Xəbər lenti
“Ərim dedi ki, öpüşsən, ayaqlarından asaram” - Məşhur serialın Təhminəsi
ATV-də yayımlanan "Təhminə və Zaur" serialının Təhminəsi aktrisa Natavan Gümet "Yeni Müsavat"a müsahibə verib.
Manevr.az həmin müsahibəni təqdim edir:
- Aktrisa olmaq istəyi necə yarandı?
- Mən qabiliyyət imtahanına hazırlaşırdım, rejissor olmaq istəyirdim. İmtahana 15 gün qalmış dedim ki, mən aktrisa olacağam. Ondan sonra universitetə daxil oldum. Aktrisalığı sevsəm də, şəxsi həyatıma görə fasilə verməli oldum. İndi yenidən qayıtmışam. Zamanında fasilə verdiyim üçün peşmanam. Fasilə verməsəydim, indi daha yüksək zirvələrdə idim.
- "Təhminə və Zaur" filmi hər zaman müzakirə edilib. Serial hazırda sevildiyi qədər də tənqid edilir. Təklif gələndə tərəddüd etmədiniz?
- Mənə ilk olaraq başqa obraz təklif edilmişdi. Rejissorla görüşəndən sonra dedi ki, Təhminə Natavan xanım olacaq. Heç tərəddüd etmədən, sevə-sevə qəbul elədim. Açıq-saçıq səhnələr məni qorxutmadı. Düzdür, ailəliyəm, ona görə sərhədlərim var. Ailəli olmasam, sərhəd olmazdı. Artıq inkişaf edirik. İlk olaraq siqaret çəkdiyim səhnə efirə getdi. Məni tənqid edənlər olmadı. Artıq tamaşaçılar da bu cür səhnələri qəbul edir.
- Həyat yoldaşınız Hasan Gömet Türkiyədə həm rejissor, həm aktyordur. Onun Təhminə obrazına çəkilməyinizə reaksiyası necə oldu?
- Həyat yoldaşımla məsləhətləşdim. Onun icazəsi ilə Bakıya gəldim. Onun razılığı olmadan serialda çəkilməzdim. İki il idi ki, sənətdən uzaqlaşmışdım, artıq depressiyada idim. Yoldaşım da ona görə mənim sənətə qayıtmağımı istədi. Problemlər ancaq darıxdığı üçün olur. Deyir, oğlumuz üçün çox darıxır. Ona görə də tez-tez Türkiyəyə gedib-gəlirik.
- Son günlər serialda işlədilən vulqar sözlər müzakirə olunur...
- Tamaşaçılarımız tənqid və təhqiri səhv salırlar. Qarşındakı vətən xaini olmasa, onu söymək olmaz. Rus və türklərin filmlərində elə söyüşlər istifadə edilir ki, mən onları normal həyatda eşitməmişəm. Bəzən ssenariyə, bəzən qəfildən insan vulqar söz istifadə edir. Bu zaman iş montajçının üzərinə düşür. Efirə getməmiş o hissəyə "Bip" qoyulmalıdır. Qoyulmayıbsa, bu aktyorun günahı deyil. Biz o səhnəni boğazdan yuxarıdan oynamamağa çalışırıq. İstəyirik ki, təbii olsun. Televiziya qanunları var. Ona əməl edilməlidir. Buna görə də iş montajçınını üzərinə düşür.
- "Aşkı-memnu" serialı Türkiyədəki qədər Azərbaycanda da sevildi. Amma o ssenari bizdə çəkilsə, bizim aktrisalarımız tənqid ediləcəkdi. Tamaşaçıların xarici seriallarda gördüklərini bizim ekran işlərində qəbul etməməsi onların səmimiyyətsizliyidir, yoxsa...?
- Azərbaycanda "Aşkı-memnu"ya çəkilsək, bizi asarlar. Bəzən mənə deyirlər ki, aqressivəm. Amma elə deyil. Düzünü deyirəm. Mentalitet deyilən şey üzdə var, heç kimin içində mentalitet yoxdur. Boşanmış qadına pis baxırlar, amma hamının nəslində boşanmış qadın var. Kişi 3 və 4-cü dəfə ailə qura bilər, qadın 2-ci dəfə ərə gedə bilməz. Subay xanım boşanmış, uşaqlı kişiyə ərə gedə bilər. Amma subay oğlan boşanmış və ya uşaqlı qadınla evlənə bilməz. Hələ də qadın, kişi ayrı-seçkiliyi var.
- Filmdə olan açıq-saçıq səhnələr serialda da olacaqmı?
- Açıq-saçıq səhnələr olmayacaq. Bizim Təhminə boşanmış qadındır. Hamının gözlədiyi "Tələsmə, Zaur, tələsmə" səhnəsi olmayacaq. Öpüşmə səhnəsi olacaq. Artıq o səhnə çəkilib.
- Ailəniz o səhnəni necə qarşıladı?
- Həyat yoldaşıma deyəndə ki, öpüşmə səhnəsinə çəkiləcəyəm, dedi ki, gəlib səni ayaqlarından asaram. Türkiyədə normal olsa da, Azərbaycanda tənqid olunacaqsan. Sabah Hollivuddan təklif alsam, həqiqi öpüşmə səhnəsinə çəkilərəm. Yoldaşım da filmə çəkilir, öpüşmə səhnəsini də normal qarşılayıram. Yoldaşım "Üç vakte kadar" filmində oynayanda dedim ki, üzüyünü çıxart. Kinoteatrda baxanda gördüm ki, qızı qucaqlayıb, əlindən tutub. Birlikdə izləyəndə narahat olurdu. Dedim ki, mən peşəkar insanam, narahat olmağın gərəksizdir.
- Serialda "Spartak" obrazını canlandıran Cavidan Novruzla yola getmirsiniz. Həyatda münasibətləriniz necədir?
- Cavidan Spartak obrazı ilə dönüş etdi. Özü də deyir ki, bəzən özüm-özümə nifrət edirəm. Mənfi obrazla insanları qıcıqlandırmaq aktyorun uğurudur. Səhnələrini özü montaj edir, bacarığı var. Serialda yola getməsək də, həyatda mehribanıq.
- Çəkiliş zamanı başınıza hansısa gözlənilməz hadisə gəlibmi?
- Öpüşmə səhnəsi gözlənilməz oldu. Ssenarini oxuyanda gördüm öpüşmə səhnəsi var. Gedib ssenaristə dedim ki, Sahib müəllim, öpüşmə səhnəsi var. Dedi ki, olsun da. Sonra Zauru oynayan Cövdət Şükürova dedim ki, öpüşmə səhnəsi var. Dedi ki, mən öpüşmürəm. Cavab verdim ki, mən səninlə öpüşməkdən ötrü ölürdüm axı. Öpüşmə səhnəsi də qurmadır. Necə çəkildiyini göstərmək üçün kamera arxası görüntülər yayılacaq. Özüm baxanda elə bildim ki, doğrudan öpüşmüşük.
- Tez-tez soyuq qadın olduğunuzu vurğulayırsınız. Amma nədənsə, soyuq qadın təsiri bağışalmırsınız...
- Kiməsə yardım lazım olanda edirəm. Həyatda övladımdan başqa heç kim üçün darıxmıram. Düşünə bilmirəm ki, onu qoyub harasa gedərəm. Arada düşünürəm ki, oğlum böyüyüb gedəcək. Mən darıxacağam. Ona görə çox öyrəşməməyə çalışıram. Hər zaman insanlar mənə zərbə vurub. Həmişə atam deyir ki, övladın olsa da, arada divar saxla. İki ay əvvəl anladım ki, hər kəsdən mənə zərbə gələ bilər. Ondan sonra insanlara qarşı çox soyuq oldum. Məndəki problem hansısa kişidə olsaydı, özünü asardı. Amma mən ayağa qalxdım. Sabah həyat yoldaşım məni sənətdən uzaqlaşdırmaq istəsə, razı olmaram.
- Gerçək həyatda aktrisalığınızdan istifadə etmisiniz?
- İstifadə etməmişəm. Ancaq kamera qarşısında aktrisayam. Haqsızlığı görəndə aqressiv oluram. İnsanlar məni axmaq yerinə qoymasını sevmirəm.
- Natavanın olmazsa, olmazı nədir?
- Oğlum olmasa, olmaz. Deyirlər ki, filan kəs olmasa yaşaya bilmərəm. Amma yaşayırıq. Biz o qədər güclü insanlarıq ki, hər şeyə öyrəşirik. Mən sevgisiz yaşaya bilmərəm. Oğul anası olandan sonra əsl sevgini dadmışam. Hər zaman deyirəm ki, Allah məni övladımla sınamasın. Çünki həkimlərin səhvi ucbatından çətin günlər keçirdim. İtkinin nə olduğunu bilirəm. Allah balalarımıza dəyməsin.
- Fəaliyyətinizi Türkiyədə davam etdirmək fikriniz var?
- Türkiyə xalqı özünü çox sevir. Mən orada təhsil almağa gedəndə müəllimə dedi ki, sən məndən çox bilirsən, niyə gəlmisən? Dedim ki, siz özünüzü o qədər çox sevirsiniz ki, sizin təhsil olmadan bizə qiymət vermirsiniz. Kiminsə əlaqəsi, tanışı varsa, qabağa gedir. Amma sıfırdan başlamaq çətindir. Orada təklif olsa, qəbul edərəm. Bəzi aktrisalardeyir ki, təklif gəldi, düşünürəm. Amma yalan deyirlər. Türkiyədən təklif gəlsə, yataq səhnələrinə də çəkilərlər.
- Aktrisa Pərvin Abiyeva dedi ki, təklif var, amma qonorar az olduğu üçün razı olmayıb?
- Orada az pul söhbəti yoxdur. Öz aktrisalarını baş rola çəkib, 20 min verirlərsə, bizimkilərə 5 min verirlər. Türkiyədə qonorar həftəlik verilir. Orada addım atmaq önəmlidir. Bizimkilər orada pulsuz da çəkilərlər ki, qabağa getsinlər tanınsınlar. Amma yalandan deyirlər ki, qonorar az oldu, təklif gəldi, qəbul etmədim.
- Sosial şəbəkələrin dəbdə olan biz zamanda siz aktiv deyilsiniz. Bunun səbəbi nədir?
- Şəkil paylaşıram, şərh bölümünü bağlayıram. Çünki insanların ağzı torba deyil ki, büzək. Yazırlar ki, bu da ərə getdi, boşandı. Bu niyə əri ilə şəkil paylaşmır? Mən kiməsə nə isə sübut etmək məcburiyyətində deyiləm. Mən hamiləliyimi gizlədirdim. Övladımın da cinsiyyətini atasına pulla demişdim. Sonra mənə yazdılar ki, buna bax, ərə gedib, kökəlib, özünü "buraxıb". Bilmirdilər ki, hamiləyəm. Sonra uşaqla şəkil paylaşırdım, dedilər ki, öz uşağı deyil, yoxsa hamiləlik şəkillərini paylaşardı. Əsəblərim sakit olması üçün sosial şəbəkədən az istifadə edirəm.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar