Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aynur Zurufçu: “... qərib kimiyəm”- müsahibə

Tarix: 29-12-2022 19:11     Baxış: 31 127 A- / A+
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür! 

Yaqub Zurufçu


Aynur xanım, illər əvvəl:

 “Böyüklər, böyüklər hörür çəpəri,
Uşaqlar, uşaqlar sökür çəpəri.
İnandım: hər uşaq bir od parçası!
 İnandım: səngiməz bu od, bu ocaq!


Təbrizlə Naxçıvan arasındakı Çəpəri yıxan da bunlar olacaq...”
mısraları yazan qələm 1989-cu ildə:

“Sərhəd çəpərləri sökülür, Allah!
 Bu necə yuxudu, Bu necə haqdı!
Zaman öz hökmünü qandallayacaq,
Tarix öz yoluna qayıdacaqdı”,
–  yazdı.

-Aynur xanım, Yaqub Zurufçu ilə bağlı müsahibəmizə ilk suala Məmməd Arazın şeiri ilə başlamağımın səbəbini duymamış deyilsiniz. Qarşıdan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu tarixdə haqqı olanlardan biri də Yaqub Zurufçudur. Şairin təbirincə desək, çəpərin – sərhəd dirəklərinin sökülməsi azərbaycanlıların əsrlərlə gözlədiyi gün idi. Arzusu həyata keçən Məmməd Araz həmin vaxt: Özümdən-özümə muştuluq yetər, Gözlərim, sizin də gözünüz aydın! Qəlbimdən birbaşa Təbrizə gedən Bir yol cilovladım, bir tel ayırdım, – deyə özünə gözaydınlığı verib. Mən də bu əziz gün münasibətilə xalqımızı, sizi təbrik edirəm!

-Çox təşəkkür edirəm, Pərvanə xanım. Sizi, müsahibəni oxuyan bütün soydaşlarımızı bu şərəfli gün münasibətilə təbrik edir, Azərbaycan naminə hər zaman həmrəy olmamızı diləyirəm. Belə önəmli  gündə haqlı olaraq, Yaqub Zurufçunu xatırlamısınız. Yaqub bəy Dünya Azərbaycanlılarının Həmrəyliyinə sanki bir körpü salıb. Güneylə Quzey Azərbaycanın birləşməsi ideyalarını təkcə sözdə deyil, musiqilərində də hər zaman xalqımıza çatdırmağa çalışıb. Onun Azərbaycana bağlı olmasının daha bir sübutu 1989-cu ildə Azərbaycan Müstəqillik Hərəkatındakı iştirakı, çıxışları olub.  Bilirsiniz ki, Yaqub Zurufçu vətəninin müstəqillik yolunda apardığı mübarizədə cani-könüldən iştirak edib və o dövrün ən parlaq simalarından olub. Azadlıq meydanındakı çıxışlarının ona həyati təhlükə yaratmasından belə çəkinməyib.

-“Dumanlı Təbriz”, “Gələcək gün”də “Azad” olacaqmı?

-Təbrizin timsalında Güney Azərbaycanın azad olacağına inanıram. Bu çox mürəkkəb, olduqca həssas mövzudur. Saatlarca danışmaq, yaxşı-pis tərəfə yozmaq olar. Amma bu barədə Yaqub Zurufçunun fikirlərini səsləndirmək daha adil olar deyə düşünürəm. Yaqub bəy Azərbaycanı həmişə bütöv görürdü. Birliyimizi həm arzu edib, həm də reallaşacağına inanıb və Azadlıq meydanında milyonların qarşısında deyib:
Vətən ara, divar olmaz!
O tay olmaz, bu tay olmaz!
Dədə-baba qaydasıdır,
İstək olsa, “olmaz” olmaz!


-Söhbətə vətən mövzusuyla başladımsa, bir fikrimi də əlavə edim. Yaqub Zurufçu vətən eşqinə, yurda bağlılığına görə Adam Azərbaycan sayıla bilən vətəndaşdır, ona görə də bilmək istəyirəm, Aynur xanımı indi vətənsiz hesab etmək olarmı?

– Bu ifadəni necə gözəl və yerində seçmisiniz. Adam Azərbaycan! Doğrudan da, Yaqub Zurufçu adam Azərbaycandır! Bizi birləşdirən ən böyük vasitə də Azərbaycan olub. O məni Azərbaycanda görüb, Azərbaycanda sevib və Azərbaycanda ailə qurub. Onun vətən sevgisinə, millətpərəstliyinə heyran olmuşam. Ondan çox şey öyrənmişəm. O da dediyinə görə məni vətənimə bağlı olduğum üçün daha çox sevib. İndi Azərbaycanda – doğulduğum ölkədə vətənsiz deməzdim, amma qərib kimiyəm...

-Qərib kimi ifadəsi duyğunuzu olduğu kimi çatdırır. Y.Zurufçu yalançı vətənpərvərlikdən uzaq idi, Vətən eşqi məktəbinin əlaçı yetirməsi olaraq, çoxunun arzuladığı xarici ölkədən Azərbaycana qayıtdı. Qayıtmağıyla şəxsi həyatında da yenilik oldu.

 – Bəli. Çoxlarının can atdığı Avropa, Amerika Birləşmiş Ştatlarından Azərbaycana qayıtdı. Özünün gəlməsi bir yana, neçə-neçə dost, tanışlarını da Bakıya gəlməyə sövq etdi.  “Bura Vətəndir. – dedi. – Yaxşısı da, pisi də bizimdir!” Mən  dəfələrlə demişəm, nə yaxşı ki gəldi. Ailə qurduq, bütövləşdik, Atillamız oldu.

-Sevginin gecikəni xoşbəxtlik gətirir, ya əksini?

-Xoşbəxtlik mücərrəd anlayışdır. Amma bəxtəvər o kəslərdir ki, heç olmasa bir dəfə də olsun xoşbəxtliyi yaşayır. Biz xoşbəxtliyimizi nə gec, nə də tez tapmışıq. Lap vaxtında idi. Çünki zamanı bir az o tərəf-bu tərəfə çəksəydik, bəlkə də, rastlaşmaya bilərdik. Amma nə gözəl ki, biz bir-birimizi tanımışıq, nə yaxşı ki, bu bərabərlik olub. Bəli, cismani olaraq daha çox birlikdə ola bilərdik. Amma mən onun qəlbində idim, o da mən var olduğum müddətcə məndə olacaq!

-Baharı saxlamaq olurmu?

Bahar! Bu fəsil Yaqub bəyin ən sevdiyi fəsil idi. Özü də baharda doğulub deyə (aprelin 8-i) mənə də doğmadı. Yaqub bəy bahara aşiq idi. Fəsillərin şahı deyirdi bahara. Heyf ki, ömrü az olur baharın...

-Səs tonundan, danışıq tərzindən həlimlik duyulan Yaqub Zurufçu Aynur xanıma iş başında hansı sərtliyi edib?

-Yaqub bəy o qədər həlim, o qədər nəzakətli idi ki, ona yalnız qibtə etmək olar. Bir insan bu qədərmi alicənab olar?! Sözün əsl mənasında insan kimi insan. O ki qaldı sərtliyinə, biz bir yerdə çalışdığımız zamanlar dəfələrlə bu sərtliyin şahidi olmuşam. İş zamanı olurdu. Məsələn, bu sujet bu cür hazırlanmalıdı. Mən də gənc idim, çılğınlığım olurdu bəzən. Öz bildiyim kimi etmək istəyirdim. Amma sonra görürdüm ki, o düz deyir.

- Nəyi deyə bilmədiniz ona?

-Bir insan sevdiyi adama nə deyə bilərdisə, yüz qatını demişəm Yaqub bəyə. Hər gün on dəfə “SƏNİ SEVİRƏM!” deyirdim. “ÖLÜRƏM SƏNİN ÜÇÜN!” deyirdim. “SƏNSİZ YOXAM!” deyirdim. Bu gün də deyirəm...

-Bəs o sizə nəyisə deməkdən çəkinirdimi?

-Bizim çox səmimi bir evliliyimiz olub. Hisslərimizi ifadə etməkdən çəkinməmişik. Nə də duyğularımızı paylaşarkən söz qıtlığı yaşamamışıq. Mükəmməl bir cütlük, nümunəvi ailə olmuşuq.

-Yaqub Zurufçusuz həyat maraqsızdır, ya mübarizə?

-Həyatın marağını da, gözəlliyini də, ömrümüzün müəyyən mərhələlərində yaşamağın mübarizəyə çevrildiyini də Yaqub Zurufçu ilə duymuşam.

-Sevginizi alqışlayıram. Yaş fərqi önəmli deyil, əsas ruh, qəlb yaxınlığıdır. Poeziyada gecikmiş sevgi anlayışı var. Şairlərin əksəriyyəti bu mövzuda yazıb, mən də həmin şeirləri təhlil etmişəm. Sizin sevginizə də vurğunam. Hətta bu barədə paylaşımım olmuşdu. Gecikən sevginin hikməti, ya düsturu varmı?

-Mənim Yaqub Zurufçuya olan hisslərim yaş fərqi tanımır. Biz heç bir zaman belə bir problem yaşamadıq. Yəni bu münasibəti qətiyyən yaşla əlaqələndirmək olmaz! Bu ruh birliyidir. Hansı yaşdan danışa bilərik ki, bu gün də mən onunla yaşayıram. Ürəyimin tamamını bürüyüb Yaqub Zurufçu.

-İstədiyim cavabı aldım. Bəli, bu ruhun eyniliyidir. Atillanı atasının ideyalarını yaşatmaq üçün böyüdürsünüz, yoxsa öz yolu olan biri kimi?

-Atilla sevgi övladıdır. Mən inanmaq istəyirəm ki, ən təmiz duyğulardan doğulmuş, ən nümunəvi bir ailədə böyümüş Yaqub Zurufçu yadigarı Atilla özünə doğru yol tapacaq. Könül istər ki, o doğru yol elə Yaqub Zurufçu yolu olsun. Mən balama doğru yol arzulayıram.

-Yaqub Zurufçu yolu. Bu ifadəniz də ürəyimdən oldu. Boynunuzda ana olmaqdan başqa hansı məsuliyyət var?
-Yaqub Zurufçunun həyat yoldaşı, xanımı olmaq kimi bir məsuliyyətim var. Bundan qürur duyuram. Digər tərəfdən Atilla Zurufçunu böyüdürəm. Bu da başqa bir məsuliyyət, sevimli bir öhdəlikdir. Ömür vəfa etsin, mən bu vəzifəni şərəflə yerinə yetirə bilim. 

-Balanızın layiqli vətən övladı olacağı ümidilə hələlik xudahafizləşək. Nəzərinizə çatdırım ki, cavablarınız gözlədiklərim idi.
Düşüncələrinizdə həmrəyik.

-Çox sağ olun! Mən sizə təşəkkür edirəm!Ürəyimi açmağa vəsilə olduğunuz üçün minnətdaram! 

 Müsahibə götürdü:
Pərvanə BAYRAMQIZI




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar