Xəbər lenti
Rübabə Muradovanın qızı: "Atam anama səhnədə güllə atdı, o da atamı tutdurdu" — Müsahibə
Manevr.az Xalq artisti Rübabə Muradovanın qızı Qəmər Muradovanın kulis.az-a verdiyi müsahibəsini təqdim edir.
- Yaxşı səsiniz olub, amma Rübabə xanım oxumağınıza icazə verməyib. Səbəb nə idi?
- Qoymurdu. Bilirsən, necə döyürdü məni?! Ciddi qadın idi. Biz ondan qorxurduq. Bir dəfə mən ondan xəlvət gözümə sürmə çəkmişdim, sonra yumuşdum, amma yeri qalmışdı. Bildi, mənə dedi, sən gözünə qara çəkmisən. İnanın, o, məndən bunu soruşanda qorxumdan ölmüşdüm. O ölüb, mən indi də ondan qorxuram.
- Bu qorxunu nə ilə yaratmışdı?
- Çox zəhmli adam idi. Qılığı da yox idi ki, gəlib səni bir uşaq kimi qılıqlasın. Yox idi onda belə şeylər. Sovet dövrünün adamları ilə indiki dövrün adamları tamam başqadı. O vaxtı oxuyanlara, aktrisalara pis gözlə baxırdılar.
- Ancaq özü bütün bunları gözə almışdı?
- Özü, hə. Ona görə də bizi oxumağa qoymurdu. O, müğənni olmaq söhbətini heç bizim yaxınımıza da buraxmazdı.
- Səhv etmirəmsə, bu məsələyə görə də sizi döyüb?
- Mən 6-da oxuyanda ondan xəbərsiz məktəbdən qaçıb Əlibaba Abdullayevin ansamblına getmişdim. Orda həm rəqs edirdim, həm də oxuyurdum. Bir ay yarım beləcə orda məşq etdim. Sonra bizi Moskvaya festivala göndərmək istədilər. Əlibaba müəllim mənə deyəndə ki, anana de, icazə versin, mən qorxumdan dinmədim. Bir həftə də ora getmədim. Sonra o, evimizə zəng vurur, deyir ki, Rübabə, Qəməri hazırla, Moskvaya aparacam. Anam əvvəl inanmır, elə bilir, onu Moskvaya festivala göndərirlər. Biləndə ki, söhbət məndən gedir, deyir, mən Qəmərlə danışaram, amma bəri başdan deyirəm ki, Qəmər heç yerə getməyəcək. Mən də həmin gün dünyadan xəbərsiz çantamı çiynimə atıb oxuya-oxuya evə gəlirəm. Qapıdan içəri girən kimi anam mənim başımı tutub soyuducunun qapısına çırpdı. Nənəm mənə çatana kimi anam məni elə pis döydü ki, nə baş verdiyinin fərqində olmadım. Nənəm güclə məni onun əlindən almışdı.
- Nənənizlə hesablaşırdı?
- Hə. Həm də onu çox istəyirdi. Onların ölümünün altı il arası oldu. Nənəm öləndən sonra anam elə hey ağlayıb deyirdi ki, anamı istəyirəm. Nənəm də mən yetimin əlində öldü. O rəhmətə gedəndə anam qastrolda idi. Onu xəstəxanaya mən aparmışdım. Ora çatandan bir az sonra keçindi. Beyninə qan sızmışdı. Buna görə anam məni bir il danışdırmadı (ağlayır).
- Niyə?
- Dedi, sən onu xəstəxanaya aparmasaydın, heç nə olmayacaqdı. Anası ölən gündən sonra anam elə hey onun üçün ağladı.
- Rübabə xanımı ilk dəfə səhnəyə gətirən aktyor Ələsgər Ələkbərov olub.
- Anamgil İrandan gələndən sonra bir çox rayonlarda yaşayıblar. Axırda gəlib Əlibayramlıda məskunlaşıblar. O vaxtı mədəniyyət sarayları vardı. Orada anam Qulu Əsgərovla səhnədə Xuraman rolunda çıxış edirmiş. Aktrisa xəstələndiyi üçün anam onu əvəz edib. Ələsgər Ələkbərov anamı görür, aktrisa kimi çox bəyənir. O, anama deyir ki, qızım, gəl Bakıya, sənin yerin Bakıdı, qəşəng də səsin var. Anam da onun sözünə qulaq asıb Bakıya gəlir, filarmoniyaya daxil olur, Qız qalasının yanında kirayə ev tutub yaşamağa başlayır. Bakıda da Tələt adlı bir kişi ilə ailə qurur.
- Bu evliliyin də kədərli tarixçəsi var.
- Hə, Tələtin bacısı özünü yandırmışdı. Anam onu özü ilə operaya aparır. O da qardaşından icazə almamış gedir. Qayıdanda qardaşı onu sorğu-sual edir, sonra da basıb qızı döyür. Ertəsi gün qız özünü yandırır. Bundan sonra Tələt deyir ki, mən Rübabəni alacam. Onlar evlənirlər, bacım olur, adını da Şahnaz qoyurlar.
- Sizin atanızla Rübabə xanımın qəribə tanışlığı olur. Atanızın onları ölümdən xilas etməsi doğrudur?
- Bəli. Mənim atam anamın bütün nəslini xilas etmişdi. O, İranda zindan rəisi olub. Mənim ağam, yəni anamın atası da siyasi məhbus idi. Atam görüb ki, farslar onlara hücum edirlər, onda babamdan xahiş edir ki, bəs qurban olum, mənim balalarımı tankların altından xilas elə. Anamgil evlərində olan hər şeyi yorğan-döşəyə bürüyüb "Vilis" maşınına yığırlar. Atam onları Arazın bu tayına keçirir. Atam özü də bu tayda qalır. İranda atamın atasını tutub güllələyirlər ki, oğlun hardadı. Atam İrana qayıdanda görür ki, atasını öldürüblər, onu da axtarırlar. Bundan sonra həmişəlik Azərbaycana gəlir. Babam da ona deyir ki, mənə görə həyatını təhlükəyə atdın, atanı itirdin, mən də Rübabəni sənə ərə verirəm.
- Rübabə xanımın özünün könlü olur?
- Hə, olur. Mənim atam çox yaraşıqlı kişi olub. Nənəm deyirdi ki, o, atın üstündə oturanda, adam tamaşasından doymazdı. Anam onun qədər gözəl olmayıb. Kifir qadın olub. Nə isə bunlar evlənirlər, atam gedir Gəncəyə oxumağa. Anam da mədəniyyət sarayında səhnəyə çıxır. Atam çox ağırxasiyyət kişi olub. Anamın oxumaq xəbəri ona çatanda anama sifariş yollayır ki, oxumasın, evdə otursun. Anam da deyir ki, oxuyacam. Mən anadan olandan sonra atam anama deyib ki, evdə oturmursansa, onda get, oxumağının dalınca. Beləliklə, ayrılırlar. Anam ondan sonra Bakıya gəlib Tələtlə evlənir. Atam məni bir illik yanına aparır, amma anam məni ondan alıb nənəmə verir. Məni demək olar ki, nənəm saxlayıb.
- Bir neçə il əvvəl bir qadın Rübabə xanımın internata verilən qızı olduğunu iddia edirdi. Əslində isə internatda olan qız siz olmusunuz.
- Anamın Şahnazdan və məndən başqa qızı olması şayiədir. Həmin internatdakı qız mən olmuşam. Başqaları anamın neçə qızı olmasını məndən yaxşı bilməyəcəklər ki. Atam o vaxtı anamdan ayrılandan sonra anama səhnədə güllə atır, anam onu məhkəməyə verir ki, səni tutduracam. Tutdurur da. Məhkəmə olanda məni Moskvaya beynəlxalq internata yolladılar.
- Sizi internata niyə verdilər?
- Mən anamla atamın arasında qalmışdım. Məhkəmə belə qərar çıxarmışdı ki, sizin məsələniz həll olunana qədər uşaq sizdən ayrı qalmalıdır. Bir ildən sonra məni təzədən Bakıya gətirdilər.
- Siz özünüz kimin yanında qalmaq istəyərdiniz?
- Anamın...
- Sizin başqa müsahibələrinizi də oxumuşdum. İndi də hiss edirəm ki, ananız nə qədər zəhmli olsa da siz ona bağlı olmusunuz və həmişə onun həsrətini çəkmisiniz...
- Hə, mən indi də onu çox istəyirəm (ağlayır). O, 36 ildir ki, ölüb, amma mən hər gün elə bilirəm mənim yanımdadı, mənimlə söhbət edir. Şəklini də divardan asmışam. Hər səhər durub salamlayıram, salavat edib, adını zikr edirəm. Şəklinə baxıb onunla tez-tez danışıram.
- Rübabə xanımda ana məhəbbətini dərindən nə zaman hiss etmisiniz?
- Mənim ad günümdə elə gözəl qonaqlıqlar, məclislər düzəldərdi ki! Qarmonçalan Kübra vardı, onu da dəvət edərdi. Sonralar oğlum anadan olanda da qonaqlıqlar verdi. Münəvvər Kələntərlini, Sona Hacıyevanı, başqa məşhurları evimizə yığıb mənim oğlum üçün gözəl ad günü keçirtmişdi. O, deyilən qədər zəhmli, lap əzazil də olmayıb. Bizi sevirdi. Sadəcə olaraq oxumaq barədə qadağa qoymuşdu. Biz də bilirdik ki, olmaz. Çox valideyncanlı idi. Onun qazandığının yarısı anasında, atasında, bacı qardaşında idi. Hamısına baxırdı.
- Ümumilikdə Rübabə xanımın çox acı taleyi olub. Asan həyat yaşamayıb...
- Hə. Bilirsiniz, o vaxtı yaşamaq asan deyildi. Sonra da taleyi gətirmədi. Özü xoşbəxt xanım idi, amma taleyi qəmgin oldu. Babam, qoşa dayılarım, nənəm hamısı onun üstündə idi. Hamısına o baxıb, təmin edirdi. Bacı qardaşlarının hamısını oxutdurdu. Toylara gedirdi, ordan qazandıqlarını qohum-əqrəbasına paylayırdı.
- Onun səsindəki yanğını bir az da taleyinə və yaşadığı qəribçiliyə, həsrətə bağlayırlar. Siz onun səsi haqqında nə düşünürsünüz?
- Onun səsi Allahın ona verdiyi nemət idi. İndi hərə öz səsi ilə oxuyur. Hərənin özünə xas səsi var. Sadəcə olaraq, kimi beyni ilə oxuyur, kimi də ürəyi ilə. Bunlar ayrı-ayrı şeylərdi. Mənim səsim ürəyimdəndi. Hərdən elə oxuyuram ki, özümün öz səsimə ağlamağım gəlir. Amma anamın səsi beynindən gəlirdi. Mənim səsimdəki yanğı da mənə anamdan keçib.
- Bakıda xanəndəliyə başlayandan sonra ona sənət aləmində münasibət necə olmuşdu?
- Bu barədə çox danışmırdı. Qulu Əsgərovla dostluğu vardı. Mən, demək olar ki, onun qucağında böyümüşdüm. Sonra Qulu müəllim bizim bağımıza gələndə məni görüb inanmamışdı ki, mən o balaca qızam. Sənət məsələlərini öz aralarında danışardılar. Mənə də maraqlı olmadığı üçün qulaq asmazdım.
- Mən bildiyimə görə Şövkət Ələkbərova, Sara Qədimova ilə eyni nəslin xanəndələri olsalar da, o qədər yaxın olmayıblar?
- Onlar heç biri bir-biri ilə yaxın əlaqədə deyildilər. Amma mənim anam rəhmətə gedəndə Sara, Şövkət bir də Elmira Rəhimova qırx gün bizim evimizdə olublar. Hər gün sübh açılandan gəlirdilər, düz axşama kimi bizdə otururdular. Anam rəhmətə gedəndə mən anamı ağı deyib oxşayırdım. Onda Sara xanıma dedim ki, mənim anamı oxşayın da, niyə onun üçün səsli ağlamırsınız? Sara xanım dedi ki, Qəmər, mən sənin səsinin qabağında heç nə deyə bilmirəm. Oxumadı. Amma Sara da, Şövkət də vəsiyyət elədilər ki, biz öləndə bizim qəbrimizin üstündə ananı oxşayan kimi oxşayarsan.
- Oxşadınız?
- Sara rəhmətə gedəndə ağladım onu. Amma Şövkət rəhmətə gedəndə ürəyimdən əməliyyat olunmuşdum, xəstəxanadaydım. Onun heç yas məclisinə də gedə bilmədim. Sara rəhmətə gedəndə getdim. Oğlu Akif zəng vurub mənə dedi ki, bilirsən də, sənin ağlamağını vəsiyyət edib. Getdim. Onu Rəşid Behbudov adına Mahnı Teatrından götürürdülər. Mən ora çatanda Akif camaata dedi ki, çıxın zaldan, çünki artıq saat iki idi, yerdən götürməliydilər. Dedim, Akif, adamları çıxartma, onsuz da qayıdacaqlar. Dedi, niyə? Dedim, indi görərsən. Səsimi başıma alıb, Saranı ağladım. Onda Polad Bülbüloğlu soruşmuşdu ki, bu hansı xanəndədi, kimdir belə gözəl oxuyur? Akif də demişdi ki, xanəndə deyil, molladı, Rübabənin qızıdı.
- Özünüzün ailə həyatınız uğurlu olub. Ailəniz, övladlarınız, indi də nəvələriniz var. Amma danışdıqca anidən kövrəlirsiniz. Sizi kövrəldən, Rübabə xanımın həyatı ilə bağlı ağladan nələrdi?
- Hər şey. Anamın, nənəmin yoxluğu (ağlayır). Atamın olmaması. İnsanı dərd kövrəldir də. Allah mənə məişət narahatlığı da verib, dərd də. Çox kövrək adamam. Həm də anamı çox istəyirdim. Mən heç anamdan doymadım. Tez ailə qurdum, ondan doya bilmədim.
- Müğənni həyatı yaşayırdı. Toylardan, çəkilişlərdən vaxt edib sizə nəvaziş göstərə bilirdi?
- Anam toylara gedirdi. O vaxtlar da toylar xoruz banlayanda başa çatırdı. Anam evə səhərə yaxın, üçdə, dörddə, bəzən beşdə, altıda gəlirdi. Uzanıb bütün günü yatırdı. Axşam yenə yuxudan oyanıb başqa toya gedirdi. Yəni anam bizimlə oturub doyunca söhbətləşməyə belə vaxt tapmırdı. Belə fürsət bizim əlimizə ancaq bağa gedəndən-gedənə düşürdü. O, maraqlı qadın idi. Səliqə-sahmanı, gözəlliyi xoşlayırdı. Evində mebellərin içini, çölünü heç kimə həvalə etməzdi. Deyərdi ki, qoyun, Qəmər bəzəsin.
- Hiss olunur ki, sizə də doğmalıqla yanaşıb, nisgilli münasibəti olub...
- Məni çox ağıllı hesab edirdi. Sənəd-sübut işinə məni yollayardı. O vaxtlar oxunan musiqilərdə şeirlərin, qəzəllərin sözlərinə ciddi fikir verirdilər. Allah eləməsin ki, xanəndə gələrəm sözünün yerinə, gəlirəm deyəydi. O dəqiqə qərar verib, onu altı ay efirdən uzaqlaşdırırdılar. Anam da muğamın qəzəllərini yazıb verirdi mənə, aparırdım, filarmoniyada möhürlədib gətirirdim.
- Rübabə xanım bu baxımdan senzuraya məruz qalıb?
- Yox. Heç vaxt elə şeylər olmayıb. Mən o biri xanəndələr haqqında eşitmişəm, amma anam barədə olmayıb. Bilirsən, insanın bəxti gətirməyəndə pis olur. Mən ailə qurandan sonra yoldaşım məni hərtərəfli təmin etmişdi. İndi bu divara vurulan şəkildə anamın əynindəki paltarı ona mən almışdım. 60-cı illər idi. Oğlumun ad günündə qarmonçalan Kübra bu paltardan geyinib bizə gəlmişdi. O vaxtı belə mallar Kubinkadan alınırdı. Heç yerdə tapılmazdı. Anam o paltarı gördü, qonaqlar gedəndən sonra mənə dedi ki, Kübranın əynində nə gözəl paltar vardı, çox xoşuma gəldi. Sübh tezdən yuxudan oyanıb, yoldaşımın mənim adıma banka qoyduğu puldan üç yüz manat çıxarıb getdim Kubinkaya. O pulun üstünə də iki yüz manat qoyub həmin paltarı, bir də corab alıb on birdə anamın evinə çatdım. Anam paltarı görüb təəccübləndi, dedi, bunu almağa pulu hardan tapmısan? Biləndə ki, yoldaşımın puludu, ehtiyat elədi. Dedi, birdən sənə acıqlanar, nə isə deyər. Onu arxayın saldım ki, narahat olmasın. Ondan sonra çox sevindi, o dəqiqə paltarı əyninə geyindi. O şəkli də onda çəkdirdi.
- Rübabə xanım nəyi sevmirdi?
- Gülüb-danışmağı xoşlayırdı, amma tünlüyü, çox adam olan yerləri sevmirdi. Ancaq bir də görərdin ki, rəfiqələrinin hamısını yığardı başına, səhərə qədər loto oynayardılar. Nənəm aş bişirərdi. O qadınlar hərəsi səhərə qədər bir bulud aş yeyərdilər. Nimçədə yox e, iri-iri buludlarda. Onun üstündən nənəmə teştlə bir halva bişirtdirərdilər, bir diri qoyunu şaqqalatdırıb diri-diri qızartdırardılar. Səhərə gedər səslə-küylə yeyib, söhbətləşib, əylənərdilər. Hamısı da qəribə şəkildə yeyən qadınlar idilər. Bax belə qəfildən anam üçün məclis əhvalı gəlirdi, sonra da anasına tapşırardı ki, zəng edənlərə desin ki, evdə yoxdur. Bizə də bərk-bərk tapşırırdı ki, o yatan otağa tərəf baxmayaq. Toydan gələndən sonra hiss edirdim ki, onun canı çox ağrıyır. Yatağa uzanırdı, hər qolunun altına bir yastıq qoyub yatırdı. O, toydan gələndən sonra evə inanılmaz bir sakitlik çökürdü. Hər cür əhvalda olan qadın idi. Amma danışıb-gülən adam idi. Mısmırıqlı adam deyildi. Həmişə Mahirə xalamın oxumaqlarını lağa qoyardı, deyərdi oxu, kefimiz açılsın, gülək. Musiqinin bilicisi idi. Xaric səsləri, ifaları dərhal tuturdu
- Dünyasını dəyişəndə ailə həyatı vardı?
- Yox, subay idi.
- Amma sevən qadın idi...
- Həm sevən, həm də sevilən qadın idi. Onu sevirdilər. Amma o vaxtı yazıq xanəndələrin adları da bədnam idi. Artist adı çox ağır təsir bağışlayırdı. O vaxtı katib Vəli Axundovun anası bizimlə balkon qonşusu idi. Anam harasa gedəndə həyətə düşüb taksi çağırardı. Bəzən Vəli Axundovun Rəna adlı bacısı da anamla bir vaxtda evdən çıxıb həyətdə üzləşərdilər. Rəna deyərdi ki, Rubuş, hara gedirsən, elə mən də səninlə bir taksidə gedim. Anam ona deyirdi ki, Rəna, sən Allah, bizim adımız ağırdı, sən bizimlə getmə, ayrı get. Yəni işini bilən arvad idi. Özü bilirdi ki, nə olar, nə olmaz.
- Rübabə xanım haqqında yayılan fikirlərdən biri də bu idi ki, Ərdəbildə sevdiyi oğlan qalıb. Nə dərəcədə doğrudur?
- Yalan söhbətdir. Bu sözlər Anarın anama həsr etdiyi “Sil gözünü, Qaragilə” romanından sonra yarandı. Ordakı əhvalat siz deyən kimi idi. Amma anama aidiyyəti yox idi.
- Ümumiyyətlə, o, Ərdəbil həsrəti sona qədər davam etdi?
- Ölənə qədər bu həsrət səngimədi. Elə hey deyirdi ki, evimizi istəyirəm. Hərdən nənəmlə ikisi diz-dizə oturub elə ağlaşırdılar ki, adamın ürəyi ağrıyırdı. Anasına da deyirdi ki, evimizi istəyirəm. Nənəm də dərdli idi. Onun bütün qardaşları, qardaşının balaları hamısı İranda qalmışdı. Bir dəfə anam toydan gəlib bir mahnı mızıldanırdı. Nənəm dedi ki, ay Rubuş, o nə mahnıdı elə oxuyursan? Anam dedi ki, toylara dəb düşüb, “Səkinə dayıqızı” mahnısıdı. Nənəm o mahnını əzbər oxudu anam üçün. Dedi ki, bu, İran mahnısıdı, İrandan gəlib Bakı toyxanalarına. Sonra anam o mahnının sözlərini əzbərləyib, toylarda oxudu. Yəni nənəm də İrana bağlı adam idi. Orda doğulub, yaşamışdı.
- O dövrün toylarında, xüsusən də kişi məclislərində böyük izdiham yaşanırmış. Sonda toyda böyük davalar düşür, qanqaralıq olurmuş. Rübabə xanımın apardığı toy məclislərində belə hallar baş verirdi?
- Heç vaxt. Əvvəla anam qadın məclisləri aparırdı. Əgər kişi toylarına gedirdisə də, sanballı adamların toylarına gedirdi. Onda da ev adamlarından bir neçəsi gəlib toyxanada oturub vəziyyətə nəzarət edirdilər. O vaxtı oxuyana hörmət olub. Anam apardığı toylarda biri gəlirdi, misalçün, yüz manat qoyurdu masaya, deyirdi, "Segah"ın filan şöbəsini oxu. Hamı oturub həmin mahnıya diqqətlə qulaq asardı. Milçək uçmazdı belə məclislərdə. Biləndə ki, toya Rübabə gəlib, hamı təəccüblə pıçıldayırdı. Yəni bu toy adamı və toya gələnlər üçün bu adi məsələ deyildi.
- Etiraz etdiyi toy olub?
- Hə. Xəstə olub gedə bilməyib. Və yaxud da toy günü başqa toya da aparmaq istəyiblər, deyiblər, o toya getmə, bu toya get. Etiraz edib, deyib ki, yox, mənim üçün toy, toydu. Hamının da balası özünə əzizdi.
- Rübabə xanımın opera həyatı olub. Tamaşaları üçün evdə məşqlər edirdi?
- Yox. Mən rollarını evdə hazırladığını görməmişəm. Mən evimizdə Şəfiqə Axundovanı, oğlu Talehi görmüşəm. Gəliblər bizə, məşq ediblər. “Gəlin qayası”nı bizdə məşq ediblər, mən bunun şahidi olmuşam. Bəxtiyar Kərimov daim bizim evimizdə olub. O, bütün mahnılarını anama oxutdururdu.
- Kimlərlə dostluq edirdi?
- Onun xüsusi dostluq etdiyi adamlar olmayıb. Gülxar Həsənovanın oğlunun, Şövkət Ələkbərovanın balalarını toyuna gedib. Canəli Əkbərovla yaxın olublar.
- Qəmər xanım, Rübabə xanım bakılı ola bildi?
- Hə, o, elə bakılıydı da. Düzdü pasportunu heç vaxt dəyişdirmədi, amma Bakıya bağlı idi. Pasportunun yaşıl olmasına görə də narahatlıqlar yaşadı, xarici ölkələrə çox çıxa bilmədi. Çox qadağalar qoyuldu. Rac Kapur Bakıya gələndə anamı Hindistana aparmaq istəmişdi. Anam getmədi. Dedi, nə danışırsan, mən Hindistana getsəm, məni məhv edərlər. Hətta o vaxtı anama İrandan məktub gəlmişdi. Atamın orda evi vardı, mən atamın vərəsəsi hesab olunurdum. Onda məni çağırdılar Xrici İşlər Nazirliyinə. Başıma bir oyun açdılar ki. Dedilər bu məktubun heç yerdə adını çəkməyin, elə bilin, heç belə bir məktub gəlməyib. Mənə dedilər ki, sən cavansan, ona görə də sənin adını heç yerdə hallandırmırıq, səni burdan gülərüzlə yola salırıq. Ancaq vərəsə olmağın haqqında bir kəlmə də heç kimə heç nə demə.
- Rübabə xanım səhnədən nə vaxt çəkildi?
- Ölməmişdən iki il qabaq. Onda artıq ağır xəstə idi.
- Xəstəliyi nə idi?
- Serroz idi. Yüksək təzyiqi, mədəsində yarası vardı. Hamısı bir-birinə qarışmışdı. Amma ölüm kağızında ürək çatışmazlığından öldüyü yazılmışdı. Xəstəlikləri harasına isə vurmalı idi, görünür ürəyinə vurmuşdu.
- Ananız haqqında ən çox dolaşan fikirlərdən biri də onun içkiyə olan aludəçiliyi idi. Hətta onun özü ilə termosda toylara içki apardığı deyilir. Bu nə dərəcədə həqiqətə uyğundur?
- Deyim də sizə. Anam oxuyan idi. İndi kafedə, restoranda oxuyan da, oxumayan da ərli-arvadlı hamısı içir. O vaxtı içki içən tək-tük idi. Əgər anam da o vaxtı toyda və yaxud da bir məclisdə bir qədəh içki içirdisə, o dəqiqə söz-söhbət yayılırdı ki, Rübabə filan məclisdə lül-piyan idi. Sonralar bu söz-söhbətləri anamdan yanıqlı olan bir müğənni yaydı. Onunla anamın arasında nəsə baş vermişdi, o da anamdan belə yolla acıq çıxırdı. O, anam haqqında demişdi ki, guya anam hansısa toyda dəm çaynikinə konyak töküb içirmiş. Biz onunla danışdıq. Mən ona dedim ki, anam xalq artisti idi, bəs sən kimsən ki, onun haqqında danışırsan. O məsələdə də günah Tahirə xalamda olmuşdu ki, onu anam haqqında danışmaq üçün efirə çağırmışdı.
Əgər hansısa bir məclisdə Rübabə, Şövkət, Sara yeyib-içmişdilərsə, bunun kiməsə dəxili yox idi. O vaxtı belə söhbətlər Sara xanım haqqında da çıxmışdı. Amma Rübabə axı gündə içib, tində yatan arvad deyildi. Bir evdə olan qonaqlıqdakı məclisi sonradan söz-söhbətə çevirib, şayiə yayırdılar. Bu da anamın paxıllığını çəkən adamların işi idi. Anamın paxıllığını çəkənlər çox olub. Azərbaycanda üç xanəndə qadın olub. Rübabə, Sara, Şövkət. O adlara çatmaq kimlər üçünsə asan məslə deyildi. Ona görə də onlar haqqında danışırdılar.
- Son günlərini necə xatırlayırsınız?
- Xəstə idi. Canı ağrıyırdı... Gedirdik, yanına, başına yığışırdıq. Anam xəstə olanda mənim qızım təzə doğulmuşdu, ona görə də anama bacım Şahnaz baxırdı. Özü öləcəyini bilmirdi. Elə hey deyirdi ki, bu zəhrimar xəstəlik məndən əl çəkmir. Evdəkilər ona hər şeyi vermirdilər. Mənə zəng edirdi, deyirdi, acam e, ay Qəmər. Nəsə istəyirdi, bişirib gətirirdim. Yeyirdi, bir az keçirdi, qaytarırdı hamısını. Çox vaxt gəlib görürdüm ki, sistemin altında uzanıb. Mənə deyirdi ki, bircə bu sistem qutarsaydı, çörək yeyərdim. Çox ac idi, elə ac idi ki, indi də yadıma düşəndə dözə bilmirəm. Axır-axırda elə arıqlamışdı ki, az qala orqanları görünürdü. Ətinin hamısını tökmüşdü, nazik bir dəri qalmışdı bədənində. Son çəkilişləri Bulvarda dəniz kənarında oldu. Yaşıl paltarda getdi. Ona qədər çox gəlib-gedirdilər, razılaşmırdı. Axır onu birtəhər razı saldıq ki, çəkilsin. O, çəkilişini anam görmədi, bir həftədən sonra rəhmətə getdi (ağlayır). Son dəfə qaraciyərindən “pristup” tutmuşdu, mənə zəng vuranda ayılmamışdım. Səhərə yaxın yoldaşım məni durğuzub dedi ki, ananın vəziyyəti ağırdı, səni görmək istəyir. Yolda mənə dedi ki, anan ağır vəziyyətdədir, özün də xəstəsən, orda çox ağlama, həyatdır da... Dedim, anama nə isə olub? And içdi ki, yox. Mən evimizə gəlib zəngi basanda, gördüm bizim qapıdan həkimlər çıxdı. Onlar başlarını yelləyib getdilər. Girdim içəri, anam qonaq otağındakı divanın üstündə uzanmışdı. Onu səslədim, cavab gəlmədi. Bacım gözlərini bərəldib, mənə dəli kimi baxır. Birdən anamın göz qapağını qaldırdım, gördüm gözünün qarası gedib. Ölməmişdən bir neçə saat əvvəl bacıma deyib ki, yuxuda gördüm, univermağa getmişik, orda çoxlu parça vardı, mən də özüm üçün parça seçirdim. Yəni huşu-başı özündə idi. Ölümündən də xəbərsiz idi. Anamı şəkər xəstəliyi əritdi.
- Zaman dərdləri yumşalda, həsrətinizi azalda bilir, ya elə hər şey əvvəlki kimi qalır?
- Yumşaldır. Mən indi durum deyim ki, səhərdən axşama qədər anamı fikirləşirəm, bu, yalan olar. Gün ərzində mən də hamı kimi balalarımı, yeməymi, məişətimi fikirləşirəm. Amma bax, belə məqamı gələndə hər şey yenidən yadıma düşür, xatırlayıram. Bu gün mən bütün günü belə olacam. Siz indi çıxıb gedəcəksiniz, amma mən elə bu əhvalda qalacam, onunla danışacam, onunla olacam. Nələr yadıma düşmədi, danışmadımsa, onlar yadıma düşəcək. Mən bunlardan qaça bilmərəm, hamısı kino lenti kimi yaddaşıma yazılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar