Xəbər lenti
Elza Seyidcahan koronavirusa da şeir həsr etdi:"Taclı eybəcər..." - Şok müsahibə/Video
Əməkdar artist Elza Seyidcahan teleqraf.com-un suallarını cavablandırıb.
Manevr.az həmin müsahibəni təqdim edir:
- Elza xanım, karantin rejimində vaxtınızı necə keçirirsiniz?
- Vaxtım əvvəl necə idisə, indi də elə davam edir. Sadəcə öpüşlərdən uzaqlaşmışam. Öpüşənlər isə xalqımız, sevənlər, fanatlar, pərəstişkarlarımızdır. Bütün günü məni bağrına basıb, öpüb, şəkil çəkdirirdilər. Əvvələr hər gün el şənliklərində, tədbirlərdə olurduq. İndi isə evdə və efirdə oluram. Efirə tez-tez çıxmağı özümə borc bilirəm. Bir çox adam deyirlər ki, sənin statusunda olan müğənni bəzi verilişlərə getməməlidir. Bir neçə müğənni var ki, proqramlara getməkdən imtina edir. Deyirlər ki, efirə tək gəlmək istəyirəm, filankəs ordadırsa, getmirəm.
Barəmdə deyirlər, siz, özünü çəkən insanlardan qat-qat sadə insansınız. Düzdür, bu gün elələri də var ki, yaxşı mənada seçim edirlər. Bu günlərdə gərgin iş rejimindəyik, bəstəkar kimi mahnılarımı bəstələyirəm, şairə kimi şeirlərimi yazıram, ana kimi övladlarımın, nənə kimi nəvəmin qayğısına qalıram. Məsafəmi qoruyuram. Çalışıram ki, ruh düşkünlüyü olmasın. Nə olur-olsun, bizim bədbin olmağa ixtiyamız yoxdur.
Əvvəl tək idim, indi bacımla bu yoldayıq. Bacımla çalışırıq ki, ehtiyacı olan insanların yanında olaq. Ölkə başçımız İlham Əliyev dəfələrlə deyib ki, sosial məsəfəni qoruyun, maska taxın, qaydalara riayət edin, özünüzü qoruyun.
Bu da keçəcək. Bu, bəşəriyyətin problemidir. Karantin rejiminə riayət etməliyik. Biz də ailəlikcə cənab Prezidentin əmrinə tabeyik. Allah ölkəmizi qorusun.
- Koronavirusa şeir həsr etmisiz?
- Bəli, koronavirusa şeir həsr etmişəm, "Taclı eybəcər" adlanır.
Deyək sənə niyə gəlmisən?
Yoxsa deyək xoş gəlmisən?
Sən ey taclı eybəcər!
İçində bir insaf varsa,
Nə olar, çıx get.
Vicdansız olmaz əcəl,
Yaşama qarğadan betər!
Tacın sənə qalxandırsa,
Qalxanını öz başında,
Edəcəyik tikə-tikə.
Biz olaq əkə, sən bizə ləkə,
Virusunla virusları
Silkələ, məhv elə.
Elə et ki, ulasınlar.
İt kimi tutub, yıx yerə qap.
Döyəclə göyərt, yırğala çap.
Şillələ-şillələ...
Dondurmavirus.
Sən hərdən gəl,
Qanımızı, südümüzü,
Təmizlə!
Dostumuza hörmət elə,
Düşmənimizi kəniz elə,
Zinamızı düyünlə,
Qorxunc səsin-küyünlə.
Sədası xoşdur düzü,
Təmiz vicdan səsinin əks-sədasıdır özü.
Koronavirus.
Sirus əmi, düyümüzü, qəndimizi,
Pilus əmi, paklığımızı, səmtimizi,
Sən isə bizim axrımızı?
Rahat yatmaq istəyənlər,
Öldü yüzü.
Açıldı üzü, dirildi quzu.
Qanlıvirus.
Sən bizə dürüst, biz sənə sürük.
O mənə düşük, mən ona küsük.
Hər birimiz tükdən nazik qıl körpüsü.
Koronavirus.
İstəyirəm vicdan rahatlığım gəlib,
Şükran rahatlığım olsun.
Ləkəli vicdan, hamı üçün,
Keçmiş olsun.
Təmiz vicdan,
Əyləncələr yanğısının məşəli olsun.
İstəyirəm, gözləyirəm, ağlayıram,
Mən onu çox istəyirəm.
Hallılarım amanı gəlsin özlərinə.
Yamanların yaxşısı girsin gözlərinə.
Sərvətimin qiymətidir vicdanlığım.
Vicdanımın külündən bəhrələndim.
İnsaf dinin yarısıdır, ləkəli virus.
Onsuz da sən nifrətlərə dönəcəksən.
Vaxt gələcək öləcəksən, koronavirus.
Onda...!
Sənin kimi ölənləri,
Basdıran da olmayacaq!
"Taclı eybəcər!"
- AMEA alimlərinin koronavirusla bağlı şeir yazacaqları haqqında xəbərlər yayılıb. Bunu necə qarşılayırsız? Şeirinizin həmin kitabda dərc edilməsini istəyərsizmi?
- Bu, təbii bir qərardır. Bu gün koronavirus yayılıb, əsrlər öncə taun və s. bir çox xəstəliklər olub. Bu gün koronavirus da bir bəla kimi gəlib. İnşallah ki, müalicəsi tapılacaq. Müalicəsi tapılana qədər özümüzü qorumalıyıq. Yaradıcı insan kimi mahnılar, şeirlər də yazmışam. Obrazımda da onu göstərirəm, onunla öz silahı ilə danışmalıyıq. Tarix incəsənətlə yaşayır. Mən də AMEA-nı dəstəkləyirəm. Əgər bu mövzuda şeir yazmayıblarsa, deməli, yaşamayıblar. Biz, bu problemi yaşayırıq və bu haqda düşünürüksə, deməli, yazmalıyıq. Bu gün virusla mübarizə aparırıq, vaxt olacaq ki, o, çıxıb gedəcək. Arzu edirik ki, virus çox geniş yayılmasın. Özünüz görürsünüz ki, sürətlə yayılır. Təəssüf ki, bəzi insanlar virusun mövcudluğuna inanmırlar. Amma inanmalıdırlar. Mən də deyirəm ki, inanmırsansa, yoluxanda inanarsan. Ona görə də hər kəs özünü qorumalıdır. Konkret sualınızın cavabına gəlincə, bəli, mən də istəyərəm ki, şeirim AMEA-nın şeirlər kitabında dərc edilsin.
Bəstəkarlar İttifaqından bizə xəbərdarlıq gəlib ki, karantin dövründə nə əsər yazmısınızsa, saxlayın. Müsabiqə keçiriləcək və o əsərlər Üzeyir Hacıbəyovun anım günündə səslənəcək.
- Virusa həsr etdiyiniz şeiri mahnı şəklində ifa etməyi düşünürsünüz?
- O, böyük şeirdir, mahnı kimi ifa etmək olmaz. Amma elegiya, ballada şəklində musiqi ola bilər.
- Tanışlarınız arasında koronavirusa yoluxan var?
- Televiziyalardan yoluxanlar barədə məlumat alırıq. Eləcə də tanışlarım arasında da virusa yoluxan var. Ailəlikcə onları müalicə edib, evlərinə göndəriblər.
- Özünüzü və ailə üzvlərinizi koronavirusdan necə qoruyursuz? Sosial məsafəyə riayət edirsizmi?
- Bəli, məsafəni qoruyuram, tez-tez spirt istifadə edirəm, əllərimi yuyuram. Şükür Allaha bizim ruhumuzda koronavirus yoxdur, amma elə ailələr var ki, onların ruhunda çoxdan koronavirus var idi. Mənə bu infeksiyadan qorunmaq asandır. Biz saf insanlarıq. Düzdür, hərdən məni Elzalıqdan çıxarırlar, kiməsə cavab verirəm. Deyirlər ki, son zamanlar qalmaqallı olmusan. Cavabında söyləyirəm ki, mənə dəfələrlə daş atırlar, dözürəm, sonunda da deyirlər ki, necə saf insandır. Onlara əyilirəm, "salam" verirəm. "Salam" verməyən adam koronavirusdan da təhlükəlidir. Ona görə də bəzi insanlar ruhlarının koronasını təmizləsinlər.
Bəziləri deyirlər ki, Elzadır da, nə desək, sakit dayanacaq. Elə deyənlərə dözürəm və sonda elə bir söz deyirəm ki, dediyinə peşman olur. Hətta kimə yaxşılıq edirəm, təmənna gözləmirəm. Hətta efirə çıxardığım tələbələrimə, üçüncü sinifi bitirib, özünü ulduz sayanlara da yaxşılıq edirəm. Amma onlar mənə yaxşılığı da qıymırlar, hətta pislik etməyə çalışırlar. Deyirəm ki, Allah İlhamə Quliyevaya rəhmət eləsin, onun sözü olmasın, çaşma, yerini bil.
- Necə düşünürsüz, peyvənd yaxın zamanlarda tapıla bilərmi?
- Onu mən bilmərəm, Allah kömək olsun. İnşallah ki, tapılar və tapılacaq. Azərbaycanımızdan o qədər dünya şöhrətli həkimlər çıxıb ki, LütfiZadə və başqaları. Ola bilər ki, koronavirusun çarəsini azərbaycanlı tapar.
- Pandemiya bitəcəyi təqdirdə ilk işiniz nə olacaq?
- Bütün günü məşğulam, şeirlər yazıram, mahnı bəstələyirəm, klip çəkdirirəm. Bacım Rasimə xanımla "Svetofor" adlı veriliş aparırıq. İnsanlardan xahiş edirəm ki, bu günlərdə sarı işığa doğru getsinlər.
- Artıq 3 aydrı ki, toy mərasimlərinin keçirilməsi qadağandır. Necə dolanırsız?
- Allaha qurban olum, biz, bu gün qarnımızı güdmürük. Əgər bu gün bir çətinliyimiz varsa, ölümdən ki yaxşıdır. Bəlkə Allah göstərməsin xəstəliyi bizə yollamazdı, dünyanın altını üstünə çevirərdi. Yəqin ki, Allah insanlara qəzəblənib koronavirusla cəzalandırdı. Allah eləsin ki, kütləvi yayılmasın. Çoxları deyir ki, çayxana üçün darıxmışam. Ailənin, balalarının yanında otur da. Biz bayıra çıxıb kimisə yoluxduracağıqsa, bu, düzgün deyil. Polislər də yazıqdır, onların da öz ailələri, ana, bacıları var.
Eləcə də həkimlərimiz. Onlar evlərinə də gedə bilmirlər. Xalqımızdan xahiş edirəm ki, qaydalara riayət etsinlər. Mən və bir çox sənət dostlarımız neçə-neçə ailələrə yardım etdik. Yaşlı insanları xəstəxanalara göndərirəm.
Nə qədər insanların övladlarını işlə təmin etmişəm, amma bu gün mənim uşaqlarım işləmirlər. Mənim kimi adamın evində maaş alan yoxdur. Oğlum iki ali təhsil müəssisəsini bitirib, həm də musiqiçidir, amma evdə maaş alan yoxdur. Əməkdar artist fəxri adına görə aldığım maaşın kartını da anama vermişəm.
Ona dedim ki, məni böyütmüsən, anama kömək etməsəm, dolana bilməz. Buna baxmayaraq, özümü xoşbəxt hesab edirəm, bədbinliyə qapılmıram.
- Oğlunuzun ailəsinə də siz kömək edirsiz?
- Bəli, mən kömək edirəm. Oğlum Əkbər İqtisad Universitetinin maliyyə fakültəsini bitirib. Qızım isə hüquq fakültəsini qurtarıb, üç dil bilir. Bəzi məmurlar bütün nəsillərini işlə təmin etdilər, gərək sənətkarların ağıllı uşaqlarını da düşünərdilər. Mənim kimi adamın övladları işsizdir. CV-ni təqdim edirəm, deyirəm ki, heç olmasa üç ay maaşsız işləsinlər. Mən özüm nə qədər başqalarının uşaqlarını işə düzəltmişəm.
- 190 manatlıq birdəfəlik yardıma görə müraciət etdiz?
- Kürəkənimə düşmədi, amma hazırda işləmir. Bacım və uşaqları 190 manat aldılar. Allaha həmd olsun, övladlarım işə də düzələrlər. Əsas narahatlığım odur ki, koronavirusun qarşısının alınmasına cəhd göstərməliyik.
- Elza xanım, son zamanlar mətbuatda oğlunuzla küsülü olduğunuz haqqında xəbərlər yayıldı. Bu nə dərəcədə doğrudur?
- Bəli, bu haqda xəbərlər yayılıb, amma düzgün deyil. Lap tutaq ki, küsülüyük, sizə nə? Biz, sizin ailənizə gəlib, deyirik ki, ailənizdə nə baş verir? Guya siz gəlib oğlumun təhsilində, həyatında kömək etmisiniz? Uşaqlarımı bu səviyyəyə sənətimlə gətirmişəm. Şükürlər olsun ki, hər iki övladım ailəlidir. Oğlum məni ana kimi sevir, amma ondan tələb edə bilmərəm ki, şair, bəstəkar kimi sevsin. Təbii ki, müğənni, bəstəkar kimi də sevir. Ola bilər ki, məni şairə kimi, yaxud da obrazımı sevmir. Amma mən buna görə oğlumdan imtina etmərəm, xalq məni bağışlamaz. Artıq xalq Elza Seyidcahanını Əkbərə görə itirə bilməz, buna görə günah qazanar. Əsas odur ki, son günə qədər ana missiyamdan dönmərəm.
- Bəs hazırda nədən gəlir əldə edirsiz?
- İnstaqramda reklamlardan pul qazanıram. Eləcə də bəzi şirkətlər evimə, kolbasa, toyuqlar göndərirlər. Onlara təşəkkür edirəm.
- Pula ehtiyacınız olarsa, hansı həmkarınıza ağız açarsız?
- Allah bizi bir-birimizə çox görməsin. Hərdən deyirlər ki, şou-biznesdəkilər bir-birinin paxıllığını çəkirlər. Təki bütün sahələr şou-biznes nümayəndələri kimi bir-birinə sadiq olsunlar. Mənim yaxın günlərdə səhhətimdə problem oldu. Sənət dostlarım dayaq olmasaydılar, bəlkə də evimdə yeməyə çörək tapa bilməzdim. Hər gün evimə bazarlıq edirdilər və yastığımın altına pul qoyurdular.
- Sizə yardım edənlərdən kimlərin adını çəkə bilərsiz?
- Təranə Vəlizadə, Gülyanaq və Gülyaz Məmmədova bacıları, eləcə də Nurlan Əzizbəyli həyat yoldaşı ilə yanıma gəlmişdi. Nurlan Əzizbəylinin özünün problemi var, onun yanına gedə bilməmişəm. Həmçinin Ədalət Şükürov, Könül Kərimova, Nüşabə Ələsgərli, Mətanət İsgəndərli həm maddi, həm də mənəvi kömək oldular. Hətta kürəkənimə deyiblər ki, bilirik Elza Seyidcahan istəmir, amma nəyə ehtiyac olsa bizə desin. İndi bilirsiniz, karantin dövründə kimlərə çətindir? Beş min manata toylara gedənlərə! Mənə maraqlıdır ki, indi nə ilə dolanırlar. Təmənnasız insanlar ilə dostluq etmişəm. Çətinliklərim var, amma Allaha dua edirəm ki, koronavirus bəlasından qurtulaq. Elə dostlarım var ki, evlərinə, ailələrinin yanına gələ bilmirlər, sərhədlər bağlanıb, başqa ölkədə qalıblar. Bəlkə iraq olsun, dünya dağılacaq. Bacımın həyat yoldaşı Amerikada qalıb. Biz bu xəstəliyi dərk eləsək, bütün günü evdə oturarıq, Allaha şükür edərik. Gündə dörd dəfə yeyirdiksə, gündə bir dəfə yeyərik, oruc tutarıq, namaz qılarıq, bədbinləşməyək, Allah eləməsin, xəstəlik taparıq. Yaxın günlərdə sosial şəbəkələrdə videoda çörəyin üstündə dava edənləri gördüm. Çörəyə görə mağazada elə dalaşmaq olmaz. Bu hadisə "Şərikli çörək" filmini xatırlatdı. Ayıbdır bizə, kənardan baxırlar.
- Şeirlərinizi başa düşmək üçün hansı kitabları oxumaq lazımdır?
- Mənim şeirlərim qəlizdir, onları başa düşmək üçün "Qobusnamə", "Zərdüşt", "Tövrat", "İncil" və "Qurani-Kərimi" bilmək lazımdır. Bununla yanaşı dünya şöhrətli klassiklərin əsərlərini oxumaq, teatrın nə demək olduğunu bilmək lazımdır. Bilirəm ki, sənət dostlarım yaradıcılıqla məşğul olmaq istəyirlər. Bu, bizim üçün qorxulu imtahandır. İnşallah bu virusa yoluxmayaq və sağ-salamat çıxaq.
- Allaha çox inandığınızı qeyd edirsiniz, hətta məktub da yazırsız. Allah tərəfindən sizə hansısa işarət var?
- Mən Allahla danışıram. Ürəyimdə şükür edirəm, deyirəm ki, filan hadisə belə olub. Həmin an o sözü eşidirsə, bədənim əsir. Onda bilirəm ki, Allah duamı qəbul elədi. Mənə müqqədəs ruh toxunur, o zaman bilirəm ki, düzgün etdim, Allah mənim səsimi eşitdi. Düzdür, anam deyir ki, bunu heç kimə demə, sənə falçı kimi baxarlar. Sanki Allahın sülh, uğur, şəfa naminə göndərdiyi bəndəsiyəm. Çox insan mənə deyib ki, Elza xanım, çətinlikdə idik, yuxuda sizi gördük, işlərimiz düzəldi, xəstə idim, sağaldım. Hətta həkim mənə dedi ki, gedin evdə "palatka"nızı qurun, yuxuda məni avtomobilə mindirdiniz, gəzdirdiniz, yuxudan durdum, sağaldım.
Mənim yanıma gəlirdilər ki, bizə siz şəfa vermisiniz. Allah insanlara şəfa vermək üçün yuxularda məndən istifadə edir. Yəqin ki, bu da mənim üçün böyük xoşbəxlikdir. Şükürlər olsun ki, bəzi insanların ucbatından Elzalığımdan çıxmadım. Hərdən sərt, kobud ola bilərəm, amma heç vaxt vicdanımı itirmərəm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar