Xəbər lenti
“Demişdilər ki, İlham Əliyev səni Neft Şirkətinin binasında gözləyəcək” - Faiq Qarayev
Manevr.az Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- Azərbaycan voleybolunun bugünkü durumunu qənaətbəxş saymaq olar, yoxsa keçmişə baxıb təəssüflənirsiz?
- Bu gün klubların durumuna, federasiyanın durumuna baxsaq, böhranın təsirini görə bilərik. Bu gün bütün dünyada belə problemlər mövcuddur. Problemlərin başında maddiyyat durur. Əksər idman növlərində belədir. 2-3 il öncə Azərbaycanda yaxşı, bahalı oyunçular çıxış edirdi. İndi həmin oyunçular pulu daha çox olan yerlərə gedirlər. Bu, klubların problemidir. Federasiya isə öz işini görür. Qarşıda İslam Oyunları, dünya çempionatının seçmə yarışları, Avropa çempionatı var. Bunlar hamısı Azərbaycan voleybolu üçün böyük hadisədir. Voleybolçularımız üçün ciddi sınaq, azarkeşlər üçün bayramdır. SSRİ məkanı ölkələrinin heç birində Avropa çempionatı kimi böyük tərdbir keçirilməyib. Göygöldə baş tutacaq. Federasiyanın üzərinə böyük yük düşəcək. Avropa çempionatında 16 komanda iştirak edəcək. Onlardan 4-ü Tbilisidə, qalanı Azərbaycanda oynayacaq. Komandanı da yaxşı hazırlaşdırmaq lazımdır.
- Bir vaxtlar “Azerreyl”in Avropada uğurlu çıxış etməsi az qala hər kəsi bu idman növünün azarkeşi etmişdi. Həmin vaxtları necə xatırlayırsız?
- Həmin vaxtlar Azərbaycanda voleybol yeni yaranırdı. Deməzdim ki, indi azarkeşlər voleyboldan doyub. Həmin vaxtlar məqsədimiz bu idman növünü qaldırmaq, uğur qazanmaq idi. Amma sonradan da bizim uğurlarımız oldu. Məsələn, “Rabitə” dünya çempionu oldu, “Azərreyl” Avropada kubok qazandı, “Lokomotiv” qalib oldu. 2 komandamız Avrokubokda, “Rabitə”, “Azərreyl” Çempionlar Liqasında final oynadı. Sadəcə “Azərreyl” komandalarımız üçün yol açdı. Bundan sonra digər komandalar da uğurlar qazandı və kubokların keyfiyyəti də artdı. Ondan sonra bir az durğunluq dövrü başladı. Çünki bəzi voleybol klubları bağlandı. Bu, çox pis hal idi. O klubların yaranması üçün nə işlər görmüşdük. “İqtisadçı”, “Lokomotiv”, “Bakı” kimi klublar bağlanıb. “Azəryol”un sahibi Saleh Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti təyin edilib. O da bütün diqqətini ora ayıracaq. 4 klubun bağlanması çempionata təsir etdi. Biz onların sayını 8-10-a çıxarmaq istədiyimiz halda, əksi oldu. Bu, milli komandanın çıxışına da təsir edir. Çünki biz çalışırdıq ki, milli üzvləri yerli çempionatda çıxış etsinlər. Amma indi onlardan 4-ü xaricdə oynayır. Türkiyə, Yaponiya, İtaliya çempionatlarında çıxış edirlər. İstəyirik ki, klubların sayını artırıb həmin oyunçuları Azərbaycana çağıraq. Klubların sayını ən azı 8 və ya 6-ya qaldıraq. Klubların çox olması gənclər üçün yoldur. Yığma komanda voleybolçu yetişdirmir. Onları klublar yetişdirir və yığmaya göndərir. Komanda oyunlarında idmançılar meydana çıxaraq böyüyür və inkişaf edir. Oyunçu səhv etməlidir və təcrübə qazanmalıdır. Kriştianu Ronaldo 17 yaşında ulduz idi? O da səhvlər edib. Voleybolda ən təcrübəli yaş 25-dir. Fərdi idman növü bir başqadır. Voleybol çətin idman növüdür. Əgər bir dənə səhv elədinsə, bir say gedir. Futbolda yanlış ötürmə versən, heç nə bitmir. Bir neçə belə səhvdən sonra idmançının psixologiyası pozulur.
- Kişilərdən ibarət voleybol milli komandamızın üzvləri mətbuat vasitəsilə onlara şərait yaradılmamasına etiraz etdilər. Hazırkı durum onları razı salır?
- İndi orada vəziyyət yaxşıdır. Hər şey demək olar ki, yoluna qoyulub. Bütün bu problemlərin başında maliyyə məsələləri dururdu. Biz hamımız bir ailədə yaşayırıq. Əgər ailənin başçısının maddi vəziyyəti ağırlaşsa, hamı ondan əziyyət çəkəcək. Nə qədər ata, ana övladları başa salsa da, xeyri olmur. Uşaqlar bu gün məşq edirlər, daha keyfiyyətli oynamaq istəyirlər. Çempionatı saxlaya bildik və rəqabət yaratdıq. “Lokomotiv” klubunu yaratdıq, “Neftçi” komandası yarandı. “Naxçıvan”ın əsası qoyuldu. Masallıda klub yaratmaq fikrindəyik. Naxçıvanda turnir keçirdik və hamı ləzzət aldı. Ola bilər ki, keyfiyyət bizi qane eləməsin. Gələn il daha yaxşı olacaq, keyfiyyət yüksələcək. Bunun səbəbi voleybolçuların az oynamasıdır. Biz artıq birinci liqa keçirik. Bu, ilk dəfə olacaq. 6 kişi, 8 qadın komandasından bir klub Superliqaya gəlsə, böyük hadisə olacaq. Keyfiyyəti yüksəldə bilməsək, bizdən voleybol gözləməyin. 16-17 yaşlı biri müəyyən qədər irəlilədikdən sonra komanda tapa bilməyib kənarda qalırsa, onda hansı inkişaf olacaq?
- Bölgələrdə qadın voleybolunu inkişaf etdirmək mümkündürmü?
- Biz bunun üçün çalışırıq. Məsələn, Avropa çempionatı Göygöldə olacaq. Bu gün idmanın istənilən yerdə inkişafı maddi duruma bağlıdır. Əgər ailədə uşaq idmanla məşğul olursa, onun xərci ayda 200-300 manat olur. İdmana gələnlərin də əksəriyyətinin durumu orta səviyyədə və ya aşağı səviyyədədir. Düzdür, bu, normaldır. Biz də federasiya olaraq onlara yardım etməliyik. İşimizi elə qurmalıyıq ki, uşaq normal şəkildə məşq edə bilsin. Azərbaycanda gənc voleybolçu 2 saat məşq edirsə, Türkiyədə eyniyaşlı idmançı 4 saat məşq edir. Aradakı həftəlik fərqi hesablayın. Biz Azərbaycan Təhsil Nazirliyi ilə danışırıq. Çünki uşaqların gününün 6-7 saatı məktəbdə keçir. Türkiyədə bu, tənzimlənib. Əvvəllər bizdə də qaydasında idi. Yığma komandaya namizəd oyunçu hazır olmalıdır. 16-17 yaşlı qızlar başqa ölkədə əsas heyətdə çıxış edir. Amma bizdə gəlirlər ki, texniki, fiziki, psixoloji səviyyəsi aşağıdır. Bu, maddi tərəfdən asılı məsələ deyil. Bu problemlər yoluna qoyulmalıdır. Rayonda perspektivli qız və ya oğlan tapırıq. Onu gətiririk Bakıya və bütün rahatlığın təmin edirik. Amma gedir məktəbə, 11-ci sinfi bitirir, universitetə qəbul olunur və idman yaddan çıxır. Hamı elə düşünür ki, 1-2 saat məşqlə voleybolçu olacaq.
- Qızların voleybola cəlb edilməsi sizə nə qədər çətinlik yaradır?
- Siz bilirsiz ki, İtaliyada 22-25 min voleybol komandası var. Yığma üzvləri də bu qədər komandada oynayan voleybolçulardan seçilir. Amma bizdə fərqlidir. Həm boy məsələsi, həm müsəlmanlıq faktoru bizə mane olur. Ailə 15 yaşına qədər qızına icazə verir ki, get, məşq elə. Çünki o yaşa qədər qızını uşaq sayır. 17-18 yaşında olanda isə “yox, olmaz” deyib idmanı atır. Gedir nişanlanır. Oğlan tərəfə köçən kimi qıza deyirlər ki, “sənin pulun başına dəysin, otur yerində”. O da oturur evdə . Hamilə olur, uşaq dünyaya gəlir və bitdi… Ondan sonra hansı qadın voleybolundan danışaq? Bəzi şeyləri dəqiq araşdırmaq lazımdır. Bəzən media bizi qınayır. Amma hansı çətinliklərlə uğur qazandığımızı araşdırmır. İtaliya, Yaponiya kimi ölkələri necə udduğumuzu heç kim bilmir. Bəs, necə hazırlaşırıq onu da demirlər.
- Elə millimizdə rus kökənli qızların çox olmasının da səbəbi İslam, müsəlman faktorudur?
- Valeriya Karatenko, Yelena Porxomenko Azərbaycanda doğulub. Çox adam bunu bilmir. Amma onlar bizim yerli oyunçularımızdır. Əksəriyyətinin də yoldaşı azərbaycanlıdır. Belə şey bütün dünyada var. Türkiyə millisində də Bosniya və Herseqovinadan, Serbiyadan olanlar var. Soyadlarını dəyişdirib yığmada çıxış edirlər.
- Keçmişə baxanda indi azərbaycanlı qızlar voleybola, idmana daha çox maraq salır...
- Bəli, dəyişiklik var. Ölkə prezidenti İlham Əliyevin idmana olan münasibətindən sonra psixologiya da çox dəyişib. Keçmişə baxanda indi çox qızlar idmana meyl edir. Məsələn, universitet qurtaran bir gənc özünə iş tapa bilmir və ya çətinliklə tapır. İdmançıların maaşı isə yüksəkdir. 15-16 yaşına qədər maddi problemlər ola bilər. Amma ondan sonra hər şey idmançıdan asılıdır. Biz gənc idmançılara da kömək edib, ən azı 300-400 manat maaş veririk. Əgər o, kluba düşürsə, pul qazanır. Klubların gənc komandalarında belə maaş alırlar.
- Bir neçə il Türkiyədə yaşamısız. Həmin dövrləri necə xatırlayırsız?
- O vaxt Türkiyədə yaşayırdım. Ankarada qalırdım. Vəziyyət çətin idi. Komandanın qızlarını da götürüb qardaş ölkəyə yollandım. Onları orada komandalara yerləşdirdim. Sonra vətənə qayıtdım. Yenidən Türkiyəyə döndüm. Hər gün Qarabağda gedən döyüşlərdən xəbərlərə baxırdım. Çox çətin vəziyyəti idi. Tez-tez evə zəng edib kef-əhval tuturdum. Vətən sevgisi insanın içində olmalıdır. Ölkəm üçün darıxırdım. Bir dəfə mərhum prezidentimiz Heydər Əliyev Naxçıvandan Ankaraya gəlmişdi. Ordakılara demişdi ki, bizim burda bir məşqçimiz var – Faiq Qarayev. Sonra elə oldu ki, onunla görüşdük. Mənə dedi ki, “Faiq bir gün gələcək hamınız ölkəmizə qayıdacaqsınız”. İstanbulda evim, yüksək maaşım var idi. Bəlkə də gəlmək istəməzdim. Amma ölkə prezidenti, həmin vaxt Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev məni Azərbaycana dəvət etdi. Bunu mənə zənglə bildirdilər. Dedim ki, gələ bilmərəm. “Bəs nə vaxt Bakıya üz tutacaqsan?” deyə soruşdular. Mart ayının 19-da paytaxtımıza gəldim. Zəng edəndə mənə demişdilər ki, İlham Əliyev səni Neft Şirkətinin binasında gözləyəcək. Azərbaycana gəldim və sonra əlimdə bir qovluqla binanın önünə getdim. Düşündüm ki, məni qarşılasalar, deməli İlham Əliyev məni unutmayıb. Həmin vaxt çox yaxşı qarşılandım. Düzdür, bura gələrkən düşünürdüm ki, Azərbaycanda çox çətin olacaq. Ölkədə nə top var, nə meydança. Türkiyə yığmasının baş məşqçisi idim. Orada ən çox maaş alanlardan biri idim. 1994-cü ildə “Vakıfbank”da işlədim. Sonra Azərbaycana qayıtdım. Mənə bu cür şərait yaradılacağını gözləmirdim. Amma hər şey yaxşı oldu.
- 20 Yanvar hadisələrinin canlı şahidlərindən olmusuz....
- Həmin hadisələrin fəllarından biri olmuşam. 20 Yanvar günü komandamız “İnturist” oteldə, mən də “Salyanski kazarma” adlandırılan ərazidə idim. SSRİ Superliqası burda olmalı idi. Baş verən hadisələr, bizi sıxışdırmaları məndə psixoloji gərginlik yaratdı. Mənəvi zərbə aldım, amma idmanı buraxmadım. Sürücümlə komandanın yanına gələndə gördük ki, yollar bağlıdır. Telestudiyanın yanında rus əsgərləri bizi yoxlayıb buraxdılar. Həmin müddətdə telestudiya gözümün önündə partladı. Ondan sonra otelə gəldim. Qızlar qorxu içində idi. Çünki bəzilərinin evləri yox idi, səhərə kimi oteldə qaldıq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar