Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Rübabənin sənəti gözəl idi, Zeynəbin özü” – Xalq artisti ilə MÜSAHİBƏ

Tarix: 03-11-2022 19:14     Baxış: 31 739 A- / A+


Arif Babayev
Arif Babayev

Əksəriyyətimiz onun səsiylə böyümüşük. Arif Babayev deyəndə çoxları onun insanı odsuz-alovsuz yandıran “Segah”ını xatırlayır. 
Böyük həyəcanla ilk muğam professorunun, “Şöhrət” və “İstiqlal” ordenli Xalq artisti Arif Babayevin görüşünə gedirik. 
Həyat yoldaşı Gültəkin xanım bizi qonaqpərvərliklə, yüz illərdir tanıdığı adam kimi mehribanlıqla qarşılayır. Şirin dili, gülər üzü ilə elə qapıda isidir insanın ürəyini. 75 yaşına baxmayaraq çox qıvraq, çox hərəkətlidir. 
Arif müəllim “bu evdən heç kim çörək kəsməmiş getməz, xətrimə dəyərsən” deyir, israrla süfrəyə dəvət edir. Söhbətimizə süfrə başında davam edirik. Gültəkin xanım da oturur, zarafatla “mən onun kadr arxası prodüseriyəm deyir”, keçmişdən xatirələrə baş vururuq, Arif müəllimin unutduğu məqamları o yada salır. Ömür yoldaşına hədsiz qayğı göstərdiyi hər halından bəllidir.

Manevr.az Xalq artisti Arif Babayevin lent.az-a verdiyi müsahibəni təqdim edir.

- Arif müəllim, Allah qismətinizə Gültəkin xanımı yazmaqla şanslı edib sizi...
- Sənətkarın ömür yoldaşı olmaq asan deyil. Gültəkin olmasaydı çətin olardı. Həmişə mən demişəm, Gültəkin davam edib, sözümə güc verib. Amma çox tərifləməyim, birdən baxmaz mənə (gülür).
- Bəs özü demiş, onu niyə həmişə kadr arxasında saxlamısız? (Gültəkin xanımın dediyinə görə, Arif müəllim gəncliyində də, indi də qısqanc olub)
- Haqqımda çəkilən filmlərdə bəzən görünüb. Bundan artıq nə edəsidi, mənim yerimə oxuyası deyil ha?! Birdən sual verirlər ki, sevib evlənmisən? Deyirəm “a bala, bu sualı gərək 50-60 il öncə verəydiz. İndi daha mənim sevgidən danışan yaşım deyil”. Özüm də görmüşəm, böyüklər də məsləhət edib, evlənmişik. Allah heç kimi böyüksüz eləməsin. Cavanlara da məsləhət edirəm ki, nikahınızı bərk tutun. Bu dünyada gərək çox şeyin fikrini çəkməyəsən, amma evlənəndə çox düşünmək lazımdı.

- Arif müəllim, sizin cavan vaxtlarınızda muğam oxuyanların sayı indiki qədər çox deyildi. Toya da say seçmə oxuyanları aparardılar. İndi əsasən müğənninin görünüşünə baxırlar. Onda çox qazanırdılar ya indi?
- İndi də yaxşı oxuyanlar da var. Məncə yaxşıya yaman demək günahdır. El arasına çıxan adam, xanəndə gərək şəxsiyyətini də qoruya. Mirələm Mirələmovdan ona görə xoşum gəlir. Ona “köhnə kişi” deyirəm. Bizim vaxtımızda toy da çox idi, amma onda indiki kimi pul olmurdu. Çox gedirdik toylara. Yadıma gəlir, bir dəfə Opera Teatrında səhnəyə çıxmışam, Məcnunu oxuyuram, tamaşaçılardan biri zaldan qalxıb qışqırır ki, Arif, ayın 30-da boşsan? Çaşdım qaldım. Dirijor vəziyyətdən çıxardı (gülür). Zalım oğlu sual verməyə vaxt tapıbmış.
- Çoxlu sayda tələbələriniz olub. Gəlib arayıb axtarırlarmı sizi?

- Aybəniz Haşımova, Aygün Bayramova, Nəzakət Teymurova, Mənsum İbrahimov tez-tez gəlirlər. Allah hamısından razı olsun. Kiminsə adını unutmuş ola bilərəm. Çoxdular, yaxşı tələbələrim var mənim. Əksəriyyəti xalq artistidir. 
- Bəs qəzəllərinizdə oxuduğunuz kimi, əğyar, nankor çıxan olub?
- Eləsi də olub. Eləsinin adını çəkməyə dəyməz, yaxşı insan deyilmiş demək. Allah eləsini yaradıb ki, yaxşıların qədri bilinsin.  
- Siz çoxlu sayda istedadlı gənci kəşf edib üzə çıxarmısız. Bəs sizi kim kəşf etdi, böyük səhnəyə gətirdi?
- Ağlım kəsəndən toy oxuyurdum. Əsgərlikdən gələndən bir gün tar çalan dostum Oqtay Quliyev dedi ki, bəstəkar Süleyman Ələsgərov gəlib, Şuşadadı, istirahət edir. Gedək bir özünü sına. Getdik. Allah o kişiyə rəhmət eləsin, yaxşılıq üçün yaranmışdı. Cabirlə Tahirin babasını deyirəm. Getdik, çıxdım onun qabağına. Meşə ola, dağ ola, cavan oğlan ola. Onda belə indiki kimi əyri-üyrü deyildim, boyum-buxunum, yaraşığım, səsim bulaq kimi qaynayır. Qoy bir az da özümü tərifləyim də (gülür). Süleyman Ələsgərov dinlədi. Dedi “sən hardaydın bu vaxtacan?”. Mənə dedi səni 5 gün sonra Bakıda, “Muzkomediyanın” qabağında gözləyəcəm. Kişi adam imiş. Dediyi kimi elədi.  Hazırlaşıb gəldim Bakıya. Gördüm sözünü tutub. Dediyi yerdə sarı maşında məni gözləyir. Apardı səsyazma studiyasına, oxudum. Dinlədilər, çox bəyəndilər. Amma mən yenə aylarla məşq elədim. İndikilər bir dəfə oxuyan kimi deyir mən dahiyəm, sənətkaram. Utanmaq yox, qorxmaq yox. Sən dahisənsə, Üzeyir bəy kimdi?

- O zamanlar incəsənət xadimləri rayonlara kənd camaatı arasına çox çıxardı...
- Hə, biz çətin günlərdən keçmişik. İnan rayona qastrola gedirdik, aranda, Muğanda istidə milçək ağız-burnumuza dolurdu. Bir dəfə bir zəif oxuyan var idi. Narınc. Onunla Bərdədə kolxozçular qarşısında “Leyli-Məcnun”dan oxuyuruq. Narınc başını sinəmə qoyub, öz partiyasını oxuyur. Gördüm ki, bizdən bir-iki addım uzaqda bir şahmar ilan başını dikəldib, bizə baxır. Dedim Narınc qəflətən görsə, qışqıracaq. Qulağına pıçıldadım ki, qorxma amma böyrümüzdə bir ilan var. O qədər pis oxudun ki, ilan gəlib səni aparmağa (gülür). Muğam başqa dünyadı, nə olar heyvan olanda, yəqin o da musiqi dinləməyə gəlibmiş.
- Leylidən söz düşmüşkən hansı “Leyliniz” Məcnun eşqinə daha çox layiq idi? 
- Səhnədə əsas Zeynəblə, Rübabəylə oxumuşam. Rübabənin sənəti gözəl idi, Zeynəbin özü. Zeynəb də şirin oxuyurdu. Uzun illər oxuduq. Sonra gördüm səhnəyə çıxanda səhnə cırıldayır. Kilo almışdım. Səhrada ac-susuz gəzən Məcnunun göbəyi olmaz. Dedim artıq getmək zamanıdır. Adam gərək özü getmək zamanını bilsin. Leyli də çirkin olanda Məcnun deyir “get, get sən o Leyli deyilsən” (gülür). Operadan sonra getdim filarmoniyaya. Milli konservatoriya açılanda ora dəvət olundum. Konservatoriyada muğam kafedrası yarandı, orada çalışmağa başladım. 
- Bəs “Məcnunlar” barədə nə deyə bilərsiniz?
- Vallah, hansını deyim? Hərəsinin öz yaxşı tərəfi var. Bir dəfə Mənsumun (Xalq artisti Mənsum İbrahimov) Məcnun rolunu məşq eləməsinə baxırdım. Son səhnədə Məcnun Leylinin dərdindən divanə olub, yerə yıxıldı, süründü, üstü-başı tozun içində. Dedim, ay Mənsum, sənin Məcnunundan sonra teatra xadimə lazım deyil, yeri-yurdu Məcnun özü təmizləyir (yenə gülür).
- Hə sizinlə bağlı baməzə söhbətlər çox olur…
- Yeri gəlir yaranır. Bir dəfə Konservatoriyada bir tələbəm “Qaragilə” oxuyur. Elə başlayandan qayıtdı ki, gəlmişəm yatağına oyadam səni... Deyirəm a bala,  əvvəl bir otağa gəl, sonra yatağa keçərsən də. Bir neçə il əvvəl konservatoriyanın qabağında dərsdən çıxıram. Bir dəstə qaraçı qız düşüb üstümə, pul istəyirlər, az qala ətəyimdən asılıblar əl çəkmirlər. Tanınmış bir “bazburutlu” kişi var, yaxından keçirdi, dedi “ay Arif, nə məsələdir?” Dedim “əşşi heç zad, klip çəkdiririk (gülür). Belə olur yayılır.
- Arif müəllim xanım sevənləriniz çox idi?
- Bu yerdə Gültəkin xanım dillənir: “Üstündə dava düşürdü”. Arif müəllim də gülür.
- Olub, çox olub. Ta nə deyim. Xana (Xan Şuşinski) sevgi məktublar veriləndə deyirmiş ki, bu işlərlə qardaşım məşğul olur. Onun da yaman baməzə işləri var idi. Bir gün toyda oxuyurmuş. Xana aşiq olmuş Qəmər adlı bir xanım da ortalıqda süzür. O məşhur “Qəmərim” mahnısı həmin Qəmərə yazılıb. Qəmər oynadığı yerdə ayağı ilişib yıxılır. İllər sonra Xana zəng vurur, Xan da xəstə yatırmış. Qəmər deyir, ay Xan, tanıdınmı, o yıxılan Qəmərdi danışan. Bu da deyir vallah indi də mən yıxılmışam, ay Qəmər. Onun sözü olmasın, indi mən də qocalmışam, o xanımlar da.

- Şuşaya, Qarabağa getdiniz. Yenidən ata yurdunda olmaq necə idi? 

- Yaman kövrəltdi məni. Anamın atamın qəbrini tapammadım. Viran eləmişdilər. Bu ağlatdı məni. İnsan neçə yaşında olursa olsun, valideynləri üçün yanır. Bir ovuc torpaq götürüb gəlmişəm ata evimdən (kisədə saxladığı torpağı açıb göstərir). Mənim anam bəy qızıydı, atam sakit bir adam idi. 4 qardaşım var, Şahin yaxşı oxuyurdu, indi insult olub. Bu da Allahın qədəri qismətidir. Şikayət eləmək istəmirəm, Allaha ağır gedər. Həyatdı da, ölüm hamıya var. Vaxtında. Hərdən küsürəm jurnalistlərdən. Yalandan ölüm, xəstəlik xəbəri çıxarırlar haqqımda.
- Ölümdən qorxursunuz?
- Yox, qorxmuram, adama ölümün də şərəflisi qismət ola. Yaxşı ömür yaşamışam, xalq sevib. Məhəlləyə düşürəm hərdən, heç bir Allah bəndəsi salam vermədən keçmir. Hörmət qoyurlar, sağ olsunlar, gərək hörməti qazanasan, həm də qoruyasan. Çox oxuyan olub, bir az əlinə pul dəyən kimi başlayıb içməyə. O vaxt bir tanınmış xanəndə var idi, adını çəkməyəcəm. Elə içməkdən xəstə düşdü, öldü. İndi də varisləri miras davası edirlər. Mənə dedi iç, kişi içər. Dedim "sən iç, eybi yox, qoy mən kişi olmayım". Yalan deyə bilmərəm ki, dilimə dəyməyib, hərdən bir az konyak içərdim, cavan vaxtlarımda. Gərək adam ləyaqətini qorusun. Allah mənə gedib Şuşanı, Ağdamı görməyi nəsib elədi. Daha nə istəyim mən bu ömürdən? Allah şəhidlərə rəhmət eləsin
- Arif müəllim, heç övladlarınızdan danışmadıq...
- Hə, ayın axırı pensiyamı alanda nəvələrin hamısı güllə kimi gəlir üstümə. Prezident mükafatı alıram, fonddan alıram, min bərəkət. Hər ayın sonu hamısının payını verirəm. 6 nəvəm, 2 nəticəm var. O balaca hamıdan istəməlidir, di gəl şuluqdu, qucaqda saxlamaq olmur. Bir oğlum, iki qızım var. Hamısını yerbəyer eləmişəm, oxutmuşam, evləri eşikləri ayrı. Balacamın 50 yaşı var amma yenə narahatam. Deyirəm, görəsən başıma bir iş gəlsə, necə dolanacaqlar? Ölümlü-itmili dünyadı, mən öləndən sonra aralarında söz-söhbət olmasın deyə, nəyim var bəri başdan aralarında bölmüşəm. Bu evi mənə Prezidentimiz verib, sağ olsun. İndi burda Gültəkinlə ikimiz yaşayırıq, onu Londonda oxuyan nəvəm Arifə vermişəm. O gün deyirəm ki, ölürəm, deyir ay baba, sən bu sözü keçən il də deyirdin. “Kopoludur” (gülür). Çox istəyirəm hamısını, onlar olmasa, mən yaşaya bilmərəm. Tək dərdim odur ki, müharibə olmasın uşaqlarımız güllə-boran səsi eşitməsinlər. Dövlət başçımız sağ olsun, ordumuz sağ olsun. Bir də Mehriban xanıma xüsusi təşəkkür eləmək istəyirəm. Allah ondan razı olsun, o mənim qayğıma çox qalır. Onların sayəsində əməliyyat olundum, sağaldım, mənə də qayğı göstərir, muğama da. Siz də sağ olun yad edirsiniz məni. Həmişə deyirəm qələm adamlarının başı işləyir, xanəndələrin boğazı. Gərək bir- birimizə hörmət qoyaq.



 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar