Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov -MÜSAHİBƏ

Tarix: 07-05-2019 14:13     Baxış: 31 138 A- / A+
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov

Mən bilmirəm nə qədər ömrüm qalıb, ancaq bir məsələdə əminəm-mənim yaşıdım məndən fərqli olaraq əbədiyaşardır, özü ilə birgə məni də yaşadacaqdır.

Həmsöhbətimiz uzun illər Sumqayıt sənayesində müxtəlif məsul vəzifələrdə çalışmış bacarıqlı mühəndis, şair-yazıçı Süleyman Hüseynovdur.

Manevr.az-ın əməkdaşının S.Hüseynovla müsahibəsini təqdim edirik:

-Xoş gördük, Süleyman müəllim! Düşünürəm ki, şəhər mühitindən uzaq bağ hücrəsində qələm adamının özüylə baş-başa qalması göydəndüşmə fürsətdir.Təbii ki, arada darıxmaq da var. Amma darıxmaq özü də şeirdir. Süleyman Hüseynov mənimlə razılaşırmı?

-Xoş gününüz olsun! Təbii ki,razıyam. Mən özüm torpağa, təbiətə bağlı insanam. Kənddə anadan olmuşam, 17 il kənd həyatı yaşamışam. Bürcümün simvolu da torpaqdır. Şəhər həyatı təhsilim, seçdiyim peşə, əmək fəaliyyətimlə bağlı idi. Şəhər evi bir qutu kimi həmişə məni sıxırdı. İmkan tapan kimi öz əllərimlə əkib becərdiyim bağa qaçırdım. Pensiyaya çıxandan bağ mənim daimi yaşayış yerimdir. Burada özümü suda balıq kimi hiss edirəm....)))
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov

-Ədəbiyyat və istehsalat...bəlkə də ayrılıqda ikisini birləşdirən bir amil yoxdur. Ancaq siz iki fərqli sahəni bir arada tutmağa nail oldunuz. Çətin olmadı ki?

-Bilirsiniz, əslində bağlılıq var. Böyük ədiblərin əksəriyyəti müxtəlif peşə sahibləridir, istehsalatdan çıxıblar. İndinin özündə də fərqli sahədə çalışan yazarlarımız çoxdur. Ancaq hər iki sahədə eyni səviyyədə uğur qazanmaq çox çətindir. Mənim üçün isə daha çətindi. Gündüzlər zavodda işləyir, axşamlar institutda oxuyurdum. Üstəlik ailə həyatı da qurmuşdum. Hansı yolu seçmək dilemması qarşısında qalmışdım. Rəhmətlik Oqtay Cəfərov (o vaxt “Kimyaçı-Ximik” çoxtirajlı qəzetinin redaktoru idi) məni jurnalist kimi görürdü, təkid edirdi ki, Neft və Kimya institutunda təhsilimi dayandırım, universitetin jurnalistika fakultəsinə keçim. Sonda texniki təhsilimi başa çatdırıb, istehsalatda fəaliyyətimi davam etdirmək qərarına gəldim. Nəticədə ədəbi yaradıcılıqda 10 ilə yaxın müddətdə fasilə oldu. Ədəbiyyatla dostluğum mütaliə səviyyəsində idi. Amma bu illərdə əmək fəaliyyətimdə, şəxsi həyatda uğurlarım yetərincə oldu. 22 yaşımda Sumqayıt Kompressorlar zavodunda partiya komitəsi katibinin müavini seçildim, 27 yaşımda 3000 işçisi olan zavodda direktor müavini (əmr imzalamaq hüququ ilə) təyin olundum. Oğul-qız atası oldum. 1982-ci ildə yaradıcılığa yenidən qayıtdım və hələ də yaradıcılııqla məşğulam. Buna baxmayaraq bu illərdə istehsalatda da yüksək nəticələr əldə etdim. Bir vaxt fəhlə kimi əmək fəaliyyətimə başladığım zavodun direktoru vəzifəsində çalışdım. Artıq daxilimdə bir vəhdət vardı-yaradıcılıq və istehsalatın vəhdəti. Onları ayırmaq mümkün deyildi...
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov


-Demək olar ki, bütün fəaliyyətiniz Sumqayıtla bağlıdı. Bu il həm şəhərimizin,həm də sizin yubiley ilinizdir.Doğma şəhərlə həmyaşıd olmaq necə bir hissdir?

Bəli,Sumqayıt mənim tale şəhərimdir. Mən anadan olandan düz 2 ay sonra Sumqayıt həyata göz açib. Düz 53 ildir mən bu şəhərin sakiniyəm. Bütün sevincli, ağrılı-acılı günlərim bu şəhərlə bağlıdır. Sumqayıt mənə ana kimi doğmadır. Mən bu şəhərlə birgə böyümüşəm. Keçirtdiyimiz anlar, ömür yolumuz oxşardır. Sumqayıtda baş verən proseslər mənə öz təsirini göstərib. Başqa cür də ola bilməzdi. Şəhərin tarixini onun sakinləri yazırlar. Bu gün yubiley ərəfəsində ötən ömrə bir də nəzər salıram, uğurları və uğursuzluqları xatırlayıram. Təbii ki, həm sevinir, həm də təəssüf hissləri keçirirəm. Hər halda bu bizim həyatımızdır. Mən bilmirəm nə qədər ömrüm qalıb, ancaq bir məsələdə əminəm-mənim yaşıdım məndən fərqli olaraq əbədiyaşardır, özü ilə birgə məni də yaşadacaqdır. Çünki onun salnaməsində mənim də az da olsa yerim var. Buna əminəm.
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov


-Bütövlükdə bir insanın bilik və bacarığı, istedadı, ayrı-ayrı sahələrdə təzahür tapan inkişafı həm də zəhmət tələb edir. Zəhmətiniz istədiyiniz mərama çatdırdımı sizi?

Qeyd etdiyim kimi mənim həyat yolum şəffaf, göz önündə olub. Enişli-yoxuşlu yol keçmişəm. Lakin əyilməmişəm. Həmişə də özümə arxalanmışam, özüm təklikdə qərar qəbul etmişəm. Vaxt olub, nazirin əmrini ləğv etdirmişəm. Sübut etmişəm ki, əmr düzgün verilməyib. Çətinlikdən heç vaxt qorxmamışam. Fəhləlikdən böyük bir kimya zavodunda direktor vəzifəsinə kimi bir yol keçmişəm. Bu vəzifəmdən də öz xahişimlə getmişəm. İnanmıram başqa kimsə direktor vəzfəsindən könüllü getsin. Ümimilikdə mən müstəqillik dövrü nəzərə almaqla üç dövlət müəssisəsinin direktoru işləmişəm, lakin heç bir siyasi partiyanın( Sov.İKP istisna olmaqla) üzvü olmamışam. Sizə bir fakt deyim. 2009-cu ildə mən Rusiyanın Sergeyev Posad şəhərindəki kimya zavoduna işləməyə dəvət aldım. Gedəndən sonra məlum oldu ki, Rusiya vətəndaşlığım olmadığından məni ixtisasım üsrə işə götürə bilmirlər. Geri qayıtmalıydım. Zavod direktoru günahkarcasına bildirdi ki, bəlkə müvəqqəti olaraq fəhlə işləyəsən? Bir qədər düşünüb, razılaşdım. Təsəvvür edin, iki ali təhsil ilə, zavod direktoru təcrübəsilə mən 5-ci dərəcəli elektrik çilingəri işlədim. Üç aydan sonra mən böyük bir istehsalata mexanik, altı aydan sonra isə zavod direktorunun kadrlar üzrə müavini təyin olundum. Yəqin bu fakt xarakterim barədə nəsə deyir... Ədəbi yaradışılıqda da müəyyən uğurlara nail olmuşam. 13 şeir və nəsr kitablarının müəllifiyəm. 3 şeirlər kitabım və “And” romanım rus dilində tərcümədə nəşr olunmuşdur. Şeirlərimə müsiqi bəstələnib. Prezident təqaüdü almışam. Ən əsası-2 oğul, 2 qız böyütmüşəm, hamısı ali savad alıb. Babayam, nəvələrim var. Övladlarım mənim ən dəyərli əsərlərimdir. Hesab edirəm bir insan ömrü üçün kifayət edəcək qədər həyat yolu keçmişəm. Taleyimdən narazı deyiləm. Allahdan və valideynlərimdən başqa heç kimə nə maddi, nə də mənəvi borcum yoxdur...
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov

-Qarabağ müharibəsində cərəyan edən hadisələri əks etdirən az sayda əsərlərin içində sizin “And” romanı fərqləndi və sevildi. Bu sizin uğurunuzdur, təbrik edirəm. Özünüzə və başqalarına çox andlar vermisiniz və yaxud ən böyük andınız kimə və nə olub?

-Çox sağ olun! Həqiqətən ”And” romanı ən böyük uğurumdur. Mən həmişə poeziyada özümü həvəskar səviyyədə hesab etmişəm. Lakin “And”da istənilən səviyyədə mübahisə, mübarizə aparmağa hazıram. Görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin dediyi kimi, ”bu əsərdə həyata böhtan atılmayıb!”. Romanın adı da təsadüfi seçilməyib. Əsərin hələ birinci hissəsində epiloqda yazdığım sözlər də mahiyyətə uyğundur:-“Biz and içməyi yaxşı bacarırıq- Allaha, Qurana, müqəddəslərin ruhuna, canlıların canına, duza, çörəyə, torpağa... Kaş Ulu Tanrı bizə anda sədaqətli olmaq bacarığı da verəydi...” Mənim fikrimcə, ağızdan çıxan hər söz and səviyyəsində dəyərli olmalıdır, insan dediyi sözünün arxasında durmağı bacarmalıdır. Mən and içməyi xoşlamıram, amma məni tanıyanlar yaxşı bilirlər ki, sözümün yiyəsiyəm. Buna görə bəzən əziyyət çəksəm də. Sözümün arxasınca getməyi, nəyin bahasına olursa olsun qoyduğum məqsədə çatmağı xoşlayıram. Xasiyyətimə yaxşı bələd olan rəhmətlik həyat yoldaşım həmişə mən nəyisə axtaranda, nə üçünsə mağazaya gedəndə deyərdi ki, Süleyman, sən Allah, yaxınlıqda axtar, Sumqayıtdan çıxma...))) Mən çəmi iki dəfə and içmişəm və ikisində də özümdən asılı olmadan andıma naxələf çıxmışam. And içmişdim həyat yoldaşımı sağaldaram, ölməyə qoymaram, bacarmadım... Şeirlərimdə and içmişəm ki, Vətən torpağını işğaldan azad edəcəyik, o da hələlik ümidverici deyil...(((
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov

-Bu yaxınlarda Moskva səfərindən qayıtmsınız. Səfərin məqsədi nə idi, təəssüratlarınız?

Moskva səfərinə mən tanınmış şair, tərcüməçi,”And” romanımın redaktoru İbrahim İlyaslı ilə birlikdə getmişdik. Əsas məqsəd romanın təqdimatını, Azərbaycan-Rusiya ədəbi əlaqələri çərçivəsində görüşlər keçirtmək idi. Bir həftəlik səfər çox məhsuldar oldu. 4 tədbirdə iştirak etdik. İlk öncə Moskvada Azərbaycan cəmiyyətində olduq. İcmanın sədri Şamil Tağıyev bizi cəmiyyətin fəaliyyətilə məlumatlandırdı. Daha sonra Azərbaycan Yazıçılar birliyi Moskva bölməsinin katibi, şair, tərcüməçi Afaq Şıxlının keçdiyi Azərbaycan dili açıq dərsində iştirak etdik. Daha sonra səfərimizin əsas məqsədi olan mənim rus dilində nəşr olunmuş “And”(”Klyatva”) romanımın təqdimatı oldu. Tədbirdə qələm dostum İ.İlyaslı da öz yeni çapdan çıxan “Şair olmaq zülümdü” şeirlər kitabını (Azərbaycan dilində) təqdim etdi. ”Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə keçən tədbirdə rus və azərbaycanlı alimləri, şair və yazıçılar, oxucular, Rusiyadakı Azərbaycan diasporasının nümayəndələri iştirak edirdilər. Yeri gəlmişkən, tədbirin yüksək səviyyədə keçməsində əməyi olan “Azərbaycan” Cəmiyyətinin sədri Oqtay Hüseynova, AYB Moskva bölməsinin sədri Abuzər Bağırova, bölmənin katibi Afaq Şıxlıya, ”Şəhriyar” Cəmiyyətinin sədri Vasif Məmmədova, Mədəniyyət Mərkəzinin rəhbəri Qorxmaz Axundova , tədbirin bütün iştirakçılarına dərin minnətdarlığımı bildirirəm. Tədbirdə çıxış edənlər romanın əhəmiyyətindən danşdılar, öz fikirlərini qeyd etdilər. Əsərin günün tələbatı olduğunu, vətənpərvərlik, beynəlmiləlçilik ruhunda yazıldığını qeyd etdilər. İki çıxış diqqətimi daha çox çəkdi. Tədbirdə çıxış edən Rusiya Yazıçılar İttifaqının həmsədri, xalq yazıçısı Brontay Bedyurov bildirdi ki, bu əsər təkcə Azərbaycan üçün əhəmiyyətli deyil, digər ölkələrin, xüsusən Rusiyanın maraq mərkəzində olmalıdır. Kitabın tiraji (500 nüsxə) həddən çox azdır. Belə əsəri yüz min, milyon tirajla nəşr etmək lazımdır... Tambovdan gəlmiş şair Svetlana Şilina romanı oxuduğunu, çox təsirləndiyini və bu səbəbdən tədbirə qatıldığını bildirdi. O qeyd etdi ki, Moskvada Qarabağdan gəlmiş erməni yazıçısı yaşayır. O, Qarabağdan çox yazır, özü də elə yazır ki, biz hamımız Qarabağı sevirik. Ancaq Azərbaycan Qarabağını yox, erməni Qarabağını... Çünki bu haqda informasiya qıtlığı var, xüsusən əyalətlərdə. Axı niyə belə olmalıdır ?! ”And” romanı kimi əsərlər niyə geniş yayılmasın?! Buna ehtiyac var. Rusiyada çox sayda imkanlı azərbaycanlılar yaşayırlar. Onlar bu işdə dəstək olmalıdırlar. Növbəti görüşümüz Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetində oldu. Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti Mərkəzinin direktoru, Bakı Slavyan Unuversitetinin professoru Zemfira Rüstəmova Mərkəzin fəaliyyəti barədə məlumat verdi. Görüşdə AYB Moskva bölməsinin sədri Abuzər Bağırov, bölmənin katibi Afaq Şıxlı, MDB ölkələri Dillər və Mədəniyyətlər üzrə Baza təşkilatının direktoru Vladimir Konevin, RTEA-nın akademiki Çeslav Daletski, Qırğız, Qazax, Rumın, Tajik Dilləri və Mədəniyyyətləri Mərkəzlərinin direktorları, ”Şəhriyar” Cəmiyyətinin üzvü, şair Abbas çıxış etdilər. İbrahim İlyaslı “Azərbaycan-Rusiya ədəbi əlaqələrinə yeni baxış” adlı məruzə ilə çıxış etdi. Mən “And” romanım haqqında məlumat verdim. Sonda İ.İlyaslı və mən rus dilinə tərcümədə şeirlərimizi oxuduq və kitablarımızı Mərkəzə hədiyyə etdik. Səfərin son günü Kaluqadakı Azərbaycan Diasporasının dəvətilə bu şəhərdə olduq. Bizi Moskvadakı Azərbaycan icmasının sədri Şamil Tağıyev müşaiyət edirdi. Burada da maraqlı görüşümüz oldu. Ümumiyyətlə, bizi hər yerdə səmimi qarşıladılar, yaradıcılığımıza yüksək dəyər verdilər.
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov

-Aldığımız məlumata görə görüşdə həm də “And” romanın rusca variantının təkrar nəşr olunması barədə razılıq əldə olunub.

- Kaluqada sumqayıtlı Elman Bağırov yaşayır. Azərbaycan Diasporasının ağsaqqalıdır. Onu 1966-cı ildən tanıyıram. Superfosfat zavodunda əmək fəaliyyətimə başlayandan. O vaxt zavod komsomol komitəsinin katibi idi. İlk gündən mənim aktivliyimi görüb, ictimai işlərə cəlb edirdi. Sonralar Sumqayıtda məsul vəzifələrdə çalışıb. Köhnə sumqayıtlılar onu yaxşı tanıyırlar. Mən romanımın rus dili variantının əlyazmasını ona göndərmişdim ki, oxuyub, fikir bildirsin. O da həm özü oxumuşdu, həm də diasporanın üzvlərini romanla tanış etmişdi. Mənə bildirmişdi ki, roman xoşlarına gəlib. Məni Kaluqaya görüşə dəvət etmişdi. Lakin səhhətim səfərə çıxmağa imkan vermirdi. Moskva səfərim vaxtı Kaluqa diasporasının nümayəndələri təqdimatda iştirak etmək üçün gəlmişdilər və bir daha dəvət etdilər. Biz də dediyim kimi dəvəti qəbul etdik. Görüşdə mən roman haqqında bir daha ətraflı məlumat verdim, sualları cavablandırdım. Müzakirələr zamanı kitabın nəşr tirajının cox az olduğu bildirildi və onun yenidən, Kaluqa şəhərində çap edilməsi təklifi irəli sürüldü. Biz də bu təklifi məmnuniyyətlə qarşıladıq. Bir məsələni qeyd etmək istərdim. Bizdə və rusiyada ədəbiyyata münasibət fərqlidir. Azərbaycanda oxucular daha çox kriminal, ailə-məişət, məhəbbət mövzusunda yazılmış əsərlərə maraq göstərirlər. Belə əsərlər təbliğ olunur, onlar ekranlaşdırırlar. Vətənpərvərlik mövzulu əsərlərə diqqət yox dərəcəsindədir. Bizdə bir neçə məmura, rəhbər işçiyə “And” romanımı bağışlamışam, illər ötüb, amma indiyədək oxumayıblar. Oxusaydılar heç olmasa fikir bildirərdilər. Səfər zamanı Moskvadan uzaqda yaşayan, vaxtilə rəhbərim olmuş bir zavod direktoruna romanımın elektron variantını göndərdim, etrəsi gün mənə zəng edib, fikirlərini bölüşdü...Bax, fərq budur...
"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov

"İki dəfə and içmişəm, ikisində də andıma naxələf çıxmışam..." - Süleyman Hüseynov

-Maraqlı söhbət üçün çox sağ olun. Bəribaşdan yubileyinizi də təbrik edir, sizə can sağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Söhbət etdi: Sevinc Qərib
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar