Xəbər lenti
Xalq artisti gözyaşlarına boğuldu: "Həyat yoldaşımı öldürdülər, onu məhv etdilər" - FOTO
"Yəqin ki, gözlərimdəki kədər çətin günlərimin nişanəsidir."
Manevr.az xalq artisti Fatma Mahmudovanın milli.az-a müsahibəsini təqdim edir:
- Fatma xanım, bu günlərdə yıxılaraq ayağınızı sındırmışdınız. Hal-hazırda necəsiniz?
- Şükür Allaha yaxşıyam. Bir müddət ayağım gibsdə qaldı, indi yavaş-yavaş özümə gəlirəm. Hətta verilişlərə də əlimdə əsa qatılırdım.
- Mən bilirəm ki, siz həyatda bir sıra çətinliklərlə üzləşsəniz də bundan çıxış yolu tapmısınız...
- Bəli, bir dəfə də ağır qəzaya düşmüşdüm, hər insan o qəzadan salamat çıxmır. Şükür Allaha.
- Komik rollarda üzünüzdə gülüş olsa da gözlərinizdə həmişə kədər olub. Bu nə ilə əlaqədardır?
- Həyatda çox çətinliklərim olub. Yəqin ki, gözlərimdəki kədər çətin günlərimin nişanəsidir. Onu da deyim ki, mən teatrda əvvəllər komik yox, dramatik və faciəvi rollar oynamışam. Sadəcə olaraq özümü komik rollarda da sınamaq istədim. Buna görə də Musiqili Teatra pənah gətirdim. Hal-hazırda dəvət etsələr faciəvi rolu komik roldan da gözəl oynayaram.
- Sizin zamanınızda aktrisa olmaq çox çətin idi. Heç ailənizin qadağaları ilə üzləşmisiniz?
- Bəli, o qədər mənə qarşı çıxıblar ki. Mən uşağlıqdan bu sənətdəyəm. Kənddə orta məktəbdə oxuyanda müəllimlərim sinif yoldaşlarıma deyirdi ki, Fatma ilə danışmayın, o artistdir, səhnəyə çıxır. Ailəm də qoymurdu məni aktrisa olmağa, qorxa-qorxa gedirdim. Anam o qədər dağ basıb ki, əlimə.
- Müsahibələrinizdən birində demişdiniz ki, həm də müğənni olmaq istəmisiz...
- Bəli, bu mənim uşağlıq arzum idi. Hətta 15 yaşım olanda xalq teatrında Leyli obrazını oynamışdım. Oradakı muğamları da asanlıqla ifa etmişdim.
- Həyat yoldaşınız tanınmış aktyor Tofiq Qarayev olub. Onunla necə tanış olmuşdunuz?
- Həyat yoldaşımla Ağdam Teatrında tanış olmuşuq. Əvvəl ondan acığım gəlirdi, çox kobud idi. Yoldaşım aktyor olmamışdan öncə maşın ustası işləyirdi. Teatra gəldi, başladı rollar oynamağa. Aktyor kimi ondan xoşum gəlirdi, amma xarakteri məni açmırdı. Nə biləydim ki, səhnədə birgə rollar oynayacağım mənim həyat yoldaşım olacaq. O, bəlkə də mənim sözümə baxsaydı dünya üzrə bir nömrəli aktyor olardı. Onun əhatəsi yaxşı deyildi. Onu məhv etdilər, öldürdülər (ağlayır). Çox istedadlı idi, möhtəşəm aktyor idi.
- Sona qədər bir yerdə oldunuz?
- Xeyr, bizə imkan vermədilər.
- Kim mane oldu?
- Onu öldürmək istəyənlər. O, mənim yanımda olsaydı çox yaşayacaqdı. Mən onu çox qorudum, amma sonda gücüm çatmadı.
- Son görüşünüz yadınızdadır?
- Son dəfə mən onu görə bilmədim. Dedi ki, qızımı istəyirəm, qızım da Ankarada yaşayırdı ailəsi ilə birlikdə. Qızımı gözlədim ki, gəlsin, Ağdama onunla birlikdə gedim. O, gəlib çıxana kimi Tofiq rəhmətə getdi. Özümü hələ də bağışlaya bilmirəm ki, son nəfəsində onun yanında olmadım.
- Bu gün təsəlliniz nədir?
- Mənim iki qız övladım və iki nəvəm var. Kiçik qızım Nigar onun çox dərdini çəkir.
- Sənətkar kimi xoşbəxtsiz yoxsa qadın kimi?
- Nə sənətkar kimi, nə də qadın kimi özümü çox xoşbəxt saymıram. Xoşbəxtəm ki, kiçik bir sənətim var. Balalarıma görə, nəvələrimə görə çox xoşbəxtəm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar