Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu" - MÜSAHİBƏ

Tarix: 18-05-2019 09:55     Baxış: 3937 A- / A+
Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu"

Orda bir dağ var uzaqlarda.., ünümüz yetməyən, əlimiz çatmayan. Zirvəsində qışdan yadigar saxladığı ağappaq qarın üşərtisinə rəğmən, ətəklərində minbir rəngə çalan yaz mənzərəsinin ilıq nəfəsi qucaqlayar adamı. İndi ORALARIN çiçəkli vaxtıdı, şehli vaxtıdı... və biz o gözəllikləri görməkdən məhrumuq, həm də illərdi. Ağırdı, ağrılıdı, acıdı, göynədəndi... dərddi- çəkilməsi çox çətin. Daha ümidlərə sarılıb “İnşallah bu il qovuşarıq” ifadəsiylə özümüzü aldatmaqdan yorğun düşüb hisslərimiz, duyğularımız... 27 il bir igidin ömrüdü. Bu igid ömrünü yurd-yuvandan uzaqda “yaşamağ”ın necə ağır olduğunu yurd həsrəti çəkənlər bilir. Göynəyimizi sən duyursan, İlahi! Sən bilirsən köz tutmayan ümidlərin ürəyimizi necə yandırdığını...

Onunla ağrılarımız eynidi- torpaq dərdi, yurd həsrəti....

Müsahibimiz Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlidi.

Manevr.az-ın əməkdaşının M.Məmmədli ilə söhbətini təqdim edirik:

-Ümid köz tutmadı, söndü,
Səbrin inadı çatladı.
Bu dərd zamandan yeyindi,
Yenə bir ili haqladı....


Bütöv bir şeirin ağrımızla səsləşən bəndini səbəbsiz səsləndirmədim. Müşfiq həkim, Laçınımızın işğalından 27 il ötür. Bir ili də haqladı bu dərd...

Bəli, bir il də böyüdü həsrətimiz, nisgilimiz... ağırdı. Laçında döğulmamışam. Amma soyum, köküm ora bağlıdı. Uşaqlığım orda keçib. İndi əl çatmaz olan o doğma yurd yeri uşaqlığımın ən gözəl xatirələrinin ünvanıdı. Hər il fəslin bu çağında içim titrəyir, ruhum sızıldayır. İndi oralarda təbiət əlvan rənglərə boyanıb. Təbii ki, Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım bir gün yoxdu. Ancaq yaz ayları gələndə ruhum daha çox haray çəkir dağlara. 27 ildi o ünvana yön almaqdan məhrum olmuşuq. Getmirik, gəlmirik... gedə bilmirik. Bilmirik orda fəsillər necə ötüşür, axşamlar necə düşür, səhərlər necə açılır... Bir də ağrılı olan odu ki, döğmalarımızın məzarı tapdaq altındadı.
Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu"

-27 ildi gedəcək yeri olmayan qərib yolçuya dönmüşük yəni?

Sualınıza hansı yöndən yanaşsam qərib olduğumuzu inkar edəcək bir ifadə tapa bilməyəcəm. Olduqca haqlısız və bu qəriblik insanın bütövlük amalına kölgə salır. Əslində canımız Azərbaycanın hər qarışı Vətəndi. Və bugün azad ölkəmizin istənilən yerində yaşamaq, dincəlmək kimi imkanlarımız var. Ancaq yurd yeri bir başqadı. Yurd yerinə gedə bilməmək, dağlara uzaqlardan baxmaq, hardasa oxşar mənzərələr görəndə içini yandıran odun ağrısına tab gətirmək çox çətindi. Yolçu ifadənizdə təsir qüvvəsinə görə “qərib”-i tamamlayan bir məqam var. Əslində biz həqiqətən də yoldayıq. Sadəcə əmr gözləyən əsgər rolunda.

- Əslində gücümüz və Laçının strateji mövqeyi işğalın baş verməsinin mümkünsüzlüyünü göstərirdi. Bəs nə baş verdi, nə bu mümkünsüzlük inamını sındırdı?

Zamanla tarixi qiymətini alacaq hadisələr var ki, isti-isti onu dərk etmək, şərhini vermək çətin olur. Amma Laçının və ona qədər işğal olunan diğər torpaqların düşmən əlinə keçməsinin çoxsaylı səbəblərini görməmək mümkün deyildi. Naşı ordu( ordu demək olarsa) və pərakəndə döyüş, o vaxtkı hakim qüvvələrin səriştəsizliyi, eyni zamanda hakimiyyət hərisliyi torpaqların itirilməsinə səbəb oldu. Doğru buyurursuz , Laçın elə bir strateji mövqedə yerləşir ki, oranı hər hansı bir xəyanət və satqınlıq olmadan ələ keçirmək mümkün deyildi. İşğala qədərki dövrdə könüllü dəstələr və yerli əhali rayonun müdafiəsinə qalxmışdı. Ancaq ordu olmadan təpədən-dırnağa silahlanmış rus- erməni birləşmələrinin qarşısını almaq o qədər də asan məsələ deyildi. Üstəlik ölkədəki xaos, özbaşınalıq vəziyyəti daha da çətinləşdirdi. Nəticədə Laçın işğal olundu.
Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu"

- İllərdi sözə ümidlənib, bir gün torpaqlarımıza qovuşacağımıza inanırıq. Sizcə səbr etdiyimiz yetmədimi?

Nə demək istədiyinizi anladım. Demək istəyirsiniz ki, torpaqlarımızın sülh yolu ilə qaytarılmasına ümid bəsləməklə zaman itkisinə yol vermişik. Əslində kənardan siyasəti izləmək hələ onu dərk etmək deyil. Bu gün hakimiyyət də, siyasət də başqadı. Güclü ordumuz var. Və ölkə rəhbərinin məsələni sülh yoluyla həlli siyasəti sadəcə daha ata-analarımız oğulsuz, balalarımız atasız, gəlinlərimiz ərsiz, qızlarımız gözüyaşlı qalmasın deyə etdiyi cəhddir. Hazırlıqlı, səriştəli, güclü ordumuzla müharibə etmək əzmindəyik. Ali Baş Komandanın əmrini gözləyən ordu və sıravi vətəndaşların bir həmlədə düşməni yerinə otuzduracağına əminlik hissi içimdəki yurd sevgisi qədər həqiqi və böyükdür.

- Əzm və bitməyən vətən sevgisi bizi əzəli-əbədi torpaqlarımıza qovuşduracaq, ümidimizi itirməyək deyirsiz?

Bəli, ümidi heç vaxt itirmək olmaz. Əslində öncəki sualınızı cavablandıranda bu barədə müəyyən mənada fikirlərimi qeyt etdim. Əlavə olaraq onu deyim ki, 2016- cı ilin aprel döyüşləri də sübut etdi ki, biz həqiqətən də döyüşmək, torpaqlarımızı geri qaytarmaq gücündəyik. Doğrudur, itkilərimiz oldu, onlarla şəhid verdik. Amma döyüş itkisiz ötüşməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Və yenə də o əzm, o döyüş hazırlığı, ən ümdəsi vətən sevgisiylə qələbə çalacağımıza əminəm, mən ümidimi itirmədim. İstər sülh yolu ilə, istərsə də müharibə etməklə torpaqlarımızı mənfur düşməndən geri almaq hədəfimizdir. QƏLƏBƏ bizim haqqımızdır, biz onu qazanmalıyıq. Yalnız o zaman Vətənə və torpaq uğrunda canlarından keçmiş oğullarımıza borcumuzu qaytarmış olarıq.

- Sizin bu cür inam və əminliklə sabaha ümidinizi bir çağırış kimi qəbul etdim. Və İnşallah Laçında söhbətləşmək ümidiylə suallarımın mövzusunu dəyişmək istəyirəm.

İnşallah. O gün mütləq olacaq! Buyurun, dinləyirəm sizi.

- Təhsil və səhiyyə dövlətin inkişaf sütunlarıdı. Bu günkü səhiyyəmiz inkişafı axsatmır ki?

Düz buyurursuz, təhsilin və səhiyyənin dövlətin inkişafında mühüm rolu var. Hər ikisi xalqa xidmət göstərməklə yanaşı, cəmiyyətin formalaşmasında, sağlam və savadlı yetişməsində, eləcə də, güvənli gələcək qazanmasında birbaşa əhəmiyyət daşıyan sahələrdir. Mən deməzdim ki, səhiyyəmiz inkişafa mane olur, əksinə tibb sahəsində əldə olunan yeniliklər, xəstəliklərin artdığı bir zamanda səhiyyənin işinin öhdəsindən bacarıqla gəlməsi sübut edir ki, cəmiyyətimizin sağlamlığı əmin əllərdədir. İndi müasir aparat və cihazlarla təchiz olunmuş tibb ocaqlarında hər cür xəstəliyin dioqnozu, müalicəsi mümkündü. Ölkədə və xaricdə təhsil alıb ayrı-ayrı xəstəxanalarda çalışan çox savadlı, təcrübəli həkimlərimiz var. Təbii ki, neqativ hallarla da qarşılaşırıq. Amma bu ümumi səhiyyənin zəiflik göstəricisi deyil. İcbari tibbi sığortanın tətbiqi səhiyyənin yeni inkişafına stimul yaradacaq. İnkişaf etmiş ölkələrin səhiyyəsi ilə rəqabət apara biləcəyik.
Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu"

-Rəhbərlik etdiyiniz xəstəxana daha həssas və məsuliyyətli olmağı tələb edir. Sağlam uşaq sağlam gələcək deməkdir. Bu gün uşaqlarımız ən çox hansı xəstəliklərdən əziyyət çəkir? Mövsümi xəstəliklərlə necə mübarizə aparırsınız?

Uşaqlarla işləmək ikiqat məsuliyyətdir. Uşaq orqanizmi müalicəyə tez tabe olduğu kimi, ağırlaşmalar da çox tez və sürətlə baş verir. Bu da həkimdən daha savadlı və daha bilikli olmağı tələb edir. Aparılan tədbirlər sayəsində uşaq ölümü 2018-ci ildə 0,08% olmuşdur. Bu xəstəxanaya olunan müraciətlərin artması fonunda baş verir. Son 2,5 ildə xəstəxanada müalicə olunan uşaqların sayı 1.8 dəfə artmışdır (il ərzində 14.400 nəfər). Uşaq ölümü 0,06% təşkil etmişdir ki, bu göstərici inkişaf etmiş ölkələr səviyyəsindədir. Yoluxucu xəstəliklər orta statistik normalar səviyyəsindədir. Son zamanlar nevroloji xəstəliklərdə bir qədər artım müşahidə olunur.Burada valideynlərin diqqətli olması məsləhət görülür. Daha çox fiziki aktivlik, idman və kompüterdən istifadədə aşırılığa yol vermək olmaz.
Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu"

-Bir az da şəhərimizdən danışaq. Müşfiq həkim üçün Sumqayıt nə anlam daşıyır?

Sumqayıt mənim üçün çox doğmadı. Həyatım, fəaliyyətim, qazandığım uğurlar bu şəhərlə bağlıdı. Odur ki, şəhərimi çox sevirəm. Bir övladın anası haqqında deyə biləcəyi ən xoş sözlər toplanır dilimdə şəhərimi düşünərkən. İnkişaf baxımından yüksək nailiyyətlər əldə etmiş, dəyişmiş Sumqayıtın son illərdəki durumu bir sakin olaraq məni çox qürurlandırır. Gündən-günə gözəlləşən şəhərimiz istər sovet dövründə, istərsə də indi zəhmətsevər insanların böyük əməyi sayəsində bütün inkişaf sahələrində respublikada seçilib. Sumqayıtın tarixinin ən əlamətdar səhifələri ümumilli lider Heydər Əliyevin adıyla bağlıdı. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft- kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilib. Müstəqilliyimizin bərpasından sonra da Sumqayıt şəhəri özünün sosial-iqtisadi inkişaf və yüksəlişinə nail olub. Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi üçün bu gün də töhfələr verməkdədir.
Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu"

-Bildiyiniz kimi bu il Sumqayıtımızın 70 illik yubileyi qeyd olunur. Yuxarıda şəhərə münasibətinizi övlad-ana sevgisi kimi ifadə etdiniz. 70 yaşlı “ANA” ya təbrikiniz?

Qürurverici və duyğulu hisslər doğurdu sualınız məndə. Həqiqətən də Sumqayıt çoxuşaqlı ana kimidir. Respublikamızın istənilən bölgəsindən insanlar axışıb burda özünə yurd-yuva salıb. Üstəlik mənfur düşmənin işğalına məruz qalmış torpaqlardan minlərlə insan Sumqayıta pənah gətirib, onyn isti qucağına sığınıb. Beləcə, bu şəhər milyonlarla insanın doğma şəhərinə çevrilib.
Sumqayıt inkişaf etmiş sənayesi, istehsal gücü, yeni texnoloğiyalı müəssisə və zavodları ilə ölkədə işsizliyin aradan qaldırılmasına xeyli köməklik göstərib. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Son illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun fəaliyyəti nəticəsində şəhərimiz daha da inkişaf edib. Görülən abadlıq işləri, yaradılan gözəlliklər şəhər sakinlərinin, eləcə də gələn qonaqların zövqünü oxşayır. Dənizkənarı bulvarın gözəlliyi isə hər kəsi valeh edir. Yaxın bir neçə il ərzində şəhərdə istifadəyə verilmiş müasir sənaye müəssisələri, istehsal sahələri inkişafın bir mərhələsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bir sözlə, Sumqayıt dayanmadan müasirləşir və tərəqqi edir. Ölkə başçısının Sumqayıtın inkişafı və abadlığı üçün imzaladığı sərəncamlar əməli olaraq həyata keçirilən işlərdə öz əksini tapır. Sumqayıt hər zaman dövlət tərəfindən diqqət və qayğıyla əhatələnib.
Müşfiq Məmmədli:"Laçını düşünmədiyim, o gözəl yerləri xatırlamadığım gün yoxdu"

Prezident İlham Əliyev cənablarının Sumqayıtın şəhər statusu almasının 70 illik yubileyinin geniş qeyd olunması haqqında sərəncamı şəhərimizə olan diqqətin göstəricisidir.
Artıq ilin 1-ci rübündən etibarən sərəncamdan irəli gələn tapşırıqlara əsasən İcra başçısı Zakir Fərəcovun göstərişi ilə müxtəlif idarə və müəssisələrdə yubiley tədbirləri keçirilir. Təbii ki, səhiyyə təşkilatlarının da öz yubiley töhfəsi oldu və olacaq. Sosial şəbəkələrdə, mediada yüksək maraq və heyranlıqla izlənilən “Sumqayıt 70” fləşmobu səhiyyə işçilərinin şəhərə hədiyəsi idi.
Abadlıq , inkişaf, gözəllik həm də struktur baxımından dünya şəhərlərindən heç də geri qalmayan Sumqayıtımla fəxr edirəm. Xəzərin qoynunda günəş kimi parlayan şəhərimin 70 yaşı mübarək!

-Kədərdən sevincə, ağrıdan sevgiyə qədər yol keçən maraqlı söhbət üçün sizə təşəkkür edirəm.

Söhbət etdi: Sevinc Qərib


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar