Xəbər lenti
«Didərgin xalının» əfsanəsi
Tanışlığımız çox qəribə oldu. Əhmədli qəsəbəsində yaşayan qohumlarımın ziyarətinə getmişdim. Həyətdəki kölgəlikdə oturmuş bir qadın diqqətimi çəkdi. Uşaqlardan o qadının kim olduğunu soruşdum. «Əfruz xaladır» dedilər. Söhbət əsnasında öyrəndim ki, xanım Qarabağdan gələn məcburi köçkündür. Evə qayıdarkən yenə onu görüb yaxınlaşdım. Başını qaldırıb üzümə baxdı. Qadının baxışlarında bir dünya kədər gördüm. Gülümsündü. Salamlaşıb söhbətə başladıq. Elə ilk tanışlığımızda öz mehriban təbəssümü, istiqanlı, səmimi söhbəti ilə cəlb etdi məni. Bir qədər söhbətdən sonra «dedilər Qarabağdan gələnlərdənsiniz?», dedim. «Düz deyirlər, qadan alım », cavabını verdi. «Danışığınızdan, bir də tez-tez köks ötürməyinizdən o dəqiqə hiss olunur»-dedim.
-Mənim adım Nailədir. Sizin adınızı bilmək olarmı?
-Niyə olmur, qadan alım. Əfruzdu.
Gözləri bir nöqtəyə dikildi, xəyallar, kim bilir, haralara apardı onu. Dilindən yanıqlı bir bayatı düşdü
Dağıldı xalım, ilməm,
Ağdamdı ən xoş kəlməm.
Burda canım tapşırsam
Vətənimdə dirilləm.
Sonra məni yaşadığı evə dəvət etdi. Doğrusu, belə bir sinədəftər insanla tanışlıq mənə də xoş oldu. Liftlə yuxarı qalxdıq. Qapıdan içəri daxil olanda qəribə hisslər keçirdim. Sanki buraya mərmi düşmüş, hər tərəf dağılmışdı. Evə heyrətlə baxdığımı görüb, mənə təskinlik verməyə başladı. «Bu qadının nə böyük ürəyi var? Budur əsil Azərbaycan qadını, anası» düşündüm özlüyümdə. Üzünə diqqətlə baxdım. Pərişan ağ telləri, üzündə illərin açdığı çarpaz naxışlar onun haqqında çox şeylər deyirdi. Ancaq düşündüm ki, bunların hamısından doğrusunu özü deyəcək.
Sizə haqqında söhbət açmaq istədiyim insan Əfruz Ələkbər qızı Əliyevadır. 1937-ci ildə Ağdam bölgəsinin Xındırıstan kəndində doğulub. O Xındırıstanda ki, əvvəl Qasım bəy Zakir, sovet dövründə isə Sosialist Əməyi qəhrəmanı İldırım Cəfərov şöhrətləndirib adını. Ancaq Xındırıstanı tanıdanlar bununla bitdimi? Xeyr. Yuxarıda adı çəkilən Əfruz ana da belə qəhrəmanlardandır.
Niskili gözlərindən oxunur. Ətrafına göz gəzdirib köks ötürür. Məni belə bir evdə qonaqladığı üçün üzr istəyir. Onun «ömür kitabı»nı varaqlayırıq. Çoxlu qəzet və kitabça gətirir. Söhbətə başlayırıq. Öyrənirəm ki, Əfruz ana peşəka xalçaçıdır. Bu sənətə uşaq yaşlarından bağlanıb. Deyir:
-Evimizdə, qonşuluqda kim hana qurardısa, mənim üçün toy-bayram olardı. Gedib saatlarla toxuculara baxar, onların saldıqları lmələrə, naxışlara heyran kəsilərdim. Hər xalı bir dünya idi mənim üçün. Yavaş-yavaş bu sənətin sirlərini öyrənirdim böyüklərdən. Xüsusilə də anam, nənəm hana quranda, qonşu qadınlar köməyə gələndə, sevincimin həddi-hüdudu olmurdu. Məktəbin 8-ci sinfindən çıxıb xalçaçılıq sənətinin ardınca getdim. Elə o vaxtdan da həyatımı bu sənətlə bağladım.
Köks ötürür.....
-Deyirsiz ki, uşaqlıqdan bu peşənin vurğunusunuz. Heç olubmu ki, bu sənətə bağlandığınız üçün peşimanlıq hissi keçirəsiniz?
-Yox, qızım. Təbii ki, bütün işlərdə olduğu kimi burada da işin əyər-əskikliyi olurdu. Ancaq sənət baxımından taleyimdən çox razıyam. Nə yaxşı ki, xalçaçı olmuşam.
-Əfruz ana, hamıya yaxşı məlumdur ki, keçən əsrin 60-70-ci illərində oxumaq, ali təhsil almaq dəb halını almışdı. Bəs siz heç bu haqda düşünmə-dinizmi? Evdəkilərin bu haqda rəyi necə idi?
-Bilirsən, qızım, məncə hamının ali təhsil alması elə də vacib deyil. Əsas odur ki, insan bacardığı, sevdiyi işin dalınca getsin. Bizim ailə də halal zəhmətlə yaşayan insanların toplaşdığı bir ocaq idi. (gözləri dolur) Rəhmətlik atam da, anam da uşaqlarının istəyinin əksinə getmədilər.
Əfruz ananın dediklərindən məlum olur ki, o, erkən yaşlarından peşəkar xalçaçı olmağı qərara alıb. Bu sənətə olan həvəs onu Ağdam rayonu 50 saylı texniki-peşə məktəbinə gətirib. Buradakı təhsilini bitirdikdən, 1970-ci ildən sonra əmək fəaliyyətini II dərəcəli xalçaçı kimi davam etdirib. Çalışdığı Azərxalça İstehsalat Birliyində daim hörmətlə qarşılanıb Əfruz Əliyeva.
-Əfruz ana, bilirik ki, Azərbaycan xalçaçılıq sənətinin tarixi minillərə dayanır. Təbii ki, bu zaman ərzində xalçanın çoxlu növləri meydana gəlib. Onun «Çiçi», «Qımıl», «Qonaqkənd», «Pirəbədil», «Çıraqlı», «Gəncə», «Samux» və «Şıxlı», «Şeyx Səfi» çeşniləri ilə yanaşı, «Ağaclı», «Sərabi», «Ovçuluq», «Balıq», «Buynuz», «Xanlıq», «Qasımuşağı» kimi növləri də məlumdur. Bunlardan ən çox hansı növ sizin zövqünüzü oxşayır?
-Hə, lap o illəri xatıtlatdın mənə. Mən toxuduğum xalıların hamısını sevərək toxumuşam. Onların hər ilməsinin, naxışının üzərində əsmişəm. Ancaq açıq deyim ki, «Qasımuşağı» çeşnisi mənə daha çox şöhrət gətirib.1972-ci ildə mənim bu çeşnidən olan xalım Xalq Təsəttüfatı Nailiyyətləri Sərgisinə göndərilib.
Şübhəsiz, bu hadisə onun özünü də, çalışdığı kollektivi də yeni uğurlara ruhlandırır. Demək lazımdır ki, bu müəssisə direktor Aybəniz Cəfərova başda olmaqla çox məsul bir işi üzərinə götürmüşdü. Onlar bir tərəfdən qədim xalçaçılıq sənətimizi yaşadırlarsa, digər tərəfdən onu Almaniya, İngiltərə, Fransa və başqa ölkələrdə tanıdırdılar. Bu həm də ona görə mümkün olur ki, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev 1969-cu ildə respublika r əhbərliyinə gəldikdən sonrakı dövrdə «Azərbaycan brendi» sayılan xalılarımızın üzərinə «Azərbaycan xalısı» sözlərini yazdırır.
Əfruz Əliyeva əvvəl sıravi xalçaçı, sonra isə sex rəisi kimi fəaliyyət göstərir. Özü:
-20 il xalçaçı, 17 il sex rəisi işlədim, qızım. Bir adama nə mərdimazarlıq etmədim, nə də kollektivdən pis münasibət görmədim. Hətta indi də iş yoldaşlarımla əlaqələrimiz davam edir. O illəri xatırlayanda göz yaşlarımızı saxlaya bilmirik, -deyir.
Onun namuslu, halal əməyi o dövrkü rayon və respublika rəhbərliyinin də diqqətində olmuşdur. Elə buna görə gənc yaşlarında XI və XII çağırış Rayon Zəhmətkeş deputatları sovetinə nümayəndə seçilmişdir.
Söhbət zamanı onu da öyrəndim ki, Əfruz ana 1978-ci ildə, yəni , 41 yaşında tam orta təhsil almaq üçün axşam məktəbinə qatılmış və iki il sonra həmin məktəbi bitirmişdir.
-Əfruz ana, burada sizin onillik kamal attestatınızı görürəm. Deməli, yenə də təhsilinizi, gec də olsa, başa vurmusuz? Buna ehtiyac olduğunu nə zaman hiss etdiniz?
-Bilirsən, qızım. Axı, deputatlar hər zaman, hər yerdə camaat arasında olurlar. Zəhmətkeşlərin suallarına cavab verir, problemləri ilə maraqlanırlar. Mən belə bir vəziyyətə hazır olmalı idim. Həm də vaxtaşırı Bakıya gedir, təlimat alıb qayıdırdıq. Deputatların arasında isə demək olar ki, hər yerdən və hər millətdən nümayəndələr var idi. Mən də Azərbaycanı layiqincə təmsil etmək istəyirdim,- deyir Əfruz ana.
Həyatını bağladığı kollektivin uğurları ildən-ilə artır. Şübhəsiz ki, bu nailiyyətlərin qazanılmasında Ə. Əliyevanın da payı az deyildi. Belə vicdanlı çalışqanlığı ona bir çox fəxri fərman və dövlət təltifləri qazandırmışdır.
-Əfruz ana, sizin təltiflərinizə, haqqınızda yazılan məqalələrə baxıram və sinəm fərəhlə dolur. İlk «Təşəkkürnamə»ni 1964-cü ildə komsomol təşkilatından almısınız və bu axarıncı olub. Daha sonra 1971-ci ildə «Şərəf nişanı» ordeni ilə təltif olunmusunuz. Təbii ki, zəhmət insanının əməyinə verilən ən kiçik qiymət, tərif , dəyər onu ruh yüksəkliyi ilə çalışmağa sövq edir. Bunun ardınca 1973-cü il 15 dekabr tarixində IX beşilliyin III ilinin planını vaxtından əvvəl yerinə yetirdiyiniz üçün daha bir «Təşəkkürnamə»yə də layiq görülmüsünüz. Sonra bir-birinin ardınca 1973-cü ildə çalışdığınız sahədə əldə etdiyiniz əmək nailiyyətlərinə görə «1973-cü il sosialist yarışmasının qalibi» nişanı və V.İ.Leninin 100 illiyi münasibətilə təsis olunmuş «Şərəfli Əməyə görə» yubiley medalı ilə təltif olunmusunuz. Uzunmüddətli səmərəli əməyiniz 1987-ci ildə sizə «Əmək veteranı» medalı qazandırıb və... Bu uğurlarınız haqda dövrü mətbuatda gedən yazılara baxıram. Bəs, televiziya və radiodan gələn, sizinlə maraqlanan vardımı?
-Əlbəttə. Dəfələrlə qəzet və jurnallarda mənim haqqında yazılar çap olunub, şəkillərim verilib. Radio müxbirləri müsahibələr alıblar. Bir dəfə radiodan gələn bir müxbir «sizdən müsahibə götürmək üçün ezam olunmuşam» dedi. Mən də onu sexə aparıb «bu qızlardan götür, onlar da gözəl xalçaçıdılar» demişdim.
-Əfruz ana, ulularımız deyib ki, milləti millət halında saxlayan analar, qadınlardır. Mən deyərdim ki, xalçaçılıq kimi qədim sənətin bugünə kimi yaşamasının səbəbkarı da sizin kimi qadınlarımız, analarımızdır. Axı, xalça da
məxsus olduğu millətin tarixini, həyat şəraiti və dünyagörüşünü gələcək nəslə çatdıran kodlar sistemidir.
-Qızım, çalışdığım müddətdə hara getmişəmsə, bu sənətin yaşayıb inkişaf etməsi haqda düşünmüş və bayaq adını çəkdiyimiz Aybəniz xanımla həmişə bu istiqamətdə müəyyən işlər görməyə çalışmışıq. Yaxşı xatirimdədir. Hələ Qarabağ müharibəsi başlamamışdan bir az əvvəl çalışdığımız Azərxalça İstehsalat Birliyinin Şuşa şəhərində şöbəsini açmaq istədik. Hətta orada sərgi mərkəzi də açmışdıq. Müəyyən çətinliklər və müharibə üzündən bu işi davam etdirə bilmədik. Zaman pis zaman idi. Nə etmək?
Adı ən yüksək tribunalardan səslənir bu qəhrəman Azərbaycan qızının. Başlayan Qarabağ müharibəsi insanlarımız kimi xalılarımızı da didərgin salır öz yerindən-yurdundan. Məlum hadisələr başlayanda Ağdamın işğal olunan anınadəkorada qalıb, doğma sənəti ilə məşğul olur Əfruz ana. Sonra qaçqınlıq həyatı başlayır xalılarımızın, lap Əfruz ana və minlərlə soydaşımız kimi. 1993-cü ildə ailəliklə Bərdəyə köçməyə məcbur olurlar. Burada müəssisənin direktoru Aybəniz Cəfərova ilə birgə müəssisəni dirçəltmək, yenidən xalçaçılıq işinə başlamaq istəyirlər.
-Qızım, 1993-cü ildə qaçqınlıq həyatımız başladı. Ağdamdan ayrılmaq bizim üçün çox çətin idi. Ancaq başqa yolumuz da yox idi. Əvvəlcə Bərdə rayonuna gəldik. Yenə Aybəniz xanımla əl-ələ verib dirçəltmək istədik xalçaçılıq sexini. Ancaq heç yerdən dəstək ala bilmədik. Onun üçün tezliklə bu fikirdən əl çəkdik.
Birdən nəyisə xatırlayıb.
-Səni də söhbətə tutdum. Gözlə, sənə çay gətirim.-deyir.
Ayağa durub «mətbəx»dedikləri yarıuçuq otağa yollanır. Mən isə özlüyümdə belə bir əməksevər insanın yaşadığı bu şəraitə təəssüflənirəm. Açıq deyim ki, onun mənə xidmət etməsindən utanıram da. Qayıdır. Gətirdiyi çayları kiçik mizin üzərinə qoyub, söhbətimizə qayıdır.
-Hə, sonra başqa problemlərimiz də oldu. Həyat yoldaşım Sabir avtomobil qəzasına düşdü, ayağının birini itirdi. Bu hadisədən sonra daha orda qala bilmədik. Sonuncu iki qızımız hələ kiçik idi. Oğlum bizim də Bakıya gəlməyimizi istədi. Gəldik və bu evə sığındıq. Şəraitimizi də ki, görürsən.
Əfruz ana və ailəsi 1994-cü ildən bugünədək Bakı şəhərinin Xətai rayonunda qaçqın həyatı yaşayır. 2000-ci ildə ömür-gün yoldaşı Ələkbərov Sabir Teymur oğlu dünyasını dəyişir. «Dərd ortağı»nı itirmiş Əfruz ananın yeni qaysaq bağlamağa başlayan yarası 2014-cü ildə oğlunun ölümü ilə təzələnir.
İndi Əfruz ana qızı, üç nəvəsi ilə birgə Əhmədli qəsəbəsində yad bir adamın evinə sığınıb. Yuxarıda haqqında sizə bəhs etdiyim, «bombardmana düşmüş», heç bir şəraiti olmayan, uçuq-sökük iki otağa...
Doğrusu, onunla söhbət zamanı hiss etdim ki, Əfruz ana keçən xoşbəxt günlərdən bəhs edərkən, gözlərində bir sevinc, bir ümid baş qaldırır. Çünki o günlər ona sehrli nağıl kimi görünür. Adətən, belə nağılların sonu optimist notlarla qurtarır. Təəssüf ki, «Əfruz nağılı» kədərlə bitir: qaçqınlıq, imkansızlıq və ümidsizliklə!
-Əfruz ana, siz bir əmək qəhramanısınız, çoxlu təşəkkür və təltifləriniz var. Belə bir şəraitdə nə üçün və necə yaşayırsız? (Açığını deyim ki, bu xanımın, həm də vaxtilə öz əməyi ilə tanınmış insanın, belə bir vəziyyətdə yaşaması məni çox kədərləndirdi.)
Cavabı səmimi və özünəməxsus oldu.
-Qızım, ölkəmiz müharibə şəraitindədir. Çətinliklərimiz çoxdur. Amma dövlətimiz bütün vətəndaşların , xüsusilə də qaçqınların, vəziyyətinin yaxşılaşması üçün çalışır. Açıq deyim ki, mən prezidentimizə inanır, onu övladım kimi sevirəm. Mən onun atası Heydər Əlirza oğlunun zamanında işləmişəm, dəfələrlə onun qəbulunda olmuş, məsləhətlərinə qulaq asmışam. İnanıram ki, onun övladı da mənim kimi əməkçi, həm də qaçqın anaları diqqətindən kənarda qoymaz. İnşallah, yəqin ki, gələn görüşlərimizin birində səni təzə evimizə qonaq çağıraram.
Ürəyimdən gələn «Amin» kəlməsi özümdən ixtiyarsız dodağımda səsləndi. Və elə oradaca düşündüm ki, bütün həyatını Azərbaycan naminə yaşamış, fərqi yoxdur sovet və ya müstəqil adlansın, belə qəhrəmanlar hər cür diqqətə, qayğıya layiq insanlardır. Ümid edək ki, bu gözləntilərimiz yaxın zamanlarda təsdiqini tapacaq.
Nailə Mirzəyeva, filologiya üzrə fəlsəfə doktoru/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar