Sizin Reklam Burada
Xəbər lenti
09-10-2026
08-10-2026
BÜTÜN XƏBƏRLƏR

Ağoğlanın ağ günü - Hadrutun azadığından altı il ötür....

Tarix: 09-10-2026 20:43     Baxış: 483 A- / A+



Əkbər QOŞALI


9 oktyabr – Azərbaycan tarixinin həm hərbi-siyasi, həm də mənəvi məna daşıyan günlərindəndir. 2020-ci ilin bu günü Hadrutun – Ağoğlanın azad olunması ilə Qarabağın yığvalında yeni bir səhifə açıldı. Bir yaşayış məntəqəsinin işğaldan qurtuluşu olan o səhifə, bütöv bir bölgənin öz tarixi yaddaşına, öz təbii həyat axarına qayıdışını müjdələyirdi.
Altı il ötür…
Bu altı ilin ilk çağlarında biz daha çox azadlıqdan danışırdıq. Sonra azadlıqdan abadlığa keçidin dərin anlamını düşündük. Böyük Qayıdışın yolların, evlərin, körpülərin bərpası olmaqdan ötə, həm də yaddaşın, inamın, insanla yurd arasındakı mənəvi bağların yenidən qurulması demək olduğunu vurğuladıq. İndi – 2026-cı ilin 9 oktyabrında isə Ağoğlanlı Qarabağa bir qədər də gələcəyin gözü ilə baxırıq.
Bəli, azadlıq tarixi hadisədir, abadlıq onun maddi təcəssümü; ancaq yurdun əsl dirçəlişi insanın öz doğma torpağında yenidən həyat qurması, o torpağın öz səsinə, öz sözünə, öz gündəlik nəfəsinə qovuşmasıdır.
Hadrutun azadlığı 44 günlük Vətən müharibəsinin önəmli hadisələrindən biri oldu. Bu qəsəbənin azad edilməsi hərbi əməliyyatların sonrakı gedişinə təsir göstərməklə yanaşı, toplumda Zəfərə inamı daha da möhkəmləndirdi. Oradan Şuşaya, Şuşadan bütöv Qarabağa uzanan Zəfər düşüncəsi xalqın yaddaşında artıq ayrılmaz bir mənəvi xəritədir.
“Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” – o günlərin unudulmaz sözüdür. Bu gün o xəritəyə yeni cizgilər əlavə olunur. Öncələr qurtulmuş yurd yerlərinin adı daha çox hərbi xəbərlərdə səslənirdisə, indi həmin adların məktəb, mədəniyyət ocağı, yaşayış məhəlləsi, təsərrüfat, yol və quruculuq xəbərlərində çəkilməsi tarixi dəyişimin parlaq ifadəsidir.
Burada bir incə məqam da var – azad yurd orada həyat yenidən kök salanda mənən (və hər anlamda) bütövləşir. Torpağın siyasi-hüquqi mənsubiyyəti ilə onun mənəvi-mədəni yaşantısı bir-birini tamamlamalıdır. Qarabağda apardığımız bərpa, yenidənqurma işlərinin uzunmüddətli anlamı da bax, bu vəhdətdə axtarılmalıdır.
Ağoğlan – Hadrut…
Adların özündə də bir yaddaş yaşayır. Ağoğlan adı bizə ağlığı, işığı, ağatlı oğlanı, yarınlara açılan üfüqü xatırladır. Hadrut isə onilliklər boyunca hərbi-siyasi xəbərlərin içində eşitdiyimiz, indi yenidən dinc həyatın ünvanına çevrilməsi diləklərinin yurd yeridir. Adların tarixi və etimologiyası ayrıca elmi araşdırma mövzusu olsa da, bu gün onların çevrəsində qurulan mənəvi anlam aydındır: insanın öz yurduna, yurdun öz sabahına qovuşması!
Zəfər yalnız keçmişin yekunu olaraq çıxış etmir, o, gələcəyin məsuliyyətidir. – 2026-cı ilin baxış bucağından Hadrutun qurtuluşuna nəzər salarkən bu həqiqət daha aydın görünür.
Qazanılmış azadlığı davamlı və adil sülhə, quruculuğa, mədəni tərəqqiyə çevirmək – tarixin bizə ünvanladığı yeni görəvdir.
Bu gün Hadrutun azadlığının altıncı ildönümüdür.
Altı il öncə Azərbaycan əsgəri bu torpağa qurtuluş gətirdi. İndi həmin qurtuluşun üzərində yeni yaşamın, yeni mədəni mühitin, yeni nəsillərin gələcəyinin qurulması tarixi önəm daşıyır.
Ağoğlanın ağ günü yalnız 9 oktyabrda qalmamalı – onun hər yeni sabahı olmalıdır!
Qurtuluşun qutlu olsun, Ağoğlan!
Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
P.S.
Hadrut toponiminin etimologiyası ilə bağlı fərqli elmi mülahizələr mövcuddur. Biz heç bir mülahizədə ermənicə adıymış kimi bir izaha rast gəlməmişik. Daha geniş yayılmış izaha görə, ad “iki çayın arası” anlamını verir və yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlanır. Bununla yanaşı, dilçi alim Qara Məşədiyevin araşdırmalarında adın türk toponimikası ilə mümkün bağlılığına dair yanaşma diqqət çəkir.
Addakı “Had” “kat/gad/xat/hat”,
“(r)ut” isə “ud/ut” türk qaynaqlı sözlərlə səsləşir. Örnəyi, “Alpout”u yada salaq…
Bu baxımdan Hadrutun etimoloji qaynağı ayrıca, daha dərin araşdırmaya açıqdır.
Ağoğlan isə özlüyündə aydın türk dil materialı əsasında formalaşmış addır; onun Hadrutla tarixi-toponimik bağlılığının dəqiqləşdirilməsi də önəmlidir. Axı Türk dünyasının tarixi yaddaşı böyük dövlətlər, savaşlar, zəfərlərlə birgə, həm də dağların, çayların, obaların, yurd yerlərinin adında yaşayır. Yer adları da yaddaş abidələridir – onları öyrənmək keçmişi tanımaq, qorumaqsa gələcəyə mənəvi miras ötürməkdir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar