"Sözün ömrü" - Mənsurə Xələfbəylinin "Manevr.az"-a təbrik yazısı
Dünyanın dirliyi sözlə tamamdır."
(Nizami Gəncəvi)

Mənsurə Xələfbəyli
Dünya sürətlə dəyişir. Dünənin xəyalı bu gün gerçəyə çevrilir, insan zəkasının yaratdığı yeniliklər hər gün həyatın sərhədlərini bir az da genişləndirir. Süni intellekt, rəqəmsal platformalar, sosial şəbəkələr... Xəbər artıq kağızın mürəkkəb qoxusundan deyil, telefonların kiçik ekranından boylanır. Bir toxunuş kifayətdir ki, dünyanın ən uzaq nöqtəsində baş verən hadisə gözümüzün önündə canlansın.
Əlbəttə, sürət insan həyatını asanlaşdırır, məsafələri qısaldaraq zamanı sanki ovucun içinə yığır. Lakin məni qorxudan bir məqam var: ekranlar çoxaldıqca baxışlar azalır, yazışmalar artdıqca söhbətlər seyrəlir. Barmaqlar fasiləsiz hərəkətdədir, amma qəlbdən gələn söz əvvəlki qədər eşidilmir. Bəzən düşünürəm, gələcək nəsillər duyğularını cümlələrlə deyil, işarələrlə bölüşəcək. Halbuki insanı insan edən nə texnologiyadır, nə də sürətlə dəyişən zaman. İnsanı ucaldan onun sözüdür — düşüncəsinin səsi, vicdanının nəfəsi, qəlbinin dili.
Söz sadəcə hərflərin yanaşı düzülüşü deyil. O, bir xalqın yaddaşını əsrlər boyu daşıyan xəzinədir. Tarixin unuda bilmədiyini söz qoruyur, zamanın silə bilmədiyini söz yaşadır. Millətin ruhu da, dili da, mənəvi varlığı da ilk növbədə sözün ömründə yaşayır. Elə buna görə də ana dilinə, ədəbiyyata və milli yaddaşa xidmət edən hər ünvan mənim üçün böyük ehtiramın ifadəsidir.
Fəaliyyətinin onuncu ilini qeyd edən Manevr.az həmin ünvanlardan biridir. Bu sayt uzun illərdir sadəcə xəbəri çatdırmır, sözün də haqqını qoruyur. İnformasiyanın bir göz qırpımında köhnəldiyi dövrdə müəllif fikrinə dəyər vermək, yaradıcı insanın səsinə tribuna olmaq, ədəbiyyata nəfəs yeri açmaq hər media orqanının bacardığı iş deyil.
Məqalə və hekayələrim müxtəlif vaxtlarda Manevr.az-ın təqdimatında oxuculara çatdırılıb. Ona görə də bura mənim üçün sadəcə yazılarımın yayımlandığı internet səhifəsi deyil; illərin doğmalaşdırdığı bir münasibətin, səmimiyyətin və etibarın ünvanıdır.
Təqvim bəzən elə tarixləri yanaşı gətirir ki, insan bunun adi uyğunluq olduğuna inanmaq istəmir. Avqustun 1-i həm Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür, həm də Manevr.az-ın onuncu ildönümüdür. Sözü yaşatmağı özünə amal seçmiş bir media ünvanı üçün bundan gözəl üst-üstə düşən tarix təsəvvür etmək çətindir. Çünki əlifba yazının başlanğıcıdırsa, dil millətin nəfəsidir. Ana dilini qorumaq xalqın ruhunu qorumaq deməkdir. Azərbaycan sözünə xidmət edən hər qələm gələcək nəsillərə mənəvi sərvət ərməğan edir. Manevr.az da on il ərzində bu dəyərə sədaqətlə xidmət edib.
Saytın qurucusu Namiq Dəlidağlıdır. Onunla yolumuz illər əvvəl "Dəniz" ədəbi birliyinin məclislərində kəsişdi. O məclislər Azərbaycan ədəbi mühitinin yadda qalan ünvanlarından idi. İstedadlı qələm sahibləri burada bir araya gəlir, hər kəs yazdıqlarını oxuyur, əsərlər geniş müzakirə olunur, fikir mübadiləsi aparılırdı. Həmin mühit bir çox yaradıcı insanın formalaşmasında mühüm rol oynadı. Bu gün ədəbiyyatımızda tanınan bir çox imzanın yolu məhz həmin mühitdən keçib.
İllər keçdi, həyat saysız sınaqlar gətirdi. Amma Namiq nə sözünə xəyanət etdi, nə də seçdiyi yoldan döndü. Zəhmət, səbir və əqidəsinə sədaqət onun ömür kitabının dəyişməyən səhifələri oldu. Bəzən insanın yazdıqları ilə yaşadığı həyat arasında böyük məsafə olur. Elə insanlar da var ki, onların ömrü öz yazılarının davamına çevrilir. Namiq Dəlidağlı həmin insanlardandır. Yazılarındakı səmimiyyət, düşüncəsindəki dürüstlük, davranışındakı təvazökarlıq bir-birini tamamlayan keyfiyyətlərdir. Məhz buna görə də o, ətrafında sözə hörmət edən, yaradıcı əməyə qiymət verən sağlam ədəbi mühit formalaşdıra bilib.
Sevinc Qərib də həmin kollektivin dəyərli simalarındandır. Müəllif sözünə ehtiramla yanaşan, yaradıcı əməyin məsuliyyətini dərindən duyan qələm sahibidir. Sevinc xanımın şəxsiyyətinə və yaradıcılığına dərin rəğbət bəsləyirəm. Əslində, Manevr.az-ın qazandığı nüfuz tək bir insanın deyil, eyni amal ətrafında birləşən bütün kollektivin zəhmətinin bəhrəsidir. On il ərzində oxucu etimadını qoruyub saxlamaq yalnız peşəkarlıqla deyil, həm də söz qarşısında vicdan borcu daşımaqla mümkündür.
On il media üçün sadəcə təqvim rəqəmi deyil. Bu, hər gün yenidən imtahan vermək, oxucunun etibarını hər dəfə yenidən qazanmaq deməkdir. Manevr.az bu yolu ləyaqətlə keçərək sübut etdi ki, nüfuz illərlə deyil, əməyə və sözə göstərilən ehtiramla qazanılır.
Əlamətdar gün münasibətilə əziz qardaşım Namiq Dəlidağlını və Manevr.az ailəsinin bütün əməkdaşlarını ürəkdən təbrik edirəm. Hər birinizə qələminizi daim həqiqətin işığında saxlamağı, ana dilimizin saflığına eyni sədaqətlə xidmət etməyi və oxucu etimadını bundan sonra da ən qiymətli mükafatınız kimi qorumağı arzulayıram.
Sabahın dünyası bugünkündən fərqli olacaq. Bəlkə xəbərlər başqa ünvanlardan oxunacaq, bəlkə kağızı ekran, ekranı isə hələ adını bilmədiyimiz yeni vasitələr əvəz edəcək. Amma insan ruhunun dəyişməyən bir ehtiyacı var: səmimi sözə inanmaq. Çünki söz zamanın deyil, yaddaşın övladıdır. O, nə təqvimin vərəqləri ilə qocalır, nə də əsrlərin küləyi ilə solur. Dildən-dilə, ürəkdən-ürəyə keçərək yaşamağa davam edir.
Manevr.az-a yeni onilliyində bol yaradıcılıq uğurları, tükənməyən ilham və sarsılmaz oxucu sevgisi arzulayıram. Arzum budur ki, bu ünvanda həmişə həqiqətin səsi eşidilsin, Azərbaycan sözünün nəfəsi duyulsun. Çünki ömrü ən uzun olan nə daşdır, nə bina, nə də zaman... Ömrü ən uzun olan sözdür.
Manevr.az


































