Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Mən insana inanan Sabir yox, şübhə içində yaşayan adama çevrilmişəm" -Sabir Sarvan (MÜSAHİBƏ)

Tarix: 21-12-2016 13:31     Baxış: 41 039 A- / A+
"Mən insana inanan Sabir yox, şübhə içində yaşayan adama çevrilmişəm"


Bu gün AYB Sumqayıt bölməsinin yaradılmasından 20 il keçir.

Manevr.az-ın əməkdaşının böllmənin sədri, şair Sabir Sarvandan götürdüyü müsahibəni oxucularımıza təqdim edirik:

-Sabir müəllim, AYB Sumqayıt bölməsinin 20-illik keçdiyi yola qısa nəzər salaq…Ümumiyyətlə, bu illər ərzində bölmənin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

-Gəlin birgə nəzər salaq və mənim aşağıda dediklərimi bir növ hesabat kimi qəbul edin: AYB Sumqayıt bölməsi yarandığı gündən bəri şəhərdəki müxtəlif təşkilatlarla işbirliyi qurmuş və bir sıra tədbirlər həyata keçirmişdir. Aşıq Ələsgərin (Şəhər təhsil şöbəsi ilə birlikdə) yubileyi, M.Müşfiqin, R.Rzanın, Ə.Kərimin şeirlərinin sumqayıtlı məktəblilər arasında bədii – qiraət müsabiqəsi, dərslik müəlliflərindən T.Hacıyevin, N.Cəfərovun, Z.Əsgərlinin iştirak etdikləri “Müasir ədəbiyyat və onun tədrisi problemləri” mövzusunda söhbət – diskussiya bu qəbildən olanlardandır. Bölmənin fəaliyyət göstərdiyi müddətdə səhərdə müasir şairlərdən M.Arazla, C.Novruzla, F.Sadıqla, Q.İsabəyli ilə, Ə.Olla, P.Qəlbinurla, M.Aslanla, F.Məmmədli ilə, “Abbasqulu bəy Şadlinski” kitabının müəllifi Əziz Ələkbərli ilə, alman şairi E.Kirxhofla, “Ədəbiyyat qəzeti”nin əməkdaşları ilə, yazıçı Ç.Abdullayevlə, Yazıçı Qadınlar Cəmiyyətinin üzvləri ilə və s. çoxsaylı görüşlər keçirilib. “Milli dövlətçilik ideyası və bədii ədəbiyyat” mövzusunda dəyirmi masa, “Zaman” qəzeti ilə birlikdə məktəblilər arasında Mehmet Akif Ərsoyun “Çanaqqala şəhidləri” şeirinin, Xalq şairi Fikrət Qocanın və şair Əjdər Olun şeirlərinin bədii – qirəat müsabiqəsi, “Bədii ədəbiyyatda tarixi gerçəkliklər” mövzusunda oxucular konfransı,”Sumqayıtdakı N” hərbi hissəsinin əsgərləri ilə bir qrup AYB üzvünün görüşü və s. keçirilmişdir. Bundan başqa, hər il 28 May Respublika günü münasibətilə şəhər təhsil şöbəsi ilə birlikdə məktəblilər arasında Vətən haqqında şeirlərin bədii – qiraət müsabiqəsi keçirilir. Bölmənin bir sıra tədbirləri telelayihələr şəklində də həyata keçirilmişdir. İctimai televiziya ilə yayımlanan “Öncə Vətən”, yerli DTV kanalı ilə S.Vurğunun və S.Rüstəmin 100 illikləri ilə bağlı dörd ay davam edən bədii – qiraət müsabiqələri buna misaldır. Şəhərdəki müxtəlif elm və təhsil ocaqlarında, (məktəblərdə, kitabxanalar-da, Sumqayıt Dövlət Universitetində) bir sıra başqa müəsisələrdə yerli yazarlarla görüşlər, onların kitablarının təqdimatı keçirilmiş, keçirilir və bu ənənə mütamadi olaraq davam etdirilir. Bölmə tərəfindən “Turan” ədəbi məclisinin fəaliyyətindən xəbər verən “Bizdən Sizə qalan sözdü”(üç almanax), “Zərif” qadın ədəbi məclisinin üzvlərinin şeirlərindən ibarət “Bənövşə pıçıltısı” və “Bizdən sizə qalan sözdü (dördüncü almanax) kitabları, “Tumurcuq” uşaq klubunun üzvlərinin şeirlərindən ibarət “Qanadlandıq uçmağa” adlı 13 almanax, şəhər məktəbliləri üçün “Vətən deyən şeirlər”, “Vətənim, anam, dilim”,”Təbiət düşünür , düşündürür” kitabları çap edilmişdir. Həmçinin sumqayıtlı yazarların tərcümələrindən və dunyasını dəyişmiş qələm adamlarının yazdıqlarından nümunələr toplanmış almanaxlar işıq üzü görmüşdür. Bundan başqa mərhum yazıçı Feyzi Mustafayevin bir vaxtlar “Yazıçı” nəşriyyatı tərəfindən çap edilmiş “Dinmə, ey kədər” adlı kitabı bölmə tərəfindən yenidən latın qrafikası ilə çap edilmişdir. Sumqayıt şəhərinin 60 illiyi ilə əlaqədar Sumqayıt şəhər Təhsil Şöbəsi və Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsi ilə birlikdə I- IV siniflər üçün çap edilən “Sinifdənxaric oxu” kitabı bölmənin təşəbbüsü ilə hələlik işıq üzü görən sonuncu kitabdır. Bu kitabda sumqayıtlı müəlliflərin uşaqlar üçün yazdıqları şeirlərdən nümunələr toplanmışdır. Bölmənin təşəbbüsü ilə hər il keçirilən “Söz” bayramı, 28 May Respublika günü münasibəti ilə şəhər məktəbliləri arasında keçirilən bədii – qiraət müsabiqəsi artıq Sumqayıtda ənənə halını almışdır. 20 – ci ildir ki, ardıcıl olaraq keçirilir. Bölmənin fəaliyyətinin qənəatbəxş olub-olmamasına gəlincə isə, mövcud vəziyyəti və reallığı nəzərə almaqla mən qənaətbəxş hesab edirəm. Amma əsas qiyməti qərəzsiz yanaşanlar daha yaxşı verə bilərlər.

-Mənim fikrimcə, indi Sumqayıt ədəbi mühiti bir çox bölgələrdən, lap elə paytaxt ədəbi mühitindən daha fəal və güclüdür. Bunun səbəbi və bu fikrə münasibətinizi bilmək maraqlı olardı.

-Ədəbiyyat, sənət ilk növbədə səmimiyyətdən başlayir. Səmimiyyət olmayan yerdə insanlıq və deməli sənət də yoxdur. Mənim müşahidələrimə görə paytaxt ədəbi mühitində səmimiyyət itib, Sumqayıt ədəbi mühitində isə ayrı – ayrı qələm sahiblərinin sayəsində hələ ki, bir duruluq var və buna görə də bu fikirlə razıyam ki, Sumqayıt ədəbi mühiti daha fəal, daha güclüdür. Paytaxt ədəbi mühitinin nümayəndələrinin sumqayıtda görüşlər keçirmək istəyi də elə bununla bağlıdır. Amma təəssüf ki, səmimiyyətdən kənar, bir - birini oxumadan belə, bir – birini tərifləmək bizim ədəbi mühitə də ayaq açır. Ümumilikdə isə, bizim ədəbi mühitdə elə imzalar var ki, təbliğatı “tanrının yanına” qaldırılan paytaxt yazıçısından, yaxud şairindən qat – qat üstündür. Sadəcə, reklamı yoxdur. Günahı da budur ki, əyalətdə yaşayır.

-İndi Sumqayıtda nəzərəçarpacaq və intensiv quruculuq işləri gedir. Bu bir yandan şəhərin gözəlləşməsidirsə, digər tərəfdən insanların əhval-ruhiyyəsinin yüksəlməsidir. Bu proseslərin həm yeni ideya, həm də yeni əsərlərin yaranması üçün stimul olması fikri ilə razısınızmı?

-Hər bir Sumqayıt sakini kimi məni də son dövrlər şəhərimizdə görülən quruculuq işləri sevindirir. Şəhərimizlə fəxr etməyə başlamışıq.Yaradıcılıq işi isə fərdi məsələdir, başqalarının yerinə danışa bilmərəm. Şəxsən mənə gəldikdə isə, əhval – ruhiyyənin yaxşı olması yeni ideyaların və yeni əsərlərin yaranmasına səbəb ola bilər.

-Bir müddət bölmənin ətrafında yaranan qalmaqalların, söz-söhbətin şahidi olduq. Hətta, sizin sədr kimi işləməyinizin əleyhinə imzatoplama kampaniyası da başlamışdı. Və bu proses bir müddət davam etdi. Rəqiblərinizi məğlub etdiniz, yoxs müvəqqəti nisbi sakitlikdi?

- Bölmənin yaranmasının 20-illik yubileyində bu qanqaraldan məsələyə toxunmaq istəməzdim. Amma sual verilibsə, gərək cavablandıram. Təəssüf ki, dediyiniz məsələ ədəbiyyat davası yox, yer davası idi. Yəni, kimsə “komanda” toplayıb Sabir Sarvanı “yıxmaq” və onun yerinə keçmək istəyirdi. Nəticədə bu alınmadı. ”Rəqiblərimi” mən yox, Allah məğlub etdi. Çünki mən Sumqayıtda heç kəsin yerinə gəlməmişəm. Bölmənin yaranması ideyası da, maliyyə məsələlərinin həlli də mənim adımla bağlıdır. Nisbi sakitlik məsələsinə gəlincə isə heç nə deyə bilmərəm. O hadisədən sonra mən insana inanan Sabir yox, şübhə içində yaşayan adama çevrilmişəm. Bu mənə edilən ən böyük pislikdir.

-Bu yaxınlarda gözəl bir məkan, Sumqayıt “Poeziya Evi” yazarlarımızın ixtiyarına verildi. Və burada əsasən Ə.Kərim adına Poeziya klubu fəliyyət göstərir. Bu, demək olar ki, hardasa eyni missiyanı həyata keçirən iki qurumun bir-birinə qarşı qısqanclığına gətirib çıxarmayacaq ki…? Yoxsa, sağlam rəqabətə imkan yaradacaq?


-Əvvəlcə, o gözəl məkan “Poeziya Evi” dediyiniz yeri Sumqayıt ədəbi mühitinin ixtiyarına verən şəhər İcra Hakimiyyətinin başçısı Zakir müəllimə təşəkkürümü bildirirəm. Bu ədəbi mühitimizə göstərilən böyük qayğıdır. ”Poeziya Evi” poeziya klubu demək deyil, bütün yazarlarımızın, ədəbiyyatsevərlərimizin məkanıdır. AzərbaycanYazıçılar Birliyinin Sumqayıt bölməsinə də, “Poeziya Evi”ndə yer verilib. Tədbirlərimiz, ədəbi məclislərimiz orada keçiriləcək və ola bilsin ki, gələcəkdə daimi yerimiz də ora olsun. Poeziya klubu ilə bölüşəcək nəyimiz var ki, arada qısqanclıq, yaxud paxıllıq olsun?! Rəqabət yox, müttəfiqlik tərəfdarıyam, bir yerdə daha çox iş görə bilərik. Mən belə düşünürəm.

-20 il tarix üçün çox qısa, insan həyatı üçün böyük müddətdir. Bu illərdə fasiləsiz belə bir quruma rəhbərlik etmək sizi yormadı ki…?

-İnanın ki, 20 ilin necə gəlib keçdiyini heç hiss eləmədim. Bölməni qurub- yaratmaq, maliyyə məsələlərini həll etmək, təchizatla təmin etmək və sair və ilaxır başımı qatdı. Məni bölməyə fasiləsiz rəhbərlik etmək yox, fasiləsiz olaraq işləməyə qoymayan, ədəbiyyata dəxli olmayan cızmaqaraçılar yordu. Onlardan qaçmağa çalışıram. Amma mümkün olmur. Çoxdurlar, lap çoxdurlar.

-İstedadsız adamların ədəbi qurumlara, elə bölmə rəhbəri olduğunuz AYB-ə ayaq açmaları, istifadə və barınmaları artıq qabarıq şəkildə özünü göstərməkdədi. Bunun üçün yəqin ki, heç bir mübarizə metodu yoxdur? Yoxsa, bizim bilmədiyimiz məsələlər var? Misal üçün, onlar daha yaxşı idarə olunurlar və “işə yarayırlar...”

-Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi üzvlük məsələsi ilə məşğul olmur. Sumqayıtda yaşayan bütün üzvlərin bərabərhüquqluluğunu təmin edir. Biz bölmə olaraq AYB – nin tapşırıqlarını yerinə yetiririk. AYB – də qəbul məsələsinə isə qəbul komissiyası baxır. Bu mənim bölmə sədri kimi dediklərimdir. Sıradan bir qələm sahibi kimi isə heç vaxt ağlıma gəlməzdi ki, ədəbiyyat bu kökə düşəcək, minlərlə imzanın içində az sayda qələm sahibinin adı itib – batacaq. Üstəlik, onlara fərsiz adama baxan kimi baxacaqlar. Ədəbiyyata dəxli olmayanların isə hər gün kitab təqdimatları, imza günləri, böyük salonları, hətta, telekanalları bürüyən yaradıcılıq gecələri keçiriləcək. Hörümçək toruna bənzəyən mənasızlığın və təkrarçılığın tüğyan elədiyi bu “ədəbi mühitlə” necə mübarizə aparmaq metodunu ağlıma belə gətirə bilmirəm. Çünki cəmiyyətimizdə özünə kök salmış bütün neqativ hallar, eyniylə ədəbiyyatda da var və dəhşətli eybəcərlikləri ilə möhkəmlənib. Onu demək istəyirəm ki, cəmiyyətin düşüncəsində yaxşı mənada dəyişiklik baş verməsə, ədəbi mühit, ədəbiyyat, istedadlara münasibət elə belə də qalacaq. Hərdən düşünürəm ki, sovet dövrünü çıxmaq şərtilə, bəlkə elə həmişə belə olub. Bu cür düşünməyə mənə Nizami Gəncəvinin “nəzmçi çoxdur, şair azdır”, Məhəmməd Füzulinin “bir dövrdəyəm ki, nəzm olub xar” deyimləri də əsas verir. Amma yenə ümidimi itirmək istəmirəm. Çünki: “Qarışıqdır hələlik millətin istedadı,-ələnirsə, safı bir yan, tozu bir yanlıq olur”.(M.Ə Sabir)

-Bir neçə gün öncə bölmənin nəzdində fəliyyət göstərəcək ədəbi məclislərin anonsunu verdiniz. Bir müddət fəaliyyət göstərən və susan sözügedən ədəbi birliklərin yenidən bərpası hansı zərurətdən irəli gəldi?

-Bu ədəbi məclislər bərpa olunmayıb, sadəcə, bir müddət bizdən asılı olmayan müəyyən səbəblərdən fəaliyyətimiz demək olar ki, dayandırılmışdı. Bundan başqa məkanı dəyişməli, tədbirlərimizi “Poeziya Evi”ndə keçirməliydik. Ona görə də, ədəbi məclislərin rəhbərləri ilə görüş keçirdim, onlar məclis sədrləri kimi fəaliyyətlərini davam etmək istədiklərini bildirdilər, biz də bu anonsu verdik ki, üzvlərin xəbəri olsun.

-Sonda ənənəvi bir sual: Gələcəkdə görəcəyiniz işlər və həyata keçirəcəyiniz layihələr?…

-Əvvəlcə sizə bölməmizə göstərdiyiniz daimi diqqətə görə təşəkkür edirəm. Bu müsahibəyə görə də çox sag olun. Mənim gələcək haqqında qurduğum planlar heç vaxt baş tutmayıb, ona görə də bu sualınızın cavabını elə gələcəyə saxlayıram.

-Sağ olun! Biz də öz növbəmizdə bölmənin yaradılmasının 20 illik yubileyi münasibətilə sizi və əməkdaşlarınızı təbrik edir, uğurlar diləyirik!


Namiq Dəlidağlı,
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar