Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

“Manevr.az”- ın gələcəyə uzanan yolu: Sözə sədaqətlə keçən 10 il

Tarix: 01-08-2026 15:10     Baxış: 4176 A- / A+


10 yaşımız üçün...

  Zaman göstərir ki, sivilizasiya inkişaf etdikcə dünyanın üzü, həyatın dinamikası, istəklər və maraqlar da dəyişir. İndi operativlik və lakoniklik əsas tələbata çevrilib. Həyatın ritmini tutmaq, dəyişən dünyaya uyğunlaşmaq gərəkdir. Lakin dəyişməyən bir həqiqət var: zəhmət və çalışqanlıq uğur qazanmaq istədiyin hər addımda ən böyük köməkçindir. Əmək sərf etmədən, tər tökmədən hansısa sahədə varlığını sübut etmək çətindir.

Dünya nə qədər dəyişsə də, süni intellekt və texnologiya əsri hökm sürsə də, elə sahələr var ki, orada peşəkarlıq əvəzolunmazdır. Süni intellektin təsiri artsa da (əlbəttə, öz dəst-xətti olanlar sənətinə sadiq qalacaq və süniliyə qapılmayacaqlar), media və mətbuat öz mustəqil kökləri üzərində dayanmaqdadır. Danılmazdır ki, bu sahədə yolunu azanlar, sözünün çəkisini itirənlər də var, neqativlər də kifayət qədərdir. Lakin hər şeyə rəğmən media yaşayır. Necə ki, biz -“Manevr.az” saytı çətinliklərə, maneələrə və sıxıntılara baxmayaraq illərdir ayaqdayıq.

  Biz artıq iki rəqəmli yaşa qədəm qoymuşuq və bu gün ilk yubileyimizi qeyd edirik. Bəli, “Manevr.az”ın bu gün 10 yaşı tamam olur!
Geriyə boylanıb bu 10 ildə keçdiyimiz yola baxdıqca qürurlanmamaq mümkün deyil. Zəhmətin, çalışqanlığın, ən əsası isə peşəkarlığın hökm sürdüyü yerdə nəticə mütləq uğur və ucalıqdır. Əgər məqsədinin ardınca gedirsənsə, əqidənə sadiqsənsə, getdiyin yolda büdrəsən də yıxılmazsan. Eynən bizim kimi...

10 il bundan əvvəl - 2016-cı il avqustun 1-də azsaylı kollektivlə fəaliyyətə başlayan “Manevr.az” saytı, çoxsaylı xəbər portallarının var olduğu bir mühitdə həm adını, həm də imicini yaşatmağı bacardı. Yolumuz hamar olmadı. Lakin bütün çətinlikləri dəf edərək mediada özünəməxsus dəst-xətt formalaşdırdıq. Bu gün də çətinliklərimiz var, amma problemlərin öhdəsindən gəlməyə çalışırıq. Müasir dövrdə heç bir kənar maddi dəstək olmadan 10 il addımlamaq asan deyil. Biz təkcə zamanla addımlamadıq, həm də böyüdük — yaşımızla da, gördüyümüz işlərlə də.
Məqsədimiz təkcə düz sözümüzlə özümüzü təsdiqləmək deyil. Operativliyi qorumaq, doğru xəbər çatdırmaq, dürüstlük və ədalətlilik prinsiplərindən yayınmamaqla oxucu məmnuniyyəti qazanmaq işimizin əsasını təşkil edir. Məsuliyyət fəaliyyətimizdə tələb olunan başıca meyardır və biz kollektiv olaraq bunu həmişə dərk etmişik. İşimizə daim tələbkar yanaşmışıq, eyni zamanda qərəzdən həmişə uzaq olmuşuq.
 
10 il əvvəl bu yola çıxanda saytın təsisçisi və rəhbəri, AJB və AYB üzvü, Prezident təqaüdçüsü, peşəkar jurnalist Namiq Dəlidağlının da bizdən tələbi məhz bunlar idi. Qarşıda bizi nələrin gözlədiyini nəzərə almağı, daha məsuliyyətli və tələbkar olmağı biz Namiq müəllimdən öyrəndik. Onun işə ciddi yanaşması zamanla nöqsanlarımızı aradan qaldırmağa sövq etdi bizi. 10 il bərabər çalışdıq, öyrəndik və bu gün də öyrənirik. Biz həm də birliyimizlə güclü olduq. Sayımızın azlığı bizi heç vaxt qorxutmadı. Birliyimiz və işimizə sədaqətimizlə missiyamızı davam etdiririk.
Bu illər ərzində mühüm nailiyyətlər qazandıq. “Manevr.az” Azərbaycan Mətbuat Şurasının üzvüdür və fəaliyyətə başladığı ilk illərdən aparıcı media resursları sırasındadır. Müstəqil informasiya portalı olaraq 10 ildir yorulmadan ölkədə və dünyada baş verən en son hadisələri operativ şəkildə oxuculara çatdırırıq. Oxucularımız saytımızda siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət, idman və gündəm xəbərləri daxil olmaqla geniş spektrdə məlumat əldə edirlər.
Ədəbiyyatı da unutmadıq; davamlı olaraq müxtəlif müəlliflərin yaradıcılığına yer ayırdıq, poeziya və nəsr nümunələrini işıqlandırdıq. Gənc müəlliflərin ilk qələm sınaqlarını dərc etməklə onlara motivasiya verdik, oxucuları isə yeni imzalarla tanış etdik. Təqdim etdiyimiz maraqlı müsahibələr, publisistik yazılar, məqalələr və köşələr oxucu marağı nəzərə alınaraq təqdim olundu.
Saytımız, həmçinin, türkdilli xalqlarla ədəbi-mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi istiqamətində səylə çalışıb. Bu gün də ədəbiyyat bölməmizdə türk, özbək, qazax, qırğız və digər xalqların müəlliflərinin əsərlərini oxumaq mümkündür. Bu yerdə əslən Özbəkistandan olan, Avropa üzrə müxbirimiz, mərhum Cahangir Namazovu xatırlamamaq mümkün deyil. Onun həm yerli, həm də xarici yazarlar və mədəniyyət xadimləri ilə maraqlı müsahibələri, məqalələri və öz ədəbi nümunələri saytımızın yaddaşında qalmaqdadır. Təəssüf ki, bu ilin aprel ayında gənc həmkarımızı, dəyərli əməkdaşımızı itirdik. Bu məqamda eyni zamanda pandemiya qurbanı olan iki əməkdaşımızın — filologiya üzrə fəlsəfə doktoru Nailə Mirzəyeva və Gülşən Quliyevanın da adını ehtiramla çəkirəm. Ruhları şad olsun!
  Bütün bu əlaqələrin qurulması birbaşa Namiq müəllimin fəaliyyətinin nəticəsidir. Təkcə sayt rəhbəri kimi deyil, türk sevdasına sadiq bir ziyalı kimi Namiq Dəlidağlının atdığı bu addımlar həm də onun ədəbiyyata olan sevgisinin təzahürüdür.
Çıxdığın yolda əzmlə, mətin addımlarla irəliləmək üçün peşəni sevmək mütləqdir. Biz də işimizə sevgiylə yanaşdıq, heç vaxt ucuz reytinq arxasınca qaçmadıq. Fəaliyyətimiz boyunca çətinliklə üzləşən vətəndaşların sorunlarını işıqlandırmaqdan, onlara dəstək olmaqdan çəkinmədik. Aidiyyəti qurumlara çağırışlar etdik, məsələlərin həllinə vəsilə olduq. Daim şəhid ailələrinin, qazilərin, keçmiş məcburi köçkünlərin və haqq səsini duyurmaq istəyən hər kəsin səsinə səs verdik.
  Biz yola çıxanda Qarabağ ağrımız var idi, torpaqlarımızın işğalı ilə yaşayırdıq. Sayt olaraq missiyamız bir tərəfdən haqq səsimizi dünyaya çatdırmaq idisə, digər tərəfdən torpaqlarımızın unudulmaması, milli ruhun öləziməməsi üçün çalışmaq idi. Bir gün Zəfər çalacağımıza olan inamı aşılamaq gündəmimizin ana xətti idi. İstər 44 günlük Vətən müharibəsində, istərsə də sonrakı proseslərdə operativliyimizi qoruyaraq doğru xəbərlərlə cəmiyyətə dəstək olduq. Nəhayət, otuz ilə yaxın bir vaxtdan sonra o möhtəşəm Zəfər xəbərini oxucularımızla bölüşmək bizə də qismət oldu.
  Bu gün ölkəmizdə, xüsusən də işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq-bərpa işləri aparılır. İndi obyektivimizdə bu quruculuq mənzərələri və yurd-yuvasına qayıdan insanların sevinci yer alır.
10 yaş nə insan, nə də media resursu üçün az müddət deyil. Bu yaş artıq yetkinliyə doğru atılan addımdır. Biz də bu temperamnetlə yolumuza davam edirik. Qarşıda bizi daha böyük uğurlar gözləyir.
Əziz “Manevr.az” kollektivi, yubileyimiz mübarək! Birlikdə yeni hədəflərə çatmaq diləyi ilə hər birinizə yorulmazlıq və uğurlar arzu edirəm. Yubiley günümüzdə bizimlə əməkdaşlıq edən bütün müəlliflərimizi də təbrik edir, dostluğumuzun və əməkdaşlığımızın davamlı olmasını arzulayıram.



















Sevinc QƏRİB
“Manevr.az”-ın baş redaktor müavini,
AYB və AJB üzvü.

01.08.2026

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar