Tanınmış jurnalist Zümrüd Baloğlanova vəfat edib

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Zümrüd Nöhbala qızı Baloğlanova vəfat edib.
1946-cı ildə doğulan Zümrüd xanım ömrünün 60 ildən çoxunu bu şərəfli peşəyə həsr etmişdi. Jurnalistlik fəaliyyətinə 1964-cü ildə “Sosialist Sumqayıtı” qəzetində başlayan qələm sahibi, sonradan “Kimyaçı” qəzetində məsul katib və məşhur “Kirpi” satira jurnalında felyeton şöbəsinin redaktoru kimi çalışıb. O, uzun illər “Kirpi” jurnalının yeganə yaradıcı qadın əməkdaşı olaraq cəsarətli materialları ilə seçilib. Müstəqillik illərində, 1993-cü ildə Sumqayıtda “Möhür” kiçik müəssisəsini quraraq ilk sahibkar jurnalist xanımlardan biri olan Zümrüd Baloğlanova, bu sahədə həm naşir, həm də redaktor kimi fəaliyyət göstərib. O, həm də xeyriyyəçi kimi tanınır, hər iki Qarabağ müharibəsində ordumuza, şəhid və qazi ailələrinə böyük dəstək nümayiş etdirirdi.
Ömrünün sonuna qədər dövri mətbuatda mütəmadi çıxış edən fədakar jurnalistin əziz xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!
Nigar Nəriman
Manevr.az




































