN XƏBƏRLƏR

Baş prokuror Mazin bin İbrahim əl-Kahmus ilə görüşdü

Tarix: 29-10-2026 18:39     Baxış: 347 A- / A+

Baş prokuror Mazin bin İbrahim əl-Kahmus ilə görüşdü - FOTO

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmusun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 29-da Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının prezidenti Mazin bin İbrahim əl-Kahmus ilə görüşüb.
Görüşdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, habelə əldə olunan müsbət nəticələr barədə məlumat verib.
Baş prokuror Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın siyasi, iqtisadi, enerji və humanitar sahələrdə ardıcıl inkişaf etdiyini vurğulayıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərdiyi dəstəyin ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.
Görüş zamanı Baş prokuror Bakıda keçirilmiş yüksək səviyyəli görüşün uğurla təşkil olunmasının İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, əlaqələndirmənin gücləndirilməsi və birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalamasının korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə, dövlətlər arasında operativ məlumat mübadiləsinin genişləndirilməsinə və cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar olunaraq geri qaytarılması sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verəcəyini qeyd edib.
Bundan başqa, Baş prokuror 2025-ci ilin oktyabrında Ciddə şəhərində keçirilmiş MENA-ARIN (Yaxın Şərq və Şimali Afrika Regional Aktivlərin Qaytarılması Şəbəkəsi) regional aktivlərin qaytarılması şəbəkəsinin ilk illik iclası çərçivəsində Mazin bin İbrahim əl-Kahmus ilə görüşünü xatırladaraq, bu təmasların əhəmiyyətini vurğulayıb. O, həmin görüşlərdə müzakirə olunan məsələlərin davamlı dialoq və təcrübə mübadiləsi vasitəsilə praktiki əməkdaşlığın genişləndirilməsinə imkan yaratdığını bildirib.
Öz növbəsində, Nazaha-nın prezidenti Mazin bin İbrahim əl-Kahmus görüşün əvvəlində İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün yüksək səviyyədə təşkilinə və uğurla keçirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, bu cür beynəlxalq tədbirlərin korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində 2023-cü ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumunun icra vəziyyəti və İƏİT, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, GlobE Network və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə tərəflər arasında mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması, əlaqələndirici qurumlar arasında operativ təmasların gücləndirilməsi, korrupsiya cinayətləri üzrə məlumat mübadiləsinin genişləndirilməsi və qarşılıqlı hüquqi yardım imkanlarından daha səmərəli istifadə edilməsi məsələlərinə diqqət yetirilib.
Baş prokuror Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı mübarizə sahəsində qlobal təşəbbüslərini, o cümlədən GlobE Network-un yaradılması və Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüsün həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. Azərbaycanın bu təşəbbüslərə verdiyi dəstəyin bariz nümunəsi kimi 2025-ci ilin mayında Bakıda GlobE Network-un 6-cı Plenar İclasının və İdarəetmə Komitəsinin 10-cu iclasının keçirilməsi diqqətə çatdırılıb.
Tərəflər korrupsiyaya qarşı mübarizənin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq və regional əməkdaşlığın əlaqələndirilmiş şəkildə həyata keçirilməsini tələb etdiyini vurğulayıblar. Bu baxımdan, transsərhəd korrupsiya cinayətlərinin aşkar edilməsi və istintaqı, cinayət yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və qanuni sahiblərinə qaytarılması, habelə bu istiqamətlərdə operativ məlumat mübadiləsinin təşkili üzrə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq əməkdaşlıq platformalarının imkanlarından istifadə, mütəxəssislərin peşəkar hazırlığı və birgə fəaliyyətin praktiki nəticələrinin artırılması da müzakirə olunub.
Görüş zamanı Azərbaycan Respublikasının prokurorluq orqanları ilə səmərəli əməkdaşlığına, korrupsiyaya qarşı mübarizə sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin genişləndirilməsinə verdiyi töhfələrə görə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim əl-Kahmus medalı ilə təltif edilib.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli, həmçinin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev iştirak ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar