Xəbər lenti
Bu, Qarabağa ikinci qayıdışdır - Ağdərə...
Manevr.az Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun apa-ya müsahibəsini təqdim edir:
- Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində görülən işlər barədə danışmağınızı istərdik...
- Hələ ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə qaçqın və məcburi köçkün problemi ilə məşğul olmağa başladı. Çox təəssüflər olsun ki, əvvəlki hakimiyyətin dövründə çoxlu problem yaranmışdı, qaçqın və məcburi köçkünlər xaotik şəkildə, kim harada gəldi, yerləşmişdi. Prosesi idarə edən, onları istiqamətləndirən olmamışdı. Çünki sistem pozulmuşdu, idarəçilik yox idi. İnsanların durumu pis, dolanışıq çətin idi. Onsuz da SSRİ parçalanandan sonra iqtisadiyyatımız sıfır vəziyyətinə düşmüşdü, hökumətdə o insanları təmin etmək üçün heç bir vəsait yoxuydu. Heydər Əliyev, ilk növbədə, beynəlxalq humanitar təşkilatların Azərbaycana gəlməsini təmin etdi. Heydər Əliyev humanitar təşkilatların Azərbaycana gəlməsini təmin etməsəydi, ölkədə humanitar böhran, fəlakət baş verəcəkdi və bunun qarşısı da alınmaz olacaqdı. Ulu öndərin uzaqgörənliyinin bəhrəsini o zaman gördük. Beynəlxalq təşkilatlar Azərbaycana dəvət edildi, ölkəyə 80-ə qədər humanitar təşkilat gəldi. Bir il ərzində beynəlxalq humanitar təşkilatlar 70-80 milyon dollarlıq proqram həyata keçirməyə və bizim 1 milyon qaçqın və məcburi köçkünümüzə yardım etməyə başladı. İlk növbədə, BMT, ABŞ, Avropa, Türkiyə və İranın humanitar təşkilatları Azərbaycana gəldi. Biz bunu yaddan çıxarmamalıyıq. O zaman bizim vəsaitimiz yox idi. Təsəvvür edin ki, o dövrdə beynəlxalq humanitar təşkilatlar bir il ərzində qaçqın və məcburi köçkünlərə 80 milyon dollar sərf edirdi, Azərbaycan hökuməti isə çətinliklə 500 min dollar ayıra bilirdi. Çünki Azərbaycan hökumətinin vəsaiti yox idi. Ulu öndərin ən böyük töhfəsi humanitar böhranın, fəlakətin qarşısının alınması oldu. Bununla Heydər Əliyev həm də dövlətin dağılmasının qarşısını aldı. Zarafat deyil, 1 milyon insan ortada qidasız, vəsaitsiz qalmışdı. Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin sistemli həlli üçün mexanizm qurmağa başladı. Bu gün prezident İlham Əliyev o mexanizmi təkmilləşdirərək dünyaya göstərdi ki, bu sahədə Azərbaycan modeli var. Bu gün dünya miqyasında qaçqın və məcburi köçkünlərin idarə olunma sistemi, mexanizmi Azərbaycan brendidir. Hökumətin son hesabatı zamanı Azərbaycan prezidenti çıxışında bunu qeyd etdi. Bu, həqiqətdir. Baxın, 1 milyon qaçqın və məcburi köçkün gələn zaman Azərbaycanın 7 milyon əhalisi vardı, hər 7 nəfərdən biri qaçqın idi. İndi təbii artım hesabına qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 min nəfərə çatıb, ölkənin əhalisi isə 10 milyon nəfərdir. 25 illik qaçqın və məcburi köçkünlük tarixi var, mən 20 ildir ki, bu sahədə çalışıram, prezidentin bu sahədə tapşırıqlarını yerinə yetirirəm. Bu 25 ildə bir dəfə də olsun Azərbaycanda qaçqınların kütləvi problemi ortaya çıxmayıb, kütləvi narazılıq olmayıb. Demirəm ki, heç bir problem olmayıb, olub, amma o problem ulu öndər Heydər Əliyevin qurduğu mexanizm və prezident İlham Əliyevin bu mexanizmi Azərbaycan brendinə çevirməsinin hesabına yoluna qoyulub. Problemlər həm danışıqla, həm də görülən işlər hesabına yoluna qoyulub.
- Ötən dövr ərzində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə hansı həcmdə vəsait sərf edilib?
- Ötən dövrdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,6 milyard manat sərf edilib. Bu vəsaitin 3,1 milyard manatı dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, 2,1 milyard manat Dövlət Neft Fondundan məcburi köçkün qəsəbələrinin tikintisinə ayrılıb, 1,4 milyard manat isə beynəlxalq humanitar təşkilatların qoyduğu vəsaitdir. Bu günə qədər 97 müasir qəsəbə tikilib. Bu yaxınlarda da Tərtərdə böyük şəhərcik açıldı. Bu 97 qəsəbəyə 53 min ailə, 265 min nəfər köçürülüb. Həmin qəsəbələrə ilkin dövrdə köçürülənlərin 10 min nəfəri qaçqın olub, qalanların hamısı məcburi köçkündür. O şəhərciklərdə 53 min mənzil, 157 məktəb, 60 mədəniyyət obyekti, 59 tibb müəssisəsi, 61 uşaq bağçası, 2 Olimpiya Kompleksi tikilib. Görülən bu işlərin və ayrılan vəsaitin 95 faizi son 14 ilin payına düşür. Bu işlər prezident İlham Əliyevin 14 illik fəaliyyəti dövründə həyata keçirilib. Beləliklə, qaçqın və məcburi köçkünlərin idarə edilməsi ilə bağlı Azərbaycan brendi yaradılıb. Görürsünüz ki, Avropada nə baş verir. 500 milyonluq Avropa 1 milyon miqrantın əlində əsir-yesir qalıb. Qoca, qadın, uşaq demirlər, səhərdən axşama qədər o tərəf, bu tərəfə qovurlar. Bəs ərazi və əhali baxımından kiçik olan Azərbaycan dövlət təkbaşına bu problemin öhdəsindən necə gəlib? Ulu öndərin qurduğu mexanizm və prezident İlham Əliyevin o mexanizmi təkmilləşdirərək Azərbaycan brendinə çevirməsinin hesabına bu problemin öhdəsindən gəlinib. Ona görə də təsadüfi deyil ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanı qurumun İcraiyyə Komitəsinin üzvü seçdi. BMT Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin illik iclaslarında səsvermə hüququ ilə iştirak edirik. BMT-nin hazırkı baş katibi Antonio Guterriş Qaçqınlar üzrə Ali Komissarlıqda ali komissar kimi 10 il işlədi. O, Qaçqınlar üzrə Ali Komissarlığının 150-160 ölkənin nümayəndəsinin iştirak etdiyi hər illik sessiyasında çıxışında deyirdi ki, Azərbaycan dövlətinin, prezidentinin öz qaçqın və köçkünləri üçün gördüyü işlər dünya üçün bir nümunədir. Yəni bunu biz demirik.
Bu gün Azərbaycana gələnlər heyran qalırlar, bunu da biz demirik. Bütün görülən bu işlər elə-belə başa gəlməyib. Çox böyük zəhmət, əziyyət, bilik və bacarıq, çox geniş miqyaslı akademik proqnozlaşdırma hesabına bu işlər həyata keçirilib. Təbii ki, bu işə birinci vitse-prezident Mehriban Əliyeva da qoşuldu. Mehriban Əliyeva birinci xanım olaraq dünyanın birinci xanımları arasında ən yüksək səviyyəyə qalxdı. Mehriban Əliyeva xanım kimi Azərbaycan xanımlarını dünyaya tanıtdı. Əgər Azərbaycan prezidenti Azərbaycan dövlətini, xalqını tanıdıb, dünyaya inteqrasiyasını təmin etdisə, Mehriban Əliyeva Azərbaycan xanımlarını dünyaya tanıtdı. Düzdür, əvvəllər də Azərbaycanı dünyaya tanıdanlar olub, amma bu miqyasda olmayıb. Əvvəla, Mehriban Əliyeva böyük ziyalı ailəsində dünyaya göz açıb, böyüyüb, ziyalılığı oradan götürüb, ancaq çox böyük siyasi məharəti, bacarığı həm də Heydər Əliyevin ailəsindən alıb. Mehriban Əliyeva bu gün tək qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə deyil, mədəniyyət, təhsil, tibb, idman, incəsənət sahələri ilə də məşğuldur. Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycan xalqı və bütün dünya tərəfindən çox yüksək dəyərləndirildi, yüksək səviyyədə qəbul olundu, bu təyinatın çox yerində və düzgün olduğu vurğulandı. Mehriban Əliyeva birinci müşavirəsini qəzalı binalarda yaşayan məcburi köçkünlərin köçürülməsinə həsr edildi. Həmin müşavirədə tapşırıq verildi ki, 1 il ərzində 4 min məcburi köçkün ailəsi qəzalı binalardan köçürülməlidir. Bu prosesdən 5-6 ay keçib, artıq 900 ailəni qəzalı binalardan köçürmüşük. İnşallah, gələn ilin avqustuna qədər Mehriban Əliyevanın tapşırığı birmənalı təmin olunacaq, 4 min ailənin köçürülməsi başa çatacaq. Təbii ki, bu işlər prezidentin rəhbərliyi altında həyata keçirilir. Çünki prezident də bu istiqamətdə öz tapşırıqlarını verir.
Prezident İlham Əliyev 97 qəsəbənin 33-nün açılışında şəxsən iştirak edib. Bu yaxınlarda Tərtərdə 1170 ailəlik böyük bir şəhərcik istifadəyə verildi. Burada da maraqlı bir məqam var.
- Söhbət hansı məqamdan gedir?
- Son 200 ildə Azərbaycan torpaqları ermənilər tərəfindən tədricən işğala məruz qalıb. Göyçə, Zəngəzur, 1988-1993-cü illərdə Qarabağ da daxil olmaqla, torpaqlarımızın 20 faizi işğal olunub. 200 il ərzində ermənilər tərəfindən işğal olunmuş torpaqların 1 kvadratmetri belə geri qaytarılmamışdı. Maraqlı bir məqamı ilk dəfə sizə açıqlayıram. 200 ildə zəbt olunan torpaqların bir qismi ilk dəfə 1993-cü ilin dekabrında Horadiz əməliyyatında ulu öndər Heydər Əliyev tərəfindən geri qaytarıldı. Fizuli rayonunun işğal altındakı bir çox kəndləri, minlərlə hektar torpaq, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. İlk dəfə Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılması prosesi başladı. Bu prosesi Heydər Əliyev başlatdı, 2016-cı ili aprel döyüşlərində prezident İlham Əliyev bunu davam etdirdi, Lələ təpə, Talış yüksəkliyi azad edildi. Talış yüksəkliyi hesabına 10 min hektarlarla torpaq azad olundu. Lələ Təpə yüksəkliyinin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinin bərpasına şərait yarandı. Kəndin bərpası üçün təcili sərəncamlar verildi, 50 ev və məktəb tikintisi, o cümlədən Şuşa məscidinin bənzərinin inşasına başlandı. İki ay müddətində prezidentin tapşırığı ilə kənd bərpa edildi. Digər tərəfdən, bundan əvvəl dövlət başçısının tapşırığı ilə Azərbaycandakı bütün xarici ölkə səfirlərinin və akkreditasiya olunmuş KİV nümayəndələrinin kəndə səfəri təşkil edildi. Bir gündə bütün dünyaya göstərildi ki, ermənilər 4 ay işğal altında saxladıqları Cocuq Mərcanlı kəndini hansı vəziyyətə qoyublar.
Tərtərdə 1170 ailəlik şəhərcik salınması məsələsinə toxunmaq istəyirəm. Əslində, yeni şəhərcik Ağdərənin işğaldan azad olunmuş torpağında salınıb. Vaxtilə ermənilər Ağdərənin bir neçə kəndinin adını dəyişmişdilər, o kəndlərin tarixi adları bərpa edildi. Prezidentin tapşırığı ilə Ağdərənin həmin ərazisində bu şəhərcik tikildi. Bu, ikinci bərpa obyektidir, ikinci qayıdışdır, bunu ilk dəfə açıqlayıram. Biz deyirdik ki, Böyük Qayıdışın başlanğıcı Cocuq Mərcanlıdır. Bu qayıdış davam edir. Ağdərənin azad edilmiş torpaqlarında yeni şəhərcik tikildi. Ermənilər hər gün o şəhərciyə baxır və gözləri dağlanır.
Ermənilər həmişə deyirlər ki, 5-6 əsrdir ki, Dağlıq Qarabağda yaşayırlar, bunu bütün dünyaya yayırlar. Biz də ermənilərin yalan danışdıqlarını bildiririk. Keçən il prezidentin tapşırığı ilə məşhur abidənin yeri tapıldı. Adını Marquşəvan qoyduqları Şıxarx kəndində abidənin yeri aşkarlandı. Hansı ki, Türkmənçay müqaviləsi əsasında İranın Marağa kəndindən ermənilər 1828-ci ildə həmin kəndə köçürülüblər. 1978-ci ildə həmin ermənilər Marağadan köçürülmələrinin 150 illiyini qeyd ediblər, Şıxarxda "Marağa-150" abidəsini ucaldıblar. 1988-ci ildə ermənilər o abidəni dağıdıblar. Ancaq dağıdılan abidənin bir hissəsi orada qalmışdı. Keçən il təsadüfən bu, aşkarlandı və prezidentə məruzə olundu. Prezident tapşırıq verdi ki, bu istiqamətdə ciddi iş görülsün, ora abadlaşdırıılsın və ölkəyə gələn bütün xarici təşkilatlara göstərilsin. Prezidentin tapşırığı ilə mən Sankt-Peterburqa bir qrup göndərdim, keçmiş SSRİ-nin arxivi oradadır. Arxivdə fars dilində 200 səhifədən yuxarı Türkmənçay müqaviləsi tapıldı. Həmin müqaviləni Azərbaycan, rus və ingilis dilinə tərcümə etdik. Eyni zamanda çarın ermənilərin Marağadan Şıxarxa köçürülməsi ilə bağlı sərəncamlarını tapdıq. Çar bununla bağlı 5-6 sərəncam verib. Çarın Qriboyedova tapşırıqlarını, Qriboyedovun çara məruzələrini tapdıq. Çarın tapşırığı ilə o vaxt Maşko adlı rus rəssamı göndərilib, Marağadan Şıxarxa qədər köç prosesini təsvir edən portretləri çəkib. Həmin portretlərin surətini çıxardıq. Prezident bütün bunların hamısını Şıxarxda qurmağı tapşırdı. O abidənin ətrafını abadlaşdırdıq, stendlər qurduq. Və xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditasiya olunmuş xarici KİV, yerli medianın oraya səfəri təşkil olundu. Bütün diplomatlar bir daha canlı olaraq erməni yalanının şahidi oldular. Dedik ki, buyurun, ermənilər deyirlər ki, 5-6 əsrdir, bu torpaqlarda yaşayırlar, ancaq bu abidəni ermənilər Qarabağa köçürülmələri ilə bağlı özləri ucaldıblar. Hətta Sankt-Peterburqda arxivdə çox məşhur bir erməni tarixçinin də yazısını tapdıq. Həmin erməni tarixçi 1930-cu ildə yazır ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilərin Dağlıq Qarabağ ərazisinə heç bir aidiyyəti yoxdur. Həmin yazının da arxiv materialı kimi surətini çıxarmışdıq. Səfirlərə bu da nümayiş etdirildi. Ermənilər təlaş içərisindədirlər. 25 ildir, yalan danışırlar, bu abidə ilə bir daha sübut olundu ki, onlar genetik xəstədirlər. Yalan danışmaq, başqasının torpağına göz dikmək ermənilərin genetik xəstəliyidir. Ulu öndərin dövründən başlayaraq, daha sonra isə prezident İlham Əliyev tərəfindən işğal altındakı torpaqlar azad edilməkdədir. Heç bir şübhə yoxdur ki, Şuşaya, Xankəndinə getməyə az qalıb. Ermənistan dağılır, bu ölkədə insan qalmayıb, qalanlar da silah zoru ilə saxlanılır. Suriyadan erməniləri gətirib Dağlıq Qarabağa yerləşdirirlər, onlar da orada qalmayacaq, qaçıb gedəcəklər. Sərkisyan rejiminin öz xalqına verdiyi bunlardır. Biz tam əminik ki, çox qısa zamanda o torpaqlar tədricən azad olunacaq, öncəki vəziyyətlərindən 10 dəfə, 20 dəfə gözəl rayon mərkəzləri, şəhərlər, şəhərciklər salınacaq. Azad edilmiş iki yerdə prezidentin sərəncamı ilə 100 ev də tikilib, artıq yaxın günlərdə həmin evlərə köçürülmə başlanacaq. Artıq Cocuq Mərcanlıda 150 ev var. Çox maraqlıdır ki, yerli əhali ilə bərabər, başqa rayonların sakinləri də Cocuq Mərcanlıya köçmək üçün prezidentə müraciət edirlər. Azərbaycan vətəndaşının öz torpağına, doğulduğu yerə, Vətəninə münasibəti budur. Ancaq beynəlxalq təşkilatlar bizə deyirdi ki, məcburi köçkünlər geri qayıdacaqlarmı?! Buyursunlar, görsünlər. Bu, Azərbaycan vətəndaşının torpağına, dövlətinə münasibəti, o da ermənilər. İnşallah, o torpaqlar azad olunacaq, o insanlar da ləyaqətlə o torpaqlara qayıdacaqlar. Ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin son 25 ildə gördükləri işlərin çox az, 1 faizini danışdım. Onların gördükləri işlər barədə günlərdə danışmaq mümkündür.
- Qarşıdan Yeni il gəlir. Arzularınızı bilmək istərdik...
- Ölkə prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın gündəlik fəaliyyəti nəticəsində 2017-ci il də çox uğurla başa vurulur. Baxmayaraq dünyada kritik bir maliyyə böhranı var, bizdə bu problem arxada qalıb. Əvvəlki illər kimi hətta bu il həm iqtisadi inkişafımız, həm də kənd təsərrüfatı sahəsi, siyasi məsələlərin həlli, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində görülən işlər kifayət qədərdir.
Fürsətdən istifadə edib qarşıdan gələn bayramlar - həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ölkə prezidenti cənab İlham Əliyevi, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı bütün bu gördükləri işlərə, xalq, millət və dövlət üçün çəkdikləri əziyyətə, Azərbaycan xalqının rifahı üçün çalışdıqlarına, qısa müddət ərzində bütün dünyaya tanıtdıqlarına görə, Azərbaycanın dünyaya inteqrasiyasını tam təmin etdiklərinə görə səmimi qəlbdən bir milyondan çox qaçqın və məcburi köçkün adından təbrik edirəm, onlara möhkəm cansağlığı arzu edirəm, gələcək işlərində böyük uğurlar diləyirəm. Eyni zamanda məcburi köçkün və qaçqınlarımızı da bu bayramlar münasibətilə təbrik edirəm, onlara cansağlığı arzulayıram. Onlar əmin olsunlar ki, ölkəni qısa müddətdə bu vəziyyətə çatdıra bilən ölkə prezidenti və birinci vitse-prezident digər işğal altında olan torpaqlarımızı azad edəcəklər, o yerlərdə bu qəsəbələrdən də gözəl tikilmiş bir gözəllik yaradacaqlar və siz hörmətli qaçqın və məcburi köçkünlər ləyaqətlə öz doğma yurdlarınıza qayıdacaqsınız.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar