Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Vicdan və sədaqətin yolu

Tarix: 16-12-2025 18:12     Baxış: 3102 A- / A+
   Həkim… Bu, sadəcə bir peşə deyil, insan həyatına həsr olunmuş müqəddəs missiyadır. Həkimlər insanların ən zəif və qorxulu anlarında yanında olaraq, təkcə bədəndəki ağrını deyil, ruhun iztirabını da yüngülləşdirməyə çalışırlar.
   Hər səhər ağ xalatını geyinərkən öz rahatlığını, ailəsinin istiliyini və bəzən şəxsi sağlamlığını kənara qoyaraq başqalarının yaşaması üçün yola çıxırlar. Xəstəxananın soyuq divarları, nigaran insanlar və bitməyən çağırışlar onların səbrini, mərhəmətini və peşəyə sədaqətini göstərir.
Həkimlik yalnız elm deyil, həm də ürək işidir. Hər toxunuş, hər söz və hər qərar insan taleyinə göstərilən qayğını əks etdirir. Bu səbəbdən həkimlər cəmiyyətin görünməyən, amma ən möhkəm dayaq sütunlarından birinə çevrilirlər, onların əllərində yalnız tibbin gücü deyil, mərhəmətin də nəfəsi var.
1 saylı xəstəxananın həkim-kardioloqu Sevinc xanım Əliyeva ilə tanışlığım onu təkcə peşəkar həkim kimi deyil, həm də işinə sadiq, dərin bilikli və səmimi  insan kimi yaxından tanımağıma imkan yaratdı. Aşağıda təqdim olunan müsahibədə Sevinc xanım həyat yolu, həkimlik fəaliyyəti və qazandığı peşəkar dəyərlər barədə düşüncələrini bölüşür. Müsahibəni sizə təqdim edirəm:
- Valideynlərinizin peşəkar həyatı yüksək məsuliyyət və fədakarlıq tələb edən sahələrlə bağlı olub - ananız tibb işçisi, atanız isə Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki  olub. Belə  ailədə böyümək, nizam-intizam və humanizm dolu  mühitdə formalaşmaq sizin şəxsiyyətinizə və həkimlik yolunu seçməyinizə necə təsir göstərdi?
- Valideynlərimin peşəkar həyatı mənim şəxsiyyətimin formalaşmasında böyük rol oynayıb. Anam tibb işçisi kimi insanların sağlamlığı üçün çalışır, atam isə polis  kimi məsuliyyət və nizam-intizamı təcəssüm etdirirdi. Belə  ailədə böyümək mənə həm humanizm, həm də məsuliyyət hissini aşıladı. Bu mühit həkimlik yolunu seçməyimdə əsas amillərdən biri oldu; insanlara yardım etməyin və doğru qərarlar verməyin nə qədər önəmli olduğunu erkən yaşda dərk etdim.
- Rusiyada həkim kimi fəaliyyət göstərməyiniz peşəkar təcrübənizə və iş yanaşmanıza necə təsir edib? Orada qazandığınız hansı bilik və bacarıqları bu gün də tətbiq edirsiniz?
- Rusiyada həkim kimi fəaliyyət göstərməyim peşəkar təcrübəmi xeyli zənginləşdirdi. Orada müxtəlif xəstə qrupları və mürəkkəb klinik hallar ilə işləmək mənə çevik qərarvermə, effektiv diaqnostika və fərqli tibbi yanaşmaları tətbiq etmə bacarığı qazandırdı. Bu bilik və bacarıqları gündəlik tibbi praktikamda istifadə edir, xəstələrimə daha geniş və səmərəli yardım göstərməyə çalışıram.
Eyni zamanda Rusiyada yaşadığım illərə dərin minnətdarlıq hissi ilə yanaşıram. Həmin dövr mənim həm peşəkar, həm də şəxsi dünyagörüşümün formalaşmasına mühüm töhfə verdi. Orada çalışdığım müddət ərzində doğma torpağım Azərbaycanı daim qürurla təmsil etmiş, milli kimliyimi və dəyərlərimi hər zaman ön planda saxlamışam.
- Həkimlik sizin üçün sadəcə bir peşədir, yoxsa həyat fəlsəfəsi? 
- Mənim üçün həkimlik sadəcə bir peşə deyil, həyatımın ayrılmaz hissəsi və düşüncə tərzimdir. Bu yol mənə insanlara yalnız tibbi yardım göstərməyi deyil, onların ağrısını paylaşmağı, narahatlığını anlamağı və ümid verməyi öyrədib. Həkimlik hər gün məsuliyyət, səbr və vicdan tələb edən bir missiyadır. Xəstənin etibarını qazanmaq, ona həm fiziki, həm də mənəvi dayaq olmaq bu peşənin ən ali məqsədidir və mən bu dəyərləri fəaliyyətimin əsas prinsipi kimi qəbul edirəm
- İnsanların ən çarəsiz anlarında onların yanında olmaq sizə psixoloji olaraq nə qazandırır və hansı çətinliklərlə üz-üzə qoyur? Bu məsuliyyətin öhdəsindən gəlmək üçün özünüzü necə psixoloji cəhətdən tənzimləyirsiniz?
- Xəstələrin ən çarəsiz anlarında yanlarında olmaq mənə böyük mənəvi məmnunluq versə də, eyni zamanda ciddi məsuliyyət və emosional yük gətirir. Kardioloq kimi, xüsusilə ağır və həyati risk daşıyan xəstələrlə çalışmaq insanın psixoloji dözümlülüyünü daim sınağa çəkir. Bu sahədə verilən hər qərar və keçən hər saniyə insan həyatına təsir etdiyi üçün iş həm böyük məsuliyyət, həm də ağır yük daşıyır.
Bu məsuliyyətin öhdəsindən gəlmək üçün öz üzərimdə davamlı işləməyə çalışıram. Daimi tibbi təhsil, elmi yeniliklərin izlənməsi və həmkarlarla təcrübə mübadiləsi mənə həm peşəkar, həm də psixoloji dayaq verir. Bununla yanaşı, şəxsi balansımı qorumağın vacibliyini də unutmuram.
Təbiətlə təmas mənim üçün ən güclü sakitləşdirici vasitələrdəndir. Həyət evində yaşayıram və təbiətin ritmi, səssizliyi məni daxili harmoniya ilə doldurur. Klassik musiqini, xüsusilə Motsartın əsərlərini dinləmək ruhumu dinləndirir, düşüncələrimi saflaşdırır. Ümumilikdə incəsənətin müxtəlif sahələrinə marağım var; rəssamların əsərlərini seyr etmək mənə emosional rahatlıq və ilham verir.
Son zamanlar ingilis dilini öyrənməyə başlamışam. Bu, həm peşəkar inkişafım, həm də şəxsi dünyagörüşümün genişlənməsi baxımından mənim üçün önəmli addımdır. Bütün bunlar mənə emosional tarazlığımı qorumağa, işimə daha sağlam və güclü şəkildə qayıtmağa kömək edir.
- Texnologiya və tibbin sürətlə inkişaf etdiyi bir dövrdə, sizcə gələcəyin həkimi hansı keyfiyyətlərə sahib olmalıdır və gənc tibb işçilərinə ən önəmli tövsiyəniz nədir?
- Texnologiya və tibbin sürətlə inkişaf etdiyi dövrdə gələcəyin həkimi həm yüksək peşəkarlıq, həm etik dəyərlər, həm də davamlı öyrənmək bacarığına sahib olmalıdır. Gənc tibb işçilərinə tövsiyəm odur ki, bilik və bacarıqlarını daim inkişaf etdirsinlər, insanlara empatiya ilə yanaşsınlar və hər zaman məsuliyyət hissini ön planda saxlasınlar.
Sevinc xanımın  timsalında aydın görünür: hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq, işimizi vicdanla və sədaqətlə yerinə yetirmək həm şəxsi, həm də ictimai borcumuzdur. Bu gün ölkəmizin davamlı inkişafı üçün savadlı, əzmkar və cəmiyyətə töhfə verməyə hazır olan insanlara ehtiyac duyulur. Yalnız bu yanaşma ilə gələcək nəsillərə ümid dolu, sağlam və güclü  cəmiyyət miras qala bilər.













Mənsurə Xələfbəyli
Yazıçı - publisist 
AYB- nin üzvü
"Turan" ədəbi məclisinin həmsədri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar