Xəbər lenti
Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ
Etibar Əliyev: “Nə qədər ki, bu bağlılıq var, məktəb direktorunun avtoritarizmi və özünəarxayınçılığı artır, onun valideynlərə, şagirdlərə saymazyana münasibəti formalaşır”
“Məktəb direktorlarının təyinatında, müəllimlərin işə götürülməsində yerlibazlıq, qohumbazlıq, digər neqativliklərin şahidi idik. O zaman belə hallara daha çox rast gəlirdik. Dərsliklər monopoliyaya alınmışdı. Tələbə köçürmələrində ciddi nöqsanlar müşahidə olunurdu”
Son dövrlər ölkə başçısının yürütdüyü siyasət nəticəsində təhsil sahəsində müəyyən islahatlar aparılsa da, hələ də problemlər var. İstər məktəbəqədər, istə orta, istərsə də ali təhsil müəssisələrində zaman-zaman neqativliklər ortaya çıxır. Tanınmış təhsil eksperti mövcud vəziyyətlə bağlı “Unikal” qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.
Manevr.az həmin müsahibəni təqdim edir:
-Etibar bəy, hazırda təhsil sahəsindəki vəziyyəti dəyərləndirməyinizi istərdik. Mövcud problemlər nədən ibarətdir, hansı nailiyyətlər var?
-Bilirsizmi, elə sahələr var ki, oradakı inkişaf özünü bir qədər gec büruzə verir. Təhsil belə sahələrdən biridir. Öncə qeyd edim ki, təhsil sahəsində müəyyən işlər görülüb. Düzdür, bu dəyişikliklərin qanunvericilik tərəfi, tətbiqi tərəfindən bir qədər çoxdur. Məktəqədər təhsil haqqında, Orta ümümtəhsil haqqında qanun qəbul olundu, Təhsil Haqqında qanuna ciddi dəyişikliklər edilib. Yeni kurikulumların tətbiqi ilə bağlı qəbul imtahanlarının qaydaları dəyişdi. Yəni buraxılış imtahanlarının nəticələrinin nəzərə alınmasını da bu yeniliklər sırasına daxil etmək olar. Hələlik onun nəticələrini təhlil edə bilmirik, çünki ixtisas qrupları üzrə imtahanlar davam edir. Müəllimlərin işə qəbulu, direktorların seçimi və bu kimi məsələlərdə xeyli işlər görülüb. Amma görülməyən işlər də çoxdur.
-Əsasən hansı sahələrdə problemlər daha qabarıqdır?
-Problemlər xüsusən orta təhsildə özünü daha qabarıq göstərir. Orta təhsildə keyfiyyət dəyişikliyinə nail olmaq istiqamətində nəzərəçarpacaq görüntülər yoxdur. Bunun əsas səbəblərində biri müəllim problemi ilə bağlıdırsa, digər səbəbi fənn kurikulumları ilə bağlıdır. Yəni, müəllimlərin köhnə proqramdan təzə proqrama keçidi ağrılı oldu. İşlər dolaşdı. Digər tərəfdən, repetitor xidməti miqyasını genişləndirdi. Repetitor xidmətinin geniş tətbiqi də məktəb təhsilini zəiflədir, şagirdlərin kütləvi şəkildə dərsdən yayınmasına səbəb olur.
Məktəbəqədər təhsilin keyfiyyəti haqqında danışmaq ümumiyyətlə, mümkün deyil. Bu müəssisələr icra hakimiyyətlərinin tabeliyinə veriləndən sonra qapalı sestemə çevrildi və bu sahədə hər hansı müsbət irəliləyiş yoxdur.
-Son dövrlər orta məktəblərdə müxtəlif problemlər ortaya çıxmaqdadır. Həm təhsilin səviyyəsi, həm idarəetmə, həm təhlükəsizlik və digər məsələlərlə bağlı çatışmazlıqlar yaranır. Məsələnin kökündə nə dayanır ki, problemlər həll olunmaq əvəzinə yeni problemlər meydana çıxır?
-Məsələnin kökü yerlərdə təhsilin idarə olunması ilə bağlıdır. Nə qədər ki, bu mərkəzləşmiş idarə üsulu var, məsuliyyət məsələsi sual altında qalacaq. Hansı ölkələrdə ki, məktəb müstəqildir, bu və ya digər qurumun müdaxiləsi aşağı səviyyədədir, həmin ölkələrdə orta təhsilin normal inkişafına nail olmaq mümkün olub. Ən ciddi məsələlərdən biri də odur ki, məktəb rəhbərləri, müəllimlər və valideynlər arasında harmonik əlaqəni formalaşdıran birliklər yoxdur. Haqlısınız ki, hər hansı hadisə baş verəndə məsuliyyət məsələsi gündəmə gəlir ki, məsuliyyət məsələsində problem yaranır. Sonda isə Təhsil Nazirliyinin rəhbərliyi qınaq obyektinə çevrilir. Ancaq bu gün məktəbin üzərinə keyfiyyətə cavabdehlik məsuliyyəti qoyulsa, müəyyən irəliləyişlər əldə etmək mümkün olacaq.
-Son hadisələr onu da göstərdi ki, təhsil müəssisələrində şagirdlərin tərbiyə olunması məsələsində də problemlər var...
-Bəli, bizim orta məktəblərdə ən ciddi problemlərdən biri də odur ki, tərbiyyə paradiqması arxa plana çəkilib. Təəssüflə qeyd etməliyəm ki, tərbiyyə paradiqması artıq tədrislə qoşa qanad təşkil etmir. Bunun özü ciddi problemlərdən biridir. Dünyanın inkişaf etmiş ölkələrində klassik maarifçilərin irəli sürdüyü tərbiyə konsepsiyalarına qayıdış hərəkatı ilə rastlaşırıq. Bu gün bizim təhsil aldığımız dövrlə müqayisədə müəllimlər tərbiyə funksiyalarını üzərlərindən atıblar. Təhsillə tərbiyə prosesi bir-birini tamamlaya bilmir.
-Azərbaycanda buna mane olan nədir? Axı bunu təmin etmək elə də çətin deyil?
-Bilirsiniz, Azərbaycanda 1.5 milyon şagird kontingeti var. Bu qədər kontingenti idarə etmək, orada baş verənlərə nəzarət eləmək o qədər də sadə məsələ deyil. Bir çox məktəb direktorları kimlərəsə bağlı şəxslərdir. Nə qədər ki, bu bağlılıq var, məktəb direktorunun avtoritarizmi və özünəarxayınçılığı artır. Onun valideynlərə, şagirdlərə saymazyana münasibəti formalaşır. Bunun özü də ciddi faktordur. Digər tərəfdən, məktəbdə hər hansı bir maddiyyat ortaya çıxırsa, orada təhsil mühiti pozulur. Bundan əlavə, repetitor hərəkatının vurduğu zərbələrdən biri məktəblərdə uşaqlar arasında ayrı-seçkiliyin yaradılmasıdır. Əgər təhsil sahəsinə rəhbərlik edənlər təhsilin keyfiyyəti məsuliyyətini məktəblərin üzərinə qoya bilsə, o zaman repetitor xidmətinin əhatəsi bir qədər azalar.
Təhsil müəssisələrinin idarəetmə strukturlarında müəyyən dəyişikliklər olmalıdır. Təhsil müəssisələri həm də mədəniyyət daşıyıcılarıdır. Hər hansı məktəb direktorunun, yaxud ali məktəb rəhbərinin yerində olmaması həm təhsil mühitinə həm də təhsilin keyfiyyətinə mənfi yöndə təsir göstərir.
Müasir məktəblər 2 funksiyanı yerinə yetirməlidir. Şagirdlərdə yatıb qalmış istedad nişanələrini oyatmaq və tərbiyə etmək. Hədəf bu olmalıdır.
-Etibar bəy, təhsil sahəsində nazir kimi Ceyhun Bayramovun görə bildiyi, yaxud öhdəsindən gələ bilmədiyi hansı məsələlər var?
-Sizə səmimi bir söz deyim. Ceyhun Bayramov korrupsiyaya bulaşmamış, gənc, kifayət qədər intellekti olan bir şəxsdir. Ancaq burada söhbət təkcə Ceyhun Bayramovdan getmir. Burada komanda çalışmalıdır. Mətkəbdə sıravi müəllimdən təhsil naziri Ceyhun Bayramova qədər hamının fəaliyyəti bir-birini tamamlamalıdır. Bayramovdan öncə təhsilə rəhbərlik etmiş professorların idarəçiliyini yada salaq. Məktəb direktorlarının təyinatında, müəllimlərin işə götürülməsində yerlibazlıq, qohumbazlıq, digər neqativliklərin şahidi idik. O zaman belə hallara daha çox rast gəlirdik. Dərsliklər monopoliyaya alınmışdı. Tələbə köçürmələrində ciddi nöqsanlar müşahidə olunurdu.
-Guya indi bu cür neqativ hallar yoxdur?
-Əvvəlki dövrlə müqayisədə demək olar, neqativ hallar xeyli azalıb. Artıq o neqativ prosesin ətalət dövrü başlayıb. Söhbət nədən gedir, korrupsiyanın ən çox müşahidə olunduğu sahəyə tələbə köçürülmələrində idi. Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra bu elektron formada həyata keçirildi. Müəllimlərin, direktorların təyinatı imtahan vasitəsilə həyata keçiridi. Biz ictimaiyyətin nümayandələri bu prosesləri yaxından izləmişik. Ancaq bütün bunlara baxmayaraq yerlərdə indi də özfəaliyyət davam edir. Hansı məktəblərdə valideynlər təhsil prosesinə yaxından qoşulurlarsa bunun qarşısı alınır. Bir neçə ali məktəblərdə sessiyalar zamanı neqativ halların kökü kəsilib. Bu yeni təyin olunmuş rektorların ortaya qoyduğu iradə sayəsində baş verib. Bunları qeyd etmək lazımdır.
- Dərsliklərlə bağlı vəziyyət necədir? Son illər bu sahədə kifayət qədər problemlərin olduğu ortadadır. Amma eyni zamanda, müəyyən dəyişikliklər də edilir. Problemlər aradan qalxır, yoxsa vəziyyət elə pisdir?
-Mən sizinlə razıyam. Dərslik yazılması prosesi cox ciddi bir prosesdir. Burada məsuliyyət həm nəşriyyatların, həm də təhsil nazirliyinin üzərinə düşür. Təbiət fənlərindən yazılan dərsliklər o qədər mürəkkəb yazılır ki, bəzən müəllim və şagirdlər onu başa düşmür. Ali məktəblərin nəzdində dərslik laboratoriyaları yaradılmalıdır. Dünyada yaradılan dərsliklərlə müqayisələr aparılmalıdır. Alternativ dərsliklərə geniş yer verilməlidir. Dərsliklərin monitorinqinə geniş yer verilməlidir. Dərsliklərlə bağlı monitorinqlərin biri göstərdi ki, hətta tanınmış akademiklərin hazırladıqları dərsliklərdə ciddi problemlər mövcuddur.
Ali məktəblərdə dərslik siyasəti isə bərbad vəziyyətdədir. Tərcümə ədəbiyyatları demək olar ki, yox səviyyəsindədir.
-Son günlər gündəmə çevrilən məsələlərdən biri də orta məktəblərdə dini tədrislə bağlıdır. Fərqli mövqelər var. Siz necə düşünürsünüz, orta məktəblərdə dini təhsilə ehtiyac varmı?
-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu barədə açıqlaması geniş rezonansa səbəb oldu. Bəlli oldu ki, keçirilməsi nəzərdə tutulan din dərsi deyil. Din haqda dərslərdir. Bir fənnin daxilində keçiləcək. Doğrudan da, müxtəlif ölkələrdə din haqda dərslər keçirilir. Necə? Tarix dərsinin daxilində, dini mədəniyyət dərsi kimi, fəlsəfə dərsi içində, yaxud dünyagörüşü və həyat bilgisi dərsləri daxilində. Bunu etmək olar, çünki burada din öyrədilmir, dinlər barədə bilgi verilir. Sırf tarixi və sosial-mədəni olay kimi. Bunu hər yerdə edirlər. Lakin bu dərslər heç vaxt nə dini yönümlü ola bilməz, nə də dinə qarşı yönələ bilməz. Bunlar din dərsi də deyil, dinlər haqda məlumatlardır. Bu mənim şəxsi qənaətimdir.
-Etibar bəy, ali təhsil sahəsindəki problemlərə də toxunmağınızı istərdim. Hazırda vəziyyət necədir?
-Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur. Universitetlərimiz bu 3 paradiqma istiqamətində çalışmalıdırlar. İlk növbədə Universitetlərdə təhsilin keyfiyyəti yüksəlməlidir ki, Elmi tədqiqatlara yol açılsın. Bu da öz növbəsində innovasiyalara yol açacaq. Təəssüflər olsun ki, hələ Universitetlərin normal akkreditasiyası baş tutmayıb. Bu mexanizmi qura bilmirik. Dünyanın inkişaf etmiş ölkələrində bu müstəqil akkreditasiya qurumları tərəfindən həyata keçirilir. Hər bir Universitetin missiyası olmalıdır. Universitetlərimiz öz missiyalarını müəyyənləşdirə bilməyiblər. Tədqiqat Universiteti yaratmaq ideya olaraq qalır. Universitetlərimiz maddi-texniki bazaları ilə dünya universitetləri ilə ayaqlaşa bilmirlər. Lakin bir məsləni də qeyd edim ki, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft məktəbi, Neft və Sənaye universitetində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb və bu ali məktəblər Tədqiqat Universitetinə çevrilmək hədəfinə doğru irəliləyirlər. Bu faktor həm də rəqabət mühitinin yaranmasına öz təsirini göstərir.
Onu da qeyd edim ki, Bakı Dövlət Universitetində rektor təyinatından sonra da bu ali məktəbdə müsbətə doğru dəyişikliklərin olacağını, islahatların aparılacağını gözləyirik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar