Müstəqil media tarixində 10 illik "Manevr.az" imzası

Namiq Dəlidağlı
"Manevr.az"-ın qurucusu.
Dünən "Manevr.az" saytının fəaliyyətə başlamasının 10 ili tamam oldu. Bu, 10 il fasiləsiz xəbər istehsalı və yayımı ilə məşğul olan bir media qurumu üçün kiçik rəqəm deyil. 10 illik məsuliyyətin, zəhmətin göstəricisi və bəhrəsidir. Bunu deməkdə fikrim özümüzü "qəhrəman" kimi təqdim etmək deyil, sadəcə gerçəyi dilə gətirməkdir. Deməli, müstəqil Azərbaycanın media tarixində çətinliklərə rəğmən, bizim də imzamız var. Həm də ona görə ki, qapılar döymədən, "dəbdə olan" reketçiliklə (əslində bu hal hər sahədə var) məşğul olmadan, patriotcasına, hər kəsə ürək və qapı açmaqla bu işi həyata keçirdik.
Uzatmayacam. Qarşıda hədəflərimiz var. Qismət olsa, ona doğru irəliləyəcəyik.
10 illiklə bağlı tədbir keçirmək düşüncəsindəydik. Ancaq biz saydığımız olmadı... Saytın texniki redaktoru Natiq İsmayıloğlunun qardaşı Mahirin qəfil dünyasını dəyişməsi (ruhu şad olsun) və baş redaktor müavini Sevinc Qəribin səhhətində yaranan problem (Tanrı şəfa versin) planlarımızın üstündən xətt çəkdi. Sağlıq olsun. Redaksiya əməkdaşlarının hər birinə minnətdarlıq borcumu çatdırıram.
Dünən xeyli sayda oxucu təbriki aldıq, qurumlardan ünvanımıza məktublar gəldi. Təşəkkür edirəm, hamısı sağ olsun. Qapımızı əlində yazısı ilə döyən elə adamlar da var ki, bir kəlmə xoş sözlərini eşitmədik. Onlar da sağ olsunlar, tanıdıq...Ancaq qapımız yenə də üzlərinə açıqdı.
Yolumuza davam, qarşıda illər var, təki sağlıq olsun...
Xoş xəbərlərlə görüşünüzə gələk...


































