Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın indiyədək aldığı və almaq istədiyi silahlar - Hərbi ekspert açıqladı

Tarix: 04-06-2018 19:52     Baxış: 31 281 A- / A+
Azərbaycanın indiyədək aldığı və almaq istədiyi silahlar - Hərbi ekspert açıqladı


Manevr.az hərbi ekspert Rəşad Süleymanovun azvision.az-a müsahibəsini təqdim edir:

- Atəşkəs imzalanan dövrdən sonra Azərbaycan Ordusunun silahlanmasından başlayaq. Azərbaycan hansı ölkələrdən silah almağa başladı və bu proses necə davam edir?

- Atəşkəs imzalanan dövrdən sonra Azərbaycan ordunun silah və texnika parkını yeniləməyə başladı. Çünki 1991-1994-cü illərdə davam etmiş hərbi əməliyyatlarda zirehli texnika, artilleriya və aviasiya vasitələrimiz döyüşlərdə istifadə olunmuş, itkilər nəticəsində texnika parkımız zəifləmişdi. Atəşkəsdən dərhal sonra - 1995-ci ildən Azərbaycan hərbi texnikaların alınmasına başladı və bu sahədə Azərbaycanın ilk tərəfdaşı Ukrayna oldu. Ukraynadan tanklar, aviasiya vasitələri, silahlar, "hava-hava", "hava-yer" raketləri, idarə olunmayan aviasiya bombaları alındı. Bundan sonra, mühüm satınalmalardan biri 1998-ci ildə Qazaxıstandan 8 ədəd MİQ-25 tipli döyüş təyyarələrinin alınması oldu. Beləcə, 2000-ci ilə qədər Azərbaycan silahlanmadakı boşlquları qismən bərpa etdi. Neft gəlirlərinin ölkəyə daxil olması ilə Silahlı Qüvvələrin inkişafının növbəti mərhələsi başladı.

BMT-nin Adi Silahlar Registrində yer alan məlumatlara görə, 2003-2011-ci illərdə Ukraynadan 12 ədəd "Smerç" yaylım atəşli reaktiv sistem, eləcə də D-30 topları, MT-12 tank əleyhinə toplar, PM-38 iriçaplı minaatanlar, 40-dan artıq T-72 tankı, "Qvozdika", "Akasiya" tipli özüyeriyən haubitsalar, radarlar əldə edilib. Bunlar da ordunun raket-artilleriya parkının modernləşməsinə kömək etdi. 2011-ci ilə qədər hərbi-texniki sahədə əsas tərəfdaşımız olan Ukraynadan qeyd olunandan əlavə, 12 ədəd L-39 təlim-döyüş təyyarəsi, 16 ədəd MİQ-29 döyüş təyyarəsi də alınıb. MİQ-29 təyyarələri bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas zərbə gücünü təşkil edir. Ukraynadan habelə BTR-70, BTR-80, BTR3-E zirehli transportyorlar, BTS-5B zirehli texniki dəstək maşınları alınıb. Təxminən həmin dövrdə Ukraynadan satınalmaların həcmi 2 milyard dollar civarında olub. Lakin 2011-2012-ci illərdə Azərbaycan və Ukrayna arasında silah krizi yaşandı. O zaman Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin rəisinin imzası ilə hökumətə təqdim edilən məktub ortaya çıxdı. Orada Ermənistana silah və hərbi texnikanın tədarükünün həyata keçirilməsi əksini tapmışdı. Bununla da silah alqı-satqısında durğunluq yaşandı. Azərbaycan ənənəvi tərəfdaşından imtina etdi. 2003-cü ildə Azərbaycan və Rusiya arasında da ölkələrarası hərbi-texniki əməkdaşlığa dair saziş imzalandı.

Qeyd etmək istərdim ki, Rusiya müstəqilliyin ilk illərindən 2003-cü ilə qədər Azərbaycana silah və hərbi texnikanın satışına embarqo tətbiq etmişdi. Amma 1996-cı ildə Ermənistana o dövrün məzənnəsi ilə 1 milyard dollara yaxın silah, artilleriya vasitələri, hərbi texnika, o cümlədə "Scud" ballistik raketlərini verib. 2005-ci ildən başlayaraq Rusiya Azərbaycana silah və texnika satışına başladı. Səhv etmirəmsə, 2005-ci ildə Azərbaycan Rusiyadan 24 ədəd 2S-9 "Nona" özüyeriyən minaatanı, ardınca 62 ədəd T-72 tankı aldı. 2009-cu ildən Rusiya ilə böyük müqavilələr imzalandı. S-300 PMU2 "Favorit" zenit-raket komplekslərinin 2 divizionun alınması, ardınca 70-dən artıq helikopterin alınması, 60 ədəd Mi-17 hərbi nəqliyyat və 24 ədəd Mi-35M zərbə helikopteri alınması baş tutdu. Bu həmin dövrdə Rusiya aviasiya şirkətlərinin xaricə ən böyük ixracat layihələrindən biri idi. Sonrakı dövrdə 100 ədəd T-90S, 100 ədəd BMP-3 piyada döyüş maşını, 18 ədəd "Vena" özüyeriyən minaatan, 18 ədəd MSTA-S özüyeriyən haubitsa, mühəndis-istehkam maşınları, özüyeriyən körpülər, mühəndis-istehkam maşınları, çox sayda BTR-82A zirehli transportyorunun və TOS-1A ağır odsaçan artilleriya sisteminin alınması gerçəkləşdirildi. Rəsmi səviyyədə açıqlanan məlumata görə, Azərbaycan və Rusiya arasında silah ticarətinin, daha doğrusu Rusiyadan satınalmaların həcmi 5 milyard dollar təşkil edib. Azərbaycanın silahlanmasında Rusiya şəriksiz liderdir. Artilleriya vasitələrimizdən tanklara qədər, eləcə də döyüş sursatları, aviasiya vasitələri Rusiyadan alınıb.

Azərbaycan İsrail əlaqələri də 2000-ci illərin əvvəlindən başlayıb. Yaranan hərbi əlaqələrdə Azərbaycan İsraildən müxtəlif reaktiv atəş sistemləri, tank əleyhinə raket kompleksləri, pilotsuz uçuş aparatları, rabitə və optik vasitələr, atıcı silahlar, gəmilər aldı. Bunlara "Lynx LAR-160" YARS kompleksini, "Extra" uzaqmənzilli raket komplekslərini, "Cardom" və "Spear Mk.2" minaatanları, "Tavor TAR-21" avtomatlarını, "Negev" pulemyotlarını, müxtəlif markalı PUA-ları, "Shaldag" və "Saar-62" gəmiləri və s. məhsulları misal göstərmək olar. 2008-ci ildə Azərbaycan və İsrailin "Elbit Systems" şirkəti arasında T-72 tanklarının SİM-1 "Aslan" səviyyəsinə yüksəldilməsinə dair ilk kontrakt imzalandı. Bu gün həmin modernizasiya nəticəsində bizim tanklarımızda xeyli üstünlüklər var. Aprel döyüşlərində ermənilər elə bilirdilər ki, Azərbaycan T-90 tanklarından istifadə edib. Amma istifadə edilənlər T-72 tankları idi. İlk illərdə Azərbaycan İsraildən "Aerostar" taktik və "Orbiter-2" tipli mini pilotsuz uçuş aparatları almışdı. 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkəti arasında birgə müəssisə yaradıldı. Bu gün orada "Aerostar", "Orbiter-2", "Orbiter-3", "Orbiter-4" və "Zərbə" tipli pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir.

Bu günlərdə ölkə başçısının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə bölmələrinə səfəri zamanı İsraildən yeni alınmış bir sıra sistemlər də nümayiş olundu. Dövlət Sərhəd Xidməti "Hermes-900" pilotsuz uçuş aparatını və "Harop" zərbə PUA-nı ilk dəfə əyani formada nümayiş etdirdi. Eləcə də maşınların üzərində İsrailin istehsalı olan elektro-optik müşahidə sistemləri var idi. Bu müşahidə sistemləri 30 kilometr radius ərazidə gecə-gündüz, istənilən hava şəraitində müşahidə aparmağa imkan verir.

Qeyd edim ki, həmin elektrooptik müşahidə sistemindən biri Amerika Birləşmiş Ştatları Ordusunun silahlanmasında, bir də Azərbaycanda var. Nümayiş etdirilən "Hermes-900" aparatının üzərində geniş sahə müşahidə sistemi mövcuddur. Bu sistem 40 kvadrat kilometr ərazini, eyni zamanda 100-dən artıq hədəfi müşahidə etməyə imkan verir. Bu, o deməkdir ki, texnika havaya qalxdığı zaman düşmənin 100-dən artıq texnikasını və ya canlı qüvvəsini müşahidə edə bilərsən. Bu sistem uçduğu ərazidə düşmənin radarlarına qarşı tədbirlər həyata keçirməyi də bacarır. "Harop"lara gəlincə, Azərbaycan Ordusu tərəfindən 2016-cı ilin aprel döyüşlərində istifadə olunub. Bu, "Harop"un ilk döyüş tətbiqi idi və nəticəsi çox effektiv oldu. Həmçinin "Spike" TƏİR-lərini nümunə göstərmək olar. Aprel döyüşlərində "Spike" ilə düşmənin 30-dan artıq texnikası vurulmuşdu. Bu gün İsrail dünyada müasir hərbi texnologiyalara malikdir. Azərbaycanın İsraildən əldə etdiyi elə texnikalar var ki, Cənubi-Şərqi Avropada, MDB ölkələrinin bir çox dövlətləri istəyər ki, onları öz silahlanmasında görsün. Onlar həm bahalı, həm də çox dəqiqdirlər. Onlar döyüşün taleyin həll edə bilir. Elə dediyimiz "Harop" və "Spike" buna sübutdur. Onlar görünməyən hədəfi belə vurmağa qadirdilər.

Aprel döyüşləri 5-ci nəsil texnologiya ilə 3-cü nəsil texnologiya arasında bir döyüş oldu. Biz bu sahədə önə çıxdıq. Nə qədər insan amili rol oynasa da döyüşlərdə, texnologiyanın yeniliyi də qaçılmazdır. Azərbaycanın əsas hərbi-texniki tərəfdaşlarından biri də Türkiyədir. Türkiyə Azərbaycana müstəqilliyin ilk illərindən hərbi dəstək göstərib. Bu gün ordumuzda Türkiyə istehsalı olan həm rabitə avadanlıqları, həm də elektrooptik sistemlər istifadə olunur. Cəbhə xəttində "Aselsan" şirktinin "Şahingözü" elektrooptik sistemlərindən istifadə edilir. Bu, böyük bir sahəni gündüz-gecə müşahidə etməyə imkan verir. Ordumuzun təminat və təchizatında Türkiyə məhsullarına üstünlük verilir. Əsgər çəkməsindən tutmuş raket sistemlərinin tədarükünə qədər demək olar. "Roketsan" şirkətinin istehsalı olan T-122 Sakarya, "T-300 Qasırğa" sistemləri, bu sistemin idarəolunan raketlərinin Türkiyə Silahlı Qüvvələrindən sonra ilk xarici alıcısı Azərbaycan oldu. Naxçıvanda ötən il keçirilən paradda nümayiş olundu. Bu sistem 130 kilometr hədəfi vura bilir. Həmçinin Cənubi-Afrika və Pakistanla da hərbi əməkdaşlıq var və inkişaf edir.

- Bəzən belə sual olur ki, Azərbaycan nə üçün Qərbi Avropadan, NATO standartlarına uyğun silahlar deyil, Şərq ölkələrindən silahlar alır?

- Çünki Avropa ölkələri Azərbaycana rəsmi və qeyri-rəsmi səviyyədə embarqo tətbiq ediblər. ABŞ 907-ci düzəlişlə embarqo tətbiq edir və silah satmır. İngiltərə, Almaniya, Belçika, Fransa kimi ölkələr də embarqo tətbiq ediblər, yazılı tələb edəndə isə bunu göstərə bilmirlər. Belə desək, süni maneə yaradırlar. Lakin, Fransanın, İngiltərənin, Almaniyanın müəyyən hərbi təyinatlı məhsulları Ermənistan ordusunun silahlanmasında var. Bu necə ola bilər?. Bu ölkələrə məxsus snayper silahları rastımıza çıxdı. Ermənistan ordusunda həm Fransa istehsalı olan "Milan" tank əleyhinə raket kompleksləri, həm də Almaniya istehsalı olan optik cihazlar var. Buradan da görünür ki, Azərbaycana ikili yanaşma mövcuddur. Lakin Mərkəzi və Şərqi Avropanın bir çox ölkələri ilə hərbi-texniki əməkdaşlığımız mövcuddur. Çexiya, Slovakiya, Serbiya, Ruminya, Bolqarıstan kimi ölkələrlə yaxşı əməkdaşlığımız var. İtaliya ilə də əlaqələr qurulmağa başlayıb. İtaliyanın məşhur "Leonardo" korporasiyası Azərbaycanla da müəyyən layihələrə imza atıb. Düşünürəm ki, yaxın vaxtlarda "Leonardo"nun istehsalı olan "M-346" təyyarələrini aviasiya parkımızda görəcəyik. Eləcə də bu sözü İtaliya istehsalı olan digər avadanlıqlar barədə demək olar. Bolqarıstanla münasibət son illər yüksələn xətt üzrə gedir. Bolqarıstanın Azərbaycan Silahlı Qüvvələrinin tədarükündə müəyyən dərəcədə yer ala biləcəyini yaxın zamanlarda görəcəyik. Çünki Bolqarıstanın bizə olan münasibəti yaxşıdır. Həmçinin bu ölkə özünün hərbi-sənaye kompleksini yeniləməyə çalışır. Hansı ki, ehtiyac duyduğumuz müəyyən şeylər var ki, oradan ala bilərik. Qoruyucu gödəkçə, müəyyən döyüş sursatlarını əldə edə bilərik. NATO üzvü olan Kanada da artıq Azərbaycana müəyyən silah və texnika satır. Həmçinin bu gün güc orqanlarının istifadəsində Kanada istehsalı olan maşınlar görə bilərik. Amma Qərbi Avropa ölkələrinin əksəriyyətində dediyimiz kimi süni maneələr var. Onlar ehtiyat edirlər ki, Azərbaycan həmin silahların üzünü erməniyə çevirəcək. Azərbaycan torpaqları işğlan olunub və ələbəttə, bu silahlar düşmənə qarşı alınır.

-Bu yaxınlarda müdafiə naziri Zakir Həsənov Çinə səfər etdi. Necə düşünürüsüz, ölkəmizin arsenalını gücləndirmək üçün Çindən hansı silahlar alına bilər?

- Azərbaycana açıq şəkildə üz tutan dövlətlərdən biri də Çindir. Çinin məşhur CETC İnternational şirkəti bu gün Azərbaycan bazarına çıxmaq üçün aktiv işlər aparır. "ADEX-2016" sərgisində söhbət etdiyimiz CETC nümayəndələri Azərbaycana REM sistemləri ilə bağlı təkliflər verildiyini bildirmişdilər. Onlar bizə traposfer səviyyəsində müşahidə aparmağa imkan verən radar sistemini təklif etmişdilər. Bu da ballistik raketlərə qarşı müdafiə qalxanı yaratmağa imkan verir. Hansı ki, bu gün Ermənistanın əlində "Scud" ballistik raketləri var və onlar bununla Azərbaycanı təhdid edirlər. Bu baxımdan həmin sistem uğurlu ola bilər. Çinin özü də bu radarlardan istifadə edir. Eləcə də Türkmənistana da bu sistemdən satıb. Çindən radio elektron mübarizə sistemləri, artilleriya və dəniz texnologiyaları alına bilər. Çinin hərbi sənayeyə yanaşması fərqlidir. Çin şirkətləri həmçinin barter yolu ilə məhsul satışının tərəfdarı olduqlarını deyirlər. Məsələn, təklif edirlər ki, bu işi görə bilərik və əvəzində xam neft, qaz ala bilərlər. Türkmənistan Çinlə hərbi məhsulların alqı-satqısında bu üsuldan istifadə edir. Digər tərəfdən, düşünürəm ki, hərbi-texniki sferada əməkdaşlığı gücləndirməklə, Azərbaycan Çinin Ermənistanla əlaqələrinə də müəyyən təsir göstərə bilər. Çin 1999-2000-ci illərdə Ermənistana WM-80 yaylım atəşli reaktiv sistem satmışdı. Bu sistem 80-90 kilometr məsafəyə malikdir. Ermənistan müdafiə nazirinin Çinə sonuncu səfərində belə bir söhbətlər ortaya çıxdı ki, onlardan "Red Arrow" ("Qırmızı Ox") deyilən tank əleyhinə raket kompleksləri satın almaq niyyətindədirlər. Bu, "Spike" raketlərinin Çin versiyası, daha doğrusu klonudur. Azərbaycan Çinlə əməkdaşlığı gücləndirməklə Pekini Ermənistandan uzaqlaşdıra bilər.

- Ermənistan Çin daxil olmaqla, xaricdən bu satınalmaları hansı maliyyə hesabına həyata keçirir?

-Bunlar kiçik satınalmalardır. Məsələn, deyək snayepr tüfəngləri alırlar və onun da qiyməti 7-10 min dollar arasında dəyişir. Müəyyən optik cihazlar alırlar. Bu, ola bilər ki, diaspora xətti ilə Ermənistana tədarük edilsin. Təəssüflər olsun ki, bizim diaspora nümayəndələri hərbi hissələrə səfərə gedəndə ehtiyac duyulan məhsullar yerinə ərzaqlar alırlar. Hansı ki, ordunun buna ehtiyacı yoxdur. Ordunun ərzaq təminatı ən yüksək səviyyədədir. Ən hündür cəbhə nöqtələrində belə qidalanma yüksək səviyyədədir. Əsgərin bildiyimiz kimi normativi var və ona uyğun qidalanır. Ordunun digər təminatı da yüksək səviyyədə həyata keçirilir. Amma elə şeylər var ki, onun ehtiyatlarını yüksək səviyyədə təmin etmək olar. Ermənistanda isə xaricdəki diaspor ordu üçün kənardan müəyyən məhsullar alıb təchiz edir. Xüsusilə də, Qərbi Avropa və Amerikadan. Aprel döyüşlərindən sonra ermənilər Gürcüstandan Qarabağa xeyli gecəgörmə cihazları, qartəmizləmə avadanlıqları göndərdilər. Bundan başqa diaspora pulu ilə nə qədər cihazlar alındı. Həmçinin seysmik sensorlar aldılar. Onu müəyyən ərazilərə basdırırlar, o cihaz gələnin insan və yaxud heyvan olduğunu təyin edir. Bunlar mahiyyətcə o qədər də böyük maliyyə tələb etməyən, amma önəmli sistemlərdir. Yenə qeyd etmək istərdim ki, ordumuzun hər bir təminatı yüksək səviyyədə yerinə yetirilir. Amma onlar üçün elə bir şeylər almaq olar ki, o daha çox lazımdır.

- Aprel döyüşlərindən 2 il ötdü. İstərdim Ordumuzun iki il öncə qazandığı bu uğurdan danışaq...

-Ermənilər aprel döyüşlərindən sonra silah və texnika parklarının yenilənməsi layihələrini ortaya çıxardılar. Bu layihələrin əksəriyyəti sözdə mövcuddur. Ermənistanın hərbi büdcəsinin kiçik olması, eləcə də digər ölkələrdən satınalma ilə bağlı onların "ağasının" qoyduğu məhdudiyyətlər var. Ermənistanda hərbi sərgi keçirildi. Orada qoyulan pilotsuz aparatlar və digərləri uşaq oyuncağından fərqli bir şey deyildi. Aprel döyüşlərində ermənilər uğursuzluqlarını sadalayanda bəyan etdilər ki, onların tanklarının əksəriyyətinin döyüş aparmasının mümkün olmadığı məlum olub. Statistik məlumatlar görə, aprel döyüşlərinə qədər Qarabağda sepratçı rejimin əlində 360 tank olub. Bu tankların 30-a yaxını apreldə məhv edildi. Ondan əvvəl də sıradan çıxanlar olub. Bizim mütəxəssislərlə birgə apardığımız analizə görə, onların tanklarının çoxunda istismar müddəti başa çatıb. Tankın əsaslı təmiri bu gün üçün 300-400 min dollar və daha çox vəsait tələb edir. Burada söhbət hələ yerli müəssisədə olan təmirdən gedir. Biz öz analizlərimizdə erməni tanklarının 90 faizinin döyüşə yarasız olduğunu müəyyənləşdirmişik. Ermənilərin öz orduları barədə yaratdıqları mif aprel döyüşlərinin ilk 40-45 dəqiqəsində darmadağın oldu. Talış kəndi istiqamətində ermənilər bizim tanka 2 "Faqot" raketi atmışdılar. Dinamik müdafiə tankı qorumuş, tank elə də ciddi olmayan zədələr almışdı. Amma Azərbaycan tərəfinin atdığı "Spike" raketlərinin hamısı hədəfi ekipaj qarışıq məhv etmişdi. Bunun görüntüləri də var. Həmçinin "Harop"un zərbələri də məlum idi. Bütün bunlarla yanaşı bu döyüş həm də, psixoloji üstünlüyü təmin etdi. Döyüşlərin ilk günündə Ermənistan tərəfi səfərbərlik elan etdi. Xankəndində toplanan gəncləri çəkib göstərirdilər. Səfərbərliyə cəlb olunanlar arasında gəncdən çox ailə üzvləri var idi. Bir adamın dalınca 4-5 nəfər gəlir. Həmin vaxtı Azərbaycanda da düşmənin nəzarətində olan işğal altındakı ərazilərimizdə polis postları qurulmuşdu. Separatçıların qurduğu hərbi postlar qaçan əhalini geri qaytarmağa çalışırdısa, bizdə hərbi postlar insanların cəbhəyə getməsinin qarşısını almaq üçün qurulmuşdu. Bizdə insanlar axın-axın döyüşmək üçün ön cəbhəyə üz tuturdular. Döyüşdən sonra cəbhə xəttinə səfərimiz oldu. Əsgərlər döyüşün davam etdirilməsini istəyirdilər.

- Təəssüf ki, bəzən belə fikirlər səsləndirilir ki, kiçik bir ərazi üçün döyüşdə bu qədər şəhid verdik...

- Vətən torpağının kiçiyi-böyüyü olmur. İkinci Dünya Müharibəsində Stalinqrad ətrafında ən qanlı döyüşlər gedib. Ən qanlı döyüşlər isə Mamay kurqanında olub. Lələtəpə prinsipcə Mamay kurqanından böyükdür. Mamay kurqanı yüksəkliyində Sovet Ordusunun 35 min hərbçisi həlak olub. Təsəvvür edin, bu nə deməkdir. O qədər də alman əsgəri. Türkiyədə, Çanaqqala savaşında bir balaca təpə uğrunda minlərcə insan şəhid olub. Vətən torpağının hər santimetri üçün yüzlərlə, minlərlə şəhid vermək olar. Yenə deyirəm, Vətənin hər qarışı bizim üçün əzizdir. Digər tərəfdən, itkisiz müharibə olmur. Azərbaycan Ordusu aprel döyüşlərində TOS-1A "Solntsepyok" ağır odaatanın Seysulanda istifadə etdi, hücum edən erməni veteranların heç külü də ələ gəlmədi. Erməni həkimlər etiraf edirdilər ki, indiyə kimi görmədikləri formada meyitlər və yaralılar gəlirmiş. İndiki müasir texnologiya fonunda canlı qüvvə itkilərinin çox olması təbiidir. Dünya yaranandan silahlar da generasiya edib. Daşdan, baltadan, qılıncdan başlayıb indiki dövrün ballistik raketlərinə qədər gəlib çatır. Amma insanın fizionomiyası dəyişməyib. İnsan daşla, bıçaqla, mərmi ilə də ölür.

- Bəzi deputatlar tərəfindən peşəkar ordunun yaradılması ilə bağlı fikirlər səsləndirilir. Hazırki durumda tam olaraq peşəkar orduya keçmək olarmı?

-Müharibə şəraitində tam peşəkar ordunun olmasının tərəfdarı deyiləm. Burada Gürcüstan müharibəsini nümunə göstərə bilərəm. 2007-ci Gürcüstanda olmuşam. Bu ölkədə ordu tam peşəkarlaşmışdı və 30 mindən çox peşəkar hərbçi var idi. 2008-ci ildə döyüşlər başladı. Bir neçə gün davam edən müharibədə peşəkarlardan ibarət taborlarda döyüş itkilərinin yerini doldurmaq mürəkkəbləşirdi. Döyüşün hər uzanan saatı əlavə itkilər deməkdir. Yaralanıb döyüşdən çıxanın, həlak olanın yeri doldurulmalıdır. Müharibənin nə qədər çəkəcəyini isə bilmirsən. Bu gün Azərbaycanda müddətli həqiqi hərbi xidməti saxlamaqla ordunun peşəkarlaşdırılması gedir. Orduda bu proses 2007-2008-ci ildən başlayıb. General-polkovnik Zakir Həsənov müdafə naziri təyin olunduqdan sonra daha da sürətlənib.

Onu da qeyd edim ki, peşəkar heyətə keçid ilk olaraq Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunlarda (DQ) getdi. Manqa komandirləri, hərbi texnikaların ekipajları MAXE-lər oldu. Hər iki qoşunda bu addım müsbət dəyişiklik yaratdı. Daha sonra Müdafiə Nazirliyində də bu addımlar atıldı. İlk olaraq sürücülər, daha sonra artilleriya, tank və BMP ekipajları, raket və artilleriya bölmələrində silah komandirləri, texnik və atıcılar MAXE-lər oldular. Bu gün ordumuzda peşəkarların sayı kifayət qədərdir. Amma bizə əsgər də lazımdır. 1990-cı illərin əvvəlində bununla bağlı ciddi problemimiz var idi. Bu gün hərbi xidmətdə olmuş əsgərin hər birinə silahı verib 5 dəqiqə izah etmək kifayətdir ki, onu döyüşə yollayasan. Döyüşdə də ən önəmlisi silahı tanımaqdır. Hesab edirəm ki, hazırkı şəraitdə müddətli həqiqi hərbi xidmətin qalması çox vacibdir. Döyüş fasiləsiz təminat istəyir.

- Peşəkarlardan söz düşmüşkən istərdim Xüsusi Təyinatlı Qüvvələrimizdən danışaq. Bu yaxınlarda Türkiyədə keçirilən "Efes-2018" təlimlərində də yüksək nəticə göstərdilər...

- İlk Xüsusi Təyinatlı Qüvvələrimizin yaradılması 1992-ci ilə təsadüf edir. İlk xüsusi təyinatlı taborun komandiri Sovet ordusunun Ukrayna əsilli zabiti Viktor Mudrak olub. Mudrak Sovet ordusunun xüsusi təyinatlı taborunu tərki-silah edərək, bütün silah və texnikanı Azərbaycan hökumətinə verib və sonradan qurulan xüsusi təyinatlı taborun komandiri olub. Qarabağ döyüşlərində həmin tabor nailiyyətlər əldə edib. Atəşkəs dövründə də xüsusi təyinatlı qüvvələrin yaradılmasına xüsusi diqqət yetirilib. 1999-cu ildə isə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri yaradıldı. Azərbaycan XTQ-si öz təminat, təchizat və döyüş qabiliyyətinə görə, potsovet məkanında ilk yerdə dayanır. Son 7-8 ildə bilavasitə döyüş əməliyyatlarının içərisindədirlər. Döyüş qabiliyyəti çox yüksək səviyyədədir. Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri ABŞ-da "Ranger" kurslarında, Pakistan, Çin, Türkiyə kim ölkələrdə təlimlər keçirlər. 2016-cı ildə keçirilən "Efes" təlimlərində İRONMAN yarışmasının qalib olmuşdular. Bu il keçirilın "Efes-2018" təlimlərində də pentatlon növündə 23 ölkə arasında 1-ci yerə çıxdılar. Bu növdə fiziki güc əsas sayılır. Aprel döyüşlərində də XTQ-lərimiz öz sözünü dedi. İstənilən qoşunun döyüş hazırlığını, onun iştirak etdiyi əməliyyatlar göstərir. Bundan başqa ölkələrdə də yarışlarda yüksək nəticələr əldə olunub. ABŞ-da keçirilən təlimlərdə Xüsusi Təyinatlı Qüvvələrimizdən biri çox fərqlənmişdi. Pakistanda keçirilən təlimdə də xüsusi təyinatlımız birinci olmuşdu. Bildiyim qədəri ilə həmin yerdə şərəf löhvəsində fotosunu saxlayırlar.

- Bu yaxınlarda Prezident İlham Əliyev "Tufan" tipli sərhəd gözətçi gəmisi ilə tanış oldu. "Tufan" gözətçi gəmilərinin üstünlükləri nədən ibarətdir?

- Bu gün Azərbaycan mükəmməl sərhəd mühafizəsinə malikdir. Azərbaycan potsovet məkanında yeganə ölkədir ki, həm quruda, həm də dənizdə eşalonlaşdırılmış sərhəd mühafizəsi tətbiq edilir. Həmçinin elektronlaşma prosesi sürətlə tətbiq edilir. Dövlət Sərhəd Xidməti İsrailin "İsrael-Shipyard" tərsanəsi ilə birgə 2014-cü ildən Bakıda gəmilərin istehsalını həyata keçirir. Bunlar yaxın dəniz sularında üzmək və xüsusi əməliyyatlar üçün 6 ədəd "Şahdağ" sahil gözətçi gəmiləri, 5 ədəd "Tufan" açıq-dəniz gözətçi gəmisidir. Bu gəmilərin üzərində 25 kilometr malik "Spike-NLOS" raketi mövcuddur. Təlimlərdə bu raketlə yüksək nəticə göstərilib. Gəmilər müasir elektro-optik sistemlər və radarlara sahibdir. Bu radarlar təxminən 70-80 kilometr məsafədən gəmiyə atılan raketləri müəyyənləşdirə bilirlər. DSX Sahil Mühafizəsi 2005-2010-cu illərdə Dövlət Neft Şirkətinin istifadəsindən çıxarılan neft-qaz gəmilərini hərbiləşdirərək, silahlanamaya qəbul etdi. Həmin gəmilər hətta okean sularında üzmək imkanına malikdir. Həm desant çıxarılması, həm də gövdəsi hərbi gəmilərə uyğundur. Xəzərdə Rusiya, Qazaxıtsan, Türkmənistan və İranın dəniz sahil mühafizəsi ilə müqayisə etsək, əminliklə deyə bilərəm ki ən təchizatlı, geniş imkanlara malik sahil-mühafizə strukturu Azərbaycandadır. DSX Sahil Mühafizəsinin bazalarında qurulan radarlar vasitəsilə Azərbaycanın ərazi suları tam nəzarətdə saxlanılır. 2005-ci ildə DSX Sahil Mühafizəsi yaradılıb və bu günədək çox işlər görülüb.

DSX Sahil Mühafizəsinin Türkan qəsəbəsindəki bazası regiondakı ən müasir bazadır. Ötən ilin avqust ayında keçirilən təlimlərdə DSX istifadəsində yer alan silahların, raketlərin bir çoxunu sınaqdan çıxardı. Sahilyanı ölkələrin nümayəndələri ilə söhbətim zamanı onlardan belə bir fikirlər eşitmişəm ki, Azərbaycan DSX Sahil Mühafizəsinin istifadəsində olan silahlar, gəmilər, müəyyən sistemlər, eləcə də keçirilən təlimlərdə icra edilən tapşırıqlar onu sahil mühafizə strukturundan daha çox Hərbi Dəniz Qüvvələrinə yaxınlaşdırır. Bizim ehtimal olunan dəniz təhdidlərimiz kifayət qədərdir. Hərbi Dəniz Qüvvələrimiz qurulana qədər təbii ki, təhdidlərin vaxtında aşkarlanması və onlara qarşı mübarizə görülməsi, DSX Sahil Mühafizəsinin üzərinə düşür. Təbii ki, dənizdə hər hansı bir əməliyyat olanda, ümumi komandanlıq Hərbi Dəniz Qüvvələrinə keçir. Azərbaycanda istehsal olunan sahil gəmiləri ilə maraqlanan ölkələr də var. Bir neçə il əvvəl Qazaxıstan Sərhəd Qoşunlarının komandanı da Azərbaycanda səfərdə olanda, bu gəmilərlə maraqlandıqlarını ifadə edib. Onlar da bu gəmilərdən almaq niyyətindədir. Bu artıq kifayət qədər ixrac potensialını da yaradır. Bu yaxınlarda DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Zavodunda həmçinin bir neçə yeni layihənin də təqdimatı oldu. Bunlardan biri "Milli kater" ("Milli boat") layihəsi idi. Dizayna baxdıqda demək olar ki, bu milli katerlər daha sürətli olacaq. Ehtimal ki, onlar dəniz xüsusi təyinatlılarını daşımaq və ani müdaxilə üçün nəzərdə tutulur. Həmin tərsanədə 2 ədəd "SAAR-72" korvetin inşası da planlaşdırılır. "SAAR-72"lər DSX Sahil Mühafizəsinin döyüş qabiliyyətinə əlavə güc qatacaq. Onların silahları da fərqli olacaq.

- Dövlət başçısının səfəri zamanı müəyyən döyüş vasitələri də nümayiş olundu. Həmin silahlar nə kimi üstünlüyə malikdir?

- DSX "Hermes-900" pilotsuz aparatını və "Harop" zərbə PUA-larını ilk dəfə əyani şəkildə nümayiş etdirdi. Eləcə də maşınlar üzərində İsrail istehsalı olan elektrooptik müşahidə sistemləri var idi. Bu müşahidə sistemləri 30 kilometr bir radiusda, istənilən hava şəraitində ərazini müşahidə etmək imkanına malikdir. Bu elektron müşahidə sistemi hazırda bir ABŞ ordusunda, bir də Azərbaycandadır. İlk olaraq ABŞ ordusu silahlanmaya qəbul edib. Həmçinin nümayiş olunan "Hermes-900" pilotsuz aparatın üzərində geniş sahəni müşahidə sistemi var. Bu sistem 40 kvadrat kilometr ərazini və eyni zamanda 100-dən artıq hədəfi izləyə bilir.

- Hərbi Dəniz Qüvvələri ilə bağlı hansı işlərin görülməsi nəzərdə tutulub?

-Düşünürəm ki, yaxın illərdə Hərbi Dəniz Qüvvələrinində gəmi inşasına başlanılacaq. Məlumata görə, artıq bir neçə şirkət bununla bağlı təkliflərini verib. Türkiyənin "Dearsan", Fransanın "Naval Group", Hollandiyanın "Damen" tərsanələri bu proqrama təkliflərini veriblər. Təkliflər dəyərləndirmə mərhələsindədir. Hesab edirəm ki, bizim bu gün əsas hədəfimiz quruda Qarabağı azad etmək olsa da, dənizi nəzərdən qaçırmamalı, ikinci, üçüncü plana keçirməməliyik.

- İstərdim ki, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətindən danışaq. Ölkəmizin silah-sursatla təciz olunması, həmçinin ixrac potensialı hazırda necədir?

-Müdafi Sənayesi Nazirliyi yaradılarkən bəzi ölkələrdən hərbi ekspertlər belə fikirlər səsləndirdilər ki, Azərbaycanın silah sənayesini yaratmağına ehtiyac yoxdur və s. Əslində isə bu çox vacib addım idi. Çünki Azərbaycan müharibə aparan ölkədir. Özünün milli hərbi sənayesi olmalıdır. Çünki, bu gün silah satan ölkələr müharibə başlayan zaman embarqo tətbiq edə bilərlər. Müdafiə Sənayesi Nazirliyi bu gün əsasən Azərbaycanın cari ehtiyaclarının qarşılanmasına diqqət edir. İlk illərdə "Matador", "Marauder" kimi döyüş maşınları, PUA-lar, minaatan və qumbaraatanlar, snayper tüfəngləri istehsal olunaraq orduya verildi. Aprel döyüşlərində də praktik olaraq istifadə olundu və özünü doğrultdu. Ən vacib məsələ isə ordunun ehtiyac duyduğu sursatların istehsalının milliləşdirilməsidir. Döyüşlərdə ən çox patron və mərmi istifadə olunur. Bunun yeri doldurulmalıdır. Bu gün ölkəmizdəki müəssisələr ordunu patron və mərmilərlə təmin edir. Yaxınlarda istifadəyə veriləcək zavodda isə 85 mm-dən və 152 mm-ə qədər bütün çaplarda artilleriya sistemləri üçün mərmilər istehsal olunacaq. Bununla da reaktiv-yaylım atəşli sistemləri istisna olmaqla, digər kiçik çaplı silahlardan iriçaplı artilleriya sistemlərinədək bütün silahlarda sursat ehtiyacını öz imkanlarımız hesabına qarşılayacağıq. Həmin mərmilərin xaricdən alınması tam olaraq aradan qalxacaq.

- Həmçinin bu gün ölkəmiz pilotsuz uçuş aparatlarının istehsalına görə yüksək yer tutur...

- Azərbaycanın pilotsuz uçuş aparatlarının istehsalına görə əldə etdiyi nailiyyət Rusiyadan daha çoxdur. Rusiyanın ən yüksək texnologiyası "Arlan-10"dur. Həmçinin İsrailin "Serçer" pilotsuz aparatı bu ölkədə istehsal olunur. Azərbaycan isə "Aerostar" tipli taktik pilotsuz aparat, "Orbiter-2", "Orbiter-3" və "Orbiter-4" tipli PUA-ları, həmçinin müxtəlif təyinatlı dronlar istehsal edir. Həmin PUA-lar bu gün ordumuzda uğurla istifadə edilir.

- Müdafiə Sənayesi Nazirliyinin ixrac imkanları necədir?

- Nazirlik 2013-cü ildən xaricə silah ixracına başlayıb. İlk dəfə 13 milyon dollarlıq ixracat olmuşdu. Ötən il bu ixracat həcmi 101 milyon dollara çatdı. 2013 və 2017-ci ilin arasında ixracat 10 dəfəyə yaxın artıb. İxrac portfelində əsasən döyüş sursatları, minaatanlar, qumbaraatanlar və müxtəlif atıcı silahlar yer alır. Dünyada bu gün döyüş sursatlarına daha çox tələb var. Öz sursat ehtiyaclarımızı ödəməklə yanaşaı ixaracada yönəldilir. Düşünürəm ki, 2020-ci il və ondan sonrakı illərdə Azərbaycanın illik ixracatı 300 milyon dollara yaxın olacaq. Dünyada ən böyük tələbatlardan biri də tank və artilleriya mərmiləridir. Bu sahədə Müdafiə Sənayesi Nazirliyinin böyük potensialı var.

- Müdafiə sənayesi sahəsində özəl şirkətlərin rolu böyükdür. Bu baxımdan özəl sektorun inkişafı istiqamətində hansı addımlar atılır və ya atılmalıdır?

- Azərbaycanda özəl müdafiə sektoru inkişaf etməyə başlayıb. Artıq texnoparklarda yerləşmələr başlayır və özəl şirkətlərin sahəyə gəlişi müşahidə edilir. Bura həm təmir, həm də istehsal sahəsi aiddir. Həmçinin Müdafiə Nazirliyinin özünün də tabeçiliyində olan zavodların fəaliyyəti genişlənir. Bu gün nazirliyin tabeliyində olan Gəncə aviasiya təmir zavodu və Azərbaycan aviasiya təmir zavodu xarici sifarişləri yerinə yetirir. Ukrayna, Latın Amerikası, Mərkəzi Avropa ölklərindən müraciətlər olur. Əlcəzairin qırıcı təyyarələri Azərbaycanda təmir olunub. Ordumuzun da aviasiya və hava hücumundan müdafiə vasitələri burada təmir və modernizasiya olunur. "Mi-24" helikopterləri Azərbaycan Aviasiya zavodu və Cənubi Afrika, Ukrayna müəssisələrinin iştirakı ilə modernizasiya aparılaraq "Mi-24G" səviyyəsinə gətirilib. Bu, helikopterlərə gecə vaxtı döyüş aparmaq qabiliyyəti qazandırıb. Xüsusi elektrooptik avadanlıqlar quruldu, topu yeniləndi, müəyyən zirehləndirilməsi həyata keçirildi. Zavodlarda "Su-25" təyyarələrinin, hava hücumundan müdafiə sistemlərinin də modernizasiyası aparılıb. Bunlar yerli müəssisədə xarici şirkətlərlə birgə əldə olundu.

Özəl müdafiə sənayesinin də inkişafının zamanı yetişib. Türkiyə 1988-90-cı illərdə özəl sənaye şirkətlərinə meydan yaratdı. Özəl şirkətlər qurulundan 3 il sonra ixracata başladılar. Biz 2014-cü ildə Qazaxıstana sərgiyə gedəndə bu ölkədə 53 özəl şirkət var idi. 2016-ci ildə səyahət edəndə isə bu şirkətlərin sayı 80-dən çox olmuşdu. Hazırda 95 özəl şirkət var. Ölkəmizdə də özəl sənayenin inkişafı lazımdır. Çünki onlar dinamikdirlər. Təminat və təchizatı çevik həyata keçirirlər. Həmçinin rəqabət mühiti yaranır. Bizdə Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı var. Orada bir neçə müəssisə yerləşir. O şirkətlər tərəfindən hazırda gəzən sursatların, dronların, müxtəlif mühafizə sistemlərinin, xəbərdarlıq sistemlərin yaradılması istiqamətində işlər aparılır. Bəzi məhsullar sınaqlardan keçib və bu gün sertifikasiya prosesindədir. Başqa bir şirkət atış trenajorlarının yaradılması və istehsalı istiqamətində çalışır. Bu yaxınlarda zirehli gödəkçə və dəbilqə istehsal edəcək zavodun təməli qoyuldu. Bu şirkətlər ADEX sərgisində öz nümunələrini təqdim edəcəklər. Hazırda ölkəmizdə hardasa 20 özəl şirkət mövcuddur. Bunlar həm tədarükçü qismində çıxış edirlər, həm də özləri müəyyən sistemlər təklif edirlər. İldən-ilə bu sahə daha da inkişaf edir. Əlbəttə, silah istehsalının tam olaraq özəl şirkətlərə verilməsinin tərəfdarı deyiləm. Dünya təcrübəsi göstərir ki, bu neqativ hallara yol aça bilər. Silah istehsalı birbaşa dövlətin nəzarətində olmalıdır. Dövlət hər hansı bir strateji məhsulu özəl şirkətə verə bilər. Amma əsas pay sahibi dövlət olmalıdır. Azərbaycanda şirkətlərdən biri atış trenajoru yaradır. Çox maraqlı və yenilikçidir. Artıq bu trenajorda özünü fərqli məkanda təsəvvür edirsən. Meşə, dağ və s. yerlərdə döyüş əraziləri yaradılır. Vizual olaraq bunlar yaradılır. Məsələn, qumbaraatan simulyatorunda özünü döyüşün içində hiss edirsən. Bu sahədə də pul ölkəmizdə qalır. Özəl sektorun olması ixracat potensialını artıra bilər.

- Qarşıdakı illərdə hansı ölkələrdən silah alınması gözlənilir?

-Azərbaycanın yaxın perspektivdə silahlanmasında Pakistan, Çin və İtaliyanın məhsullarını görə biləcəyik. Eləcə də Türkiyə ilə yeni müqavilələrin olacağını düşünürəm. Çünki yüksək səviyyəli görüşdə bu ifadə olunmuşdu. Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri göstərir ki, müəyyən sistemlərin uzlaşdırılması lazımdır. Birgə əməliyyatların aparılması üçün bu vacibdir. Həmçinin Azərbaycan və Türkiyə arasında birgə müəssisələrin yaradılması da gözlənilir. Türkiyədən yeni silah və texnikaların alınması yaxın perspektivdə gerçəkləşdiriləcək. T-129 ATAK helikopterlərinin alınmasını da gözləmək olar. Müəyyən məsələlər helikopterin Azərbaycana ixrac edilməsinə mane olur. Belə ki, Türkiyə müəyyən sistemləri xaricdən idxal etdiyinə görə, Azərbaycana satışına embarqo yaranır. Belarusla "Polonez"in alınması məsələsi var. Pakistandan isə təlim təyyarələrinin tədarükü ilə bərabər, növbəti mərhələdə "JF-17 Thunder"lərin tədarükü gözlənilir. Orada da ixraca mane olan bəzi məsələlər var idi. Pakistan tərəfi məsələnin həll olunduğunu deyir. İtaliyadan "M-346" təlim-döyüş təyyarələrinin alınması, Bolqarıstanla bu il və gələn il mühüm proyektlər ola bilər.

- Bu il həm də Ordumuzun yaradılmasının 100 il tamam olur və bu münasibətlə hərbi parada keçiriləcək. Sizcə, bu dəfəki parad digərlərindən nə ilə fərqlənəcək?

- Ordumuzun 100 illiyi ilə bağlı keçiriləcək paradda bir sıra yeniliklər olacaq. Taqanroq diviziyasının veteranları da keçid edəcəklər. Bu, bizim tariximizə bir ehtiramdır. Tərtibat və dizayn fəqli olacaq. Bildiyim qədər bu paradda da xeyli sayda yeni texnikalar olacaq. Tanklar və tırtıllı texnikalar sürülərək deyil, qoşquüzərində aparılacaq. Yeni reaktiv sistemlər, artilleriya sistemləri, PUA-lar olacaq. Azərbaycan Ordusu bir yerdə dayanmır və daim yenilənmə prosesi gedir. Cənab prezident dəfələrlə bəyan edib ki, münaqişə həll olunana qədər Azərbaycan silahalma prosesini yüksələn dinamika ilə davam etdirəcək. Xarici təzyiqlərə baxmayaraq, Ordumuz güclənməlidir. Bu gün Ordumuz üçün nə lazımdırsa, edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusunun Qarabağ döyüş əməliyyatlarını uğurla tamamlaması üçün azsaylı günlər lazımdır. Bu döyüşlərdə düşmənin texniki imkanlarını və mənəvi durumunu gördük. Ordumuzun şəxsi heyətinin sayı Ermənistan ordusunun şəxsi heyətindən 2 dəfə artıqdır. Döyüş zamanı Azərbaycan Ordusu öz sözünü deyəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar